Aşıq Xındı Məmməd
Qəniyev Məmməd Gülabı oğlu (Aşıq Xındı Məmməd) (1896, Böyük Muğanlı, Borçalı qəzası – 28 avqust 1968, Böyük Muğanlı, Marneuli rayonu) — gürcüstanlı aşıq.
== Həyatı ==
Aşıq Xındı Məmməd 1896-cı ildə Borçalıda — Marneuli rayonunun Qaş Muğanlı (Böyük-Muğanlı) kəndində anadan olmuşdur. Məmməd Gülabı oğlu çətin uşaqlıq dövrü keçirmişdir. Lap körpəlikdən çox məlahətli bir səsə malik olduğunu duyan dayısı Söyün Qoca oğlu onu 1914-cü ildə məşhur el şairi, gözəl söz xiridarı şair Ağacanın yanına gətirib ona şagird vermişdir.
Gənc Məmməd bir müddət Ağacanın yanında qalır, şeir-sənət dünyasının sirlərinə dərindən bələd olur, aşıq yaradıcılığını mənimsəyir.
Tale sonra Məmməd Gülabı oğlunu o zamanlar Borçalı da məşhur aşıq kimi tanınan Bəyazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıq sənətinə dərindən yiyələnib, Borçalının ustad aşığı kimi formalaşır və sonralar "Xındı Məmməd" təxəllüsü ilə gözəl aşıq şeirləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.
Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz bir aşıq olmuşdur.
Ustadlardan dərs ala-ala Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş, divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq şeir üslubunda xeyli əsər yazmışdır. O bir çox ustad aşıqların şerlərinə qabaq-qaytarmalar yazmış, neçə-neçə ustadlarla deyişmişdir.