Söyüdyarpaq ağlarot
Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir.
== Botaniki təsviri ==
Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır.