Qafqaz Albaniyasının incəsənəti


Göyçay rayonunun Yenikənd kəndi ərazisindən
aşkarlanmış Qafqaz Albaniyasına aid[1] (II əsr)
gümüş nimçə, Ermitaj.


Müasir Naxçıvan şəhəri ərazisindən aşkarlanmış
Cavanşirin təsvir edildiyi Qafqaz Albaniyası dövrünə
aid[2][3] (VII əsr)tunc büxurdan, Ermitaj (solda) və
Mingəçevir kilsə kompleksi ərazisindən aşkarlanmış
zoomorf saxsı qab, Azərbaycan Tarix Muzeyi (sağda)

Qafqaz Albaniyasının incəsənətiQədim Şərq incəsənəti ilə əlaqəli olan tarixi və regional incəsənətdir. Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş incəsənət ənənələri İslamın yayılmasından sonra da müxtəlif formada davam etmiş və yerli xalqların orta əsrlər incəsənətinin formalaşmasına təsir göstərmişdir.

Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi.[4] Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da[5], birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır.[6] Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi ənənələrin üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi.[7]

Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək əşyaları öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı.[8] Bəzək əşyalarının tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və sair daxildir.

Ən qədim alban dulusçuluq nümunələri çox rəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır. Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır.

Qafqaz Albaniyasında incəsənət sahələri

[redaktə | mənbəni redaktə et]
Qədim Gəncə yaşayış yerindən aşkarlanmış erkən orta əsrlərə aid gümüş diadem. Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Şamaxının Dəmirçi kəndindən aşkarlanmış II-IV əsrlərə aid qızıl diadem. Azərbaycan Tarix Muzeyi

Arxeoloji tədqiqatlar zamanı, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək əşyaları öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı.[8] Bəzək əşyalarının tərkibinə qadın tiaraları (çələngləri), boyunbağılar, qolbağlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və sair daxildir. Əsasən Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə və digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan və qiymətli daşlardan hazırlanmış bəzək əşyaları müəyyən qrup təşkil edir.[9]

Bəzək əşyalarının böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbağlardan ibarətdir. Qolbağlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı keramik qolbaq nümunələri də məlumdur. Qolbağların ön kəsiyi dairəvi yaxud üçbucaqvaridir, çox vaxt zoomorf başcıqlar şəklində düzəldilən ucları bəzilərində aralıdır, səthi ya saya, ya da ornamentlidir; bu qolbağlar yalnız bəzək əşyaları deyil, həm də albanların ideoloji təsəvvürlərini əks etdirən ayin əşyaları idi.[10]

Boyunbağılar əsasən o dövrün ən erkən qəbirlərinin materiallarından tanışdır. Ucları bir qədər genişləndirilmiş, bitişdirilməmiş, batıq ornamentlə bəzədilmişdir. Alban kişi və qadın qəbirlərində tez-tez üzük və sırğalara rast gəlinir — bunlar formaca bir-birindən fərqlidir. Sırğalar əlvan metallardan, dəmir və sümükdən düzəldilirdi.[10] Üzüklər isə tökmə və döymə üsulu ilə düzəldilirdi; bəzən qiymətli daşlardan və şüşələrdən qaş qoyulur, zoomorf təsvirlər, həndəsi ornamentlərlə təchiz olunurdu. Qaşlı üzüklər möhür rolunu oynayırdı və xronoloji cəhətdən, bir qayda olaraq, qaşsız üzüklərə nisbətən daha sonralara aiddir. Üzük-möhürlərin xarici nümunələri adətən Romadandır. Onlar Qafqaz Albaniyasının Roma ilə geniş əlaqələrə malik olmasını təsdiq edir.[10]

Bəzək əşyaları arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır. Bəndlər bəzək şeyləri arasında mühüm yer tutur. Gümüş, tunc, dəmir bəndlərə qəbirlərin əksəriyyətində təsadüf edilir. Xarici ölkələrdə hazırlanmış bəndlər arasında əsasən Roma bəndləri çoxdur.[10]


