Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı

Azərbaycan İdman Akademiyası (AİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.

Azərbaycan İdman Akademiyası
Əsası qoyulub 1930
Rektor Fuad Hacıyev[1]
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Bakı ş., Fətəli xan Xoyski prospekti, 98, AZ 1072
Sayt sport.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar.

1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur.

1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak etmişlər.

SSRİ dövrü (1930–1991)

[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutu (1930 – 1936)Zaqafqaziyanın ilk idman ali məktəbi olaraq Bakı şəhərində fəaliyyətə başlamışdır. Həmin il noyabrın 8-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun təntənəli açılış mərasimi olmuşdur. Birinci tədris ilində ali məktəbdə hərbi elmlər, insan morfologiyası, ictimai elmlər, biologiya, kimya, gigiyena, fizika-riyaziyyat, fiziologiya, pedaqogika, bədən tərbiyə texnikası kafedraları və elmi-tədqiqat şöbəsi fəaliyyət göstərirdi. Sonralar fəaliyyətinin yenidənqurulması və genişləndirilməsiməqsəd ilə, 3 illik təhsil müddəti 4 il ilə əvəz olunub. İnstitutun nəzdində Bədən Tərbiyəsi Texnikumu təşkil edilmişdir. İlk illərdə ali məktəbdə azərbaycandilli müəllimlərin sayı az olduğu üçün tədris rus dilində aparılırdı. 1933–34-cü tədris ilində institutun Azərbaycan şöbəsi yaradıldı. Həmin illərdə institutda 265 nəfər təhsil almış və yuxarı kurs tələbələri müəllim kimi çalışmışdır. İnstitut üç respublika üçün idman müəllimləri, məşqçilər, idman mütəxəssisləri hazırlamaqla yanaşı, milli elmi-pedaqoji kadrların yetişdirilməsində də mühüm rol oynayırdı. İlk buraxılışlarda əla qiymətlərlə oxumuş məzunlardan bəziləri ali məktəbdə saxlanıldı və pedaqoji fəaliyyətə cəlb edildi. Zaqafqaziya Dövlət Cismani Mədəniyyət İnstitutunun ilk (1933-cü il) buraxılışında 39 (33 kişi, 6 qadın), ikinci (1935-ci il) buraxılışında 47 (33 kişi, 14 qadın), üçüncü (1936-cı il) buraxılışında isə 24 (12 kişi, 12 qadın) məzun institutun diplomlarını aldı. Onların arasında üç buraxılışda 9 azərbaycanlı, 56 rus, 9 gürcü, 36 başqa millətlərinnümayəndəsi vardı.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (1936–1999) — 1936-cı ildə ali məktəb fəaliyyətini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi davam etdirməyə başladı. Bu dəyişiklik institutun işini yenidən qurmağına, milli müəllim kadrlarının artırılmasına, elmi axtarışların istiqamətlərinin müəyyən edilməsinə, daha çox azərbaycanlı gəncin ali idman təhsilinə yiyələnməsinə hesablanmışdı. Yenidən formalaşma dövründə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları fəaliyyət göstərirdi. Ali məktəbin 1937-ci il buraxılışında məzunların sayı 40 nəfər oldu. Onlardan 15 nəfəri azərbaycanlı idi. Əvvəlki üç buraxılışla müqayisədə milli məzunların sayında kəskin artım aşkar hiss olunurdu.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun fəaliyyətində II Dünya müharibəsinin özünəməxsus təsiri özünü göstərib. Əvvəla, müharibənin nəfəsinin hiss olunması ali məktəbin fəaliyyətində və işində müəyyən əsaslı dəyişmələrə səbəb oldu. Azərbaycan idmançıları kütləvi surətdə müharibəyə yola düşdülər. Müharibə dövründə institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yollandı. İnstitutun müəllim və tələbələrinin 50 faizdən çoxu orduya səfərbər olundu. Ali məktəbdə qalan ixtisaslı kadrlar orduya hazırlıq üçün xüsusi proqramlar yaratmağa başladılar. İnstitutda təhsil müddəti də azaldıldı. Azərbaycanda idman institutununköməyi sayəsində müharibənin ilk aylarında əlbəyaxa döyüş üzrə 395 nəfər təlimatçı, 120 nəfər müalicə bədən tərbiyəsi metodisti hazırlandı. 10 min nəfərdən çox gənc döyüşçü çağırışçılara təlim verən kurslara cəlb olundu. Bu dövrdə Bədən Tərbiyəsi İnstitutunda təhsil alan tələbələrin sayı kəskin surətdə azaldı. Bununla əlaqədar olaraq, respublikada müəllim kadrlarından düzgün istifadə edilməsi məqsədilə, Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti ilə birləşdirilərək Universitetin bazasında bədən tərbiyəsi fakültəsi kimi təşkil edildi və keçmiş ADBTİ-nin binasında yerləşdirildi.

