Monumental boyakarlıq
Monumental boyakarlıq və ya muralizm — memarlıqla bağlı olan, lakin müstəqil ideya məzmunu və bədii ifadə vasitələrinə malik iri boyakarlıq əsərləri. Monumental boyakarlığa süjetli pannolar, mozaika və ya freskalardan ibarət divar rəsmləri daxildir.
== Tarixi ==
Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır.
== Azərbaycanda ==
İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.).