Qaraçaylıların deportasiyası (rus. Депортация карачаевцев) — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir. Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930–1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır.
Qaraçaylıların deportasiyası | |
---|---|
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr, SSRİ-də siyasi repressiya və İkinci Dünya müharibəsi | |
| |
Ümumi məlumatlar | |
Yeri | Qaraçay Muxtar Oblastı, Şimali Qafqaz |
Hücumun hədəfi | Qaraçaylılar |
Tarix |
|
Hücum metodu | məcburi köçürmə, deportasiya |
Ölü sayı |
Yolda olarkən 653 nəfər[1] Ümumilikdə Ümumilikdə: 13.100[2]—19.000[3] |
SSRİ-də məcburi köçürülmələr |
---|
Siyasətlər |
Xalqlar |
Əməliyyatlar |
İkinci Dünya müharibəsində müharibə əsiri əməyi |
Kütləvi əmək qüvvəsinin köçürülməsi |
Rəsmi olaraq deportasiya qaraçaylılarının işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə II Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. Sovet hökuməti 20.000 qaraçaylının Qırmızı Orduda xidmət etməsi faktını görməzdən gəldi, halbuki bu say almanlarla əməkdaşlıq etdiyi təxmin edilən 3.000-dən dəfələrlə çox idi. Deportasiya 13.000–19.000 qaraçaylının həyatını itirməsinə səbəb oldu. Bu deportasiya edilən əhalinin 19 faizi deməkdir. Qaraçaylılar Stalinin tamamilə yeni bir ölkəyə köçürmə siyasətinə tuş gələn ilk Şimali Qafqaz xalqı olmuşdur. Bu siyasət sonradan digər 5 qrupa da tətbiq edilmişdir.
1956-cı ildə Nikita Xruşşovun yeni Sovet rəhbəri olmasından sonra destalinizasiya prosesi başladı və qaraçaylılara bəraət verildi. 1957-ci ildə qaraçaylıların xüsusi düşərgələrdən azad edilməsinə başlanıldı və öz doğma evlərinə geri dönməsinə icazə verildi. Ardıyca Qaraçay-Çərkəz Muxtar Oblastı yaradıldı. Artıq 1959-cu ildən Sovet qaraçaylıların təxminən 85 faizi Qaraçay-Çərkəz bölgəsində yaşamaqda idilər. Daha sonra 1989-cu ildə Sovet hökuməti deportasiyanın rəsmi olaraq cinayət olduğunu elan etdi. Müasir alimlər və tarixçilər bəzən çeçenləri, inquşları, kalmıkları və qaraçaylıları Stalinin soyqırım siyasətinə məruz qalmaqla seçilən etnik qruplar sırasına daxil edirlər.[4]
Qaraçaylılar Şimali Qafqazda yaşayan müsəlman türk etnik qrupudurlar. Onların 1200-cü illərdə monqol istilaları, sonra 1300-cü illərdə Teymur tərəfindən fəth edildiyi bir zamanlar daha böyük bir türk qrupunun bir hissəsi olduğu düşünülür, lakin 1400-cü illərdə fərqli bir etnik qrup halına gəldilər.[5] Rusların Qafqazı fəthi zamanı onlar 1828-ci ildə Rusiya imperiyasının hakimiyyəti altına girsələr də, ona qarşı üsyan qaldırdılar.[5] 1917-ci ildəki Rusiya Vətəndaş müharibəsi zamanı qaraçaylılar qısamüddətli də olsa, müstəqil oldular. Sonradan isə sovetləşməyə məruz qaldılar. 1929–1930-cu illər üsyannıda Sovet hərbi qüvvələri təxminən 3.000 qaraçaylını edam etmişdir.[6]
1920-ci illərdə İosif Stalin Sovet İttifaqının yeni baş katibi olaraq ortaya çıxdı. Amerikan akademiki və tarixçisi Ben Kiernan Stalinin hakimiyyət dövrünü "Sovet və hətta rus tarixinin ən qanlı dövrü" adlandırır.[7] 1921-ci ilin noyabr ayında Qaraçay və Çərkəz əhali muxtar qurumda birləşməyə səs verdilər.[8] 1922-ci ildə Qaraçay Muxtar Oblastı yaradıldı. 1939-cu ilin ümumittifaq əhali siyahıyaalmasına görə, SSRİ-də 75763 nəfər qaraçaylı var idi ki, onların da 70301 nəfəri Qaraçay muxtar vilayətində yaşayırdı. Muxtar vilayətin əhalisi 150 min nəfərdən çox olduğundan, qaraçaylar ümumi əhalinin 46,8%-ni təşkil edirdilər.[9]
