Bu məqalə ABŞ tarixinə aiddir |
Amerika Birləşmiş Ştatları tarixi |
---|
Amerika Birləşmiş Ştatlarının ərazilərində tarix ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı.
1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi. General Corc Vaşinqtonun rəhbərlik etdiyi İstiqlal müharibəsində qələbə qazanıldı. 1783-cü il Paris sülh müqviləsi yeni dövlətin sərhədlərini müəyyən etdi. Konfederasiya maddələri mərkəzləşdirilmiş hökumət qurdu, lakin vergiləri toplaya bilmədiyi və icra məmuru olmadığı üçün sabitliyi təmin etməkdə təsirsiz qaldı. Konvensiya 1789-cu ildə qəbul edilmiş yeni Konstitusiyanı yazdı və ayrılmaz hüquqları təmin etmək üçün 1791-ci ildə Hüquqlar haqqında Bill əlavə edildi. İlk prezident Vaşinqton və onun baş müşaviri Aleksandr Hamilton ilə güclü mərkəzi hökumət yaradıldı. 1803-cü ildə Fransadan Luiziana ərazisinin satın alınması ABŞ-nin ərazisini iki dəfə artırdı.
Açıq taledən ruhlanan ABŞ Sakit okean sahillərinə qədər ərazisini artırdı. Ölkə ərazisinə görə böyük olsa da, 1790-cı ildə əhalisi cəmi 4 milyon idi. Qərbə doğru genişlənmə fermerlər və qul sahibləri üçün ucuz torpaq axtarışından qaynaqlanırdı. Köləliyin genişlənməsi getdikcə daha çox mübahisəli oldu və kompromislərlə həll edilən siyasi və konstitusional döyüşləri qızışdırdı. Köləlik 1804-cü ildə Meyson-Dikson xəttinin şimalındakı bütün ştatlarda ləğv edildi, lakin cənubdakı ştatlar cənub iqtisadiyyatına hakim olan kənd təsərrüfatını dəstəkləmək üçün köləliyi davam etdirdi. 1860-cı ildə Avraam Linkolnun prezident seçilməsi ilə başlayan vətəndaş müharibəsi cənub ştatlarının ittifaqdan ayrılaraq öz köləlik tərəfdarı olan Amerika Konfederativ Ştatlarını yaratmaqla başladı. 1865-ci ildə Konfederativlərin məğlubiyyəti köləliyin ləğvinə səbəb oldu. Müharibədən sonrakı Yenidənqurma dövründə azad olunmuş kişi qullara səs vermə hüququ verildi. Milli hökumət daha da gücləndi və fərdi hüquqları qorumağa başladı. Lakin ağdərili cənublu Demokratlar 1877-ci ildə səsvermənin əsasən hərbiləşdirilmiş şəkildə yatırılması yolu ilə Cənubda öz siyasi güclərini bərpa etdikdə, ağdərililərin üstünlüyünü qorumaq üçün Cim Krou qanunlarını, eləcə də irqə əsaslanan ayrı-seçkiliyi qanuniləşdirən və əksər afroamerikalıların ictimai həyatda iştirakının qarşısını alan yeni ştat konstitusiyalarını qəbul etdilər.
ABŞ sahibkarlıq və sənayeləşmə bumu və milyonlarla miqrant işçi və fermerin gəlişi nəticəsində XX əsrin əvvəlində dünyanın qabaqcıl sənaye gücünə çevrildi. Milli dəmir yolu şəbəkəsi hazırlandı və irimiqyaslı mədən və fabrikalar quruldu. Korrupsiya, səmərəsizlik və ənənəvi siyasətə qarşı olan kütləvi narazılıq 1890-cı illərdən 1920-ci illərə qədər Proqressiv hərəkatı canlandırdı, eləcə də federal gəlir vergisi, senatorların birbaşa seçilməsi, bir çox yerli xalqa vətəndaşlıq verilməsi, spirtli içki qadağası və qadınların seçki hüququ kimi islahatlara səbəb oldu. Birinci Dünya müharibəsində başlanğıcda birtərəf olan ABŞ 1917-ci ildə Almaniyaya müharibə elan etdi və sonrakı il Antanta dövlətlərinin zəfərini maliyyələşdirdi. Kükrəyən iyirmilərdən sonra 1929-cu il birja çöküşü on il davam edəcək olan dünya miqyaslı Böyük böhranın başlanğıcı oldu. Prezident Franklin Ruzvelt işsizlərə kömək, fermerlərə dəstək, sosial təhlükəsizlik və ortalama əmək haqqı da daxil olmaqla yeni kurs proqramlarını qüvvəyə mindirdi. Yaponiyanın Pörl-Harbora hücumundan sonra ABŞ İkinci Dünya müharibəsinə girərək Anti-Hitler koalisiyasını maliyyələşdirmiş və Avropa cəbhəsində Nasist Almaniyası və Faşist İtaliyasının məğlub olmasına dəstək göstərmişdir. ABŞ-nin iştirakı Sakit Okean müharibəsində Yaponiya imperiyasını məğlub etmək üçün Hiroşima və Naqasakidə yeni icad edilmiş amerikan nüvə silahlarından istifadə etməklə kuliminasiya nöqtəsinə çatdı.
ABŞ və SSRİ İkinci Dünya müharibəsindən sonra iki hegemon güc olaraq meydana çıxdı. Soyuq müharibədə iki ölkə silahlanma yarışı, kosmik yarış, təbliğat kampaniyaları və vasitəçilik müharibələrində mübarizə apardı. 1960-cı illərdə böyük miqyaslı mülki hüquqular hərəkatı sayəsində afro-amerikalıların səs vermə və hərəkət azadlığı kimi konstitusional hüquqlarını təmin edən sosial islahat dalğası qüvvəyə mindi. 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə ABŞ siyasəti vergi və dəyişikliklərin azaldılması istiqamətində yenidən quruldu. Soyuq müharibə 1991-ci ildə SSRİ-nin dağılması ilə başa çatdı və ABŞ dünyanın tək hegemon dövləti oldu. Soyuq müharibədən sonra xarici siyasət, xüsusilə də 11 sentyabr hücumlarından sonra əsasən Orta Şərqə yönəlmişdir. XXI əsrin əvvəllərində ABŞ-də dünyaya mənfi təsir göstərən Dünya iqtisadi böhranı və COVID-19 pandemiyası yaşandı.
Amerikan aborigenlərinin Amerika qitəsinə və hazırkı ABŞ ərazisinə ilk gəlişi və məskunlaşması dəqiq bilinmir. Başlıca nəzəriyyəyə görə, Avrasiyadan gələn insanlar Son buzlaq dövründə Sibirlə hazırkı Alyaska arasındakı quru körpü olan Beringiyadan keçərək cənuba tərəf Amerikaya yayılmışdır. Bu köç 30.000 il əvvəl başlamış[1] və 10.000 il əvvələ qədər, hansı ki, quru körpünün buzların əriməsi ilə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində su altında qaldığı vaxta qədər davam etmiş ola bilər.[2] Paleohindilər adlandırılan bu aborigenlər qısa müddətdə mədəni cəhətdən müxtəlif yüzlərlə yaşayış məntəqəsi və ölkə qurmuşdur.
