Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[1][2][…] – 22 noyabr 1963[1][3][…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur.
Con Fitscerald Kennedi | |
---|---|
ing. John Fitzgerald Kennedy | |
| |
20 yanvar 1961 – 22 noyabr 1963 | |
Vitse-prezident | Lindon Conson |
Əvvəlki | Dvayt Eyzenhaver |
Sonrakı | Lindon Conson |
Şəxsi məlumatlar | |
Doğum adı | John Fitzgerald Kennedy[11] |
Doğum tarixi | 29 may 1917[1][2][…] |
Vəfat tarixi | 22 noyabr 1963[1][3][…] (46 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, jurnalist, dövlət xadimi, yazıçı, donanma zabiti[d] |
Atası | Cozef Patrik Kennedi[8] |
Həyat yoldaşı |
|
Uşaqları | 4 (Karolina Kennedi daxil olmaqla) |
Ailəsi | Kennedi ailəsi[13][4] |
Dini | katolisizm[4][5] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | ABŞ hərbi donanması[7][10] |
Döyüşlər | |
Rütbəsi | Leytenant[7][10], Kiçik Leytenant (HDQ)[10] |
|
|
Təltifləri | |
whitehouse.gov/about-the… | |
Vikianbarda əlaqəli mediafayllar |
Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir.
Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.
1976-cı ildə Gellap İnstitutunun tədqiqatlarına əsasən amerikalıların əksəriyyəti Kennedini ABŞ prezidentləri arasında ən görkəmlisi hesab etmişdir.
1960-cı ildə Kennedinin nitqlərindən ibarət "Sülhün strategiyası" adlı toplu dərc edilmişdir.
Con İrland mənşəli katolik ailəsində doğulmuşdur, Rouz və Cozef Kennedinin doqquz uşağından ikincisi olmuşdur. Ailələrində siyasət ənənələri var idi. 25 yaşında Conun atası ABŞ-də ən cavan bank müdiri olmuşdur. Con uşaqlıqdan xəstəhal, fiziki cəhətdən zəif adam idi, onun qardaşı Robert deyirdi ki, Con xəstə olarkən çoxlu kitab oxuyardı. Conun Uollinqford bir məktəb yoldaşı xatırlayırdı ki, o məktəbdə "Nyu-York Taymsı" başdan-başa oxuyan yeganə şəxs idi. 1935-ci ildə orta məktəbi bitirmiş, London İqtisadiyyat Məktəbinə, sonra isə Prinston Universitetinə daxil olmuşdur. 1940-cı il iyunun 21-də Con Harvard Universitetini bitirmişdir. 1944-cü il avqustun 12-də Conun böyük qardaşı Cozef İkinci dünya müharibəsində həlak oldu.
C. Kennedi Amerika futbolu oynayarkən belini zədələmişdi. Bu zədə ona həyatı boyu əziyyət vermişdir. Bu zədə səbəbindən onu hərbi xidmətdən azad etsələr də, atasının nüfuzu sayəsində o xidmətə qəbul edilmişdi. Sakit okeanda PT-109 torpeda katerində xidmət edərkən Kennedi leytenant rütbəsi, cəsarətə görə Purpur Ürək və HDQ-nin mükafatlarını qazanmışdı. 1943-cü il avqustun 2-də Kennedinin kapitanı olduğu PT-109 kateri yapon mina gəmisi tərəfindən tarana məruz qaldı. Bu hadisə zamanı göstərdiyi şücaətə görə o HDQ və Dəniz piyadaları Medalı ilə (ing. Navy and Marine Corps Medal) təltif olunmuşdur.
