Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şirvan xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Şirvan məktəbi gözəl xalçaları ilə məşhurdur. Şirvan Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bütün mümkün xalçaların toxunması yerli əhalinin həm oturaq, həm də köçəri hissəsi tərəfindən geniş yayılmışdır. Şirvan məktəbinə Şirvan rayonunun Şamaxı, Qobustan (Mərəzə), Ağsu, Kürdəmir kimi şəhər və rayonlarında toxunan xalçalar aiddir. Bu məktəb özündə 25 kompozisiya cəmləşdirir. Bura həmçinn öz bədii və texniki xüsusiyyətləri ilə oxşar olan Səlyan xalçaları da daxildir. Şirvan xalçaları mürəkkəb təsvirləriylə və çoxlu miqdarda insan, quş, məişət təsvirləri ilə xarakterizə olunur.
Şirvan xalçaçılıq məktəbi Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd (Hacıqabul), Göyçay və onların ətraf kəndlərini əhatə edir. Şirvan qrupuna "Mərəzə xalçası", "Qobustan xalçası", "Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı xalçası","Bico xalçası", "Sor-Sor xalçası", "Hacıqabul xalçası" və s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zəngin və mürəkkəb naxışlı kompozisiyaları orta əsrlərdən məşhurdur. Şirvan xalçalarının bədii dəyəri haqqında VI–VIII əsr alman, ingilis tacirləri, səfirləri öz gündəliklərində qiymətli məlumatlar vermişdilər. Bu xalçalar hələ XIV–XV əsrlərdə Avropa rəssamlarının tablolarında tərənnüm edilmişdir. Niderland rəssamı Hans Memlinq (XV əsr) "Məryəm öz körpəsi ilə" əsərində "Şirvan" xalçasının təsvirini vermişdir.
Azərbaycanın şimal-şərqində yerləşən Şirvan əyaləti təbii ehtiyatlarla yanaşı, mahir sənətkar ustaları ilə məşhurdur. Erkən orta əsr dövrdən başlayaraq xalçaçılıq uzun inkişaf dövrü keçmiş və qonşu ölkələrin xalq sənətinə kifayət qədər təsir göstərmişdir. İntibah dövrünün dahi rəssamları öz əsərlərində həndəsi naxışlarla zəngin olan klassik Quba və Şirvan xalçalarının müxtəlif təsvirlərini bəzək elementi olaraq daxil etmişlər. Bu fakt XV əsrdə Azərbaycan ilə Avropa arasında iqtisadi və mədəni əlaqələrin mövcud olması ilə yanaşı, həmin dövrün hər iki qrupuna xas olan xalçaların Avropada geniş məşhur olmasından xəbər verir. "Şirvan" xalçası Şirvanın və ya onun hüdudlarından kənarda istehsal olunmasından asılı olmayaraq, "Şirvan" adı daşıyır. Orta sahənin dekoru daha qədim dövrə aid olan "qıvrım" və ya "örtük" elementlərindən ibarət olur. Orta sahənin mərkəzi üçbucağında ardıcıl qaydada yerləşən bu elementlər klassik olub, tək Şirvan xalçalarına deyil, bütün Azərbaycan xalçalarına səciyyəvidir.
"Qobustan" xalça istehsalının əsas mərkəzləri Şamaxı şəhərindən cənubda yerləşən Çuxanlı, Mərəzə və Nabur kəndlərindədir. Texniki və ədəbi xüsusiyyətlərinə görə "Qobustan" xalçasını Şirvan xalçaçılıq məktəbinin əcdadı kimi qəbul etmək olar və iki növə bölünür. Orta sahənin kompozisiyası diş və qeyri-dişli geniş budaqdan ibarət romb şəkilli şəbəkədən ibarətdir. Romb şəkilli şəbəkələrin daxili elementləri və detalları xalq arasında yaxşılıq və bolluq rəmzi sayılan arılar təsvir olunub. Arı təsvirləri diaqonal və ya üfüqi şəkildə bir-birlərini sıralayır. Orta sahənin fonu əksər hallarda, tünd-göy, bəzən isə tünd qırmızı olur. Haşiyə zolaqların rəngi orta sahənin fonun rənginə uyğun şəkildə dəyişir.