Kolumbaqədərki sivilizasiya Üst Paleolit dövründəki ilkin məskunlaşmadan başlayaraq erkən müasir dövrdə Avropa müstəmləkəçiliyinə qədər davam edən, Amerika qitəsində Avropa təsirlərinin görünməsindən əvvəlki Amerika tarixinin bütün dövrlərini özündə birləşdirir. Termin texniki olaraq Xristofor Kolumbun 1492-ci ildə səyahətindən əvvəlki dövrə aid edilsə də, praktikada bu termin əsasən Kolumbun ilk gəlişindən onilliklər və ya əsrlər sonra baş vermiş olsa belə, avropalılar tərəfindən fəth edilənə və ya əhəmiyyətli dərəcədə təsirlənənə qədər Amerikanın yerli mədəniyyətlərinin tarixini əhatə edir.[3]
E.ə. 10.000-ci ildə insanlar Şimali Amerikada nisbətən daha yaxşı məskunlaşmışdılar. İlk başlarda paleohindilər mamont kimi Buzlaq dövrünün meqafaunalarını ovladılar, lakin onların nəsli tükənməyə başladıqda insanlar qida mənbəyi kimi bizonlardan istifadə etdilər. Getdikcə meyvələr və toxumlar üçün qida axtarmaq ovçuluğun alternativinə çevrildi. Orta Meksikadakı paleohindilər e.ə. 8.000-ci il civarında qarğıdalı, lobya və balqabaq becərməyə başlayaraq Amerikada təsərrüfatla məşğul olan ilk insanlar oldular. Bunun haqqındakı məlumat nəhayət şimala tərəf yayılmağa başladı. E.ə. 3.000-ci ildə Arizona və Nyu-Meksiko vadilərində insanlar qarğıdalı becərməyə başlamış, ardınca ibtidai suvarma sistemləri və Hohokamın ilk kəndləri yaradılmışdır.[4][5]
Müasir ABŞ ərazisindəki ən qədim mədəniyyətlərdən biri Klovis mədəniyyətidir. Bu mədəniyyət ilk növbədə Klovis ucu adlanan yivli nizə uclarının istifadəsi ilə tanınır. E.ə. 9.100—8.850-ci illərdə Şimali Amerikanın çox hissəsinə yayılmış bu mədəniyyət Cənubi Amerikada da görülmüşdür. Bu mədəniyyətə aid əsərlər ilk dəfə 1932-ci ildə Nyu-Meksiko ştatının Klovis şəhərinin yaxınlarında tapılmışdır. Folsom mədəniyyəti də oxşardır, lakin o, Folsom ucunun istifadəsi ilə tanınır.
Linqivistiklər, antropoloqlar və arxeoloqların müəyyən etdiyi növbəti köç e.ə. 8.000-ci il civarında baş vermişdir Bu köç e.ə. 5.000-ci ildə Şimal-qərbi Sakit okeana çatmış na-dene dillərində danışan xalqları əhatə edir.[6] Buradan Sakit okean sahili boyunca və daxili ərazilərlə köç etmiş, eləcə də kəndlərində sadəcə mövsumi olaraq yayda ovçuluq və balıqçılıq, qışda isə qida toplamaq üçün istifadə edilən çox ailəli böyük məntəqələr inşa etmişdirlər.[7] E.ə. 5.000—e. 600-cü illərində yaşamış digər bir qrup olan Oşara mədəniyyətinin insanları arxaik cənub-qərbinin bir hissəsi idi.
Adena mədəniyyəti e.ə. 600-cü il civarında böyük ölçülü kurqanlar tikməyə başladılar. Onlar bilinən ən qədim kurqan inşaatçılarıdır, lakin ABŞ-də bu mədəniyyətdən də qədim kurqanlar vardır. Votson-Breyk Luizianada yerləşən e.ə. 3.500-cü ilə aid 11 kurqandan ibarət kompleksdir. Poverti-Point mədəniyyətinin inşa etdiyi Poverti-Point e.ə. 1.700-cü ilə aid kurqan kompleksidir. Bu kurqanlar çox güman ki, dini məqsədlə tikilmişdi.
Adenalılar geniş ərazidə alət və mal ticarəti ilə məşğul olan güclü xalq olan Houpvell mədəniyyətinə daxil oldular. Onlar Adenanın kurqan inşa etmək adətini davam etdirdilər. Cənubi Ohayodakı keçmiş ərazilərinin nüvəsində hələ də mövcud olan bir neçə min kurqanın qalıqları mövcuddur. Houpvell "Houpvell mübadilə sistemi" adlanan və ən böyük dərəcədə indiki Cənub-Şərqdən Ontario gölünün Kanada tərəfinə qədər uzanan ticarət sisteminin əsasını qoymuşdur.[8] Bizim eranın 500-cü ilində houpvellilər də daha böyük Missisipi mədəniyyətinə daxil olmuş və yoxa çıxmışdırlar.
Missisipilər geniş qəbilə qrupu idi. Ən mühüm şəhəri indiki Missuri ştatının Sent-Luis şəhərinin yaxınlığında yerləşən Kaxokiya idi. Bu şəhər XII əsrdə kuliminasiya nöqtəsinə çatanda əhalisinin sayı təxminən 20.000 nəfər idi, belə ki, bu say o vaxtkı Londonun əhalisindən daha çox idi. Bütün şəhər 30 metr hündürlükdə olan Monks-Maund kurqanının ətrafında toplanmışdı. Kaxokiya həmin dövrün bir çox şəhər və kəndi kimi ovçuluq, qida toplama, ticarət və təsərrüfatla məşğul idi. Həmçinin mayyalılar kimi cənub xalqlarından təsirlənərək kölələr və insan qurban etmək ilə təbəqələşmə sistemi yaratmışdılar.[4]
Cənub-Qərbdə anasazilər e.ə. 900-cü il civarında daşdan və kərpicdən pueblolar inşa etməyə başlamışdı.[9] Mesa-Verdedə yerləşən Kliff Pelas nümunəsindən göründüyü kimi bu bina tipli tikililər əsasən qaya üz inşa edilmişdir. Bəziləri şəhər böyüklüyündə olmuşdur. Nyu-Meksikodakı Çako çayı boyunca uzanan Pueblo-Bonito vaxtıykən 800 otaqdan ibarət olmuşdur.[4]
Sakit okean şimal-qərbinin aborigenləri çox güman ki, Amerikanın ən zəngin yerliləri idi. Bu ərazidə bir çox müxtəlif mədəni qrup və siyasi qurumlar inkişaf etdi. Onların hamısı müəyyən inancları, adət-ənənələri və təcrübələri, məsələn, qızılbalığın mənbə və mənəvi simvol kimi mərkəzi rol oynamasını paylaşırdılar. Bu ərazidə hələ e.ə.1.000-ci ildə daimi kəndlər inkişaf etməyə başladı və bu icmalar potlaç adlandırılan hədiyyə ziyafəti ilə qeyd olunurdu. Bu məclislər adətən totem dirəyinin ucaldılması və ya yeni rəisin qeyd olunması kimi xüsusi hadisələri qeyd etmək üçün təşkil edilirdi.
