1. İç-içəkü (bütün daxildəkilər), ciyərbənd, içələk formaları da qeydə alınıb. Alat komponenti şirin-alat, çinalat (farscada çini qablar çoxluğu), bülluralat (büllur çoxluğu), təla-alat (qızıl məmulatı) sözlərində də var. Ciyərbənd kəlməsi göstərir ki, içalat dedikdə ciyər və onuna bağlı (əlaqədar) olan şeylər nəzərdə tutulur. İçələk “içəridə bir-biri ilə ilişik olanlar” deməkdir, ələk sözü ilə qohumdur. Şirni-alat, təla-alat, içalat sözləri göstərir ki, alat “əlaqədə olanlar” deməkdir. Nəticə: içalat “ciyər və onuna bağlı (əlaqədar) olanlar” (içəridə bir-biri ilə ilişik olanlar) deməkdir. Qubada buna iç-qarın (qarının içindəkilər) deyirlər. Başqa yozum da mümkündür: Söz iç və halə kəlmələrindən törəyib, halə alınma sözdür və rus dilindəki “аура (aura)” mənasında işlədilir. Bəzi dialektlərdə sözün iç əyalət formasında da təsadüf olunur.
2. İç sözünün bir mənası bağır-övkə deməkdir. İkinci mənası “bağırı çıxmaqla yerdə qalan şeyləri” əks etdirir. Bəzi türk dillərində içalat əvəzinə sarqanıq, sarıqanıq, iç-içəkü və s. sözlərindən istifadə olunur. Deməli, içalat “içəridə olanların bağlılığı (sarqanıq)” deməkdir. Başqa dillərdə də maraqlıdır: latın dilində “tullantı” (içi al və at!?) mənasını verən sözlə ifadə edilir. Qaqauz dilində içalata “pişik mançası” deyirlər (“pişik yemi” deməkdir). İçalatı pişiyə atıblar (içi al və at!). Qarın əvəzinə, ciyərgah, içalat yerinə, ciyərbənd kimi alınma sözlər də işlədilib. Bunlar da sübut edir ki, içalat “ciyər və onunla ilişik olan hissələr” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)