Rahib Əliyev
Rahib Seyidağa oğlu Əliyev (12 iyul 1945, Bakı – 28 mart 2024, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).
Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən xalq teatrlarında, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir sıra obrazlar yaratmışdır. Aktyor 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuş və həmin tarixdən etibarən fasiləsiz olaraq bu teatrda çalışmışdır. Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdır. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi.
Rahib Əliyev 28 mart 2024-cü ildə vəfat edib.
Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Rəhim kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.