İsmət Abasov
İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini.
İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.
22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi.
İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.