Müasir Nyu-Yorkun yuxarı hissələrində yaşayan irokezlər XV əsrin ortalarında Oneyda, Moxok, Onondaqa, Kayuqa və Seneka qəbilələrindən ibarət konfederasiya qurdular. Bu sistem güclü, mərkəzi Avropa monarxiyalarından fərqlənən federasiya növü idi.[10][11][12] Hər qəbilənin 50 sajem başçısından ibarət qrupda yerləri var idi. Onlarının mədəniyyətinin ABŞ hökumətinin inkişafında siyasi fikirə töhfə verdiyi irəli sürülmüşdür. İrokezlər güclü idi, belə ki, bir çox qonşu qəbilə ilə, daha sonra avropalılarla döyüşmüşdülər. Əraziləri genişləndikcə Oseyc, Kanza, Ponka və Omaha xalqları da daxil olmaqla daha kiçik qəbilələr daha da qərbə doğru getməyə məcbur oldu.[12][13]
Havayda ilk insanların məskunlaşmasının dəqiq tarixi mübahisəli mövzudur. Lakin ilk məskunlaşmanın böyük ehtimalla eramızın 940—1130-cu illərində baş tutduğu qəbul edilir.[14] Eramızın 1200-cü ili civarında taytyan kəşfiyyatçıları ərazini kəşf edərək burada məskunlaşdılar və yeni kasta sistemi qurmağa başladılar. Bu, 600 il sonra ingilislərin gəlişinə qədər dünyanın qalan hissəsindən böyük ölçüdə ayrı qalacaq Havay sivilizasiyasının yüksəlişini qeyd etdi.[15][16][17] İngilis kəşfiyyatçı Ceyms Kukun rəhbərliyindəki avropalılar 1778-ci ildə Havay adalarına gəldi. Bu hadisədən sonrakı beş il ərzində Avropa hərbi texnologiyası I Kameameaya ada qrupunun əksəriyyətini fəth etməyə və nəticədə Havay krallığının qurulması ilə ilk dəfə adaları birləşdirməsinə kömək etmişdir.[18]
Puerto-Riko adası porto-ferro insanının qalıqlarına qədər gedib çatan ən azı 4.000 illik tarixə sahibdir. Ortoiroid mədəniyyətindən başlayaraq ardıcıl yerli miqrasiyalar yerli əhalini əvəzləmiş və ya onları öz tərkibinə qatmışdır. 1000-ci ildə Aravak xalqı Kiçik Antil adaları vasitəsilə Cənubi Amerikadan gəlmişdi, bu köçkünlər 1493-cü ildə ispanların qarşılaşdığı tayno olacaqdılar. Avropa ilə təmas qurulanda 30.000—60.000 arasında yerli əhaliyə Kasik adlı tək bir rəis başçılıq edirdi.[19] Kolonizasiya sərt enkomyenda sistemi və Köhnə Dünya xəstəliklərinin səbəb olduğu epidemiyalar səbəbindən yerli xalqın məhv olması ilə nəticələndi. Puerto-Riko 1898-ci ildə ABŞ-yə ilhaqına qədər İspaniyanın bir hissəsi olaraq qaldı.[19]
Avropada Amerika haqqında yazılmış ən qədim yazılı mənbə orta əsrlər tarixçisi Adam Bremenin 1075-ci ildə yazdığı və Vinland adlandırdığı tarixi əsərdə mövcuddur.[qeyd 1][20] Həmçinin 1000-ci illərdə baş vermiş hadisələr haqqında XIII əsrə aid skandinav Vinland dastanlarında da Amerikadan bəhs edilir. Amerikada skandinav müstəmləkəsinə aid ən əsaslı arxeoloji sübut Kanadada, xüsusilə də L’Ans-o-Medouzda yerləşir və təqribən 1000-ci ilə aid edilir. Skandinav tədqiqatçılarının Yeni İngiltərədə və digər şərq sahillərində də quruya çıxıb-çıxmadığına dair əhəmiyyətli elmi mübahisələr vardır.[21] 1925-ci ildə Prezident Kalvin Kulic Leyf Eriksson (təxminən 970—1020-ci illər) adlı skandinav tədqiqatçının Amerikanı kəşf etmiş ilk avropalı olduğunu elan etmişdir.[22]
İspanlar Amerika qitəsini 1492-ci ildə kəşf etdi. Böyük Avropa dövlətlərinin dəstəklədiyi kəşfiyyat dövründən sonra ilk ingilis məntəqəsi 1607-ci ildə quruldu. Avropalılar Amerikaya at, mal-qara və donuz gətirdilər, qarşılığında isə Avropaya qarğıdalı, hind quşu, pomidor, kartof, tütün, lobya və balqabaq apardılar. Bir çox tədqiqatçı və erkən köçənlər Amerikada yeni xəstəliklərə məruz qaldıqdan sonra öldü. Lakin müstəmləkəçilərin daşıdığı yeni Avrasiya xəstəliklərinin, xüsusən də çiçək və qızılca xəstəliyinin təsiri yerli amerikalılar üçün daha pis idi, çünki onlara qarşı immunitetləri yox idi. Onlar epidemiyalardan əziyyət çəkirdilər və adətən geniş miqyaslı Avropa məskunlaşması başlamazdan əvvəl çoxu öldü. Cəmiyyətləri ölümlərin miqyasının böyüklüyünə görə dağıldı və məhv oldu.[23][24]
Xristofor Kolumbun ekspedisiyaları (1492-ci ildə başlayan) indiki ABŞ əraziləri olan Puerto-Riko və ABŞ Vircin adalarının bir hissəsi də daxil olmaqla Karib hövzəsində mülklər qurmasından sonra ispan səyyahları skandinavlardan sonra indiki ABŞ ərazisinə çatmış ilk avropalılar idi. Xuan Ponse de Leon 1513-cü ildə Floridaya gəlib çatdı.[25] İspan ekspedisiyaları qısa müddət ərzində Appalaç dağları, Missisipi çayı, Böyük Kanyon[26] və Böyük Düzənliklərə çatdı.[27]
1539-cu ildə Hernando de Soto Cənub-Şərqi geniş şəkildə kəşf etdi.[27] Bundan bir il sonra Fransisko Koronado qızıl axtarışı üçün Arizonadan Kanzasın mərkəzinə qədər kəşf etdi.[27] Koronadonun qrupundan qaçan atlar Böyük Düzənliklərə yayıldı və düzənlik hindliləri bir neçə nəsil ərzində at sürməyi mənimsədilər.[4] Kiçik ispan məntəqələri sonda San-Antonio, Albukerke, Tuson, Los-Anceles və San-Fransisko kimi böyük şəhərlərə çevrildi.[28]
Niderland Ost-Hind Şirkəti 1609-cu ildə səyyah Henri Hudzonu Asiyaya gedən Şimal-Qərb keçidi axtarmaq üçün göndərdi. Şirkət Şimali Amerikada xəz ticarətindən faydalanmaq üçün 1621-ci ildə Yeni Niderlandı yaratmışdır. Hollandların yanlış idarəetməsi və amerikan yerlilərinin münaqişələri səbəbindən başlanğıcda inkişaf zəif idi. Hollandlar Manhetten adasını amerikan yerlilərindən 24 ABŞ dolları qarşılığında aldıqdan sonra bu ərazini Yeni Amsterdam adlandırdılar. Yeni Amsterdam Yeni Niderlandın paytaxtı oldu. Şəhər sürətlə genişləndi, eləcə də 1600-cü illərin ortalarında mühüm ticarət mərkəzi və limana çevrildi. Hollandların kalvinist olmasına və Amerikada kalvinist kilsəsi qurmağına baxmayaraq, onlar digər dinlərə və mədəniyyətlərə qarşı tolerant idilər. Həmçinin şimaldakı irokezlərlə ticarət aparırdılar.[29]
Koloniya ingilislərin Yeni İngiltərədən genişlənməsinə maneə rolunu oynadı və nəticədə bir sıra müharibələr aparıldı. Müstəmləkə 1664-cü ildə Nyu-York olaraq Britaniya tərəfindən ələ keçirildi və paytaxtı Nyu-York adlandırıldı. Yeni Niderland Amerikanın mədəni və siyasi həyatında dini tolerantlıq, eləcə də şəhər yerlərində ağıllı ticarət və kənd yerlərində kənd ənənəçiliyi ilə bağlı qalıcı bir miras qoydu (Rip van Vinkl hekayəsi ilə xarakterizə olunur). Niderland əsilli ABŞ-nin tanınmış şəxsləri arasında Martin Van Buren, Teodor Ruzvelt, Franklin Delano Ruzvelt və Eleonora Ruzvelt yer alır.[29]
İsveç imperiyasının ilk illərində isveç, holland və alman səhmdarları Şimali Amerikada xəz və tütün ticarəti aparmaq üçün Yeni İsveç Şirkətini qurdular. Şirkətin ilk ekspedisiyasına 1626—1631-ci illərdə Yeni Niderlandın qubernatoru olmuş, lakin Niderland hökuməti ilə mübahisə etdikdən sonra ayrılmış Peter Minyöyt rəhbərlik etdi. Bu ekspedisiya 1638-ci ilin martında Delaver körfəzinə endi. Məskunlar indiki Delaver ştatının Vilminqton şəhərinin yerləşdiyi ərazidə Fort-Kristina qülləsini tikdilər. Həmçinin Delaver çayının hər iki tərəfindəki mülkiyyət üçün yerli qruplarla razılaşmalar qurdular.[30][31]
Növbəti on il ərzində əlavə 12 ekspedisiya İsveç imperiyasından (hazırkı Finlandiya, Estoniya və Latviyanın bəzi hissələri, eləcə də Norveç, Rusiya, Polşa və Almaniyanı da əhatə edən) məskunları Yeni İsveçə gətirdi. Koloniya indiki Merilend, Pensilvaniya və Nyu-Cersiyə qədər çatan bir çox fermadan əlavə 19 daimi yaşayış məntəqəsi qurdu. Bu müstəmləkə İkinci Şimal müharibəsində qonşu Yeni Niderlanddan gələn holland işğalından sonra 1655-ci ildə Yeni Niderlandın tərkibinə qatıldı.[30][31]
Covanni da Verraççano 1524-cü ildə Şimali Karolinaya gələrək Nyu-York limanından Narraqansett körfəzinə üzən ilk avropalı oldu. 1540-cı illərdə fransız hugenotları Florida ştatının indiki Ceksonvill şəhərinin yaxınlığındakı Fort-Karolinada məskunlaşdılar. 1565-ci ildə Pedro Menendesin rəhəbrliyindəki ispan qüvvələri bu məntəqəni dağıdıb ABŞ-yə çevriləcək ilk ispan qəsəbəsini — Sent-Oqastini qurdu.