II Dünya müharibəsi zamanı Nasist Almaniyası 1941-ci ilin iyununda Sovet İttifaqına hücum etdi və onun qərb regionlarının əksəriyyətini özünə birləşdirdi. 1941–1943-cü illər ərzində Qaraçay-Çərkəz əhalisi 52 milyon rubl pul toplayaraq Sovet müdafiəsinə xərclənməsi üçün verdilər. Qaraçay hərbçilər Qırmızı Ordu sıralarında Moskva döyüşündə döyüşmüş və "Edelveys" diviziyasının məğlub edilməsində iştirak etmişdirlər. Buna baxmayaraq, Vermaxt 1942-ci ilin avqustunda Qaraçay oblastını ələ keçirdilər. Gestapo xeyli sayda qaraçaylıya işğəncə etdi və öldürdü.[8] İsmayıl Dudov və M. Botaşevin rəhbərlik etdiyi antisovet qruplar Qırmızı Ordu birləşmələri də daxil olmaqla, yerli əhaliyə qarşı terror aktı törədirdilər. Alman dairələri həmçinin, Qaraçay Milli Komitəsinin yaradılmasına da icazə vermişdilər.[10] 200 nəfər qaraçaylının da daxil olduğu 362 nəfər desantçı alman hərbçiləri tərəfindən sabitliyi pozmaqla vəzifələndirilmişdi.[11] 1943-cü ilin yanvarında Sovet ordusu bölgəni yenidən ələ keçirdi. Həmin ilin aprelindəcə 8.673 nəfər həbs edildi. 65 dəstə məhv edildi və onların silahları ələ keçirildi. Qaraçay Milli Komitəsi isə alman ordusu ilə birlikdə geri çəkildi.[12] 1943-cü ilin 15 aprelində Sovet İttifaqı Baş Prokurorluğu aktiv dəstə üzvlərinin ailə fərdlərinin Qaraçay regionundan kənara deportasiya edilməsi barədə N 52–6927 direktiv verdi. 177 ailə (673 nəfər) bu direktiv əsasında deportasiya edildi.[13]
II Dünya müharibəsi zamanı 8 etnik qrup Sovet hökuməti tərəfindən öz doğma torpağından sürgün edilmişdir: Volqa almanları, çeçenlər, inquşlar, balkarlar, qaraçaylılar, Krım tatarları, Axısqa türkləri və kalmıklar.[14] 1943–1944-cü illərdə Qafqazdan ümumilikdə 650.000 şəxs deportasiya edilmişdir və bütün müharibə zamanı deportasiya edilənlərin sayı isə 3.332.589 nəfər olmuşdur.[15][16] Şimali Qafqazdan bütünlüklə deportasiya edilən ilk etnik qrup qaraçaylılardır.[17]
1943-cü ilin oktyabr ayında Stalin və Sovet gizli polisi olan NKVD-nin rəhbəri Lavrenti Beriya qaraçaylıların tamamilə deportasiya edilməsi qərarına gəldilər. Deportasiyanın adı "Qağayı əməliyyatı" adlandırılmışdı. NKVD komissarının köməkçisi İvan Serov və Amayak Kobulov planı həyata keçirmək üçün məsul şəxs təyin edildilər.[18] Kommunist partiyası və Komsomol üzvləri də daxil olmaqla, bütün qaraçaylılar deportasiya edildilər. Rəsmi olaraq onlar müharibə zamanı Hitler koalisiyasının kollaborsionisti olmaqda ittiham edilirdilər. Sovet hökuməti 20.000 qaraçaylının Qırmızı Orduda xidmət etməsi faktını görməzdən gəldi, halbuki bu say almanlarla əməkdaşlıq etdiyi təxmin edilən 3.000-dən dəfələrlə çox idi.[18] 35 qaraçaylıya Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.[18] 1943-cü ilin 14 oktyabrında Sovet hökuməti 1118–342 saylı sərəncamını verdi və rəsmi olaraq deportasiyaya başlanıldı.[19] 20.000 nəfərlik NKVD zabiti və 7.000 nəfərlik əməliyyat işçisi deportasiyanı həyata keçirmək üçün regiona göndərilmişdi. Ciddi müqavimət hadisəsi bildirilməmişdir. Qaraçaylılara səyahət zamanı hər nəfər üçün 100 kiloqram yük götürməyə icazə verilmişdi, lakin bu miqdar bir ailə üçün 500 kiloqramdan çox olmamalı idi. Deportasiyadan əvvəl NKVD üzvləri yerlilərin evlərində axtarış keçirdilər və odlu silahları, tüfənglərı, revorverləri müsadirə etdilər.[18] Qaraçaylılar yük vaqonlarına doldurulduqdan sonra Mərkəzi Asiyaya yola salındılar və əsasən, qazax, qırğız dövlətlərinin ərazilərində yerləşdirildilər.[1][18] 2 noyabr 1943-cü ildən etibarən, 69.267 qaraçaylı deportasiya edildi.[20]