Kennedinin İngiltərənin Münhen razılaşmasındakı rolundan bəhs edən "Münhen sövdələşməsi" adlı diplom işi 1940-cı ilin iyulunda "İngiltərə nə üçün yatmışdı?" adı altında kitab şəklində dərc edilmiş və 80 minlik tirajla çıxmışdı. 1946-cı ilin əvvəlində Kennedi ABŞ Konqresinin Nümayəndələr Palatasına öz namizədliyini təqdim etdi. 1947–53-cü illərdə o, 11-ci Massaçusets Konqres dairəsindən Nümayəndələr Palatasının üzvü, 1953-cü il yanvarın 3-dən 1960-cı il dekabrın 22-dək isə senator olmuşdur. Bu dövrdə o, Dvayt Eyzenhaverin siyasətini tənqid etmişdir. 1949 ildə Kennedi Polşada, Sovet İttifaqında, Türkiyədə, Fələstində və Balkanlarda olmuşdur. 1951-ci ildə isə o, İngiltərəyə, Fransaya, İtaliyaya, İspaniyaya, AFR-ə və Yuqoslaviyaya səfər etmişdir. Daha sonra o, Pakistanda, Hindistanda, Malayada və Cənubi Koreyada olmuşdur. 1953-cü il sentyabrın 12-də Kennedi Jaklin Buvye (Kennedi) ilə evlənmişdir. Nikah mərasimi Nyu-Portda (Rod-Aylend ştatı) keçirilmişdir. 1956-cı ilin əvvəlində Kennedi belindəki xəstəliyinə görə çarpayıda yazılmış "Profiles in Courage" ("Şücaətin xassələri") kitabı dərc edilmişdir. Növbəti ildə aldığı Pulitser mükafatını Kennedi zənci kollecinə verdi. Həmin ilin iyul ayında Kennedi Senatda Əlcəzair haqqında nitqlə çıxış etdi və bildirdi ki, Fransa Əlcəzairə müstəqillik verməlidir. 1960-cı il yanvarın 2-də Kennedi özünün prezidentliyə namizədliyini irəli sürməsi haqqında qərarını elan etdi. Kennedinin Demokratlar partiyasından rəqibləri Hubert Hemfri, Stüart Sayminqton, Adlay Stivenson və Lindon Conson idi. Bütün prezidentliyə namizədlərdən Kennedi müxtəlif ştatlara daha çox səyahət etmiş və seçki mitinqlərində başqa namizədlərdən daha çox çıxış etmişdir.[14] 1960-cı il iyulun 13-də Demokratlar Partiyasının Qurultayı prezident seçkilərində partiyanın vahid namizədi kimi Con Kennedini irəli sürdü. Kennedi isə öz seçki qəragahındakı etirazlara baxmayaraq vitse-prezident vəzifəsini Lindon Consona təklif etdi. O, seçkilərdə Consonun cənub ştatlarındakı nüfuzundan yararlanmağı düşünürdü.
1960-cı il noyabrın 8-də baş tutan seçkilərdə səslərin hesablanmasından sonra Kennedi və vitse-prezidentliyə namizəd Lindon Conson öz rəqibləri ilə təxminən eyni səs aldılar (49,7% — 49,5%), bu 1888-ci ildən sonra namizədlər arasındakı ən yaxın nəticə idi. Kennedinin Respublikaçılar partiyasından rəqibi Riçard Nikson ondan daha çox ştatda qalib gəlmişdi. Kennedi özü Yeni İngiltərədə və şərq ştatlarında, habelə Nyu-Yorkda, Nyu-Cersidə, Pensilvaniyada, Miçiqanda, İllinoysda və Texasda qalib gəldi, lakin seçki kollegiyasında səslərin nisbəti 303:219 Kennedinin xeyrinə oldu.
Kennedi seçki kampaniyasına başlayanda onu dəhşətə gətirən bu oldu ki, Cənubdakı protestant təşkilatların çoxu hələ də guya hər bir katolikin Roma Papasına danışıqsız tabe olacağı barədə köhnə nağıllara inanırdı. Kennedi bu problem barədə 1960-cı il sentyabrın 12-də Texasda "Hyuston şəhəri Keşişlərinin Böyük Assosiasiyasının" üzvləri qarşısında nitqlə çıxış etdi.[15] Kennedi demişdir: "Mən prezidentliyə katolik namizədi deyiləm. Mən Demokratik Partiyanın, həm də katolik olan namizədiyəm. Mən ictimai məsələlər haqqında kilsə adından danışmıram və kilsə də mənim adımdan danışmır." Kennedinin daxili siyasət doktrinası "Yeni sərhədlər" ("New Frontier") adlandırıldı. Kennedi komandasının orta yaşı 45 idi.[16] Konqresdə üstünlüyün demokratlarda olmasına baxmayaraq, mühüm rolu ona bağlı olan cənub mühafizəkarlarının koalisiyası oynamışdır. Buna görə də Kennedinin təhsil üçün federal köməyin artırılmasına, qocalar üçün tibbi sığortaya və yeni Şəhər İşləri Departamentinin (Department of Urban Affairs) yaradılmasına dair təşəbbüsləri əngəllənmişdir. Kennedinin vergilərin ixtisarı haqqında təklifi də Konqres tərəfindən qəbul edilməmişdir.
