Laptevlər dənizi[1][2][3] (rus. море Лаптевых, saxa Лаптевтар байҕаллара) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0 °C-dən aşağı temperatura malikdir[4]. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur[5]. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir.
Laptevlər dənizi | |
---|---|
rus. море Лаптевых, saxa Лаптевтар байҕаллара | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Sahəsi | 672,000 km² |
Həcmi | 363,000 km³ |
Sahil uzunluğu | 1300 km |
Dərin yeri | 3385 m |
Orta dərinliyi | 540 m |
Tökülən çaylar | Lena, Xatanqa, Anabar, Yana və Olenok |
Yerləşməsi | |
76°16′07″ şm. e. 125°38′23″ ş. u.HGYO | |
Ölkələr | |
Yerləşməsi | Şimali Asiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır. Dəniz dibində zəngin faydalı qazıntıların olması ehtimalı yüksəkdir[6]. Üstəlik o Şimal dəniz yolu üzərində yerləşir. Balıqçılıq və ov az miqdarda həyata keçirilsə də sənaye əhəmiyyəti yoxdur[7]. Sahilində yerləşən ən böyük yaşayış məntəqəsi və limanı Tiksi qəsəbəsidir. Sahilləri inzibati baxımından Rusiya Federasiyasının Krasnoyarsk diyarı (Taymır Dolqan-Nenes rayonu) və Saxa Respublikası (Ust-Yana, Bulunski və Anabar ulusları) ərazisinə daxildir.
Tarixin gedişatında dənizə müxtəlif isimlər verilmişdir. Belə ki, XVI – XVII əsrlərdə dəniz Tatar və ya Lena dənizi adlandırılırdı. XVIII – XIX əsrlər ərzində isə Sibir və Buzlu dənizləri kimi xəritələrdə öz əksini tapırdı. 1883-ci ildə qütb tədqiqatçısı Frityof Nansen dənizə Nordenşeld adını verir[8]. 1906-cı ildə leytenant Aleksandr Kolçakın İmperator Elmi Akademiyasında çap edilən «Kara və Sibir dənizlərinin buzları» monoqrafiyasında müəllif Sibir dənizi adını müzakirə edərək «bəzi coğrafiyaçılar tərəfindən qəbul edilmiş» «Nordenşeld dənizi»[9] terminini mübahisə etmişdir:
...Bəzi çoğrafiyaçılar Nordenşeldin 1878-ci ildə «Veqa» gəmisində bölgəyə üzməsindən sonra «Nordençeld dənizi» terminini qəbul etmişlər. Bu ad altında ya xəritələrdə görünür yada yoxa çıxır, həmçinin rus, ingilis və amerika xəritələrində əksər hallarda yoxdur. Bununla çətin razılaşmaq olar, çünki onu qəbul etmək üçün kifayət qədər əsas yoxdur. Beləki, eyni sahil yolu boyunca "Veqa" şlyupundan öncə bu dənizdə ilk səfər 1735 və 1736-cı illərdə leytenant Pronçişev «Yakutsk» şlyupunda, ikinci səfər isə 1739 və 1740-cı illərdə elə eyni gəmidə leytenant Xariton Laptev etmişdir. (А. V. Kolçak «Kara və Sibir dənizlərinin buzları»)
1913-ci ildə Rusiya Coğrafiya Cəmiyyətiin üzvü, okeanoqraf Yuli Şokalski tərəfindən dənizin indiki adı təsdiqlənir. Belə ki, bu ad Şimal Buzlu okeanın tədqiqində böyük rolu olan iki əmioğlu Dmitri və Xariton Latevlərin şərəfinə verilmişdir. Bu ad son olaraq SSRİ MİK tərəfindən 1935-ci ilin 25 iyununda təsdiqlənmişdir[10].
Beynəlxalq Hidroqrafiya Təşkilatı[11] Laptevlər dənizin sərhədlərini bu formada təyin etmişdir[12]: Qərbdə Kara dənizi, Arktiçeski burnundan (Komsomoles adası) Cənub-Şərq burnuna, Oktyabr İnqilabı adasında yerləşən Voroşelov burnundan Anyaçina burnuna, Bolşevik adasındakı Evqenova burnundan Pronçişeva burnuna qədər. Şimalda Molotov burnu və şimal qutaracağında isə Kotelnı adası. Kotelnı adasının şimal qutaracağında yerləşən Medvejı burnundan Kiçik Lyaxovski adasına, oradanda Böyük Lyaxovski adasındakı Vaqina burnu, oradanda Svetoy burnuna qədər[13]. IBCAO (International Bathymetric Chart of the Arctic Ocean) verdiri məlumata görə dənizin şimal sərhədi (Komsomoles və Kotelnı adaları arasında) Kotelnı adasının şimalındakı Materik Şelf xətti nöqtəsindən keçir (79°00′00″ şm. e. 139°00′00″ ş. u.HGYO). Laptevlər dənizinin sahil xəttinin ümumi uzunluğu 1300 km təşkil edir. Sahil xətti olduqca girintili-çıxıntılı olması səbəbindən burada çoxlu sayda körfəz və buxta vardır[14]. Cənub və qərb sahilləri materik, şimal-qərb və şərqi isə adalarla ətahələnmişdir. Şimalı isə bir başa Şimal Buzlu okeana açılır.