Cavan şəxslərin əksəriyyətinin Qırmızı Orduda xidmət etməsinə görə deportasiya edilən insanların əksəriyyəti 16 yaşdan aşağı uşaqlar (50 faiz) və qadınlar (50 faiz) idi. Tranzit zamanı qatarlar nadir hallarda dayanırdı və dayanma zamanı deportasiya edilənlərə qatarlardan 3 metrdən çox uzaqlaşmağa icazə verilmirdi.[1] Bir çox azyaşlı uşaqlar və qocalar tibbi ləvazimatların azlığına və ərzaq qitlığına görə həyatını itirdi.[13] Yerli NKVD hesabatına görə, 40.046 qaraçaylı Qazax SSR-də, 22.112 qaraçaylı Qırğız SSR-də, 353 qaraçaylı isə Özbək SSR-də qeydiyyata alınmışdır. 1945-ci ildə deportasiya edilənlərin ümumi sayı 62.529 nəfər idi.[13] 2 il əvvəl, yəni deportasiya başlanan zaman isə onların sayı 69.267 nəfər olmuşdu.[20] Onlardan yalnız 53 nəfəri rəsmən quldur kimi qeydiyyata alınmışdı.[21] 1944-cü ildə Qırmızı Ordudan tərxis edilən zabitlər də Qazax SSR-ə sürgün edildilər. 1944-cü ilin may ayında Rostov regionunda, Azərbaycan SSR-da, Dağıstanda və digər yerlərdə 90 qaraçaylı ələ keçirildi və deportasiya edildi.[22]
Qaraçay Muxtar Oblastı ləğv edildi. Onun əraziləri Krasnodar və Stavropol diyarları, habelə Gürcüstan Sovet Sosialist Respublikası arasında paylaşdırıldı.[18] Bu əməliyyatdan sonra Sovet mətbuatında deportasiya edilmiş etnosların Şərq cəbhəsindəki nailiyyətlərindən bəhs etmək qadağan edildi.[23]
Alim Svante Kornell bildirir ki, Qafqaz deportasiyaları 1864-cü ildən fəaliyyətə başlayan böyük Rusiya planının bir hissəsidir.[24] Bu plan isə müsəlman azlıqları mümkün olduğu qədər Qafqazdan təmizləməyi hədəfləyir. Aleksandr Benniqsen və Marie Broksup da demək olar ki, onunla razılaşırlar və iddia edirlər ki, deportasiyalar və yenidən məskunlaşdırmalar Şimali Qafqazın üsyankar xalqlarının "müsəlman problemi"nin həlli üçün həyata keçirilmişdir.[25] Sovet hakim dairələri 108 milliyyətdən ibarət bir dövlət qurmağa çalışırdılar.[26] Başlanğıcda onlar öz multietnik quruluşlarından Sovet İttifaqı sərhədı boyunca yaşayan digər etnoslara təsir vasitəsi kimi istifadə etməyə çalışdılar. Rus araşdırmaları üzrə professor olan Terri Martin o qənaətə gəlmişdir ki, bu tamam əks reaksiya ilə nəticələnmiş və sovetlərin "kapitalist təsiri" qorxusu nəhayətdə onları sərhəd boyunca etnik təmizləmələr aparmağa sövq etmişdir.[27] Martin Qafqazdan deportasiya olunma üçün 4 mümkün səbbələri belə açıqlayır: təhlükəsizlik, sosial qeyri-sabitlik, ruslaşdırma və intiqam. Şimali Qafqazdakı 5 etnik qrup Türkiyə sərhədindən kifayət qədər uzaqda olduğu üçün o, təhlükəsizlik arqumentini rədd edir, ancaq bu qrupların uzun müddətdir davam edən antisovet fəaliyyətinin səbəb olduğu sosial qeyri-sabitliyin, ruslaşdırmanın və bəzilərinin Hitler koalisiyasının kollaborasionisti olduqları üçün cəzalandırılmalarının gərəkliliyinin deportasiyaların başladılmasına təsir edən faktorlar olduğunu qəbul edir.[28]
