Böyük Səhra

Sahara, Səhra və ya Saxara (ərəb. صحراء‎, fr. Sahara), həmçinin Böyük SəhraAfrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası. Uzunluğu qərbdən şərqə (Atlantika okeanı sahillərindən Qırmızı dənizədək) qədər 5700 km, şimaldan cənuba (Atlas dağlarıAralıq dənizindən Sudan çöllərinədək) isə 1200–2000 km-dir. Sahəsi təqribən 8,6 mln km²-dir.[1] Bu da Afrikanın ümumi sahəsinin 30%-i deməkdir. Saxaranın qərbi Atlantik okeanı sahillərilə, şimaldan Atlas dağlarıAralıq dənizi ilə, şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. MərakeşTunisin cənub vilayətlərini, Əlcəzair, Liviya, MARMavritaniyanın çox hissəsini, Mali, Niger, ÇadSudanın şimal vilayətlərini əhatə 31.[2]

Səhra
ərəb. صحراء‎, fr. Sahara
Səhranın Tunisə aid hissəsi
Səhranın Tunisə aid hissəsi
Ümumi məlumatlar
Sahəsi 9400000 km²
Uzunluğu 4800 km
Eni 1800 km
Temperatur
 • Minimum -18 °C
 • Maksimum 58 °C
Yerləşməsi
23°00′ şm. e. 12°36′ ş. u.HGYO
Yerləşdiyi yer Şimali Afrika
Ölkələr
Səhra xəritədə
Səhra
Səhra
Sahara (Afrika)
Sahara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazidə yüksəkliyi 200–500 m olan düzənliklər üstünlük təşkil edir. Səhranın qərb və cənub kənarları alçaqdır. Şimal və şərq hissədə çoxsaylı axarsız çökəkliklər var; bunlardan bəziləri okean səviyyəsindən aşağıda (Şətt-Məlhir, – 26 m, Kattara, Əl-Fəyyum, Siva və s. –133 m) yerləşir. Səhranın daxili hissəsində Tibesti (Saharanın ən yüksək nöqtəsi Emi-Kussi d., 3415 m), Ahaqqar (Tahat d., 2918 m) və s. dağ massivləri var. Sahara ərazisinin 70%-ini daşlı (həmada), çaqıllı (serir) və çınqıllı (req) sahələr tutur. Səhranın 16–18%-i qumluqdur. Hündür qum tirələri (erqlər) qapalı çuxurlar (Erq-İgidi, Erq-Şeş, Böyük Qərbi Erq, Böyük Şərqi Erq və s.) üçün xarakterikdir. Qum tirələrinin hündürlüyü 200–300 m-ə çatır, dəyirmi və ulduzvarı dünlərə rast gəlinir. Səhranın cənub rayonlarında hərəkətedən qumlar mövcuddur.

Sahara Atlas dağlarıAtlas dağlarının cənbunda, Əlcəzair və qismən Mərakeş ərazilərində silsilələr və dağ massivləri sistemi. Yüksək Atlas dağlarının şərqdə davamını əmələ gətirir; 1000 km-dən çox məsafədə uzanır. Orta hündürlüyü 1500 m, ayrı-ayrı zirvələrin hündürlüyü 2000 m-dən yuxarıdır (yüksək nöqtəsi Aysa d. – 2236 m). Relyefini, əsasən, Təbaşirin əhəngdaşıları, mergelləri və qumdaşılarından ibarət ayrı-ayrı dağ massivləri və kuestlər tutur. Duzlu süxur çıxışları geniş yayılmışdır; gipsli və duzlu qaya və günbəzlərə rast gəlinir. Tropik, yarımsəhra iqlimi var. Dağların zirvələrinə il ərzində 350 mm-dək yağıntı düşür; qışda qısa müddətdə qar yağır. Yarım səhra bitki örtüyü var; zirvələrdə seyrək daş palıd, tuya, şam, ardıc meşəliklərinə rast gəlinir.

Geoloji quruluş və faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Sahara Afrika platformasının bir hissəsidir. Kembridən əvvəlki süxurlardan ibarət bünövrəsi Mərkəzi Sahara qalxımını əmələ gətirən Ahaqqar, Tibesti, Nubiya-Ərəbistan və s. massivlərdə səthə çıxır.[3] Bünövrəni Paleozoyun kontinental, MezozoyKaynozoyun kontinental və dəniz çöküntüləri örtür.