Dəniz səthinin sahəsi 672,000 km², həcmi 363,000 km³ təşkil edir. Dənizə axan ən iri çay Lenadır[15] (Artikaya axan Yeniseydən sonra ikinci iri çay)[16]. Çay mənsəbdə böyük delta əmələ gətirir. Dənizə həmçinin Xatanqa, Anabar, Yana və Olenok çayları axır.
Sahilləri güclü parçalanmış və böyük həcmli körfəz və buxtalar əmələ gəlmişdir. Sahil xətti müxtəlifliyi ilə seçilir və hündür olmayan dağlar səciyəvidir[17]. Bununla belə sahil xəttinin böyük hissəsi düzəndir. Böyük körfəzləri: Xatanqa, Olenok, Faddey, Yana, Anabar, Mariya Pronçişeva (buxta), Tiksi (buxta), Anabar (buxta), Tereza Klavenes, Kojevnikov (buxta), Matuseviç, Nerpalax, Nordvik (buxta), Oqonnyor-Kubata, Spartak (buxta), Sims, Ebelyax və Buor-Xaya[18]. Dənizdə sahəsinə görə olduqca iri olan adalar vardır. Buzların ekzarasiya fəaliyyəti adaların erroziyasına səbəb olur. Hələ 1815-ci ildə kəşf edilən Semennovski və Vasilevski adaları bu fəaliyyət nəticəsində dənizin dibinə çökərək yoxa çıxmışdır[18]. Ən iri arxipelaqları: Şimal Torpağı, Komsomol həqiqəti, Yeni Sibir və Faddeydir. İri tənha adaları: Böyük Beqiçev (1764 km²), Belkovski (500 km²), Malıy Taymır (260 km²), Stolbovoy (170 km²), Starokadomski (110 km²), Qumlu (17 km²)[17] (Laptevlər dənizi adaları).
Sahilə yaxın ərazilərdə dəniz dibi 50 m dərinliyə malikdir, ən dərin yeri 3385 m, orta dərinliyi 540 m təşkil təşkil edir. Dənizin dibinin yarıya qədərini (53 %) materik qabığı təşkil edir və dərinlik 50 metri aşmır. Üstəlik dənizin cənub hissəsi, 76 dərəcə paralelinədək olan ərazilərdə dərinlik 25 metri keçmir[19]. Şimal hissədə isə dib relyefi birdən-birə uçurum şəklində okean qabığına keçir və dərinlik bir kilometri aşır. Dənizin dayaz hissələri əsasən qum və lil ilə örtülü olur. Sahillərində çınqıl və iri qaya parçalarına rast gəlinir. Sahil hissələrində yağıntılar yüksək sürətlə toplanır, ildə 20-25 sm təşkil edir. Dərinliklər əsasən dəniz çöküntüləri ilə örtülmüşdür[10][17][18]. Materik qabığı kəskin şəkildə dəniz novu olan Sadko ilə kəsilir. Buradan şimala doğru dərinlik Nansen çökəkliyində 2000 metri keçir. Həmin ərazidə Laptevlər dənizinin ən dərin yeri (3385 m) yerləşir – (79°35′ şm. e. 124°40′ ş. u.HGYO).
Laptevlər dənizinin iqlimi Arktik iqlim qurşağında Kontinental iqlim tipinə xasdır. Bunun əsas səbəbi Atlantik okean və Sakit okeanlardan uzaqlığıdır. Arktik qurşaqda yerləşən dənizlər arasında ən kəskin iqlimə malik dənizdir. Qütb gecə və Qütb gündüzləri cənubda 3 ay, şimalda isə il ərzində 5 ay davam edir. İlin 11 ayı şimalda temperatur 0 °C aşağı olur, cənubda isə ilin 9 ayı bu müşahidə edilir. Qış ayları yüksək atmosfer təzyiqi zonasında olur (Sibir atisiklonu)[20][21]
Yanvar ayında orta temperatur (ən soyuq ay) yerindən asılı olaraq −31 °C və −34;°C, ən aşağı temperatur −50 °C təşkil edir. Şimal hissədə iyul ayında 0 °C (maksimal 4 °C) və cənubda isə 5 °C (ən yüksək temperatur 10 °C), ancaq bəzən 22-24 °C qalxa bilir (avqust). Maksimum temperatur 32,7 °C olaraq Tiksi qəsəbəsində müşahidə edilmişdir[17]. Qışda güclü küləklər, çovğun və qarlı qasırğa adi xarakter alır. Qar hətta yayda yağır və güclü duman müşahidə edilir[10][18]. Yay ayları isə əsasən siklonlar müşahidə edilir. Çiskin və yağmur adı hal alır[22] . Küləklər qışda cənub, cənub-qərb istiqamətində 8 m/s gücündə əsir və yazda nisbətən zəifləyir. Qışda küləklər şimala yönəlir və gücü 3–4 m/s təşkil edir. Küləklərin zəif sürəti əsasən səth sularında 5–10 m dərinliyində müşahidə edilir[17]. Qış ayları buzun altında temperatur -1,5° С təşkil edir. Laptevlər dənizinin bəzi iqlim göstəriciləri[23]:
Dəniz suyunun aşağı temperaturu ilə səciyəvidir. Qış dövru buzla örtüldüyü zaman suyun temperaturu —0,8 °C, cənub-şərqdə —1,8 °C təşkil edir. 100 metrdən aşağıda temperatur −1,8 °C qədər düşə bilər. Yay ayları dənizin buzdan azad olmuş hissələrində tempetatur 4-6 °C qədər yüksələ bilər, dənizin akvatoriyasına daxil olan körfəzlərdə temperatur 8-10 °C qədər yüksəlir. Əsasən 0°S təşkil edən ərazilərdə buzlar öz mövcudluğunu qoruyur[24].
Atlantik okeanda formalaşan və 250—300 metr dərinlikdə hərəkət edən isti axınlar dibdə temperaturu 1,5 °C qədər yüksəldirlər. Onlara Şpisbergendən Laprevlər dənizinə çatmaq üçün ən azı 2,5-3 il lazım gəlir[17]. Bu dərinliklərdən aşağıda isə temperatur yenidən aşağı olur və −0,8 °S təşkil edir. Qışda suyun temperaturu hər yerdə dondurma nöqtəsinə yaxın olur. Suyun duzluğu onun donmasına maneə olan əsas faktordur. Qış ayları müvafiq olaraq su səthində temperatur -1 -1.8 °C arasında dəyişir.
Duzluluq dənizin şimal-qərb hissəsində qış ayları 34 ‰, cənub hissədə isə — 20-25 ‰, yayda 30-32 ‰ və 5-10 ‰ təşkil edir[10][18]. Dərinliyin artması ilə duzluluqda ona uyğun şəkildə 33 ‰ qədər yüksəlir. Duzluluğun artması əsasən şimal, şimal-qərb istiqamətində müşahisdə edilir. Hətta Arktiçeski burnu yaxınlığında duzluluq 31‰ təşkil edir. Sahilyanı ərazilərdə çay axınının güclü təsirinə məruz qalan ərazilərdə yüksək səviyyədə suyun yayılması baş verdiyindən duzluluq aşağı düşür. Dənizə çayların töküldüyü ərazilərdə 10 ‰ təşkil edir. Dənizin səth sularının duzluğuna buzlar və Sibirdən gələn çaylar öz təsirini göstərir. Buzların həcmi 730 km3 və bu həcminə görə Kara dənizindən sonra ikincidir, qalınlığı 135 sm təşkil edir. Qış dönəmində dənizə axan şirin suyun azalması ilə duzluluqda artım müşahidə edilir. Belə ki, Tiksi sahillərində duzluluq 15 ‰, Arktiçeski burnunda isə 33 ‰ olur.
Laptevlər dənizinə çoxlu sayda kiçik və bir neçə iri çay tökülür. Onlar dayazlığı ilə seçilən dənizin hidroloji rejiminə böyük təsir göstərir. Şimal Buzlu okean hövzəsinə daxil olan Lena çayı dənizə axan əsas su kütləsinin 520 km³ (ümumən 70 %) təşkil etdiyi halda digər çaylar:Xatanqa 105 km³, olenok 38 km³, Yana 31,5 km³ və Anabar isə 20 km² özündə cəmləşdirir[25]. İl ərzində Laptevlər dənizinə 700 km³ şirin su axır. Bu isə ümumilikdə Arktikaya axan suyun 30 % təşkil edir. Mövsümdən asılı olaraq buzların əriməsi və çayların suyunu dənizə çatdırması ilə əlaqədar axınların həcmi 90% (iyul – sentyabr, təkcə avqustda 35-40%), yanvarda isə 5 % təşkil edir[17]. Belə ki, yanvar ayında dənizə 36 km³, avqust ayında isə 290 km³ (40 %) şirin su axır.
