Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov və ya Baba bəy Qəbulzadə (10 dekabr 1893, Qax, Zaqatala dairəsi – 29 oktyabr 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü.
Baba bəy Qəbulzadə | |
---|---|
25 dekabr 1919 – 27 aprel 1920 | |
Əvvəlki | Abdulla Qəbulzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1938 (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Partiya |
|
Atası | Abdulla Qəbulzadə |
Baba bəy Qəbulzadə ilk təhsilini atası Abdulla Qəbulzadədən almışdır. 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirmiş, burada və Şəkidə dərs demişdir.
Sovet dövründə də əsasən, Zaqatalada və Kənd Təsərrüfatı Texnikumunda müəllimliklə məşğul olmuş, 1923–1927-ci illərdə Şəki oğlan müəllim seminariyasında tarixdən dərs demişdir.
1920-ci il mayın 24-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş, lakin 16 gün sonra buraxılmışdır.
Baba bəy Şəkidə müəllim işləyərkən Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi "Yeni Qafqaziya" jurnalını tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və müsavatçı kimi həbs edilmişdir. 1928-ci ilin iyun ayının 11-də 3 il iş alaraq Bakıya sürgün edilib. Üç ildən sonra Zaqatalaya qayıdaraq, yenidən müəllimlik etmiş, ancaq bir müddət sonra onu məktəbdən uzaqlaşdırıb Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin tədarükçüsü vəzifəsinə göndəriblər.[1]
Abdulla bəy daha sonra Gəncəyə gəlmiş, Moskva Yeməkxanalar Birliyinin şöbəsində tədarük üzrə müvəkkil işləmişdir.
Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişməyə məcbur olan Baba bəyin həyatının son iki ili Şəki və Bakıda keçmişdir. Baba bəy 1932-ci ildən Bakıda indiki Dilarə Əliyeva küçəsi 6-cı döngədəki 4-cü evin sahibi olmuşdur. Həbsindən qabaq Kamenisti – indiki Bəşir Səfəroğlu küçəsindəki 107-ci evdə qalmışdır.[1]
1938-ci il 18 sentyabrda Bakıda həbs olunmuş, 29 oktyabrda güllələnmişdir.[1]
1959-cu ildə qohumları ona bəraət verilməsi barədə müraciət etsələr də, nəticəsiz olmuşdur. Baba bəy yalnız 1989-cu ildə bəraət almışdır[2]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 16 oktyabr 1919 tarixli səksən dördüncü iclasında Abdulla Qəbulzadənin uzun müddətdir xəstə olduğundan istefa etməsi ilə bağlı Zaqataladan göndərilmiş teleqram oxundu. 25 dekabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü İslam bəy Qəbulzadənin tövsiyəsi ilə[1] onun yerinə oğlu Baba bəy Qəbulzadə parlamentin üzvü seçilmişdir.[3] O, əvvəllər heç bir fraksiyaya daxil olmamışdır. Parlamentin 11 mart 1920 tarixli sayca yüz otuz üçüncü iclasında isə heç bir fraksiyanın üzvü olmayan Baba bəy Qəbulzadənin və Məşədi Səməd Həsənoğlunun Əhrar fraksiyasına daxil olduğu elan olunmuşdur.[4]
Baba bəy parlamentinin işində fəal iştirak etmişdir. O, 1920-ci il martın 9-da parlamentin sayca yüz otuz ikinci iclasında Qars məsələsinin müzakirəsindəki belə çıxış etmişdir:
Burada biz açıq danışmalıyıq. Siz bilirsiniz ki, bu gün ortalıqda bir erməni məsələsi vardır və o məsələni Azərbaycan milləti və Parlamenti, milli hissiyatı – vətənpərvəranısi çaşqın olanlar həll etməlidirlər. Artıq quru danışıq və alqışlar ilə bir şey olmaz. Belə şeylər ilə Zəngəzurda qırılan, irzü namusu puç olan müsəlmanların dərdinə dərman olmayır. Baxınız, əgər İstanbulda naxoşluqdan bir erməni ölürsə, ermənilər bütün Avropa əfkari-ümumiyyəsinə türklər filan qətli-amda bunu öldürdülər – deyə qışqırırlar. Avropa əfkari-ümumiyyəsi də onları eşidir, fəqət erməni bandaları, canavərləri, mauzeristləri tərəfindən tarmar edilən xanimanları Avropa görmür. Ərşə qalxan ah-nalələri onlar eşitmir…
(Bu yerdə zaldakılar onu alqışlayır və Baba bəy əsəbiləşir) Əl çalmayınız. Əl çalmaq ilə dərdə əlac etmək olmaz. Mən hissiyyata qapanıb danışmıram. Bu cür məsələləri müahidələr ilə, konfranslar ilə həll etmək olmaz. Artıq biz aldanmamalıyıq, çünki o qatillərin şüarı islamı qırmaqdır. Hamımız bilirik ki, daşnaklar Avropanı qarış-qarış gəzib Türkiyə məsələsinin bir cür həll edilməsi üçün hər alçaqlığı qəbul etmişlərdir. Onlar Osmanlı türk məsələsindən sonra Azərbaycan məsələsinə girişmişlərdir. Onlar süni yollar ilə erməni məsələsini hayqırmaq istəyirlər, bu, inkar edilməz… Biz quru protesto edirik, fəqət bunlarla dərdə əlac olmaz… Avropadan isə şimdiyə qədər bu fəlakətləri görmürlər, çünki onların gözlərindəki çeşməklər Poqos Nübar paşaların əlilə taxılmışdır. Nə qədər ki, o çeşməklər çıxarılmamış, biz xilas olmayacağıq və onlar da həqiqəti görməyəcəklər. İş böylə olduqda, biz aramızdakı təfriqəni bir yana buraxıb yığışalım, tədbir edəlim və çalışalım; ölmək icab edərsə, nə eybi var, qoy desinlər ki, Parlament əzasından bir neçəsi gedib özünü millətə fəda etdi. Və birdəfəlik bu zalımların qarşısına bir sədd çəkəlim… |
Baba bəy gənc yaşlarında Müsavat ideyalarına rəğbət bəsləmişdir. 1918-ci ildə Müsavat Partiyasının Şəki təşkilatının yaradılmasında aktiv fəaliyyət göstərsə də, bu partiyanın üzvü olmamışdır.[2] 1920-ci ilin mart ayında Baba bəy Əhrar Partiyasına üzv olmuşdur.[1]
Baba bəy evli olmuşdur. 1930-cu ildə Naimə, 1932-ci ildə isə Minirə adlı qız övladı doğulmuşdur.