Jaklin Kennedinin çəhrayı Chanel kostyumu
Jaklin Buvye Kennedinin çəhrayı Chanel kostyumu (ing. Pink Chanel suit of Jacqueline Bouvier Kennedy) — Jaklin Kennedinin əri prezident Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda, Texasda sui-qəsd nəticəsində öldürüldükdə geyindiyi çəhrayı kostyum. O, həmin gün günorta yeni prezident Lindon Consonun and içməsi zamanı və Vaşinqtona qayıdarkən onun qanına boyanmış kostyumu geyinməkdə israr etmişdi. Jaklin Kennedi dəb ikonası idi və bu kostyumun onun geyim əşyaları arasından ən çox istinad ediləni olduğunu demək olar.
== Sui-qəsd ==
Avtomobil Dallasda yerli küçələrlə hərəkət edərkən Jaklin Kennedi üstü açıq prezident limuzininin arxa oturacağında prezidentin sol tərəfində oturmuşdu. Odur ki, Con Kennedi başından vurulduqdan dərhal sonra onun qanı Jaklinin kostyumuna sıçramışdı.
Xəstəxanada Kennedi qana bulaşmış kostyumu geyinməyə davam etmi., lakin papağını çıxartmışdı. Bu gün papağın harada olduğu bilinmir və ona sahib olduğu məlum olan sonuncu şəxs - Jaklinin şəxsi katibi Meri Qallaqer 2022-ci ildə ölümündən əvvəl onun yerini açıqlamaqdan imtina etmişdir. Bir neçə nəfər Kennedidən kostyumunu dəyişmək istəyib-istəmədiyini soruşsa da, o, imtina etmişdi. Con Kennedinin həkimi, admiral Corc Burklinin məsləhətinə baxmayaraq o, həmin kostyumu and içmə mərasimi zamanı vitse-prezident Consonla yanaşı geyinmişdir.