Dəniz üzərində (siklon kimi) saat əqrəbi istiqamətində hərəkət edən axınlar burulğanlar meydana gəlir. Axınlar şimaldan cənuba doğru hərəkət edərək əsasən Şimal Torpağı adası sahilləri ilə irəliləyir və materik sahillərinə çatır. Qərbdən şərqə istiqamətlənərək Lena çayı deltasına yaxın güçünü artıraraq şimal və şimal qərbə yönəlir. Axınlar (burulğanlar) Sannikov boğazı vastəsi ilə Şərqi Sibir dənizinə keçir. Burulğanlar 2 san/san gücə malik olur və mərkəzə doğru hərəkət edir. Burulğanın mərkzi asta dreyf edir, bu da axının xüsusiyyətini müəyyən qədər dəyişir[17].
Axınların yarımgünlük xüsusiyyəti daşıyır və orta hündürlüyü 50 sm təşkil edir. Axınların həcminə əhəmiyyətli dərəcədə buzlar təsir göstərir və onun güçünü zəiflədir. Xatanqa körfəzinin sahil quruluşuna uyğun olaraq axın dalğalarının hündürlüyü 2 metrə çatır. Axınlar hətta 500 km daha irəliyə gedərək çay mənsəblərinə və yataqlarına qədər gəlib çatır[18]. Dənizin digər hissələrində axınlar daha az məsafəyə irəliləyə bilir[17].
Dənizin səviyəsinin qalxıb-enməsi heçdə yüksək deyil. Belə ki, tərəddüd 40 sm təşkil edir və əsasən çay mənsəblərində müşahidə edilir. Eniş qış aylarında, qalxma isə buzların əriməsi zamanı baş verir.
Axınlar dəniz səviyyəsində hündürlük 2 metr, körfəzlərində isə 2,5 metrə qədər yüksəlir. Axınlar il boyu müşahidə edilir. Əsasən payızda tez-tez baş verir. Bu da güçlü küləklərin artması ilə əlaqədardır və bir istiqamətdə baş verir. Ümumilikdə dənizin səviyyəsi şimal və cənub küləklərinin hərəkəti nəticəsində müəyyən dərəcədə artır[17][18].
Dəniz səthinin və səth sularının öyrənilməsi onu gostərir ki, dalğalar əsasən 1 metri keçmir. Ancaq iyul-avqust aylarında açıq dənizdə dalğaların hündürlüyü 4-5 metr, payızda isə 6 metrə qədər yüksəlir[17].
Şaxtalı qış dönəmində dəniz üzərində qalınlığı kifayət qədər olan və onun bütün akvatoriyasını ağuşuna alan buz örtüyü əmələ gəlir. Bəzi hissələr ilin demək olar ki, bütün dövrü buzla örtülür. Buzlar dənizin dayaz və səth sularının az duzlu olmasına səbəb olur. Bu qənayətə gəlmək olar ki, Laptevlər dənizi arktik dəniz buzlarının mühüm ehtiyatını təşkil edir. İl ərzində dəniz səthində 483 000 km² (1979–1995 illər ərzində) buz örtüyü əmələ gəlir. Barens dənizi, Kara dənizi və Şərqi Sibir dənizi birlikdə Laptevlər dəniz buzlarının həcmindən çox olmur. Buzların illik həcmi ildən ilə fərqli olur (251 000 km² 1984–85 və 732 000 km² 1988–89). Buzların mövcudluğu doqquz ay çəkir (oktyabrdan iyuna qədər)[26].
Buzun formalaşması şimalda sentyabrda, cənubda isə oktyabrda baş verir[26]. Sahildən 100 kilometrlərlə aralıda buzların qalınlığı 2 metrdən çox olur. Sahilə yaxın olan ərazidə formalaşan buzlar, onun akvatoriyasının 30% təşkil edir. İsti cənub küləklərinin təsiri ilə dreyf edən buzlar şimala istiqamətlənir[17], burada formalaşan buzların bəzilərinin uzunluğu 100 km-lərlə uzanır. Dənizin açıq sahələrində hərəkət edən buzlar, şimal-qərb hissələrdə isə Aysberqlərə rast gəlinir. Şimal sərhəddində hərəkət edən buzlar meydana gəlir ki, oda Böyük Sibir polınyası adlanır və illik mövcudluğunu qoruyur[17].
Dəniz üzərindəki buzlar mayın sonu, iyunun əvvəlinə yaxın əriməyə başlayır. Parçalanan buzlar, əsasən, şərq hissədə müşahidə edilir.
Dəniz üzərində formalaşan buzların həcmində ildən ilə fərq müşahidə olunur[18].