Sahara lövhəsi

[redaktə | mənbəni redaktə et]

Afrika platformasının şimal — qərb hissəsi. Səthi Fanerozoyun çökmə süxurlar kompleksi ilə örtülmüşdür. Kembriyəqədər yaşlı bünövrə süxurları plitənin Mərkəzi Sahara qalxımı boyu qərbdən şərqə sıralanan massivlərdə (Reg i bat, Ahaq qar, Tibesti, Əl-Uveynat, Nubiya-Ərəbistan qalxanının qərb qurtaracağı) səthə çıxır. Mərkəzi Sahara qalxımından şimalda və cənubda Fanerozoy boyu enməyə məruz qalan zonalar uzanır. Mezozoyda (Təbaşirin ortalarınadək) zonalar kontinental çöküntülərlə dolmuş, Təbaşirin sonu, Paleogenin əvvəlində dəniz çöküntüləri ilə örtülmüşdür. Oliqosendən başlayaraq piltənin ərazisi kontinental şəraitdə inkişaf etmiş və qədim massivlər intensiv qalxmaya (xüsusən Ahaqqar və Tibesti) məruz qalmışdır. Sahara piltəsinin cənub enmə zonası kiçik amplitudu və dəniz çöküntülərinin az qalınlığı ilə seçilir. 

Faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Ərazi nefttəbii qaz (Sahara–Liviya neftli-qazlı hövzəsi), misdəmir filizləri, qızıl, volfram, uran və s. ilə zəngindir.

Sahara–Aralıq dənizi neftli-qazlı hövzəsi

[redaktə | mənbəni redaktə et]

Bu sahənin şimal hissəsində Tunis, Liviya, MƏR, Asiyanın qərbində Livanİsrail ərazilərini, həmçinin Aralıq dənizinin cənub və şərq akvatoriyasını əhatə edir.[4] Sahəsi 2,1 mln. km²-dir. Afrika materikində ehtiyatına görə ən iri neft-qaz hövzəsi. Neftin ilkin sənaye ehtiyatı 5,2 mlrd. ton, qaz 1,2 trl. m³- dir. İlk neft yatağı (Zelten) 1959-ci ildə, qaz yatağı (Cəbəl Əbdürrəhman) 1948-ci ildə kəşf edilmişdir. 1961-ci ildən istismar olunur. Hövzədə 320-dən çox neft və qaz yatağı aşkar edilib.

İri yataqlar: Sərir (ehtiyatı 870 mln. t), Amal (570 mln. t), Cəlu (540 mln. t), Nasir (290 mln. t), Dəfa (240 mln. t), İntisar-D (200 mln. t), Əbu- Madi (60 mlrd. m³). Hövzə tektonik cəhətdən Sahara plitəsinin şimal hissəsi və Şərqi Aralıq dənizi çökəyi ilə əlaqədardır; hövzənin struktur planı bir-birindən uzun tirələrlə ayrılmış bir neçə geniş sineklizlərdən ibarətdir. Ehtiyatın çox hissəsi Sirt çökəkliyində toplanmışdır. Kembriyəqədərki bünövrə qabığının kristallik süxurları, Kembri-Ordovikin qumdaşıları, TəbaşirKaynozoyun qumdaşıları və əhəngdaşıları neftli-qazlıdır; yataqları 670–3600 m (əsasən, 900– 2500 m) dərinlikdədir. Neftin sıxlığı 811– 845 kq/m³; kükürdün miqdarı 1%-ədəkdir. Qazın tərkibində karbohidrogenlərdən başqa 0,8%-ədək CO² -də var. Hövzənin şimal hissəsində (Kattara sineklizi) neft və qaz yataqları 360–3500 m dərinlikdə Təbaşir və Paleogen çöküntülərində aşkar edilmişdir; Ərəbistan hissəsində isə 1100–2000 m dərinlikdəki Alt Təbaşir qumdaşıları və Orta Yura əhəngdaşıları və qumdaşıları məhsuldardır. Yataqlardan Aralıq dənizi sahillərindəki portlara ümumi uzunluğu təqribən 4000 km olan neft, 1300 km qaz boru kəmərləri çəkilmişdir. Hasilat mərkəzi Sirt çökəkliyidir.[5]

Saharanın əksər hissəsində quru və isti tropik səhra iqlimi hakimdir; şimalda subtropikdir. Səhranın müasir arid iqlimi təqribən 10 min ildir ki, mövcuddur. Yanvarın orta temperaturu, adətən, 10 °C-dən aşağı düşmür (dağlarda şaxtalar olur), iyulda 37 °C-dir. Mütləq maksimum 57,8 °C (Liviyada Əl-Əziziyə), mütləq minimum –18 °C-dir (Tibesti). Havanın sutkalıq temperatur amplitudu 30 °C-dən çox, torpağınkı 70 °C-yədəkdir. Tez-tez güclü (50 m/san-yədək) küləklər (səmum, xəmsin, sirokko) əsir; bir neçə gün davam edən toz (qum) burulğanları olur. Havanın quruluğu (nisbi rütubət 30–50%) və yüksək buxarlanma (2500–6000 mm), sahilboyu ensiz zonalardan başqa, Saharanın bütün ərazisi üçün səciyyəvidir. Səhranın şimalında, əsasən, qışda, cənubunda isə yayda yağıntı düşür. İllik yağıntı daxili rayonlarda 50 mm-dən az, kənarlarda və dağlarda 100–200 mm-dir.[3]

Nildən başqa Saharanın tranzit çayı, demək olar ki, yoxdur. Səhralardakı quru vadilərdə ancaq yağış zamanı su olur. Səhranın kənarlarında və mərkəzi dağ massivlərində kiçik relikt göllər mövcuddur. Saharada, əsasən, yeraltı sulardan (ərazidə iri yeraltı su hövzələri, o cümlədən artezian suları var) istifadə edilir.

