Səttar Bəhlulzadə
Səttar Bəhlul oğlu Bəhlulzadə (2 (15) dekabr 1909, Əmircan, Bakı qəzası – 13 oktyabr 1974, Moskva) — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Səttar Bəhlulzadə Azərbaycan impressionizminin banisi hesab olunur. Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilmişdir. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilmişdir. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub. Hal-hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.
YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008–2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir.
Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur.