Ramil Adəm oğlu Yusifzadə və ya rəsmi sənədlərdə Yusif-zadə (22 may 1998; Bakı, Azərbaycan – 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ramil Yusifzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 202020212020 |
Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə qəbul olmuşdur.
2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin, sonda qarşı tərəfin atdığı artilleriya mərmisinin dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün həlak olmuşdur.[2][3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]