Fransızların çoxu Kvebek və Akadiyada (müasir Kanada) yaşayırdı, lakin Böyük göllər və Ortaqərb boyunca amerikan yerliləri ilə əhatəli ticarət əlaqələri qururdular. Missisipi və İllinoys çayları boyunca kiçik kəndlərdə yaşayan fransız müstəmləkəçiləri Körfəz sahillərindəki yaşayış məntəqələri üçün taxıl mənbəyi kimi xidmət edən əkinçi icmalarında yaşayırdılar. Fransızlar Nyu-Orlean, Mobil və Biloksi şəhərlərində məskunlaşdılar, eləcə də Luizianada plantasiyalar qurdular.
Frensis Dreykin Yeni Dünyanı tərk edən ispan xəzinə gəmilərinə basqınları ilə cəlb olunan ingilislər 1600-cü illərdə şərq sahili boyunca torpaq zolağında məskunlaşdılar. Şimali Amerikadakı ilk ingilis koloniyasını Volter Reli 1585-ci ildə Roanokda qurdu, lakin bu müstəmləkə uğursuz oldu. Növbəti cəhd 20 il sonra baş verəcəkdi.[4]
İlk ingilis koloniyalarını gəlir güdən şəxsi qruplar qurmuşdu. Bu koloniyalar aclıq, xəstəlik və amerikan yerlilərinin hücumlarına məruz qalmışdı. Köçərilərin çoxu dini azadlıq axtaran ya da siyasi təzyiqdən qaçan insanlar, eləcə də Sənaye inqilabı nəticəsində didərgin düşmüş kəndlilər ya da sadəcə macəra və fürsət axtarışında olanlar idi. 1610-cu illərin sonlarından inqilaba qədərki dövr ərzində ingilislər Amerika koloniyalarına təxminən 50.000—120.000 göndərmişdi.[32]
Bəzi ərazilərdə yerli amerikalı yerlilər kolonistlərə yerli məhsulu necə əkib biçməyi öyrədirdilər. Digərlərində isə kolonistlərə hücum etdilər. Meşələr kifayət qədər tikinti materialı və odun ehtiyatı təmin edirdi. Təbii girişlər və limanlar sahilləri əhatə edərək Avropa ilə əsas ticarət üçün asan limanlar təmin edirdi. Hindi müqaviməti və daxili hissələrdə aşkar edilmiş Appalaç dağları səbəbindən yaşayış məntəqələri sahilə yaxın qaldı.[4]
İlk uğurlu ingilis koloniyası olan Ceymstaunu Virciniya Şirkəti 1607-ci ildə Virciniyadakı Ceyms çayının üzərində qurmuşdu. Kolonistlər qızıl axtarışı ilə məşğul idi. Kapitan Con Smit ilk ildə Ceymstaunu bütöv saxladı və iki il sonra İngiltərəyə qayıdanda koloniya anarxiyaya düşdü, hətta dağılma təhlükəsi ilə qarşılaşdı. Con Rolf 1612-ci ildə Qərbi Hindistandan gələn tütün ticarətinə başladı və 1614-cü ildə ilk göndəriş Londona çatdı. Bu koloniya on il ərzində Virciniyanın əsas gəlir mənbəyi oldu.
1624-cü ildə xəstəlik və hindi hücumlarından, o cümlədən 1622-ci il Ceymstaun qətliamından sonra kral I Ceyms Virciniya Şirkətinin nizamnaməsini ləğv etdi və Virciniyanı kral koloniyasına çevirdi.
Yeni İngiltərədə ilk növbədə dini təqiblərdən qaçan puritanlar məskunlaşmışdı. Pliqremlər 1620-ci ildə Meyflauer gəmisi ilə Virciniyaya tərəf yola çıxdılar, lakin fırtına nəticəsində istiqamətləri dəyişdi və Plimuta gəldilər, burada Meyflauer sazişində mövcud olan sosial qanunları qəbul etdilər. Plimutdakı ilk qışda pliqremlərin təxminən yarısı öldü.[33] Ceymstaun kimi Plimut da xəstəlik və aclıqdan əziyyət çəkirdi, lakin yerli vampanoaq hindiləri kolonistlərə qarğıdalı becərməyi öyrədirdilər.
Plimutun ardınca 1630-cu ildə puritanlar və Massaçusets körfəzi koloniyası gəldi. Onlar İngiltərədən ayrı bir özünüidarə nizamnaməsini qorudular və qurucu Con Vintropu qubernator seçdilər. Rocer Vilyams Vintropun yerli amerikalılara qarşı rəftarına və dini dözümsüzlüyünə qarşı çıxaraq din azadlığı əsasında Providens plantasiyaları, daha sonra Rod-Aylend koloniyasını qurdu. Digər kolonistlər Konnektikut çayı vadisində, həmçinin indiki Nyu-Hempşir və Men sahillərində yaşayış məntəqələri qurdular. 1637-ci ildə Pekot müharibəsi və 1675-ci ildə Kral Filip müharibəsi başda olmaqla amerikan yerlilərinin hücumları davam etdi.
Yeni İngiltərə kənd təsərrüfatı üçün əlverişsiz olan dağlıq ərazilərinə görə ticarət və sənaye mərkəzinə çevrildi. Çaylardan taxıl dəyirmanlarını və mişar dəyirmanlarını gücləndirmək üçün istifadə edildi və çoxsaylı limanlar ticarəti asanlaşdırıldı. Bu sənaye mərkəzlərinin ətrafında bir-biri ilə sıx əlaqəli kəndlər inkişaf etdi və Boston Amerikanın ən mühüm limanlarından biri oldu.
1660-cı illərdə Nyu-York, Nyu-Cersi və Delaver orta müstəmləkələri keçmiş holland ərazisi olan Yeni Niderlandda yaradıldı. Onlar geniş şəkildə etnik və dini müxtəlifliklə xarakterizə olunurdu. Həmçinin Nyu-Yorkdakı irokezlər avropalılarla illərlə xəz ticarəti aparıb güclənərək güclü İrokez Konfederasiyası qurdular.
Bu regiondakı sonuncu koloniya 1681-ci ildə Vilyam Pennin kvakerlər, metodistlər və amişlər də daxil olmaqla dini müxaliflər üçün yuva kimi qurduğu Pensilvaniya idi.[34] Koloniyanın paytaxtı Filadelfiya qısa müddət ərzində dokları və kərpic evləri ilə dominant ticarət mərkəzinə çevrildi. Kvakerlər şəhərdə məskunlaşdılar, alman köçərilər Pensilvaniya təpələri və meşələrinə köç etdilər, şotland-irlandlar isə uzaq qərb sərhədinə tərəf irəlilədilər.
Əksəriyyəti kənd yerləri olan cənub müstəmləkələri Yeni İngiltərə və orta müstəmləkələrlə kəskin şəkildə ziddiyyət təşkil edirdi. Virciniyadan sonra Yeni İngiltərənin cənubundakı ikinci ingilis koloniyası 1632-ci ildə katolik cənnəti kimi qurulan Meriland idi. Bu iki koloniyanın iqtisadiyyatı tamamilə yomen fermerlər və əkinçilərə əsaslanırdı. Əkinçilər Virciniyanın Tidewater regionunda qul əməyi ilə kütləvi plantasiyalar qurdular.
