Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Bakı Musiqi Akademiyası BMA | |
---|---|
40°22′38″ şm. e. 49°50′40″ ş. u. | |
Əsası qoyulub | 1920 |
Tip | Dövlət |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Ş.Bədəlbəyli küçəsi, 98 |
Sayt | musicacademy.edu.az |
Vikianbarda əlaqəli mediafayllar |
1922-ci ildə yaradılıb.
BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır.
BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur. Bu tarixdə Musiqi texnikumunun bazasında YRMO-nun Bakı şöbəsinin Xalq Konservatoriyası yaradılır və az keçmədən, yəni oktyabr ayında Azərbaycan Dövlət Konservatoriyası adlandırılır.
Azərbaycanda peşəkar musiqi təhsilini qurmaq və kvalifikasiyalı peşəkar musiqi mütəxəssislərinin hazırlanması məqsədilə, Azərbaycan SSR-nin Narkomprosunun Kollegiyası tərəfindən konservatoriyanın nəzdində qısa müddətli "Şərq musiqisi" pedaqoji kursları yaradılır və o dövrün tanınmış xalq sənətkarlarından – Seyid Şuşinski, Ələsgər Abdullayev, Hüseynqulu Sarabski, pianoçu Xədicə Qaibova, tarzənlərdən – Qurban Pirimov, Şirin Axundov, Həsən Əliyev və başqaları oxumaq üçün bu kurslara göndərilir. Narkomprosun qərarında müsəlman qadınlar üçün "Şərq musiqisi"pedaqoji kurslarının da açılması nəzərdə tutulmuşdur.
Azərbaycan SSR-nin Mədəniyyət İdarəsinin rəhbəri tanınmış bəstəkar M. Maqomayev "Şərq musiqisi" fakültəsini Konservatoriyadan ayırıb ona müstəqil status vermək məqsədilə 1922-ci ilin aprelin 22-də "Şərq Konservatoriyası"yaradılması haqqında əmr və göstəriş verir. Adı çəkilən Konservatoriyaya rəhbərlik Ü. Hacıbəyova tapşırılır, lakin Narkomprosun Kollegiyasının qərarı ilə 1922-ci il 29 avqustda Azərbaycan Dövlət Türk Musiqi Texnikumu yaradılır və onu Musiqi texnikumu və ya Şərq Konservatoriyası adlandırırlar.
ADTMT-nun rəhbəri olan Ü. Hacıbəyov dövrün tanınmış sənətkarlarını və Rusiyada tanınmış musiqi kadrlarını Bakıya dəvət etməklə Azərbaycanda peşəkar musiqiçilərin yetişdirilməsi üçün əlverişli şərait yaradır və milli musiqi təhsili sistemini mükəmməl şəkildə qurmağa nail olur.
Ü. Hacıbəyov Azərbaycanda qabaqcıl Qərb və rus musiqi nailiyyətlərinin milli musiqi təhsili sisteminə inteqrasiyasını təmin etməklə az bir zamanda milli musiqimizi təmsil edən görkəmli bəstəkarların, peşəkar ifaçıların, xanəndələrin yetişməsinə nail oldu.
Azərbaycanda milli vokal sənətinin elmi-praktiki inkişafı vokal məktəbinin banisi Büibülün adıyla bağlıdır.
Azərbaycan Vokal məktəbinin inkişafı milli vokal folklorunun toplanması və öyrənilməsi işi ilə sıx əlaqədardır. Bu məqsədlə 1932-ci ildə Elmi-tədqiqat Musiqi Kabineti təsdiq edilir.
Böyük Bülbülün təşəbbüsü ilə yaradıcılıq ekspedisiyaları təsdiq olunmuş və kabinetdə zəngin folklor materialları toplanmışdır. Zakir Bağırov, Fikrət Əmirov, Səid Rüstəmov və digər bəstəkarlar ekspedisiyalara cəlb olunaraq xalq mahnılarını toplamış və nota salmışlar.
1939-cu ildə Ü. Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olundu. Onun rəhbərliyi ilə xalq çalğı alətləri üçün proqramlar müzakirə olunmuş və qəbul edilmişdir. Xalq musiqimizin inkişafında əvəzsiz xidmətləri olan tarzənlər Əhməd Bakıxanov, Əhsən Dadaşov, Baba Salahov, Bəhram Mansurov, Ağası Məşədibəyov, Səid Rüstəmov məktəbin layiqli nümayəndələridir.
Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyası (1995-ci ilə qədər Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası) 1921-ci ildə yaradılmışdır. Respublikamızın qocaman ali təhsil ocaqlarından olan konservatoriyanın təşkilində dahi bəstəkar Ü. Hacıbəyovun böyük xidmətləri olmuşdur. 20-ci illərdə konservatoriyanın 6 şöbəsi var idi: fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq və şərq şöbəsi 1930–1970-ci illərdə
Konservatoriyada əsas baza kafedraları tam şəkildə formalaşmışdı: ixtisas fortepiano, azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər, nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq çalğı alətləri, kamera ansamblı. Azərbaycan musiqi mədəniyyətinin inkişafında BMA-nın müstəsna rolu vardır. Müxtəlif illərdə akademiyada tanınmış musiqiçilər, bəstəkarlar, pedaqoqlar – Ü. Hacıbəyov, Bülbül, Ş. Məmmədova, B. Karaqiçeva, Q. Şaroyev, L. Rudolf, L. Rastrapoviç, Q. Qarayev, S. Hacıbəyov, C. Cahangirov, S. Rüstəmov, P. Brener, R. Atakişiyev, E. Səfərova və b. işləmişdir.
Hal-hazırda akademiyanın müəllimləri arasında C. Hacıyev, A. Məlikov, T. Quliyev, X. Qasımova, S. Ələsgərov, X. Mirzəzadə, F. Bədəlbəyli, V. Adıgözəlov, A. Rzayev, A. Babayev, R. Quliyev və başqa görkəmli musiqiçilər fəaliyyət göstərir. Hal-hazırda BMA-da 19 kafedranı birləşdirən 4 fakültə mövcuddur: fortepiano, ifaçılıq, tarix və nəzəriyyə, İAF. Təhsil Azərbaycan və rus dillərindədir.
BMA-nın nəzdində opera studiyası, onbirillik məktəb-studiya, kitabxana, səsyazma kabineti, tələbə elmi cəmiyyəti, iki elmi laboratoriya ("Qədim musiqi alətlərinin bərpası və təkmilləşməsi" və "Şifahi ənənəli Azərbaycan musiqisinin tədqiqi problemləri"), aspirantura şöbəsi, ixtisasartırma fakültəsi vardır. 1991-ci ildən BMA-nın Şuşa filialı fəaliyyət göstərir. Akademiyada hal-hazırda 315 müəllim, o cümlədən 7 elmlər doktoru, 49 professor, 52 dosent, 58 elmlər namizədi işləyir. BMA-da Mülki Müdafiə kursu fəaliyyət göstərir. BMA zəmanəmizin bir çox ali musiqi təhsili ocaqları ilə səmərəli əlaqələr yaratmışdır. BMA-nın məzunları təyinatla Mədəniyyət və Təhsil Nazirliyi sisteminə göndərilir.
26 may 2021-ci il Azərbaycan Respublikası Prezidenti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanmışdır.[1]