Flora və faunası baxımından növ tərkibi zəifdir. Səbəb isə kontinental sərt iqlimə malik olmasıdır. Dəniz bitkilərindən Diatom yosunlar üstünlük təşkil edir və onların 100 növünə rast gəlinir. Müqayisə üçün onu demək lazımdır ki, Yaşıl yosunlar, Göy-yaşıl yosunlar və Qamçıdaşıyanların növ tərkibi 10-dur. Dənizin hər litrinə 0,2 mq fitoplankton düşür. Dənizdə 30 növ zooplankton var və hər litrinə 0,467 mq düşür.[16] Sahil xətti boyunca ən geniş yayılmış bitkilər mamır, şibyə və gülaçan bitkilər üstünlük təşkil edir. Ərazidə Qütb laləsi, Yastıqotu, Daşdələn, Qütb söyüdü və Sürünən söyüd kimi bitkilərə rast gəlinir.[27] Damarlı bitkilər az təsadüf edilir. Onların Dəlicincilim və Daşdələn növləri vardır. Damarsız bitkilər isə rəngarəngdir: Mamırlar sinfindən olan Ditrichum, Dicranum, Pogonatum, Sanionia, Bryum, Orthothecium və Tortula, Şibyələrə isə Cetraria, Thamnolia, Cornicularia, Lecidea, Ochrolechia və Parmelia kimi bitkiləri misal çəkmək olar.[28]
Dənizdə 39 növ[29] balıq vardır ki, onlar da duzlu sulara xas canlılardır. Burada Sümüklü balıqların Harius və Siqi, bundan başqa Muksun, Coregonus nasus, Coregonus autumnalis növlərinə rast gəlinir. Üstəlik ərazidə Sardina, Berinqdəniz omulu, Asiya koryuşkası, Eleginus navaga, Sayka, Dəniz kambalası, Salvelinus alpinus və Nelma kimi balıqlar da vardır.[18]
Burada daima qidalanan məməlilərə misal kimi: morj, adi saqqallı suiti, nerpa, qrenlandiya suitisi, Dicrostonyx torquatus, Qütb tülküsü,[30] Şimal maralı, canavar, qaqum, Qütb dovşanı və Ağ ayı. Mövsümdən asılı olaraq Ağ balina dəniz sahili boyunca köç edir.[31] Bəzən Laptevlər dənizinin morjları xüsusi növə (Odobenus rosmarus laptevi) aid edilir, ancaq bu, mübahisə predmetidir.[32]
Burada onlarla dəniz quşu növlərinə rast gəlinir. Onlarlan bəziləri yerli quşlardır ki, ərazini heç vaxt tərk etmir. Məsələn: adi şimal sərçəsi, dəniz qumcüllütü, qütb bayquşu və qara kazarka. Digər quşlar isə bu ərəfədə ya dənizin adalarından nisbətən materikin içərilərinə, ya da daha cənub hissələrə köç edir. Axırıncılara misal kimi (əsasən təmizçilər fəsiləsinə aiddirlər) qaqarka, adı moevka, adı təmizçi, ağ qağayı, kayra, çovdarçıkimilər və qütb qağayısı.
Üstəlik burada sahilqağayıları, susüpürən, şimal kulmarı, qütb qağayısı, çəhrayı qağayı, moryanka, qaqa, qaqar və ağ kәklik.[27][33]
1985-ci ildə Lena deltasında Üst-Lenski qoruğu təşkil olunmuşdur. 1993-cü ildən onun ərazisi böyüdülərək Yeni Sibir adalarına daxil adalar da onun sahəsinə daxil edilir. Qoruğun sahəsi 14 330 km² təşkil edir. Onun sahəsində çoxlu sayda bitki (402 növ (sosudnıx) bitki), balıq (32 növ), quş (109 növ), məməli (33 növ) növləri vardır. Onların çoxu Qırmızı kitaba daxildir (SSRİ və Rusiyanın qırmızı kitabına)[34]
Sahilləri və adaları inzibati cəhətdən Rusiya Federasiyası Saxa-Yakutiya Respublikasının Anabar, Bulunski, Ust-Yanski uluslarının (şərqdə) və Krasnoyarsk diyarı, Taymır Dolqan-Nenes rayonu (qərb) ərazilərinə daxildir. Sahillərində yerləşən qəsəbələr say və həcm baxımından çox kiçikdir. Əhalinin sayı qəsəbələrdə bir neçə yüz nəfər, bəzənsə çox az olur. Əhalinin sayı baxımından Tiski qəsəbəsi fərqlənir (5023 nəfər. 2013-cü il). Qəsəbə Bulunski ulusunun inzibati mərkəzidir. Laptevlər dənizi Rusiya ərazisində yerləşən yeganə dənizdir ki, onun adalarında daimi yaşayış məntəqəsi yoxdur (Hərbi və elmi müəsisələr istisnadır).
