İskəndər Həmidov
İsgəndər Məcid oğlu Həmidov (10 aprel 1948, Bağlıpəyə, Kəlbəcər rayonu – 26 fevral 2020, Bakı) — Azərbaycan siyasətçisi, polisi, milliyətçisi, keçmiş daxili işlər naziri (1992–1993), Milli Məclisin deputatı (1990–1995).
Atası NKVD zabiti olan Həmidov sonradan Bakıya köçmüş, burada OBXSS rəisi vəzifəsində çalışmışdır. "Çaykənd" əməliyyatında iştirak edən Həmidovun nüfuzu "20 Yanvar" faciəsində yaralılara kömək etməsindən sonra artmış, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən birinə çevrilmişdir. O, 15 may 1992-ci ildə prezident Ayaz Mütəllibovun devrilməsində əhəmiyyətli rol oynamış, ardınca daxili işlər naziri təyin edilmişdir. Vəzifədə olduğu dövrdə Bakıda çoxlu əməliyyatlar keçirmiş, cinayətkar dəstələrlə mübarizə aparmışdır. Həmçinin, onun komandanlıq etdiyi dəstələr "Goranboy" əməliyyatında da iştirak etmiş, Naxçıvanda hakimiyyətdə Heydər Əliyevin devrilməsi üçün muxtar respublikaya hərbi desant göndərmişdir. Vəzifəyə gəldikdən sonra Həmidovun fəaliyyəti çərçivəsində insan haqları pozuntuları müşahidə olunmuşdur. O, bir neçə jurnalisti yazılarını bəyənmədiyinə görə döymüş, canlı efirə daxil olaraq AzTV-dəki verilişin qonaqlarını təhqir etmişdir. General-leytenant rütbəsinə qədər qalxan Həmidov Kəlbəcərin işğalından sonra istefaya getmişdir.
İsgəndər Həmidov milliyətçi, antikommunist və Türkiyəmeylli idi.