Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı

Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSR İttifaqı Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilən ən yüksək fəxri ad[1].

Yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalqı imperiya əsarətindən xilas olmaq və özünün dövlət müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparmışdır. 1988-ci ildən başlayaraq bu mübarizə Azərbaycan Respublikasında ümumxalq miqyası almışdır.

Azərbaycan Respublikasının imperiya buxovlarından qurtulmaq cəhdlərindən təşvişə düşən keçmiş SSR İttifaqının mərkəzi orqanları başlanmış ümumxalq azadlıq hərəkatını bu dəfə də yatırmaq məqsədilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına qanunsuz olaraq qoşun yeridərək dinc əhalini gülləbaran edib yüzlərlə günahsız adamı qətlə yetirmiş və yaralamışlar. Bu qırğın zamanı bir çox vətəndaşlar Azərbaycan Respublikasının müstəqilliyi naminə yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmişlər[1]. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların və yaralananların adlarını əbədiləşdirməyin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 13 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adının müəyyən edilməsini qərara almışdır. Həmin qərara əsasən Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə və bir sıra rayonlarına keçmiş SSR İttifaqı Silahlı Qüvvələrinin basqını zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərmiş həlak olan və yaralanan vətəndaşlara verilir; Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə verilir. Həmçinin, Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adı verilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin fərmanı və fəxri adın vəsiqəsi təqdim olunur[1].

Fəxri adının verilməsi haqqında vəsatət

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adının verilməsi haqqında vəsatət "Azərbaycan SSR fəxri adlarının müəyyən edilməsi və Azərbaycan SSR dövlət təltifləri haqqında əsasnamənin təsdiq olunması barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 26 avqust tarixli fərmanında və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 11 noyabr tarixli qərarı ilə təsdiq olunmuş "Azərbaycan SSR dövlət təltifləri ilə təltif olunmağa təqdimetmə və təltifləri təqdimetmə qaydası haqqında" təlimatda müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə istintaq komissiyası, "20 yanvar" cəmiyyəti, digər ictimai təşkilatlar və təqdim edilənin işlədiyi əmək kollektivi tərəfindən verilə bilər[1].

Təltifləri təqdimetmə qaydası

[redaktə | mənbəni redaktə et]

Təltifləri təqdimetmə qaydası Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1983-cü il 11 noyabr tarixli qərarı ilə təsdiq olunmuş "Azərbaycan SSR dövlət təltifləri ilə təltif olunmağa təqdimetmə və təltifləri təqdimetmə qaydası haqqında" təlimatla nizama salınır[1].