Torpaqlar, bitki örtüyü və heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Saharanın böyük bir hissəsi üçün tropik səhra və yarımsəhraların primitiv (çınqıllı, çaydaşılı, qumlu), çox vaxt isə şorlaşmış torpaqları səciyyəvidir. Qalınlığı bir neçə sm-dən 1–2 m-ə dək olan əhəngli-gipsli qabıqlı qat geniş yayılmışdır. Bitki örtüyü çoxlu Aralıq dənizi elementləri daxil olmaqla Qolarktika floristik sahəsinə aiddir. Burada təqribən 1200 növ ali bitki var; lakin 1000 km²-ə orta hesabla 150-yədək növ düşür (yəni Avropadan 10 dəfə, rütubətli tropiklərdən 25 dəfə az). Bir tərəfdən onun iki iqlim qurşağında yerləşməsi, digər tərəfdən isə relyefinin və səth çöküntülərinin litologiya (daşlı, qumlu və digər tipli səhralar) xüsusisiyyətləri ilə əlaqədar fərqlər vardır. Kök sistemi böyük və dərin olan (15–20 m-ədək) quraqlığa davamlı çox illik taxıl və kollar, həmçinin yağışlardan sonra inkişaf edən efemerlər bitki örtüyünün əsasını təşkil edir. Dağ rayonları Neogen florasından qalmış reliktlərlə, çoxlu endemik bitkilərlə daha zəngindir. Cənubi Saharada ağaclar və kollardan ən çox akasiya, yulğun, acılıq və nazın bəzi növləri yayılmışdır. Bitki örtüyü hər yerdə insanın güclü fəaliyyətinə məruz qalmışdır (mal-qara otarılması, faydalı bitkilərin yığılması, yanacaq tədarükü və s.). Vahələrdə əsas bitki olan xurma palması ilə yanaşı, əncir, zeytun və meyvə ağacları, bəzi sitrus bitkiləri, müxtəlif tərəvəz, cənubda isə dum palması becərilir.[3]

Heyvanlar aləmi Qolarktika və Efiopi ya zoocoğrafi vilayətlərinə aid, əksəriyyətini onurğasızlar təşkil edən təqr. 4000-ədək növdən ibarətdir. Bütün növlərin təqribən 40%-ini Afrika endemikləri təşkil edir, tipik Sahara növləri 10–12%-dən çox deyildir. Mərkəzi Sahara yaylaları tipik Sahara heyvanlarının yaşadığı qapalı ərazilərdir. Daha quraq rayonlarda növ tərkibi həddən çox kasıbdır (50%-dən çoxu köçəri olan quş növləri müstəsna olmaqla).

Təqribən 60 növ məməli, o cümlədən addaks antilopu, uzun müddət susuz qalmağa daha çox uyğunlaşmış mendes antilopu (kökü kəsilmə təhlükəsindədir), Axaqqar və Tibesti də bir neçə növ qazel, Airdə və Tibestidə meymunların bir növü, yırtıcılardan tülkü, fenek, Saharanın ucqar rayonlarında çaqqal, hepard, kaftar, gəmiricilərdən qum siçanı, ərəb dovşanı, dovşankimilərdən Sahara dovşanı və s. yaşayır. Hər yerdə çoxlu sürünən (uzun ayaq kərtənkələlər, varanlar, buynuzlu gürzə, kobralar və s., Axaqqarda kiçik relikt su hövzələrində xırda timsahlar var. Saharada heyvanların çoxu gecə həyat tərzi keçirir.

Saharada yerləşən ölkələr

[redaktə | mənbəni redaktə et]

Sadalanan ölkələr Sahara ərazisində yerləşir.

Böyük Səhra // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. 608 səh. ISBN 978-9952-441-03-1.

  1. "Northern Africa" (ingilis). WWF. 2014-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-23.
  2. Səhra Arxivləşdirilib 2015-05-04 at the Wayback Machine — Britannica Online Encyclopedia (ing.)
  3. 1 2 3 Сахарская плита — статья из Большой советской энциклопедии
  4. "Arxivlənmiş surət". 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.
  5. "Arxivlənmiş surət". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.