Amerikan antropoloq Cefri Koul qaraçaylıların Stalinist sistemin II Dünya Müharibəsindəki səhvlərini və uğursuzluqlarını gizlətməsi üçün "günah keçisi olaraq istifadə edilən bir neçə" zəif azlıqdan yalnız biri olduğunu iddia edir.[29]
Qafqazdan köçürülən digər xalqlar kimi qaraçaylılar da xüsusi düşərgələrdə yerləşdirilmişdilər və əmək düşərgələrində işlədilirdilər.[30][31] Onlar Mərkəzi Asiyadakı 550 düşərgəyə paylanılmışdılar.[5] Bu düşərgələrdə yaşayan insanlar Sovet İttifaqının insan tərəfindən məskunlaşdırılmamış, inkişaf etməmiş və yaşam üçün uyğun olmayan bölgələrini işçi gücü ilə təmin edirdi.[32] Qaraçaylılar kənd təsərrüfatı, heyvandarlıq və tikinti sektorunda çalışmağa məcbur edilirdi.[13] Xüsusi düşərgələrdə yaşayanlar bir qayda olaraq həftədə yeddi gün, hər gündə isə 12 saat işləyirdilər. Onlar tükənmişlikdən, ifrat yorğunluqdan, soyu1qdan, aclıqdan və iş saatına bağlı ərzaq təminatından əziyyət çəkirdilər.[33] Onlara əməklərinə görə əməkhaqqı ödənilmirdi.[31]
II Dünya müharibəsi evakuasiyalarına görə Mərkəzi Asiya Rusiya Avropasından gələn evsiz qaçqınlar hesabına artıq yetəri qədər dolmuşdu.[31] Deportasiya edilənləri evlərlə təmin etmək buna görə çətin idi. Bir bölgədə deportasiya edilmiş 1.445 ailədən yalnız 175-i 1944-cü ilin sonuna qədər evlə təmin edilmişdi. Digərləri fermerlərin evlərində, tövlələrdə, daxmalarda, hərbi hissə ərazilərində və ya çadırlarda yaşayırdılar. Mərkəzi Asiyanın soyuq havası və sanitariya vəziyyətinin pis halda olması müxtəlif xəstəliklərin meydana çıxmasına səbəb olurdu.[23] Bu xəstəliklərə dizenteriya və malyariya da daxil idi.[31] Onların yemək payları bəzən kolxozlar tərəfindən çatdırılmırdı.[34] Əvvəlcə onlarla əlaqə qurmaqdan çəkinsələr də, qırğızıstanlılar sonda qaraçaylılara qarşı qonaqpərvərlik və rəğbət bəslədilər. Bəzilərinin yeməklərini deportasiya olunanlarla bölüşdükləri bildirilmişdir.[35]
1944-cü ilin avqustunda Sovet hökuməti qaraçaylı deportasiya edilən şəxslərə 600 ton taxıldan, 150 ton undan və 4.859.900 rubldan ibarət yardım etdilər.[36]
Yenidən məskunlaşma və sürgündəki yaşayış şərtlərindən qaynaqlanan ölüm miqdarının 13.100–19.000 arasında olduğu bildirilir.[2][3] Bu ümumi deportasiya edilənlərin 19 faizidir.[2] 653 nəfər elə köçürülmə prosesi zamanı həyatını itirmişdir. Bu ölümlərin səbəbi qatarların uzun müddət bağlı qalmasından qaynaqlanan istiliyin yüksəlməsi və susuzluq idi.[1] Xüsusi düşərgələrdə yaşayan qaraçaylıların rekord sayda azalması 1948-ci ilin 26 noyabrında qeydə alınmışdır. Bu zaman onların sayı 56.869 nəfər olmuşdur.[37]
Ali Sovetin Rəyasət Heyəti 1948-ci ilin 26 noyabrında "Böyük Vətən müharibəsi dövründə Sovet İttifaqının uzaq bölgələrinə sürgün edilmiş şəxslərin məcburi və daimi məskunlaşma yerlərindən qaçmalarına görə cinayət məsuliyyəti haqqında" sərəncam imzaladı.[38] Sərəncamla rəsmi olaraq bildirilirdi ki, sürgün edilən etnik qruplar əbədi olaraq sürgündə qalacaqlar.[39]
Stalinin 1953-cü ildə ölümündən sonra Nikita Xruşşov Stalin dövrünün siyasətini tənqid etməyə və onun əksini həyata keçirməyə başladı.[40] 24 fevral 1956-cı ildə özünün gizli nitqində Xruşşov etnik deportasiyaları qınadı:
