I Qaplan Gəray (Krım Tatarcası I Qaplan Geray; 1678, Krım – 1738, Çeşmə, İzmir ili) — Gəraylar sülaləsindən olan Krım xanı (1707–1708, 1713–1715, 1730–1736), Krım xanı I Səlim Gərayın oğlu. Fasilələrlə 9 il Krım xanlığını idarə edib. 1699-cu ildən 1743-cü ilə qədər ən çox hökmranlıq edən O, I Səlim Gərayın altı oğlundan biri idi. İlk hakimiyyəti dövründə kabardalılar tərəfindən məğlub edilib. Balkanlarda hərbi əməliyyatlarda Osmanlı imperiyasına tam dəstək vermədikdə ikinci hökmranlığı başa çatdı. Onun üçüncü hakimiyyəti dövründə Rusiya Krıma hücum edib paytaxtı yandırdı.
I Qaplan Gəray | |
---|---|
Krım Tatarcası I Qaplan Geray | |
| |
1707 – 1708 | |
Əvvəlki | II Dövlət Gəray |
Sonrakı | III Dövlət Gəray |
1713 – 1715 | |
Əvvəlki | II Menqili Gəray |
Sonrakı | II Fatih Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1678 |
Doğum yeri | |
Vəfat tarixi | 1738 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Krım tatarı |
Fəaliyyəti | suveren[d] |
Atası | I Səlim Gəray |
Uşağı | |
Ailəsi | Gəraylar |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Qaplan Gəray 1678-ci ildə Krım xanı I Səlim Gərayın ailəsində anadan olub. Qaplan Gəray I Səlim Gərayın altı oğlundan biri idi. 1695–1699-cu illərdə sultan (hakim sülalənin üzvləri Krımda sultan adlanırdı) Qaplan Gəray Kuban qoşununun sərəskəri idi.[1] O, atasının dördüncü hakimiyyəti illərində (1702–1704) nurəddin vəzifəsini daşıyırdı, sonra Qazi III Gəray dövründə də (1704–1707) eyni vəzifəni yerinə yetirib. Birinci xanlığı dövründə Xan I Qaplan Gəray qardaşları Mengli Gəray və Maqsud Gərayı kalka və nurəddin vəzifələrinə təyin edib. Hər iki vəzifə Krım xanlığında xandan sonra müvafiq olaraq ikinci və üçüncü vəzifələr sayılırdı. Maqsud Gərayın ölümündən sonra I Qaplan Gəray digər kiçik qardaşı Sahib Gərayı nurəddin vəzifəsinə təyin etdi.
İkinci xanlığı dövründə I Qaplan Gəray qardaşları Mengli Gəray və Sahib Gərayı ikinci dəfə kalka və nurəddin təyin etdi. Üçüncü xanlığı illərində isə I Qaplan Gəray qardaşı Mengli Gərayı kalka, Hacı Gərayı nurəddin, sonuncunun ölümündən sonra isə Fətih Gərayı onun yerinə qoydu.
II Dövlət Gərayın ikinci hakimiyyətinin sonunu daha çox Poltava döyüşünün nəticələri müəyyən etdi. Krıma sığınan İsveç kralı XII Karl ilə rəftarına görə o hakimiyyətdən uzaqlaşdırıldı və Qaplan Gərayın taxt-tacı bərpa edildi. Krımın hökmdarı olduqdan sonra o, kalka Şahbaz Gərayı öldürən və Krımdan uzaqlaşan çərkəz şahzadələrini II Dövlət Gərayın rəhbərliyi altında xanlığa tabe olmağa qaytarmağa çalışdı. Onun bu addımı uğursuz alındı. Buna görə də xan Osmanlı hakimiyyəti tərəfindən Krım taxtından endirildi. 1713-cü ildə I Qaplan yenidən hakimiyyətə qaytarıldı. Bu dəfə xan devrilən II Dövlət Gərayın böyük oğlu Bəxti Gərayın rəhbərlik etdiyi Kuban noqaylarının üsyanını yatırmalı oldu.
Sonra Osmanlı hökumətinin tapşırığı ilə I Qaplan Gəray ordu ilə Avstriyaya Sultana kömək etməyə getdi, lakin Krım bəyləri ona hərbi qüvvə verməkdən imtina etdilər. Buna baxmayaraq xan ordu toplayıb onu Macarıstan sərhədinə çatdıra bilsə də, iş-işdən keçmişdi. I Qaplan Gəray ora çatanda Osmanlılar artıq məğlub olmuşdu. Buna görə Osmanlı sarayı onu yenidən taxtdan endirdi. Keçmiş xan Bursa göndərildi.
