Axırıncı aşırım (film, 1971)
Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən Məmmədov, Adil İsgəndərov, Məlik Dadaşov,Hamlet Xanızadə, Həsənağa Turabov, Şəmsi Bədəlbəyli, Tamilla Rüstəmova, Şahmar Ələkbərov, Əbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilmişdir.
== Məzmun ==
Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.
Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığıncaqda kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutarlılığı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya gerçəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara göndərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonun xatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.