Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü membran olub, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir.
Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur.
Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür.
Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.