Ramil Usubov
Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı, DQMV) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi.
O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb.
Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir.
Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.
1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.
Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.