Xalça tək Mərəzədə deyil, həmçinin xalçatoxuma məntəqələri olan "Çuxalı", "Nabur", "Göllər"də də istehsal olunur. Şamaxının şərqində yerləşən Mərəzə əvvəllər Şirvan qəzasının mərkəzi hesab olunurdu. XVI əsrin sonlarında yaşamış türk səyahətçisi Övliya Çələbi Azərbaycana etdiyi səfəri zamanı bu kəndi Mərəzəd adlandırmışdı. "Mərəzə" adını daşıyan bu xalçalar Şirvan tipinə məxsus olan ən qədim xalçalar hesab olunurlar və bir çox müxtəlif kompozisiyaları var:
Bico xalçaları Şamaxıdan 17 km cənubda yerləşən indiki Ağsu rayonundakı Bico kəndinin adını daşıyır. Bu xalçalar Bicodan başqa, Qəşəd, Göylər, Udullu, Pirhəsənli və Şirvanın digər xalçatoxuma məntəqələrində, eləcə də Qubada və İranda da istehsal olunub. "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab olunur. (Bax: Керимов Л.Г. 'Азербайджанский ковер. Том III', Баку: Гянджлик, 1983,144 c., c.45) XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi.
Təkcə Azərbaycanda yüksək qiymətləndirilməklə kifayətlənməyərək, eyni zamanda xarici sənətşünasıların və kolleksionerlərin də diqqətini özünə cəlb edən Bico xalçaları əsasən iki variantda istehsal edilmişdir:
Birinci variant
Orta sahənin mürəkkəb kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Rapportun yanlarında xalq sənətkarları arasında "kəpənək" adlanan böyük dişli element, orta nöqtədə isə "toqqa" (kəmər) adlanan dördguşəli element yerləşir.
Xalçanın orta sahəsi bir-birinin ardınca yerləşən dairəvi elementlərlə əhatə olunmuşdur. Xalça ustaları bunu "alma" adlandırırlar. Orta sahədə həmçinin bir-neçə səkkizgüşəli elementlər (bunlar da həmçinin "toqqa" adlanır), "kəlbətin" adlanan dördguşəli bəzək elementləri və tamamlayıcı və dolurucu əhəmiyyət kəsb edən məişət əşyalarına aid predmetlərin təsvirləri mövcuddur.
Mürəkkəb naxışlı qədim "Bico" xalçalarında heyvan və insan təsvirlərinə də rast gəlinir. Belə qənaətə gəlinir ki, bu variantın orta sahəsinin kompozisiyasında toy və digər mərasimlərlə bağlı səhnələr də əks etdirilmişdir.
İkinci variant
Bico xalçalarının ikinci variantının orta sahə kompozisiyasında bir-birinin üzərində olan səkkizguşəli göllər bu variantda toxunmuş xalçaların əsas xüsusiyyətidir. Göllərin ətrafında, həmçinin orta sahənin doldurulmamış aralıqlarında yalnız Bico xalçalarına xas olan, xalçaçılar tərəfindən "bükmə" adlanan elementlər yerləşir. Bu elementlər Bico xalçalarının ikinci varianın əsas elementi olmaqla, onu birinci variantdan fərqləndirən əsas bədii xüsusiyyətdir.
Göllərin mərkəzində yerləşən qarmaqlı böyük elementlər, orta xətt boyunca göllərin ətrafına yayılmış "bükmə" naxışları, eyni zamanda xalçanın ümumi quruluşu bu xalçaların meydana gəlməsi tarixinin qədim dövrlərə aid edilməsinə əsas verir.
Orta xətti və zolaqları əhatə edən köbə haşiyəsi "Bico" xalçaları üşün xarakterik olan və hər iki varintda tətbiq edilən mədaxil, zəncirə və orta haşiyə elementlərindən ibarətdir.
Şilyan xalçaları öz adlarını Şilyan kəndindən götürüb. Onların istehsalı ilə Çəltikli, Şilyan, Mosulu kəndlərində, XIX əsrdən isə Şilyanın yaxınlığında yerləşən Sor-Sor kəndində məşğul olublar. "Şilyan" xalçasının orta sahəsinin kompozisiyası şaquli üçlük boyunca yerləşən tor şəkilli şəbəkə təşkil edir. Xalça kompozisiyasının məzmunu Şərq xalqlarının inancları, adət və ənənələri ilə bağlıdır. Romb formalı şəbəkəyə bölünmüş Şilyan xalçasının orta sahəsinin kompozisiyası ornament quruluşu əsasında meydana gəlmişdir. Bu ornament quruluşu arı pətəyinin şəbəkəyəbənzər formasını xatırlatdığı üçün qədim dövrlərdən (IX–XI əsrlər) Yaxın Şərqdə, o cümlədən Azərbaycanda "Bendirumi" və "Pətək" adı ilə tanınıb.
Şirvan xalçaçılıq məktəbi, XIX əsr. | Bico xalçası, Şirvan xalçaçılıq məktəbi, XIX əsrin əvvəli. | Şirvan xalçaçılıq məktəbi, 1875-ci il. | Sumax xalçası, Şirvan xalçaçılıq məktəbi, XIX əsr. | Şirvan xalçaçılıq məktəbi,1937-ci il. Şəxsi kolleksiya, Rusiya. |