1943-cü il iyulun 20-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu bərpa edilərək yenidən müstəqil fəaliyyətinə başladı. Üç il sonra – 1946-cı ildə ali məktəb S. M. Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı. Əllinci illərdən başlayaraq, bədən tərbiyəsi və idman kadrlarının hazırlığında sürətli irəliləyiş özünü göstərir. Bu illərdə Azərbaycan idmançılarının uğurları ilbəil artırdı. Nailiyyətlərin qazanılmasında ADBTİ-nin məzunlarının da böyük əməyi vardı. Onlar müxtəlif idman növləri üzrə SSRİ çempionatlarında yüksək nəticələr göstərirdilər. Azərbaycan güləşçiləri və boksçuları yalnız ümumittifaq miqyasda deyil, beynəlxalq yarışlarda da uğurlar qazanırdılar. 1952-ci ildə SSRİ ilk dəfə olaraq, XV Yay Olimpiya Oyunlarında iştirak etdi. Bu komandanın tərkibinə daxil edilmiş sərbəst güləşçi, institutun IV kursun tələbəsi Rəşid Məmmədbəyov Azərbaycana ilk gümüş medalı gətirdi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu ölkədə qadınların idmana cəlb olunmasında əhəmiyyətli işlər görüb. 1946–1952-ci illərdə ADBTİ-ni 219 nəfər qız bitirib. SSRİ respublikaları arasında ilk dəfə olaraq, Azərbaycan qadınlarının I Spartakiadası keçirildi. Bu tədbir qadın idmanının inkişafı yolunda atılmış böyük addım idi.1969-cu ildə, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər seçildiyi dövrdən Azərbaycanda bütün sahələrdə əsaslı dönüş yaradıldı. Şübhəsiz ki, idman da diqqətdən kənardaqalmadı. Bədən tərbiyəsinə xüsusi önəm verən Heydər Əliyev kütləviliyin artması, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə ciddi addımlar atdı. Elə həmin il institut üçün yeni binanın tikintisinə başlandı və bina 29 yanvar 1971-ci ildə istifadəyə verildi. Xalqımızın ümummili lideri Heydər Əliyevin qayğısı nəticəsində 1971-ci ildə institut yeni binaya köçdükdən sonra, əyani şöbəyə 350, qiyabi şöbəyə isə 100 nəfər tələbə qəbul edildi. Kafedraların sayı isə 20-yə çatdırıldı. 1971-ci ildə bədən tərbiyəsi və idman sahəsində 4507 nəfər fəaliyyət göstərirdi, onların 70 faizinin xüsusi bədən tərbiyəsi təhsili var idi. 1988-ci ildə institutdan S. M. Kirovun adı götürüldü və bu ali məktəb Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu adlandırıldı. İnstitutda bədən tərbiyəsi kadrları hazırlığı ilə yanaşı, bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqatlar da aparılır, dərsliklər və metodiki vəsaitlər yazılırdı.

Müstəqillik illəri (1991)

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (1999) — Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, digər ali təhsil müəssisələri kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu da öz fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmağa başladı. Müstəqilliyin bərpası dövründə və onun ilk illərində erməni təcavüzünə məruz qalmış Azərbaycan ağır günlərini yaşayırdı. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da "Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul etdi. Bu qüvvələrin ilk hissələri dekabrın 8-də cəbhəyə yola salındı. Cəbhəyə yola düşən ilközünümüdafiə qüvvələri tərkibində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun tələbələri və məzunları da var idi. Müharibənin ilk günlərindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda professor Dilqəm Quliyevin rəhbərliyi altında yaradılmış "Qarabağ" qərargahına 200-dən artıq ərizə daxil oldu. Tələbə döyüşçülərimiz cəbhədə böyük igidlik və şücaət göstərirdilər. Yüzlərlə tələbə müharibə əməliyyatı gedən rayonlarda Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşub. İnstitutun iki məzunu – Əliyar Əliyev və İlqar İsmayılov Qarabağ müharibəsində göstərdikləri şücaətə görə, Milli Qəhrəman adına layiq görülüb, 34 tələbə və məzun isə şəhid olub. ADBTİ-nin yetirməsi olan general-polkovnik Mədət Quliyev də müstəqilliyin və dövlətçiliyin qorunmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş və cəbhə xəttinə yaxın olan rayonlarından olan məcburi köçkünlərin bir hissəsi institutun 9 mərtəbəli yataqxanasında yerləşdirildi. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev hələ 70-ci illərdə olduğu kimi, bədən tərbiyəsi və idmanı yenidən dövlət qayğısı ilə əhatə etməyi öz üzərinə götürdü. Gənclər və İdman Nazirliyini yaradan Prezident Heydər Əliyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu da nazirliyin tabeliyinə verməklə daha bir uğurlu yolun əsasını qoydu. Prezident Heydər Əliyev bu təhsil ocağının fəaliyyətinə xüsusiönəm verməklə yanaşı, burada çalışan pedaqoji kollektivin fəaliyyətini də həmişə yüksək qiymətləndirib, institutun əməkdaşlarını dəfələrlə təltif edib, fəxri adlara və dövlət mükafatlarına layiq görüb. 1997-ci ildə bu institutun akt zalında toplaşan ölkəmizin idman ictimaiyyəti cənab İlham Əliyevi yekdilliklə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçdi. Məhz bundan sonra ölkəmizin idman həyatında yeni bir era başlandı. Kütləvilik daha geniş vüsət aldı, Olimpiya Hərəkatı genişləndi, beynəlxalq idman ailəsinə inteqrasiya gücləndi, böyük idman infrastrukturunun yaradılmasına başlanıldı, ölkəmizi tərk etmiş məşhur, perspektivli idmançılar yenidən Azərbaycana qaytarıldılar. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradıldı. Dövlətin bu ali təhsil ocağına diqqətinin təzahürü olaraq, 23 mart 1999-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrildi. ADBTİAA-nın yaradılmasının 70 illik yubileyi 2001-ci il aprelin 7-də qeyd olundu. Xalqımızın ümummilli lideri Heydər Əliyev idmana qayğısını bir daha nümayişetdirərək, yubiley münasibətilə Akademiyaya təbrik məktubu göndərdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Akademiyanın4 əməkdaşına "Şöhrət" ordeni, 9 nəfərə "Tərəqqi" medalı, 20 nəfərə "Əməkdar müəllim" fəxri adı verildi.