Kennedi ABŞ Ali Məhkəməsinə iki hakim təyin etdi (Bayron Reymond Uayt və Artur Cozef Qoldberq). 1962-ci ildə tələbələr zənci Ceyms Mereditə Mississippi Universitetinə girməyə mane olduğu üçün Kennedi Mereditin kursa daxil edilməsi üçün təxminən 400 federal marşal və 3000 əsgər göndərmişdir. 1963-cü il iyunun 11-də Alabama qubernatoru Corc Uolles Alabama Universitetinə daxil olan iki zənci tələbəni dayandıran zaman, Kennedi yenidən müdaxilə etmişdir. Son nəticədə 1965-ci ildə mülki hüquqlar haqqında akt təklif olunmuşdur. Eyni zamanda Kennedinin senator Cozef Makkartinin antikommunist fəaliyyətində müdafiəsi tez-tez tənqid edilmişdir.
Kennedinin buraxdırdığı ABŞ xəzinə biletləri sonradan onun xələfi Lindon Conson tərəfindən yenidən Federal Ehtiyat Sisteminin banknotları ilə əvəzləndi.[17]
Kennedinin Məxfi Xidmətdə işlədilən ləqəbi Lancer (Ulan-nizəli süvari əsgər) olmuşdur.
Bu məqalə ABŞ tarixinə aiddir |
Amerika Birləşmiş Ştatları tarixi |
---|
Kennedi "Kütləvi qisas" (massive retaliation) doktrinasını rədd edərək, kommunizmin dayandırılması (containment) və "Çevik əks-tədbir" (flexible response) doktrinalarını qəbul etdi. 1961-ci ildə xaricə texnika və təhsil sahəsində kömək edən Sülh Korpusu (Peace Corps) yaradılmışdır. Birləşmiş Ştatların Vyetnamdakı hərbi müdaxiləsini artırması haqqında təklifi rədd etmiş Kennedi Vyetnama hərbi müşavirlər göndərdi. Həmin ildə Sayqona Ağ Ev müşaviri Volt Rostov və general Maksvell Teylor gəldilər. 1963-cü ilin sentyabrında Kennedi vyetnamlılar barədə dedi: "Bu onların müharibəsidir. Məhz onlar onda qələbə çalmalı və ya məğlub olmalıdırlar". Növbəti ildə Kennedi bildirdi ki, hökumət Amerika qüvvələrini Cənubi Vyetnamdan 1965-ci ilin sonunadək çıxarmağı planlaşdırır.
SSRİ Xarici İşlər naziri ilə görüşərkən Kennedi müstəqil və bitərəf Laos barədə fikir söylədi, çünki o zaman həmin ölkədə kommunist rejim hakimiyyətə gəlmişdi. Konqres həmçinin Latın Amerikasına kömək məqsədilə Tərəqqi İttifaqı (Alliance for Progress) haqqında təklifi qəbul etdi. Kuba barəsində Kennedi bildirdi: "Birinci növbədə demək istəyirəm ki, ABŞ silahlı qüvvələri Kubaya müdaxilə etməyəcəklər." Lakin buna baxmayaraq o, hələ Eyzenhaver dövründə MKİ tərəfindən hazırlanmış Koçinos körfəzinə, sonradan müvəffəqiyyətsizliklə nəticələnən, müdaxilə planını ləğv etmədi.
1962-ci il sentyabrın 4-də Kennedi bildirdi ki, Birləşmiş Ştatlar Kubada sovet raketlərinin yerləşdirilməsinə qətiyyən dözməyəcəklər. Oktyabrın 22-də Kennedi demişdir: "…mən onu (Xruşşovu) dünya hökmranlığına yönəlmiş bu təhlükəli istiqamətdə fəaliyyəti dayandırmağa və qızğın silahlanmanın dayandırılması üzrə tarixi vəzifədə iştirak etməyə çağırıram. O, indi dünyanı fəlakətdən xilas etmək üçün raketlərin Sovet İttifaqının yaxınlığında yerləşdirilməsinə heç bir ehtiyacın olmaması barədə öz sözlərini xatırlaya bilər". Həmin il oktyabrın 27-də ("qara şənbə)" Kubada yerləşmiş sovet qoşunları Amerika kəşfiyyat təyyarəsini vurdular, təyyarənin pilotu həlak oldu. Bu vəziyyətdə Kennedi Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin ali komandanı kimi iki gündən sonra sovet bazalarının bombalanması qərarına gəldi. Plan üzrə hərbi əməliyyatın birinci günündə 1080 təyyarə uçuşu nəzərdə tutulmuşdu, lakin Sovet İttifaqı tezliklə Amerikanın şərtlərini qəbul etdi və Fidel Kastronun mövqeyinə baxmayaraq, Kubadan raketləri çıxartdı. Nəticədə ABŞ Kubanın dəniz blokadasını (karantini) ləğv etdi. Karib böhranı həll olundu.
