Möhsün İsrafilbəyov (Qədirli)
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir.
Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.