1670-ci ildə Karolina koloniyası quruldu və Çarlston regionun ən böyük ticarət limanına çevrildi. Virciniyanın iqtisadiyyatı tütünə əsaslanırdı, Karolina isə daha diversifik idi, hansı ki, düyü, indiqo və taxta-şalban da ixrac edirdi. 1712-ci ildə iki hissəyə ayrılaraq Cənubi və Şimali Karolina yaradıldı. On üç koloniyanın sonuncusu olan Corciya koloniyasını 1732-ci ildə Ceyms Oqltorp ispan Floridasına sərhəd, eləcə də keçmiş məhkumlar və yoxsullar üçün islahat koloniyası kimi qurmuşdu.[34]
Dindarlıq 1740-cı illərdə Conatan Edvards və Corc Vaytfild kimi moizəçilərin rəhbərlik etdiyi dini oyanış olan Birinci böyük oyanışdan sonra daha çox genişləndi. Oyanışdan təsirlənən amerikan evangelistlər Müqəddəs ruhun ilahi enişlərinə və yeni inananlara tanrıya güclü məhəbbət aşılayan ibadətlərə yeni bir vurğu əlavə etdilər. Oyanışlar bu əlamətləri əhatə edirdi və yeni yaradılmış yevangelizmi erkən respublikaya daşıyaraq 1790-cı illərin sonlarında İkinci böyük oyanış üçün zəmin yaratdı.[35] İlkin mərhələlərdə cənubdakı metodistlər və baptistlər kimi evangelistlər dini azadlıq və köləliyin ləğvi üçün moizələr oxumuş, bir çox qulun dinini dəyişdirmiş və bəzilərini moizəçi kimi tanımışdılar.
On üç koloniyanın hər biri bir qədər fərqli hökumət strukturuna sahib idi. Hər bir koloniya Londondan təyin edilmiş və icra hakimiyyətinə nəzarət edən qubernator tərəfindən idarə olunurdu, həmçinin vergilərə səs vermək və qanunlar hazırlamaq üçün yerli olaraq seçilmiş qanunverici orqana əsaslanırdı. XVIII əsrdə Amerika koloniyaları bol miqdarda torpaq və qida mənbəyi ilə birlikdə aşağı ölüm nisbətləri nəticəsində çox sürətlə inkişaf edirdi. Koloniyalar Britaniyanın əksər hissəsindən daha zəngin idi və davamlı immiqrant axını, xüsusən də müqaviləli qulluqçu kimi gələn yeniyetmələri cəlb edirdi.[36]
Müstəmləkə Amerikasına gələn avropalıların yarısından çoxu müqaviləli kölə kimi gəlmişdir.[37] Amerikaya səyahət xərclərini çox az adam ödəyə bilirdi, buna görə də bu pulsuz əmək forması Amerikaya köçmək üçün yaxşı vasitə idi. İnsanlar adətən 4-7 illik müəyyən xidmət müddətini nəzərdə tutan müqavilə imzalayaraq qarşılığında Amerikaya gəlir və xidmətləri başa çatdıqda torpaq alırdı. Bəzi hallarda gəmi kapitanları kasıb miqrantların çatdırılması üçün mükafat alırdılar, buna görə də həddindən artıq vədlər və adam oğurluğu adi hal almışdı. Virciniya Şirkəti və Massaçusets Körfəzi Şirkəti də müqaviləli kölə əməyindən istifadə etmişdir.[4]
İlk afrikalı kölələr Ceymstaunun qurulmasından 12 il sonra, 1619-cu ildə[38] Virciniyaya gətirildi[39] 1660-cı illərdə tütün və düyü plantasiyalarında işçi qüvvəsinə tələbat artdıqca, əvvəlcə öz azadlığını satın ala biləcək müqaviləli kölələr kimi qəbul edilən köləlik institutu sərtləşməyə başladı və qeyri-iradi köləlik ömürlük oldu.[38] Köləlik o dövrdə "qara irq" kimi görülən qəhvəyi dəri rəngi ilə eyniləşdirildi və kölə qadınların uşaqları kölə kimi doğuldu (partus sequitur ventrem ("doğulan ana bətninin ardıcılıdır")).[38] 1770-ci illərdə afrikalı kölələr amerikan əhalisinin beşdə birini təşkil edirdi.
Koloniyaların fransız və ispan güclərinə qarşı ingilis hərbi dəstəyinə ehtiyacı olduğu müddətcə İngiltərədən müstəqillik məsələsi ortaya çıxmadı. Bu təhlükələr 1765-ci ildə yox oldu. Lakin London merkantilizm kimi tanınan siyasət çərçivəsində Amerika koloniyalarını əsas ölkənin maraqları üçün mövcudluğunu görməyə davam etdi.[36]
Müstəmləkə Amerikası köləlik və müqaviləli köləlik kimi məcburi əmək formalarından istifadə edən ciddi işçi çatışmazlığı ilə tanınırdı. Britaniya müstəmləkələri həm də parlament qanunlarının ciddi şəkildə icrasından qaçmaq siyasəti ilə diqqət çəkirdi. Bu hal avropalı qurucularından fərqli bir amerikan ruhunun formalaşmasına imkan yaratmışdır.[40]
Cənubi Karolina və Virciniyada qul əməyi ilə idarə olunan böyük plantasiyalara əsaslanan yuxarı sinif yarandı. Unikal sinif sistemi Nyu-Yorkda fəaliyyət göstərirdi, burada holland kirayəçi fermerlər çox varlı holland sahibkarlarından torpaq icarəyə götürürdülər. Digər koloniyalar daha bərabərlikçi idi, Pensilvaniya isə bu məsələdə təmsilçi pozisiyasında idi. XVIII əsrin ortalarında Pensilvaniya əsasən kiçik üst təbəqəyə məhdud hörmətlə yanaşan orta təbəqə koloniyası idi. 1756-cı ildə "Pennsylvania Journal"da bir yazıçı yazırdı:
Bu koloniyanın əhalisi əsasən orta səviyyəli insanlardır və hazırda təxminən eyni səviyyədədir. Əksəriyyəti zəhmətkeş fermerlər, sənətkarlar və ya ticarətlə məşğul olan insanlardır. Onlar azadlığı sevirlər və azadlığa heyrandırlar, həmçinin aralarındakı ən alçaq olanı belə hesab edir ki, vətəndaşlıq hüququ vardır.[41] |
Yeddillik müharibənin bir hissəsi olan Fransa-hindi müharibəsi (1754—1763-cü illər) koloniyaların siyasi tərəqqisində dönüş nöqtəsi olmuşdur. Britaniyanın koloniyalar və Kanadadakı əsas rəqibləri olan fransızlar və amerikan yerlilərinin nüfuz dairəsi əhəmiyyətli ölçüdə azalmışdı. Həmçinin On üç koloniyanın əraziləri həm Kanada, həm də Luizianada Yeni Fransaya tərəf genişlənmişdi. Müharibə səyləri həm də Albani Konqresində əksini tapdığı və Bencamin Franklinin koloniyalar üçün hazırladığı “Qoşul ya da öl” çağırışı ilə simvolizə edildiyi kimi koloniyaların daha çox siyasi inteqrasiyası ilə nəticələndi. Franklin bir çox ixtiralar etmişdi. Bunlardan biri də 1765-ci ildən sonra ortaya çıxan və on il sonra reallaşacaq "Amerika Birləşmiş Ştatları" konsepsiyası idi.[42]
Kral III Georq Britaniyanın Şimali Amerikadakı fransız ərazilərini ələ keçirdikdən sonra yeni Şimali Amerika imperiyasını təşkil etmək və amerikan yerlilərini kolonistlərin Appalaç dağlarının arxasındakı qərbi ərazilərə yayılmasından qorumaq üçün 1763-cü il tarixli Kral bildirişini nəşr etdirdi. Növbəti illərdə kolonistlərlə Britaniya arasındakı münasibətlərdə gərginlik artdı. Britaniya Parlamenti 1765-ci il tarixli Möhür aktını qəbul edərək koloniyaların qanunverici orqanlarından keçmədən koloniyalara vergi tətbiq etdi. Əsas sual o idi ki, "Parlamentin nümayəndəliyi olmayan amerikalılardan vergi almaq hüququ varmı?" "Nümayəndəlik yoxdursa, vergi də yoxdur" deyə qışqıran kolonistlər 1760-cı illərin sonu və 1770-ci illərin əvvəllərində gərginlik artdıqca vergiləri ödəməkdən imtina etdilər.[43]
1773-cü ildə Boston çay qonaqlığı Boston şəhərindəki fəalların çaya tətbiq edilən yeni vergiyə etiraz etmək üçün birbaşa aksiyası idi. Parlament növbəti il Massaçusetsi tarixi özünüidarəetmə hüququndan məhrum edərək onu hərbi idarə altına salan və on üç koloniyanın hamısında qəzəb və müqavimətə səbəb olan Dözülməz qanunlarla cavab verdi. Hər bir koloniyadan olan patriot liderlər Dözülməz qanunlara qarşı müqavimətlərini koordinasiya etmək üçün Birinci Kontinental Konqresdə toplaşdılar. Konqres Britaniya ticarətini boykot etməyə çağırdı, hüquq və şikayətlərin siyahısını dərc etdi və bu şikayətləri düzəltmək üçün krala müraciət etdi.[44] Lakin krallığa edilən bu müraciətin heç bir təsiri olmadı və buna görə də Britaniya Ordusuna qarşı koloniyaların müdafiəsini təşkil etmək üçün 1775-ci ildə İkinci Kontinental Konqres çağırıldı.
