ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir.
Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb.
== Haqqında ==
Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.
Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir.
Akademiya Rusiyanın admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F. F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin "Turksen Eğitim Ltd" beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub.
Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir.
2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.