1957-ci ildə voleybol üzrə yarışlarda Azərbaycan idmançıları ilk dəfə SSRİ Kubokunun sahibi oldular. O günlərin qaliblərindən olan professor Oqtay Ağayev (voleybolçu) indi Akademiyanın voleybol kafedrasına rəhbərlik edir. Dörd Olimpiadada iştirak etmiş, 2 qızıl və 2 bürünc medalın sahibi İnna Rıskal, Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, İlqar Məmmədov (idmançı), İqor Ponomaryov, Boris Koretski, Lüdmila Savkina, Valeri Belenki, Nazim Hüseynov (cüdoçu), 3 qat dünya və Avropa çempionu Məhəddin Allahverdiyev, dünya və Avropa çempionları Xəzər İsayev, Samir İbrahimov, Rövşən Hüseynov, Aydın Niftullayev, Telman Paşayev, Rafiq Hacıyev, Əli Əliyev və başqaları Akademiyanın məzunlarıdır.Namiq Abdullayev, Zemfira Meftahəddinova, Vüqar Ələkbərovda universitetin məzunlarındandır.70 il ərzində Akademiyanı 15000-dən çox ali təhsili mütəxəssis bitirmişdir.

Tələbə Gənclər Təşkilatı

[redaktə | mənbəni redaktə et]
ADBTİAA TGT-nin fəalları Heydər Əliyev mərkəzində

ADBTİAA Tələbə Gənclər Təşkilatı (TGT) 30 may 2005-ci ildə təsis edilmişdir. Təşkilatın ilk sədri Yusif Babanlı olmuşdur. Təşkilat tələbələrin özlərini idarəetmə orqanı, tələbələrin fərdi və peşəkar inkişafı üçün müxtəlif imkanlar yaradan bir platformadır.

ADBTİAA Tələbə Gənclər Təşkilatının üzvləri TGT-nin imkanlarından yararlanaraq özlərini departament rəhbəri, klub rəhbəri, dizayner, müəllim, fotoqraf və s. peşələrdə sınaya bilərlər. ADBTİAA Tələbə Gənclər Təşkilatının mütəmadi şəkildə tələbələr arasında idman yarışları, intellektual oyun və debat turnirləri, ekskursiyalar və xeyriyyə aksiyaları, görkəmli idmançılarla görüş və s. tədbirlər həyata keçirir.

TGT-nin nəzdində hazırda 11 maraq klubu fəaliyyət göstərir. Bunlar danışıq klubu (ingilis dilini öyrənmək istəyən tələbələr üçün conversation club), musiqi klubu (ödənişsiz gitara dərsləri təşkil olunur), idman klubu (tələbələr arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil olunur), kitab klubu (tələbələr arasında kitablara maraq artırmaq üçün müxtəlif tədbirlər təşkil olunur), rəqs klubu (ödənişsiz rəqs dərsləri təşkil olunur), foto və incəsənət klubu (tələbələrin fotoqrafiya bacarıqlarını artırmaq üçün müxtəlif təcrübə sessiyaları təşkil olunur), debat klubu (tələbələrin müxtəlif debat turnir və təlimlərində iştirakı təmin olunur), gənclik klubu (FAİREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə və digər rayonlara səfərlər təşkil olunur), KVN klubu (KVN turnirlərində çıxışlar edir, KVN yarışları keçirir), Fan klub (Akademiyanın idman komandalarına çıxışları zamanı dəstək verir) və Qadınlar klubudur (Akademiyada təhsil alan xanımları öz ətrafında birləşdirir).[2]

  • S. Q. Əliyev (1946–1950)
  • Ə. C. Babayev (1950–1972)
  • V. V. Ananayev (1972–1974)
  • R. A. Rəcəbov (1974–1980)
  • S. H. Novruzov (1980–1987)
  • A. Q. Abıyev (1987–2015)
  • F. H. Hacıyev (2015-günümüz)
  1. "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib" (az.). 23 dekabr 2015. 29 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyul 2018.
  2. "Arxivlənmiş surət". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]