Qaragözlülər — əsasən İranın Həmədan ostanında yaşayan türkdilli tayfa. Azərbaycan türklərinin etnoqrafik qruplarından biridirlər. Danışıqlarında Azərbaycan türkcəsinin cənub dialektlərindən istifadə edirlər.[1][2][3][4]
Qaragözlülər İranın Həmədan vilayətində yaşayırlar, hətta Azərbaycan Respublikasının Zəngilan[5] və Şabran[6] rayonlarında da Qaragözlü adlanan kəndlər vardır. Onlardan bir hissə İranın Fars əyalətində Qaşqaylar arasında yaşamaqdadır. Qaragözlülər aşıqlı, hacılı, xudabəndli və özbəkli tirələrinə bölünməkdədir. XIX əsrin birinci yarısında Qaragözlülərin sayı təxminən 12 min nəfər təşkil etməkdə idi.[5] 1840-1841-ci illərdə Həmədanda bu tayfadan olan 15 min insan yaşamaqda idi. Onların sayı sürətlə artaraq 1888-ci ildə 60 min nəfərə çatdı. Onlar əsasən Əcəm İraqında, Qəzvində və Həmədanda yaşamaqda idilər. 1912-ci ildə Həmədan vilayətində olan 270 kənddən 95 faizində Qaragözlülərin aşıqlı, hacılı və xudabəndli tirələri yaşamaqda idi.[7][8][9][10][11][12]
Azərbaycanın bir çox bölgəsində, məsələn Cənubi Azərbaycanın Qaragözlü (Miyandoab/Qoşaçay şəhristanında) və Qaragözlü (Əhər şəhristanında) kəndlərində, Qərbi Azərbaycan (indiki Ermənistan)dakı Qaraiman kəndində, habelə Siyəzən (Qaragöz (Siyəzən)) və Zəngilan (Qaragöz (Zəngilan)) rayonlarındakı "Qaragöz" kənd adları kimi toponimlər də bu tayfa ilə bağlıdır.
Səlcuqların dövründə Ön Asiyaya gəldikləri güman olunur. Qaragözlülərin özlərinin əcdadı kimi Qaraqoyunlu hökmdarlarını götürməkdədirlər. Onların adı tarixdə ilk dəfə XVI əsrdə Qızılbaş tayfalarından biri kimi çəkilir.[13] Tayfanın oynadığı rol XVIII əsrdə daha da gücləndi və mənbələr bu tayfanın adını daha tez-tez çəkməyə başladılar.[5][6] Qaragözlülər Ağa Məhəmməd xan Qacar ali hakimiyyət uğrunda mübarizəyə başladığı andan onu dəstəkləmişdilər. Buna görə də, Ağa Məhəmməd xan hakimiyyəti ələ aldıqdan sonra Qaragözlülərin başçısını Həmədan hakimi təyin etdi.[14] Qaragözlülərin tayfa başçılarından biri olan Məhəmmədhüseyn xan Qaragözlü Ərdəlan bəyliyinin ləğvi üçün təşkil edilmiş yürüşdə də iştirak etmişdi.[15]
Qaragözlülər əsasən maldarlıqla məşğul olurlar.[16]