Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Московский государственный университет приборостроения и информатики») — Rusiyada universitet; cihazqayırma, informasiya-ölçü və idarəetmə sistemləri, telekommunikasiya texnologiyaları, robot texnikası və digər maarifləndirici proqramlar üzrə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biridir.
Hazırda tədris və elmi-tədqiqat proseslərinin, o cümlədən elmi bazanın sürətlə inkişaf etdiyi bu ali təhsil ocağında mühəndislər, proqramçılar, professorlar, Rusiya əməkdar elm xadimləri, dövlət mükafatları laureatları, Rusiya və beynəlxalq akademiyaların üzvləri çalışır və 16 min artıq tələbə təhsil alır. Tədris əyani, əyani-qiyabi (axşam), qiyabi və distant təhsil formaları üzrə aparılır.
Ali məktəbdə həmçinin universitetə qədər hazırlıq bölməsi, yuxarı sinif şagirdləri üçün pulsuz fizika-riyaziyyat məktəbi, orta peşə təhsili fakültəsi, ali məktəbdən sonrakı və əlavə təhsil, eyni zamanda ixtisasın artırılması və kadrların yenidən hazırlanması proqramları təşkil olunub.
Universitet tərkibində doqquz fakültə, Moskva şəhərində, Tver, Yaroslavl vilayətlərində və Stavropol kənarında 41 kafedra və 10 filial yaradılıb.
Ali məktəbin informatika fakültəsində ali riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, fərdi kompüterlər və şəbəkələr, informasiyanın qorunması, idarə etmə və sistemlərin modelləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları, informasiya-idarəetmə sistemləri kafedraları yaradılıb.
Cihazqayırma fakültəsi cihazlar və informasiya ölçü sistemləri, metrologiya, sertifikatlaşdırma və diaqnostika, biotibb cihazları və kompüter texnologiyaları, elektrotexnika və elektronika, cihazqayırma, mikro və optoelektronikada innovasiya texnologiyaları, personal elektronika ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir.
Texnoloji informatika fakültəsində isə texnoloji informatika və maşınqayırma texnologiyası, təzyiqlə emal üzrə informasiya texnologiyaları, materialların birləşməsi texnologiyalarının informasiya təminatı, kompüter dizaynı, ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq, material və örtü texnologiyaları, nəzəri mexanika, nanomateriallar, tətbiqi mexanika, mühəndislik və kompüter qrafiki, xüsusi avtomobillər və bort informasiya-idarəetmə sistemləri kafedraları fəaliyyət göstərir.
İdarəetmə və hüquq fakültəsinin dövlət hakimiyyəti orqanlarında təşkilatı-kadr işi, cinayət hüququ, proses və kriminalistika, idarəetmə, tarix, fəlsəfə, sosiologiya və mədəniyyət, xarici dillər, bədən tərbiyəsi və idman, dövlət və beynəlxalq hüquq, vətəndaş hüququ kafedralarında sadalanan ixtisas istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.