Üzeyir ömrü (film, 1981)
Üzeyir ömrü və ya Uzun ömrün akkordları — Xalq yazıçısı, müəllif və rejissor Anarın quruluşunda eyniadlı film.
Film bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Sənətkar, mübariz ziyalı, gözəl insan. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəyovda görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun"u, "Arşın Mal Alan"ı və "Koroğlu"sunun səhnə taleyi də öz əksini tapmışdır.
Filmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur.
Filmdə Üzeyir Hacıbəyovun əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənir.
Filmdə "Küləklər şəhəri", "Arşın mal alan", "O olmasın, bu olsun", "Doğma xalqıma", "Bəstəkar Müslüm Maqomayev" filmlərindəki kadrlardan istifadə olunmuşdur.
Film SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişilə çəkilmişdir.
Film iki seriyalıdır.