Adi insanlar təklif olunan ideoloji əsaslarla tanış olmasalar da, ingilislərə qarşı üsyançı oldular. Onlar ingilislərin qəsdən pozduğunu hiss etdikləri "hüquqlar" hissinə, hansı ki, yerli muxtariyyət, ədalətli rəftar və razılıq əsasında hökuməti vurğulayan hüquqlara çox güclü şəkildə sahib idilər. Bostonluları cəzalandırmaq üçün Britaniya ordusunun Bostona gəlişi ilə özünü büruzə verən tiraniya məsələsinə çox həssas yanaşırdılar. Bu, onların pozulmuş hüquq hissini gücləndirərək qəzəb və qisas tələblərinə səbəb oldu və tanrının onların tərəfində olduğuna inandılar.[45]
İkinci Kontinental Konqres 2 iyul 1776-cı ildə müstəqilliyi elan etməyə qərarına gəldi, beləcə Beşlər Komitəsi İstiqlal bəyannaməsini hazırladı. İstiqlal bəyannaməsi bütün insanların bərabər yaradıldığını ifadə edərək, həyat, azadlıq və xoşbəxtliyə can atma hüquqlarını dəstəkləyərək və idarə olunanların razılığını tələb edərək vətəndaşların hüquqlarının lehinə arqumentlər təqdim etdi. Həmçinin Britaniyaya qarşı şikayətləri də sıralayırdı.[46] Qurucu atalar Böyük Britaniya monarxizmini rədd edərək respublikaçılıq ideologiyasını rəhbər tutdular.[47] İstiqlal bəyannaməsini Konqresin nümayəndələri 4 iyulda imzaladı.[46] Bu tarix o vaxtdan bəri Müstəqillik Günü kimi qeyd edilir.[48]
ABŞ İstiqlal müharibəsi amerikan və ingilis qüvvələrinin 19 aprel 1775-ci ildə qarşılaşdığı Leksinqton və Konkord döyüşləri ilə başladı.[49] Corc Vaşinqton Kontinental Ordunun generalı təyin edildi.[50] Nyu-York və Nyu-Cersi kampaniyası 1776-cı ildə başlayan ilk böyük səfər idi. Corc Vaşinqtonun Delaver çayını keçməsi ingilis qüvvələrini Nyu-Cersidən çıxardan bir sıra zəfərin başlanğıcı oldu.[51] İngilislər 1777-ci ildə Albanini tutmaq üçün Saratoqa kampaniyasına başladı.[52] Saratoqa döyüşündə ABŞ qələbə qazandıqdan sonra Fransa, Niderland və İspaniya Kontinental Orduya dəstək verməyə başladı.[53] Britaniya şimal cəbhəsindəki məğlubiyyətə 1778-ci ildə Savannanın tutulması ilə başlayan cənub cəbhəsi ilə cavab verdi.[54] ABŞ qüvvələri 1781-ci ildə cənubu qaytardı və Britaniya Ordusunu 19 oktyabr 1781-ci ildə Yorktaunun mühasirəsində məğlub etdi.[55]
Kral III Georq 5 dekabr 1782-ci ildə ABŞ istiqlaliyyətini tanıyaraq düşmənliyin bitirilməsini əmr etdi.[56] Paris sülh müqaviləsi Böyük Britaniya və ABŞ arasında sülhün şərtlərini təyin etdi. Müqavilə 3 sentyabr 1783-cü ildə imzalandı[57] və 14 yanvar 1784-cü ildə Konfederasiya Konqresi tərəfindən ratifikasiya edildi.[58] Vaşinqton 23 dekabr 1783-cü ildə Kontinental Ordunun ali baş komandanı vəzifəsindən istefa etdi.[59]
Konfederasiya məqalələri mərkəzi hökumətin səlahiyyətlərini ştat hökumətlərinin xeyrinə məhdudlaşdırmaq üçün yazılmış ABŞ-nin idarəedici qanunu kimi ratifikasiya edilmişdir. Bu, iqtisadi tənəzzülə səbəb oldu, çünki hökumət iqtisadi qanunları qəbul edə və borclarını ödəyə bilmədi.[60] Millətçilər narahat idilər ki, birliyin konfederativ təbiəti hər hansı bir düşmən dövlətlə silahlı münaqişəyə, hətta Massaçusetsdə 1786-cı il Şeys üsyanı kimi daxili üsyanlara tab gətirə bilməyəcək qədər kövrəkdir.[61]
1780-ci illərdə milli hökumət ştatlar tərəfindən Konqresə verilən və ərazilərə çevrilən gənc ABŞ-nin qərb bölgələri ilə bağlı məsələni həll edə bildi. Köçkünlərin Şimal-Qərbə köçü ilə tezliklə ştatlara çevrildilər.[61] Hindi müharibələri 1780-ci illərdə köçkünlər qərbə köçü ilə davam etdi, bu da öz növbəsində hindilərin amerikan mülki əhalisinə hücumlarına, amerikalıların da hindilərə hücum etməsinə səbəb oldu.[62] Şimal-Qərb Konfederasiyası və amerikan köçkünlər 1780-ci illərin sonlarında Şimal-Qərb Hindi müharibəsinə başladılar. Şimal-Qərb Konfederasiyası Britaniyadan dəstək aldı, lakin köçkünlər ABŞ hökumətindən çox az yardım aldılar.[63][64]
Əksəriyyəti müharibə veteranı olan millətçilər hər bir ştatda təşkilatlandı və Konqresi 1787-ci ildə Filadelfiya Konvensiyasını toplamağa razı saldı. Hər bir ştatdan gələn nümayəndələr güclü prezident və vergiqoyma səlahiyyətlərinə sahib federal hökumətin qurulmasını nəzərdə tutan yeni Konstitusiya yazdı. Yeni hökumət fərdi azadlığın qorunması və hakimiyyət bölgüsü sistemi vasitəsilə hökumətin gücünün məhdudlaşdırılması kimi hakim respublikaçı idealları rəhbər tuturdu.[61] Konstitusiyanın ratifikasiyası mövzusunda milli debat baş tutdu, eləcə də1788-ci ildə federal hökumət qurmağa başlamaq üçün kifayət qədər ştat Konstitusiyanı ratifikasiya etdi.[65] ABŞ Seçicilər Kollegiyası 1789-cu ildə Corc Vaşinqtonu ABŞ-nin ilk Prezidenti seçdi.[66]
ABŞ İstiqlal müharibəsinin milli qəhramanı, Kontinental Ordunun ali baş komandanı və Konstitusiya Konvensiyasının prezidenti Corc Vaşinqton 1789-cu ildə yeni Konstitusiyaya əsasən Amerika Birləşmiş Ştatlarının 1-ci Prezidenti oldu. Milli paytaxt 1790-cı ildə Nyu-Yorkdan Filadelfiyaya köçürüldü və sonda 1800-cü ildə Vaşinqtonda yerləşdi.
