Lalə Ədalətqızı
Lalə Ədalətqızı (12 mart 1976, Birinci Qaralı, Neftçala rayonu) — Azərbaycanlı jurnalist, teleaparıcı və ssenarist.
== Həyatı və təhsili ==
Lalə Ədalətqızı Fətullayeva (ata soyadı) 12 mart 1976-cı ildə Neftçala rayonunun Birinci Qaralı kəndində anadan olub. 1983-1993-cü illərdə Qədimkənd kənd orta məktəbində təhsilni əla qiymətlərlə başa vuraraq 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2004-2007-ci illərdə BDU-nun Jurnalistika fakültəsində Radio-telejurnalistika ixtisası üzrə magistr pilləsini uğurla başa vurub. Nəsir İmanquliyev, Famil Mehdi, Şirməmməd Hüseynov, Qulu Məhərrəmli, Aydın Dadaşov, Zeynal Məmmədli və.s kimi Azərbaycan ziyalılarından dərs alıb.
== Əmək fəaliyyəti ==
=== Erkən illəri ===
1994-cü ildən ilk məqalələri BDU-nun “Bakı Universiteti” qəzetində dərc olunub.
1995-ci ildə “Biznes Press” qəzetində, 1996-cı ildən “Ədalət” qəzetində, 1999-cu ildən “Tv-Tell” jurnalında müxbir kimi fəaliyyət göstərib.
1999-cu ildə Azərbaycanın xalq artisti, tanınmış kinorejissor, həmin vaxt “Sara” televiziyasının baş rejissoru vəzifəsini icra edən Vasif Babayevin təklifi və təkidi ilə Sara TV-də müxbir və teleaparıcı kimi çalışmağa başlayıb. Sara TV-də Səhər, Xəbərlər, Tibb, Hüquq və digər verilişlərin aparıcısı olub. Bu televiziya bağlandıqdan sonra qısa müddət "Günay" qəzetində müxbir kimi çalışıb.