Bu deportasiya əməliyyatı heç bir hərbi narahatlığa əsaslanmırdı. Beləcə, artıq 1943-cü ilin sonunda – cəbhələrdə qalıcı üstünlük meydana çıxdıqda qaraçaylıların yaşadıqları torpaqlardan deportasiyasını nəzərdə tutan qərar verildi və yerinə yetirildi. Eyni dövrdə - 1943-cü ilin sonunda eyni tale Kalmık Muxtar Respublikasının da başına gəldi. Martda Çeçen və İnquş xalqlarının hamısı deportasiya edildi və Çeçen-İnquş Muxtar Respublikası ləğv edildi. 1944-cü ilin aprelində bütün balkarlar Kalbino-Balkar Muxtar Respublikasından uzaq bölgələrə sürgün edildilər və respublikanın özü Kabardin Muxtar Respublikası adlandırıldı.[41] |
1953-cü ilin avqustunda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Ali Sovet Prezidiumunun 1948-ci ildə verdiyi qərarı ləğv etdi. 1948-ci il qərarına görə deportasiya edilən xalqlar sürgündə əbədi olaraq qalmalı idilər.[39] 1956-cı ilin 16 iyulunda Ali Sovet Prezidiumu qaraçaylıları, çeçenləri və inquşları xüsusi düşərgələrdən azad etdi.[42] 1957-ci ildə qaraçaylılara doğma evlərinə geri dönmək iczasi verdildi: 1959-cu ildə təxminən Sovet qaraçaylıalrının 85 faizi Qaraçay-Çərkəz bölgəsində yaşayırdılar.[43] Onların geri dönməsi bəzən problemlərə səbəb olurdu. Geri dönən qaraçaylılar öz evlərində rusların yerləşdiyinə şahidlik edirdilər və onları güc tətbiq etməklə evlərindən çıxarırdılar.[29]
14 noyabr 1989-cu ildə Sovet İttifaqı Ali Soveti Stalinin bütün deportasiyalarını "qeyri-qanuni və cinayət" adlandırdı.[44] 26 aprel 1991-ci ildə Rusiya Sovet Federativ Respublikasının Ali Soveti Boris Yeltsinin baş katibliyi altında Stalinin "şər və soyqırım siyasətindən", kütləvi deportasiyalarından ziyan görmüş bütün xalqlara bəraət verilməsi barədə qanun qəbul etdi.[45] Rus tarixçi Pavel Polian Stalinin hakimiyyəti dövründə baş vermiş bütün etnik qrupların deportasiyalarını (Qafqazdakı deportasiyalar da daxil olmaqla) insanlığa qarşı edilmiş cinayət hesab edir.[46]
1995-ci ilə qədər 23.024 qaraçaylıya bəraət almalarını təstiqləyən sənədlər təqdim edildi.[18]
Professor Brian Glyn Vilyams Axısqa türklərinin torpaqlarının II Dünya müharibəsi zamanı real döyüş bölgələrinə yaxın olmamasına baxmayaraq, Qafqaz və Krımdakı etnik qruplarla birlikdə sürgün edilməsindən o nəticəyə gəlmişdir ki, bütün bu deportasiyaların səbəbi "ümumi, kütləvi xəyanət" yox, gizli Sovet xarici siyasətinin bir parçası olan gərəklilik idi və bunun ən güclü sübutu Axısqa türklərinin deportasiyasıdır.[47] 1991-ci il hesabatında Human Rights Watch, sovetlərin bütün kütləvi deportasiyalarını qrupları etnik mənsubiyyətinə görə hədəf aldığı üçün kollektiv cəza forması kimi xarakterizə etdi.[48] Bu etnik qrupların heç birinə deportasiyaların verdiyi zərər üçün hər hansısa bir təzminatın verilmədiyi də qeyd edilmişdir.[49]
Çağdaş alimlər və tarixçilər bəzən qaraçaylıları Sovet soyqırımının qurbanı olan, sürgün edilmiş etnik qruplardan biri kimi qiymətləndirirlər.[4][25][50][51] Bəziləri isə bununla razı deyillər. Professor Aleksandr Statiyev iddia edir ki, Stalin hakimiyyətinin müxtəlif deportasiya edilmiş millətlərin kökünü kəsmək kimi xüsusi bir niyyəti (dolus specialis) olmamışdır, lakin "Sovet dövlətinin siyasi mədəniyyəti, kasad planlaması, qovhaqov və müharibə dövrünün məhdudiyyətləri onlar arasında soyqırım rəqəmlərinə bənzər ölüm sayının ortaya çıxmasına səbəb olmuşdur". O, bu deportasiyaları daha çox Sovet assimiliyasiyası və "damğalanmış xalqların" yenidəntəhsili sistemi hesab edir.[52]