Ovçuluq və balıqçılıq əsasən dənizə tökülən çayların deltası ərazisində təmərküzləşib.[17][18] Xatanqa körfəzi və Lena deltası və Yana estuarisində 1981-1991-ci illərdə il ərzində 3000 ton balıq tədarük edilirdi.[30] Dəniz canlılarının ovlanması yalnız yerli əhali üçün icazə verlir. Bircə istisna olaraq morj ovuna həm elmi məqsədlər, həm də yerli qəbilələr üçün keçərlidir. Yerli əhalinin mövcudluğu üçün ov mütləqdir.[35]
Dənizin donmasına baxmayaraq, naviqasiya insanların yaşamı üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Tiski limanı seçilir. Sovet dönəmində Laptevlər dənizində naviqasiya bumu yaşanırdı. Buna səbəb Şimal dəniz yolunun idarə edilməsi ilə əlaqədar 1932-ci ildə xüsusi idarəetmə sistemi tədqiq edilir. Bu yol hətta buzqıran gəmiləri üçün belə çətindir. 1937-ci ilin sentyabrında Laptevlər dənizində yol üzrə hərəkət edən və başda Lenin buzqıran gəmisi olmaqla 5 gəmidən ibarət karvan buzların arasında sıxılaraq qalır. Onların buzdan çıxarılması yalnız 1938-ci ilin avqustunda Krasim buzqıran gəmisinin sayəsində baş verir.[36] Əsas daşınma malları ağac, xəz və tikinti matrialları təşkil edir.[18]
SSRİ dövlətinin dağılmasından sonra dəniz üzərindən həyata keçirilən naviqasiya demək olar ki, tam dayanır. 1990-cı illərdə də eyni vəziyyət təkrarlanır. Bu yolun ancaq Dudinka və Murmansk, qərbdə isə Vladivostok və Pevek limanları arasında naviqasiya həyata keçirilirdi. Dudinka və Pevek limanları arasında isə demək olar ki, naviqasiya həyata keçirilmirdi.
Günümüzdə Krasnoyarsk diyarı, Yakutiya və Çukot istiqamətində məhsulların çatdırılması əsasən Şimal dəniz yolu ilə həyata keçirilir. 2010–2013-cü illərdə [37] istər bu istiqamətdə hərəkət edən gəmilərin sayında, istərsə yüklərin həcmində böyük artım müşahidə edilmişdir.
Tiski qəsəbəsində hava və dəniz limanı fəaliyyət göstərir[38].
1936-cı ildə yaxınlıqda yerləşən Norvik və Kojevnikov buxtalarda hələ XIX əsrdən neft, daş kömür və duz tədarük edilirdi. Ehtiyatları təfarük etmək məqsədi ilə «Nordvikstroy» tryesti yaradılır və bir sıra daimi işçi qəsəbələri salınır: Nordvik, Kajevnikovo, Solerudnik, Nirdvik-Uqolnıy və başqaları. Bu işçi qəsəbələri haqqında demək olar ki, məlumat çox azdır. Səbəb isə onların QULAQ əmək düşərgələri olmasıdır[39]. Bu düşərgələrdə əsasən məhbuslar işləyirdi, onların fəaliyyəti haqqında heç bir şahid yoxdur (bircə uşaq xatirələrində). Nordvikstroya iştirakçıları haqqında bu gündə ictimaiyyətdə elə də məlumat yoxdur.
Neft çıxarma cəhdləri bir nəticə vermir və sənaye əhəmiyyəti kəsb etmədiyindən işlər dayanır. Bununla belə duz çıxarışı isə öz intensivliyi ilə seçilirdi. Bu müəssisələr bağlanılır və Amerika müttəfiqlərinin gəlişi ərəfəsində (40-cı illərdə) qəsəbələr sökülür. 1956-cı ildən Norvik və Nordvikskoe qəsəbələrinin əbədiyən mövcudluğuna son qoyulur.
Saxa Respublikası Anabar ulusunun Mayat qəsəbəsində dünyanın ucqar şimal hissəsində yerləşən almaz yatağı vardır.[40] Üst-Yan ulusu ərazisində qiymətli metalar mədənlərində qızıl çıxarılır.[41]
2017-ci ildə Laptev dənizində Rusiyanın Rosneft şirkətinə aid Sentralno-Olginskaya-1 quyusunda neft aşkarlanmışdır[42][43]. Laptev dənizində aparılan ilkin geoloji tədqiqatlar nəticəsində 9,5 milyard tonluq yanacaq mənbəyi olan neft və təbii qaz ehtiyatlarını aşkar edilib.[44][45]
Ruslar dənizin ilk tədqiqatını, dənizin sahilləri və ona yaxın adaları öyrənməklə başlamışlar. XVII əsrdən başlanan tədqiqatlar əsasən Sibir çaylarının axarı istiqamətində aparılırdı. İlk tədqiqatçılar haqqında məlumatlar demək olar ki, yoxdur. Bununla belə, adalarda tapılan qəbirlər onlar haqqında müəyyən bilik əldə etməyə imkan verir. 1629-cu ildə sibir kazakları Lena çayı axarı boyunca şimala irəliləyərək çayın deltasına çatırlar və çayın dənizə çatması barədə məlumat verirlər. Digər qrup isə 1633-cü ildə Olenok çayının deltasına çatır[46].