1963-cü il avqustun 5-də Kennedinin təklifi ilə Moskavda ABŞ, SSRİ və Böyük Britaniyanın iştirakı ilə nüvə silahının suda, havada və quruda sınaqdan çıxarılmasının qadağan edilməsi haqqında müqavilə imzalandı. Bu müqavilə yeraltı nüvə sınaqlarına tətbiq edilmirdi. Həmin müqaviləni amerikalılar çox müsbət qarşıladılar, lakin eyni zamanda Kennedi amerikalıları nüvə silahından müdafiə sığınacaqlarının tikintisinə çağırırdı.[18]
Kennedini silahlı əməliyyatlarla hədələyən Xruşşov Qərbin Berlindən çıxmasını tələb edirdi. 1963-cü il iyunun 26-da bölünmüş Berlində çıxış edərkən Kennedi demişdi: "İki min il bundan əvvəl deyirdilər: "Civis Romanus sum" (mən Roma vətəndaşıyam). İndi azad dünyada iftixarla deyirlər: "Ich bin ein Berliner" (mən berlinliyəm)… Elə bir gün gələcək ki, bu şəhər, bu ölkə və bütün Avropa qitəsini birləşdirəcək…" Bu barədə Kennedi həmçinin bildirmişdir: "İndi bütün dünyada azad insanlar Berlin vətəndaşlarıdırlar və buna görə, azad insan kimi, iftixarla deyirəm: "Ich bin ein Berliner".
1962-ci ildə Kennedi hökuməti Qərbi Avropa ilə Kennedi raundu deyilən ticarət-siyasi danışıqlarını aparmağa başladı, ancaq onlar 1964-cü ilin baharında başa çatdı.
Kennedi hökuməti Afrikaya xüsusi diqqət yetirmişdir, hələ prezidentliyindən əvvəl o, Qərbi və Mərkəzi Afrikaya xüsusi nümayəndəlik göndərdi. Bu işə Kennedinin nisbətən cavan və fəal adamları qatılırdı. Menen Vilyams dövlət katibinin Afrika işləri üzrə köməkçisi təyin edilmişdi, onun müavini həmin sahədə təcrübəli Vayn Frederiks olmuşdur.
Konqo, Efiopiya, Liberiya, Liviya, Mərakeş, Seneqal və Tunis Amerikadan hərbi yardım alırdı. Habelə Tropik Afrikaya, xüsusən Nigeriyaya Amerikanın köməyi çatdırılırdı.
Kennedinin təklifi ilə prezident təyyarəsində "United States of America" sözləri və Amerika bayrağının təsviri meydana gəldi.[19]
Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırmışdır. Həmin ştatda mühafizəkar və ultrasağ qüvvələrin mövqeləri xeyli güclü idi, hətta 1960-cı ildə əslən texaslı olan Lindon Conson və onun arvadı, sonra isə ABŞ-nin BMT-dəki səfiri Adlay Stivenson burada açıq şəkildə təhqirlərə məruz qalmışdılar. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü, lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. Kennedi demişdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim… Bir səbəb uydurmaq olarmı?"
1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi.[20] Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. "Linkoln" Parklend Hospitelə yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi. Bütün hadisəni Abraham Zapruder kameraya çəkmişdir. Həmin gün saat 13:46-da Senat işini dayandırdı, bir dəqiqə sonra Nyu-York birjası bağlandı. Saat 13:49-da SİTA sui-qəsd haqqında xəbər verdi. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yükləndi. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırıldı.
Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi Osvald tək hərəkət etmişdir, lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmamışdır. Noyabrın 25-də[21] Kennedi Arlinqton milli qəbiristanlığında torpağa tapşırıldı. Qəbirin üzərində Jaklin Kennedinin təklifi ilə daimi od yandırılmışdır.
Kennedinin ölümündən sonra beyni çıxarılmış və Milli Arxivdə saxlandıqdan bir müddət sonra yoxa çıxmışdır.[22]
Ata tərəfdən baba və nənəsi
Ana tərəfdən baba və nənəsi
Qardaş və bacıları
1953-cü ildə Kennedi Jaklin Li Buvye ilə ailə həyatı qurur. Bu evlilikdən 4 uşaq doğulur ki, bunlardan ikisi doğulduqdan dərhal sonra vəfat edirlər.
Profiles in courage ("Şücaətin xassələri"). — NY-Evanston: Harper & Raw, 1957.
1957-ci ildə bu kitaba görə jurnalistika sahəsində ən yüksək mükafat hesab olunan Pulitser mükafatına layiq görülür.
Why England slept ("İngiltərə niyə yatmışdı"). — NY, 1961.
Kennedinin diplom işi.
A nation of immigrants ("İmmiqrantlar milləti"). — NY-Evanston: Harper & Raw, 1964.