Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Gəncə Dövlət Universiteti | |
---|---|
| |
Əsası qoyulub | 1938 |
Rektor | Yusif Yusibov[1] |
Tələbə sayı | 5.237 |
Xarici tələbə sayı | 15 |
Bakalavr sayı | 4.961 |
Magistrant sayı | 276 |
Aspirant sayı | 43 |
Professor sayı | 20 |
Müəllim sayı | 542 |
Şəhər | Gəncə |
Ölkə | |
Ünvan | Gəncə, Heydər Əliyev prospekti, 429 |
Sayt | gdu.edu.az |
1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-ci ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır.
İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir.
O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir.
Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 284 nömrəli Fərmanı[2] ilə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür.[3]
Gəncənin mərkəzi hissəsində institutun 3 tədris binası, tələbə şəhərciyində yerləşdirilmiş yataqxanaları vardır.
Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompüter avadanliğı ilə təhciz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metodlarının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı" tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.
Qafqaz Universitetlər Birliyinin üzvüdür.[4]