Vaşinqton adminstrasiyasının ən böyük uğuru bütün amerikalıların şübhəsiz tanıdığı güclü milli hökumət yaratmaq idi.[67] Maliyyə naziri Aleksandr Hamiltonun güclü liderliyini rəhbər tutan hökumət ştatların borclarını öz üzərinə götürdü (borc sahibləri federal istiqrazlar aldı), maliyyə sistemini üçün ABŞ Bankını qurdu və borcu ödəmək, həmçinin maliyyə infrastrukturu yaratmaq üçün vahid gömrük tarifi (idxalat vergiləri) və digər vergilər sistemi yaratdı. Hamilton proqramlarını dəstəkləmək üçün yeni siyasi partiya qurdu. Bu partiya dünyada seçicilərə əsaslanan ilk partiya olan Federalist Partiya idi.
Konqres həddindən artıq güclü mərkəzi hökumətdən qorxan antifederalistləri sakitləşdirmək üçün 1791-ci ildə Hüquqular haqqında Billi qəbul etdi. Konstitusiyanın ilk on düzəlişini nəzərdə tutan bu sənəd söz və dini etiqad azadlığı, jüri məhkəmələri kimi fərdi azadlıqlara təminat verir və vətəndaşların, həmçinin ştatların qorunan hüquqlara malik olduğunu bildirirdi.[68]
Tomas Cefferson və Ceyms Medison muxalif Respublikaçı Partiyasını (politoloqlar adətən Demokratik-Respublikaçı Partiyanı kimi adlandırır) qurdu. Hamilton və Vaşinqton 1794-cü ildə ölkəyə İngiltərə ilə yaxşı münasibətləri bərpa edən Cey müqaviləsini təqdim etdilər. Ceffersonçular buna şiddətlə etiraz etdilər və seçicilər bu və ya digər partiyanın arxasında birləşərək Birinci partiya sistemini qurdular. Federalistlər biznes, maliyyə və ticarət maraqlarını dəstəkləyir, eləcə də Britaniya ilə daha çox ticarət aparılmasını istəyirdi. Respublikaçılar isə Federalistləri monarxiya qurmaq, varlıları hakim təbəqəyə çevirmək və ABŞ-ni Britaniyanın piyadasına çevirmək planları qurmaqda ittiham edirdi.[69] Müqavilə qəbul edildi, lakin siyasət şiddətli şəkildə qızışdı.[70]
Yeni federal hökumətə qarşı ciddi problemlər Şimal-Qərb Hindi müharibəsi, davam edən Çikamoqa müharibələri (çerokilərlə amerikalılar arasında) və qərbli mühacirlərin federal içki vergisinə etiraz etdiyi 1794-cü il Viski üsyanı idi. Corc Vaşinqton ştat milislərini çağırdı və köçkünlərə qarşı orduya şəxsən rəhbərlik etdi. Beləliklə üsyançılar yatırıldı, federal hökumətin qüdrəti isə möhkəmləndi.[71]
Vaşinqton iki müddətdən artıq xidmət etməkdən imtina edərək presedent yaratdı və məşhur vida nitqində o, federal hökumətin faydalarını, həmçinin etika və əxlaqın əhəmiyyətini tərifləyərək xarici ittifaqlara və siyasi partiyaların yaradılmasına qarşı xəbərdarlıq etdi.[72]
Federalist Con Adams 1796-cı il seçkilərində Ceffersonu məğlub etdi. Fransa ilə müharibə yaxınlaşırdı. Federalistlər fürsətdən istifadə edərək Respublikaçıları Xaricilər və Qiyam aktları ilə susdurmağa, Hamiltonun rəhbərlik etdiyi böyük ordu qurmağa və Fransa işğalına hazırlaşmağa çalışdılar. Buna baxmayaraq Adams Fransaya 1798-ci il Kvazimüharibəni sona çatdıran uğurlu sülh missiyası göndərdikdən sonra Federalistlər bölündü.[73][74]
İstiqlal müharibəsindən sonrakı ilk iyirmi il ərzində ştatlar arasında köləliyin statusunda dramatik dəyişikliklər oldu, həmçinin azad buraxılan qaradərililərin sayında artım müşahidə olundu. İnsanların bərabərliyi ilə bağlı inqilabi ideallardan ilhamlanan və köləliyə daha az iqtisadi bağlılığından təsirlənən şimal ştatları köləliyi ləğv etdi.
Yuxarı Cənub ştatları köləlikdən azad olmağı sadələşdirmişdi. Bunun nəticəsində Yuxarı Cənubdakı azad qaradərililərin nisbəti (ağdərili olmayan əhalinin faizi kimi) 1792-ci ildə yüzdə 1-dən az olanda 1810-cu ildə yüzdə 10-dan çox olmuşdur. Bu tarixdə ABŞ-dəki bütün qaradərililərin ümumilikdə yüzdə 13,5-i azad idi.[75] Bu tarixdən sonra Dərin Cənubda pambıq əkini genişlədiyinə görə kölələrə olan tələbat artmışdı və beləcə kölələrin azad olunması sayı kəskin şəkildə azaldı. Nəticədə ABŞ daxilində kölə ticarəti bir çox əkinçi və tacir üçün mühüm zənginlik mənbəyinə çevrilmişdi.
1807-ci ildə ABŞ-də 4 milyon kölə var idi, Konqres isə ABŞ-nin Transatlantik kölə ticarəti ilə əlaqəsini kəsmişdi.[76]
Cefferson 1800-cü il prezident seçkilərində Adamsa qalib gəldi. Ceffersonun prezidentliyi dövründə ən böyük uğuru 1803-cü ildə Luiziananın satın alınması idi. Bu ABŞ məskunlarına Missisipi çayının qərbində genişləmə potensialı təmin edirdi.[77] Alim olan Cefferson başda Lyuis və Klark ekspedisiyaları olmaqla yeni bölgəni kəşf etmək, eləcə də xəritələşdirmək məqsədilə aparılan ekspedisiyaları dəstəklədi.[78] Cefferson respublikaçılığa dərindən inanırdı və bunun müstəqil fermer, eləcə də əkinçiyə əsaslanmalı olduğunu müdafiə edirdi. O, şəhərlərə, fabriklərə və banklara güvənmirdi. Həmçinin federal hökumətə və hakimlərə də güvənmirdi və məhkəmə hakimiyyətini zəifləşdirməyə çalışırdı. Lakin Virciniyadan olan federalist Con Marşallda axtardığını tapdı. Konstitusiya Ali Məhkəməni müəyyən etsə də, ABŞ-nin Baş hakimi Marşall (1801–1835) bu məhkəmələrin funksiyalarını, xüsusən də ilk dəfə 1803-cü ildə "Merberi Medisona qarşı" işində elan edilmiş Konqresin və ya ştatların Konstitusiyanı pozan aktlarını ləğv etmək səlahiyyətini təyin edənə qədər bu məhkəmənin funksiyaları qeyri-müəyyən idi.[79]
Amerikalılar Britaniyanın Fransaya zərər vermək üçün ABŞ gəmilərinin neytral hüquqlarını pozmasına, Napoleonla döyüşmək üçün Krallıq Donanmasının ehtiyac duyduğu 10.000 amerikalı dənizçinin ələ keçirilməsinə və Amerikanın qərbə doğru genişlənməsinin qarşısını almaq üçün Britaniyayönlü hindi baryer dövləti yaratmaq məqsədi ilə Orta Qərbi ABŞ-dəki amerikalı köçkünlərə hücum edən düşmən hindilərə ingilis dəstəyinin verilməsinə getdikcə daha çox qəzəblənirdilər. Onlar həmçinin Britaniya Şimali Amerikasının hamısını və ya bir hissəsini ilhaq etmək istəmiş ola bilərlər, lakin bu hələ də çox müzakirə olunur.[80][81][82][83][84] Şimal-şərqin, xüsusən də İngiltərə ilə ticarəti pozmaq istəməyən federalistlərin güclü müqavimətinə baxmayaraq, Konqres 18 iyun 1812-ci ildə müharibə elan etdi.[85]
Müharibə hər iki tərəf üçün də ağır itkilərlə nəticələndi. Hər iki tərəf də digərini işğal etməyə çalışsa da, geri qaytarıldı. ABŞ ali komandanlığı sonuncu ilə qədər səriştəsiz qaldı. Amerikan milisləri səmərəsiz oldu, çünki əsgərlər evlərini tərk etmək istəmirdilər və Kanadanı işğal etmək cəhdləri dəfələrlə uğursuz oldu. İngilis blokadası amerikan ticarətini məhv etdi, xəzinədarlığı müflis etdi və İngiltərəyə qaçaqmalçılıq yolu ilə təchizat aparan Yeni İngiltərəliləri daha da qəzəbləndirdi. General Vilyam Henri Harrisonun tabeliyində olan amerikalılar nəhayət Eri gölü döyüşündə dəniz nəzarətini ələ keçirərək Kanadada Tekumsenin rəhbərliyi altında olan hindiləri məğlub etdiyi müddətdə Endrü Cekson isə Cənub-Şərqdə hindi təhlükəsini bitirdi.[87] Orta Qərbə doğru genişlənən hindi təhlükəsi birdəfəlik sona çatdı. İngilislər Menin çox hissəsini işğal etdilər.
