"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 30 may 2023-cü ildə təsis edilmişdir.
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsis edilmişdir.[1]
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:[2]
- Minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;
- Minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;
- Minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.
Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər.
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]
Medalın ümumi təsviri
- "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.
Medalın ön tərəfi
- Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır.
- Xarici və daxili çevrələrin arasında yuxarı hissədə qövs boyunca "Minatəmizləmə sahəsində xidmətlərə görə" sözləri yazılmışdır. Aşağı hissənin mərkəzində, yazıların arasında üç səkkizguşəli ulduz həkk olunmuşdur. Ulduzların və ulduzlarla yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir edilmişdir.
- Daxili çevrənin içərisindəki dairənin üzərində minatəmizləmə vasitəsilə minatəmizləyən əməkdaşın relyefindən, minalardan təmizlənən sahədən və dağlardan ibarət kompozisiya təsvir olunmuşdur.
- Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır və qızılı rəngin müxtəlif çalarlarındadır.
Medalın arxa tərəfi
- Medalın arxa tərəfi hamar səthlidir.
- Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
Medalın elementləri
- Medal paltara bərkidilmək üçün elementi olan 50 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü, hamar səthli, aşağı hissəsinə 40 mm x 10 mm ölçülü mərkəzində aypara və səkkizguşəli ulduz həkk olunmuş qızılı rəngli beşbucaqlı metal lövhə bərkidilmişdir.
- Xara lentin üzərində mərkəzdə 6 mm enində boz, mərkəzdən sağ və sol kənarlara doğru ardıcıl olaraq, 12,5 mm enində tünd göy rəngli və 3 mm enində boz rəngli şaquli zolaqlar təsvir edilmişdir.
- Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.