1712-ci ildə Yakov Premyakov və Vaqim Merkuri dənizin şərq sahillərini və Böyük Lyaxovski adasını (ada onlar tərəfindən 1710-cu ildə kəşf edilir) araşdırırlar. İkinci yürüşdə hədəf Yeni Sibir adalarına çatmaq olsa da yolda üsyan qaldıran kazaklar tərəfindən öldürülürlər. 1770-ci ildə bu səyahəti İvan Lyaxov həyata keçirir və ərazidə zəngin Mamont sümükləri aşkarlayır. Bu sahədə inhisar mövqeyini ələ almaq üçün II Yekaterina tərəfindən xüsusi fərman alır. O, bölgədə yerləşən adalar haqqında məlumat vermişdir. Adada mis soba aşkarlayan Lyaxovski adanı Kotelnı adlandırmışdır. O, 1775-ci ildə Böyük Lyaxovski adasının dəqiq xəritəsini tərtib etmişdir.[47][48]
Böyük Şimal ekspedisiyası zamanı Laptevlər dənizini araşdırmaq üçün iki qrup təşkil edilir: Lena-Yenisey qrupununa 30 iyun 1735-ci ildə Vasili Pronçişev rəhbər təyin edilir. Yakutskdan başlayaraq eyni adlı qayıqla Lena çayının axarı ilə 40 nəfər ekipajla şimala doğru irəliləyir. Lena deltasının şərq hissəsini tədqiq edir və ərazini xəritəyə köçürür. Qışı Olenok çayının sahilində keçirir. Çətinliklərə baxmayaraq onlar 1736-cı ildə Taymırın şərq hissələrinə və 77° paralelə qədər çata bilirlər. Demək olar ki Çelyuskin burnuna qədər irəliləyirlər ancaq dumanlı hava səbəbindən sahil görünmür. Burnu fəth etmək onlara nəsib olmur.
Ekspedisiya geri qayıdarkən o, 29 avqust tarixində qayıqla ərazini müşahidəyə çıxdığı zaman ayağını sındırır. Gəmiyə qaytarılsa da huşunu itirir və emboliyadan vəfat edir. Həyat yoldaşı Tatyana Pronçişevna (ekspedisiyada qeyri-rəsmi iştirak edir) onun ölümündən cəmi 14 gün sonra 12 sentyabrda vəfat edir.[49][50] Mariyanın şərəfinə Laptevlər dənizində buxtalardan biri onun adını daşıyır.
1737-ci ilin dekabrında ekspedisiyaya rəhbər olaraq Xariton Laptev təyin edilir. Onun rəhbərlik etdiyi qrup yenidən Taymıra çatır və qışı Xatanqada keçirir. Gəmi buzlar arasında qaldıqdan sonra onlar Taymırın sahillərini qurudan tədqiq edirlər. Ekspedisiyanın bir dəstəsi başda Semyon Çelyuskin olmaqla materikin ən ucqar nöqtəsinə çatırlar. Sonrada bu ucqar nöqtəyə onun adı verilir (Çelyuskin burnu).[51][52]
Lena-Kolıma qrupunun rəhbəri Dimitri Laptev təyin edilir. O bu postda 1736-cı ildə vəfat etmiş P.Lassineusu əvəz edir. İrkutsk qayığında Lenanın deltasından Şərqi Sibir dənizinə çıxan boğaza qədər irəliləyir. Sonradan boğaz onun şərəfinə Dmitri Laptev boğazı adlandırılmışdır.
