Meşə faunası
Meşə faunası – Yer kürəsi meşələrində yaşayan heyvan növlərinin məcmusu: yer səthində yaşayan heyvanların yarısını təşkil edir.
== Ümumi məlumat ==
Meşə bitkisinin tərkibi və quruluşu onun faunasının zənginliyi və müxtəlifliyini müəyyən edir. Meşə qruplaşmaları nə qədər mürəkkəb və rəngarəngdirsə, yem bazası boldursa, meşə faunası da bir o qədər bol və rəngarəng olar. Meşə faunasının bir çox növləri meşənin həyatında mühüm rol oynayaraq onun böyüməsi, inkişafı, bərpası və formalaşmasına təsir göstərir. Bir sıra quşlar və məməlilər ağac və kolların toxumları, meyvələri ilə qidalanaraq onların yayılmasına və bitməsinə kömək edir. Bununla bərabər meşə faunası meşəyə və meşə əkinlərinə müəyyən ziyan da verir. (bir çox cücülər, gəmiricilər). Respublikamızın Talış zonasının meşə faunası daha çox zənginlyi ilə seçilir. Talış dağları meşələrində cüyür, bəbir, meşə pişiyi, qaya dələləri, vaşaq, yereşən, kirpi, süleysin, köstəbək, çaqqal, qonur ayı, porsuq, samurlar, çöldonuzu, dənizə yaxın düzən meşələrdə quşlardan qaşqaldaq, qamışlıq quşu, kiçik bozca, ağqarın, cüllütlər, qağayı, sternalar, anqutlar, qaqar, boz qaz, sarıleylək, bildirçin, meşə göyərçini, sultan toyuğu, qaratoyuq, sarquşu, qırqovul, turac, qızlar quşu və s. geniş yayılmışdır.