II Hacı Gəray (1644, Krım – iyun 1689, Rodos) — XXVII Krım xanı.[1]
II Hacı Gəray | |
---|---|
30 sentyabr 1683 – iyun 1684 | |
Əvvəlki | Murad Gəray |
Sonrakı | I Səlim Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1644 |
Doğum yeri | |
Vəfat tarixi | iyun 1689 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Krım Gəray (kalqay) |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Krım xanı I Səlamət Gərayın nəvəsi, kalqay Krım Gərayın (ö. 1651) oğludur. Atasının döyüş meydanında həlak olmasının ardından qardaşlarıyla birlikdə əmisi III İslam Gərayın himayəsinə alındı. Əmisi oğulları I Səlim Gəray və Murad Gərayın səltənətlərində Osmanlı ordusunun qərb cəbhəsindəki müharibələrdə iştirak etdi. Avstriyalılara qarşı gedən bu müharibələrdə böyük şöhrət qazandı.
1683-cü ilin payızında sədrəzəm Mərzifonlu Mustafa Paşanın İkinci Vyana müharəsinə qatıldı. Murad Gərayın rəhbərlik etdiyi tatar süvari birliklərinin mühasirəyə gec qatılması və xanın sədrəzəmlə olan şəxsi düşmənliyi səbəbilə mühasirə uğursuzluqla nəticələndi. Bu bəhanə göstərilərək Murad Gəray dərhal vəzifədən alındı və Hacı Gəray xan elan olundu.
Onun xan təyin edilməsi başda Şirin qəbiləsi olmaqla, bir çox tatar zadəganlarını narazı salsa da, əmrindəki yeniçəri birlikləriylə Krıma gələn Hacı Gəray hakimiyyəti ələ ala bildi. Əmisi oğlu I Səlim Gərayın oğulları Dövlət Gərayı kalqay, Əzəmət Gərayı isə nurəddin təyin etdi. Bilinməyən səbəbə görə, bir çox tatar zadəganının gəlirlərini ləğv etdi. Bu isə ona qarşı olan müxalif gücləri birləşdirdi. Üstəlik İstanbuldakı ən güclü dəstəkçisi olan sədrəzəm Mərzifonlu Mustafa Paşa vəzifədən alınaraq edam olunmuşdu.
Çox keçmədən 1684-cü ildə Bağçasaraya hücum edən yerli əyanlar xanı ələ keçirərək paytaxtdan qovdular və İstanbula elçi göndərərək I Səlim Gərayın yenidən hakimiyyətə gətirilməsini tələb etdilər. Manqupa qaçan Hacı Gəray bir müddət sonra İstanbula gəldi və burada verilən qərarla Rodosa sürgün olundu. 1689-cu ildə burada vəfat etdi.