sif. 1. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan; göyçək. Gözəl uşaq.
– [Xor:] Xəlvət meşə arasında; Bir gözəl qız tapmışıq. C.Cabbarlı.
[Zaqs müdiri] Zeynalın Mehriban kimi gənc və gözəl bir qadını boşamasına bir məna vermədi. S.Hüseyn.
İçəri gözəl, gənc bir qadın girdi. S.Rəhman.
□ Dünya gözəli – çox gözəl, çox qəşəng qadın (çox zaman istehza və ya zarafatla işlədilir).
[Müqim bəy:] Sənin kimi dünya gözəli olanın bu dünyada nə dərdi-qəmi, ay Zəriş! S.Rəhimov.
Gözəllər gözəli – qeyri-adi gözəlliyi ilə fərqlənən, ən gözəl qız, qadın.
// İs. mənasında. Sifətinin cizgiləri, bədəninin tənasübü, qaş-gözü qüsursuz olan gənc qız.
Bu gün bir əcayib gözəl sevmişəm; Beləsi olammaz heç vilayətdə. M.P.Vaqif.
[Qarı:] Ay cavan, atdan düş, bir falına baxım… Sənin qismətində, deyəsən, bir gözəl var… Çəmənzəminli.
Parlasın hər gözəlin: Bir günəş yaxasında. M.Müşfiq.
// Gözəlim şəklində gözələ xitab.
Bu yazıq yarına hərdən; Bir nəzər sal, gözəlim! Ü.Hacıbəyov.
Aç könlünü, layiq sana hər dürlü mükafat; Sevda! Nə dilərsən, gözəlim, aç mənə, anlat?! H.Cavid.
2. Gözə xoş gələn, gözü oxşayan, xoşa gələn, qəşəng. Gözəl bağ. Gözəl mənzərə.
– Hanı rəngin çiçəklərin, a çəmən! Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq.
Burda məclis quraq, gözəl çəməndir; Hər tərəf nərgizdir, tər yasəməndir. M.Rahim.
// İnsanın ruhunu oxşayan, ruhuna ləzzət verən, xoşa gələn. Gözəl səs. Gözəl avaz ilə oxumaq.
– Hava gözəl və işıq idi. Qantəmir.
Faytonçunun səmimi, yanıqlı bir səslə oxuduğu gözəl mahnı birdən xırp kəsildi. M.Hüseyn.
…Bülbül öz gözəl nəğməsini oxumaqda idi. M.Rzaquluzadə.
// Estetik zövq verən.
3. Məharətli, öz sənətinin ustası olan, çox yaxşı, əla. Gözəl usta.
– Kərim baba özünü bir də doğruldaraq: – Mənim atam da gözəl ovçu idi, – dedi. A.Şaiq.
4. Müsbət keyfiyyətlərə və ya xassələrə malik olan, hər cəhətdən yaxşı olan, necə lazımsa elə. Gözəl adam. Gözəl oğul. Gözəl xasiyyət.
– Dedim ki, gözəl xələf olarsan; Bir ailəyi şərəf olarsan. M.Ə.Sabir.
[Süleyman:] …Əsgər çox gözəl oğlandır.
Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. Ü.Hacıbəyov.
[Səməd:] Mən bir görüm, axı elə gözəl insan birdən niyə bu qədər pozulub? İ.Hüseynov.
5. Əlverişli, yararlı, yaxşı.
[Mirzə:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev.
6. zərf Yaxşı, əla. Gözəl çalmaq. Gözəl danışmaq.
– Əgər əhli-ruhsan, sözün gözəl de. Aşıq Ələsgər.
[Dilbər:] Sizi isə, Gülüş, indi mən çox gözəl anlayıram. C.Cabbarlı.
Hələ Zəki adlandırdıqları gənc nə qədər gözəl oxuyurdu. S.Hüseyn.
◊ Çox gözəl – çox yaxşı, yaxşı oldu, razıyam (təsdiq ifadəsi).
[Sultan bəy:] Çox gözəl, qızım, bilirsən nə var? Ü.Hacıbəyov.
[Səba xanım:] Çox gözəl, bunu [min qızılı] siz özünüz verirsiniz.
Bəs Toğrul nə verəcəkdir?… M.S.Ordubadi.