İngilislər Vaşinqtonu yandırdılar, lakin 1814-cü ildə Baltimor döyüşündə dəf edildilər. Burada ABŞ-nin uğurunu qeyd etmək üçün "Star Spangled Banner" yazıldı. Nyu-Yorkun yuxarı əyalətində Böyük Britaniyanın Nyu York ştatın hücumu Plattsburq döyüşündə dəf edildi. Nəhayət 1815-ci ilin əvvəlində Endrü Cekson Yeni Orlean uğrunda döyüşdə Britaniyanın böyük işğalını qətiyyətlə məğlub edərək onu ən məşhur müharibə qəhrəmanına çevirdi.[88]
Napoleonun (görünür ki) getməsi ilə müharibənin səbəbləri ortadan qalxdı və hər iki tərəf müharibədən əvvəlki sərhədləri toxunulmaz qoyan Gent müqaviləsinə razı oldu. Amerikalılar 18 fevral 1815-ci ildə Ceksonun Yeni Orleandakı qələbəsi və müharibədən əvvəlki sərhədləri yerində qoyan sülh müqaviləsi xəbərlərinin demək olar ki, eyni vaxtda gəlməsi ilə zəfər elan etdilər. Amerikalılar "ikinci istiqlal müharibəsi"ndə uğur qazanmaqdan qürur duydular. Müharibə əleyhdarı Federalist Partiyasının müxalifləri utandılar və partiya bir də heç vaxt özünə gələ bilmədi. Bu situasiya milli qüruru ştat qürurundan üstün tutan amerikan kimliyinin yaranmasına səbəb oldu.[89]
Britaniya hindlilərə gələcək amerikan məskunlaşmasını əngəlləmək üçün maneə ştatı vermə müharibə məqsədinə nail ola bilmədi ki, bu da köçkünlərin böyük təhlükədən qorxmadan Orta Qərbə axın etməsinə imkan verdi.[88] 1812-ci il müharibəsi Amerikanın müharibənin ilk aylarında zəif təchiz olunmuş və zəif təlim keçmiş milislərdən fərqli olaraq bir çox sahələrdə ingilislərə qarşı faydalı olduğunu sübut edən daimi ordu haqqında mənfi təsəvvürünü də məhv etdi. Müharibə Nazirliyi rəsmiləri bunun əvəzinə hökumətin əsas hərbi imkanları kimi nizami qoşunları yerləşdirməyi qərara aldılar.[90]
İkinci böyük oyanış XIX əsrin əvvəllərində demək olar ki, bütün cəmiyyətə təsir edən və kilsənin sürətlə böyüməsinə səbəb olan protestant dirçəliş hərəkatı idi. Hərəkat təxminən 1790-cı ildə başladı, 1800-cü ildə sürətlə inkişaf etdi və 1820-ci ildən sonra təbliğçiləri hərəkata rəhbərlik edən baptist və metodist yığıncaqları arasında üzv sayı sürətlə artdı. Hərəkat 1840-cı illərdə zirvəsi nöqtəsinə çatmışdır.[91]
Mövcud yevangelist məzhəblərə milyonlarla yeni üzv daxil edilmiş və yeni məzhəblərin yaranmasına səbəb olmuşdur. Bir çox din dəyişdirən insan oyanışın xiliazm dövrünü müjdələdiyinə inanırdı. İkinci böyük oyanış İsa Məsihin gözlənilən ikinci gəlişindən əvvəl cəmiyyətin pisliklərini aradan qaldırmaq üçün nəzərdə tutulmuş abolisionizm və təvazökarlıq da daxil olmaqla, bir çox islahat hərəkatlarının yaradılmasını stimullaşdırdı.[92]
1812-ci il müharibəsinin güclü əleyhdarları olan Federalistlər 1814-cü ildə Hartford Konvensiyasını hazırladılar və bu konvensiyada birliyin dağılacağına işarə edildi. Yeni Orleandakı qələbədən sonra yaranan milli eyforiya federalistlərin nüfuzunu məhv etdi və onlar artıq siyasi partiya kimi əhəmiyyətli rol oynamadılar.[93] Prezident Madison və əksər Respublikaçılar ABŞ-nin Birinci Bankının bağlanmasına icazə verməkdə axmaqlıq etdiklərini başa düşdülər, çünki onun olmaması müharibənin maliyyələşdirilməsinə böyük mane olurdu. Beləliklə, xarici bankirlərin köməyi ilə 1816-cı ildə ABŞ-nin İkinci Bankını qurdular.[94][95]
Federalistlərin bir partiya olaraq dağılması Respublikaçılar tərəfindən bir çox Federalist prinsiplərin qəbul edilməsi və Prezident Ceyms Monronun iki müddət ərzində (1817-1825) sistematik siyasəti Yaxşı hisslər dövrünə daxil oldu və Birinci Partiya Sistemini bağladı.[94][95]
1823-cü ildə elan edilən Monro doktrinası ABŞ-nin Avropa güclərinin artıq Amerika qitəsində müstəmləkəçilik siyasətləri aparmamaları və müdaxilə etməməli olduğu istiqamətindəki görüşünü bəyan etdi. Bu, ABŞ-nin xarici siyasətində həlledici məqam idi. Monro doktrinası Rusiya və Fransanın Qərb yarımkürəsinə genişlənməsi ilə bağlı Amerika və Britaniyanın qorxularına cavab olaraq qəbul edilmişdir.[96]
1832-ci ildə Amerika Birləşmiş Ştatlarının 7-ci Prezidenti Endrü Cekson "Cekson və bank yoxdur" şüarı ilə ikinci müddətə namizədliyini irəli sürdü və İkinci Bankın nizamnaməsini yeniləməyərək 1836-cı ildə bankı ləğv etdi.[97] Cekson əmin idi ki, mərkəzi bankçılıq elita tərəfindən orta amerikalıların imkanlarından istifadə etmək üçün istifadə edilir və bunun əvəzinə müxtəlif ştatlarda xalq arasında "ev heyvanı bankları" kimi tanınan dövlət banklarını tətbiq etdirdi.[97]
<ref>
teqi; in JSTOR
adlı istinad üçün mətn göstərilməyibŞablon:Ştatlara görə ABŞ tarixi
Şablon:Ölkələrə görə Şimali Amerika tarixi Şablon:Ölkələrin tarixi