Pyotr Anju Laptevlər dənizinin sahil xəttinin və Yeni Sibir adalarının dəqiq kartoqrafik xəritəsini tərtib etmişdir. 1821-1823-cü illərdə 14000 km məsafəni qət etmişdir. O, ərazilərin çoxunu ya qayıqlarla və ya da xizəklərlə qət etmək məcburiyyətində olmuşdur. Bununla da da sübut etmişdir ki, ərazini tədqiq etmək üçün heç də gəmilərə mütləq şəkildə ehtiyac yoxdur. Onun şərəfinə Yeni Sibir arxipelaqının şimalında yerləşən adalar qrupuna onun adı verilmişdir.[53][54] 1875-ci ildə ilk dəfə olaraq Adolf Erik Nordenşeld "Veqa" paraxodunda Laptevlər dənizinin bir hissəsindən digər hissəsinə gedə bilmişdir.[46]
1892–1894 və 1900-1902-ci illərdə Laptevlər dənizinə təşkil edilən iki ayrı ekspedisiyaya baron Eduard Vasileviç Toll başçılıq etmişdir. O, Rusiya Elmlər Akademiyası üzvü olaraq «Zarya» gəmisində geoloji və coğrafi araşdırmalar aparmışdır. İkinci ekspedisiya zamanı Toll səssiz-səmirsiz itkin düşür (Yeni Sibir adaları yaxınlığında).[47][55] O bunu vurğulamışdı[56] burada iqtisadi baxımından sahillərdə, sututarlarında, çay kənarlarında və Yeni Sibir adalarında qalaqlanan mamont sümükləri daha əhəmiyyətlidir. Sonradan aparılan elmi tədqiqatlar göstərdi ki, bu sümüklərin yaşı 200 min il qədimlərə gedir.[57][58][59] Arktiçeski burnu Şimal Torpağı arxipelaqının ən böyük adasında yerləşir. Burun 1913-ci ildə Boris Andreeviç Vilkinski tərəfindən zabit olan Joxovun şərəfinə adlandırılır[60]. 1931-ci ildə Şimal Torpağına Qeorqi Andreeviç Uşakov və Nikolay Nikolayeviç Urvansevin rəhbərliyi ilə kartoqrafik ekspedisiya təşkil edilir. Bundan sonra burun Molotov burnu adlanır. 1950-ci illərdə Arktiçeski burnu adlandırılmışdır[60]. Burundan Şimal Qütbünə olan məsafə 990,7 km təşkil edir. Bu səbəbdən qütbə olan ekspedisiyaların bir çoxu buradan başlayır[61]
2013-ci ilin sentyabrında Tiksidən Stolbovoy adasına uçuş həyata keçirən iki Mi-29 helikopterlərinin ekipajı tərəfindən Laptevlər dənizində Stolbovoy adası ilə Matveyeka adası arasıbda yeni ada kəşf etmişlər. Adanın kim tərəfindən aşkarlanması dəqiqləşdirilə bilinmədiyindən, Yaya adası adlandırılmışdır.
2006-cı ildə Tiskidə mövcud olan metroloji stansiya təmir olunaraq yeni avadanlıqlarla təhciz edilmiş, stansiya tam avtomatlaşdırılmış və internet xəttinə qoşulmuşdur. Stansiya Atmosfer araşdırmaları proqramı üzrə ABŞ alimləri ilə müştərək fəaliyyət göstərir. Bu proqramın əsas xüsusiyyəti Arktika Atmosferinin öyrənilməsi, buludların ölçülməsi, atmosferdə şüalanma, aerozolların miqdarı, onların kimyavi tərkibi və s-dir. Bu proqramın əsas bazası ən ucqar şimal nöqtələrindəki daimi yaşayış məntəqələrini (Yurika Nunavut, Alert) öyrənməkdir. Bu məntəqələr Şimal Qütbündən cəmi 817 km məsafədə yerləşir[62]), Tiski Rusiya və Barrou (ABŞ).[63]
Dəniz sahillərində əsasən Şimali Sibir ərazisində yaşayan qəbilələr məskunlaşmışlar. Bu ərazilərə ilk dəfə Yukagirlər və Çuvanlar məskən salmışdır[64]. Ərazidə yaşıyan xalqların ənənəvi məşquliyyəti Balıqçılıq, Ovçuluq, köçəri maralçılıq həmçinin vəhşi maralların ovudur. II əsrdən etibarən Yukaqirlər evenlər və evenklər tərəfindən sıxışdırılır. Əraziyə sonradan IX əsrdən türkdilli saxalar, bir müddət sonra isə koryaklar və çukçalar məskun olur. Bir çox qəbilələr monqolların hücumundan qorunmaq üçün Baykal gölünün şimalında gizlənirlər. Bu qəbilələr arasında əsasən şamanizm geniş yayılmışdır. Eyni dində olmalarına baxmayaraq qəbilələr müxtəlif dillərdə danışırdılar[65][66][67][68]. XVII – XIX əsrlərdə yukaqirlər arasında epidemiya geniş vüsət aldığından onların sayı kifayyət qədər azalmışdır.
Dənizin kirlənməsi əsasən zəifdir[69]. Bununla belə az da olsa onu kirləndirə biləcək mənbələr əsasən Lena, Yana və Anabar çayları sahilində yerləşən zavod və şaxtalardır. Müəssisələrdən çay sularına Fenol (0,002-0,007 mq/l), mis (0,001-0,0012mq/l) və sink (0,01-0,03 mq/l) kimi tullantılar axıdılır[70].
Çirklənmənin digər mənbəyi şəhər tipli qəsəbə olan Tiksidir. Əsasən çirklənmə naviqasiya və neft çıxarılması zamanı baş verir.
Digər kirlənmə mənbəyi ağac tədarükü ilə əlaqədardır. Suya atılan ağaclar onun kirlənməsinə səbəb olur. Bu səbəbdən Arktik dənizləri arasında fenollarla daha çox kirlənmişdir[30]. Dənizin dayan hissəsində çirklənmə bir qədər yuxarıdır. Burada evtrofikasiya müşahidə olunur. Bu səbəbdən hidrobiontlarda azalma müşahidə edilir[25].