1730-cu ildə rəsmi İstanbul I Qaplan Gərayı üçüncü dəfə taxt-tacı qaytardı.
1733-cü və ya 1734-cü illərdə Polşa Mirası müharibəsi zamanı Fransa namizədini dəstəkləmək üçün Benderı və Xotına getdi. Mənbələr onun orada nə etdiyi haqqında məlumat vermir.
Üçüncü xanlığı dövründə Sultan III Əhməd ona Səfəvilərə qarşı yürüşə getməyi əmr etdi. Xan sultana bu yürüşün bütün nəticələrini diqqətlə təhlil etməyi tövsiyə etdi. O, sultana bildir ki, Səfəvilər Dövləti Rusiyanın müttəfiqidi və belə bir yürüş ruslarla yeni müharibəyə səbəb ola bilər. Sultan III Əhməd qərarını dəyişmədi. I Qaplan Gəray əmrə tabe oldu. O, Şimali Qafqazdan keçərək Səfəvilər üzərinə getdi. Yürüş Krım xanı üçün ağır şərtlərlə başladı. Şimali Qafqazda o, çeçenlərin torpaqlarında şiddətli müqavimətlə rastlaşdı. Arqun dərəsiində xanın qoşunları ağır məğlubiyyətiə uğradılar. Qeyd edək ki, dərənin daha bir adı Xanqala dərəsidir. Çeçenlərlə krımlıların döyüşündən sonra dərə Xan Qaplanın adını daşıyır.
Bütün bu çətinliklərə baxmayaraq, I Qaplan Gərayın ordusu Dağıstana daxil ola bildi. Burda o, Dərbənd yaxınlığında Səfəvilərin müttəfiqi olan Dağıstan şamxalının dəstələrini məğlub etdi. Osmanlı ordusunun Zaqafqaziyada Səfəvi qoşunlarından bir neçə dəfə məğlubiyyətə uğradığını öyrənən xan 1735-ci ilin oktyabrında qalan qoşunla Krıma qayıtdı.[2]
Rusiya qoşunları I Qaplan Gərayın gözlədiyi kimi, Krıma qarşı hücuma keçdi. 1736-cı ilin yazında P. P. Lassinin korpusu ölkəyə dağıdıcı hücum etdi. Ruslar 1736-cı ilin aprelində Krım ərazisinə girməyə cəhd etdi. Mayın 19-da Perekopla üzbəüz 30000 rus əsgəri dayanmışdı. Mayın 20-də Krımlıların müqaviməti sındırıldı, divar yarıldı və iki gün sonra Or Qapı qalası təslim oldu. Rusiya ilk dəfə idi ki, Krım ərazisinə daxil olurdu.
Rusiya ordusunun hücumu faciəli oldu. Bu hücum Krıma çoxlu itki və dağıntılar yaşatdı. Xüsusən də paytaxt Bağçasarayla birlikdə xanlığın yeganə limanı Kezlev yandırıldı. Baxçasaraydakı Krım xan sarayı talan edilərək dağıdıldı.[3][4]
I Qaplan Gəray ray Sultanın əmri ilə tələsik Krıma qayıtdı, lakin Krım ordusunda hökm sürən rəqabət və parçalanma səbəbindən müdafiəni lazımi qaydada təşkil edə bilmədi. Rusiya qoşunları Krımı yalnız epidemiyaya görə tərk etdilər.
I Qaplan Gəray cəsarətli və enerjili bir hökmdar idi, lakin onun bu xüsusiyyətləri ölkədə qayda- qanun yaratmağa və hərc-mərcliyin qarşısını almağa bəs etmədi.
1736-cı ilin avqustunda və ya sentyabrında Sultan tərəfindən hakimiyyətdən uzaqlaşdırılaraq Kiçik Asiyaya göndərildi. Əvvəlcə Xios adasına, daha sonra Geliboluya, daha sonra yenidən Xios adasına yerləşdi. 1738-ci ilin noyabr-dekabr aylarında Egey dənizinin Anadolu sahilində yerləşən Çeşmə şəhərində vəfat etdi.