Mariupol Dəniz Ticarət Limanı
Mariupol Dəniz Ticarət Limanı — Ukraynanın ən böyük liman beşliyindən biridir. Liman buzqıran və buzqıran yedək gəmiləri ilə təchiz olunub ki, bu da onu qış hava şəraitindən azad edir. Son illərdə burada dəniz terminalı və ona bitişik ərazilər yenidən qurulmuş, sərhəd, gömrük, karantin xidmətləri üçün ixtisaslaşdırılmış binalar inşa edilmişdir. Yaxın vaxtlarda Türkiyə, Yunanıstan, İtaliya və digər Aralıq dənizi ölkələri ilə sərnişin və yük rabitəsinin açılması planlaşdırılır.
Mariupol Dəniz Ticarət Limanının direktoru İqor Barskidir.
== Tarixi ==
9 iyun 1808-ci ildə Rusiya imperatoru I Aleksandr Mariupolda liman idarəsi və karantin forpostunun qurulması haqqında fərman imzalayır.
Mariupol limanının qurulması 19-cu əsrin ikinci yarısında Rusiyanın cənubunda sənayenin sürətli inkişafının məntiqi davamı idi. 1886-cı ildə Zintsevaya Balka yaxınlığında şəhərdən beş kilometr aralıda yeni Mariupol dəniz limanının tikintisinə başlanılır.
Üç il ərzində iki dalğaqıran tikilir (ümumi uzunluğu 3 km-dən çox), bənd (850 m) ucaldılır, liman 14 fut (4,26 m) qədər dərinləşdirilir, şəhərdən limana asfaltlı avtomobil yolu çəkilir, Mariupol stansiyasından dəmir yolu limana qədər (3,35 verst) uzadılır və limanın ərazisində (3,46 verst) müxtəlif liman qurğuları tikilir, yükləmə-boşaltma avadanlıqları quraşdırılır.
2 sentyabr 1889-cu ildə Mariupol limanının təntənəli açılışı olur.