Teosofiya
Teosofiya (yun. θεοσοφία – ilahi müdriklik) – hər şeyin həqiqi mahiyyətinin açılması üçün zəruri olan mistik Tanrı biliciliyi və Tanrının duyulması haqqında təlimdir. Həm də Teosofiya insan ruhunun mütləq qüvvə (tanrı) ilə birləşdiyini və bilavasitə o dünya ilə əlaqə qurmağın mümkünlüyünü iddia edən sinkretik (birləşdirici) dini-mistik təlimdir.
Tədqiqatçıların fikrincə "teosofiya" məfhumu hələ II əsrdən başlayaraq görkəmli Roma filosofu Plotinin müəllimi, məşhur filosof Ammonim Sakkas irəli sürmüşdür. Bütün dinləri vahid universal prinsiplər və əbədi həqiqətlərlə əsaslandıran ümumi əxlaq sistemi altında birləşdirməyə çalışan filosof qurduğu fəlsəfi sistemi belə adlandırmışdır. Lakin teosofiyanın tarixi köklərinin Uzaq Şərqə və xüsusilə də Upanişad, Veda mətnlərinin formalaşdığı Hindistana gedib çıxdığını deyənlər də vardır.
XIX əsrin sonlarında bu dini-mistik təlimə zadəgan rus qadını, yazıçısı-filosof Yelena Petrovna Blavatskaya əlavələr etmiş və onu nisbətən fərqli formaya salmışdır.
Blavatskaya 1831-ci ildə Yekatirinoslavda, alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatskiy ilə ailə qurmuş, lakin üç aydan sonra onu tərk etmişdir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək, Tibetə, Hindistana, Misirə, daha sonra Amerikaya səyahət etmişdir.