Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır.
== Yayılması ==
Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır.
== Yaşayış yeri və həyat tərzi ==
Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.