İsmayıllıda (solda) aşkarlanmış qızıl sırğa (I–III əsrlər) və
Mingəçevirdə (sağda) aşkarlanmış zınqlrov şəkilli qızıl sırğa (I–III əsrlər)


Mingəçevirdə (sağda) aşkarlanmış qızıl üzük (II–III əsrlər) və
İsmayıllıda (sağda) aşkarlanmış qızıl üzük-möhür (I–III əsrlər)

Azərbaycan Tarix Muzeyi

Arxeoloji qazıntılar nəticəsində əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif sancaqlar üzə çıxarılmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir. Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli miqdarda tapılmışdır.[8] Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV–I əsrlərdə və eramızın I–II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır.[11] Albaniya ərazisində ehtiyatı bol olan əlvan daşlar keyfiyyətdə ən yaxşı gətirilmə nümunələrdən geri qalmayan bəzək şeyləri və möhürləri düzəltməkdə yerli sənətkarlar üçün xammal mənbəyi idi. Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr və ayrı-ayrı sikkələr, habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.[12]

Qafqaz Albaniyasının zərgərlik sənəti məhsulları çeşid çoxluğu, yüksək sənətkarlığı və zənginliyi ilə fərqlənir. Albaniyanın metalişləmə və daşişləmə sənəti məhsullarında əvvəllər antik, ellin, sonralar isə Sasani ənənələrinin təsiri güclü idisə, zərgərlik sənəti əsas etibarilə yerli bədii ənənələr zəminində inkişaf edirdi. Azərbaycanın antik dövr zərgərlik məmulatı üçün səciyyəvi olan bir çox bəzək ünsürləri və bədii formalar sonrakı yüzillərdə daha da təkmilləşmişdi.[8] Bu cəhət özünü Mingəçevirdə aşkar edilmiş VI əsrə aid edilən qızıl sırğalarda daha parlaq göstərir. Sırğada I–III əsrlərin məmulatında daha çox təsadüf olunan arxaik forma — bir-birinə lehimlənmiş "buğdaların" əmələ gətirdiyi kiçik piramida daha mükəmməl icra texnikası ilə yerinə yetirilmişdir: əgər əvvəllər "buğda" bilavasitə sırğanın qulpuna lehimlənirdisə, bu dövrdə artıq "buğda" ilə sırğanın əyrisi arasında içi boş kürəcik yerləşdirirdilər.[13]

Zərgərlikdə əqiqdən geniş istifadə edilirdi. Qafqazda ən qədim vaxtlardan bu daşın ecazkar gücünə inam var idi. O dövrün zərgərləri sırğa düzəldərkən müxtəlif rəngli daşların yaratdığı estetik təsir gücündən istifadə etməyə çalışırdılar. Sallama qızıl tanalar çox vaxt qaş üçün işlədilən daşların müxtəlif formalarını nümayiş etdirmək xatirinə hazırlanırdı. Üçkünc, ellipsvari, dairəvi, düzbucaqlı və dig həndəsi formalı rəngarəng daşlar sırğaların dekorativ-bədii şəkli müəyyənləşdirirdi. Sonralar zərgərlik məhsullarının kompozisiyası sadələşsə də çeşidi artırdı. "Yarpaq" sırğa ürək formasını alır. Belə qaşın yerləşdirildiyi çərçivənin yanlarında hər birinə muncuq salınmış dörd qızıl qarmaqcıq bənd edilirdi. Şimali Azərbaycan zərgərləri başqa bədii-texnoloji üsuldan da istifadə edirdilər: daşı çərçivəyə salınır, bununla onun plastik formasını və rəngini daha qabarıq nəzərə çarpdırırdılar. Əgər əvvəllər qaş qızıl məmulatının ayrı-ayrı quruluş ünsürlərinin bədii formasını daha qabarıq göstərmək xatirinə qoyulurdusa, sonralar metal detallar daşın formasından asılı olmağa başlamışdı.[10]

Tovuzun İbrahimhacılı kəndindən aşkarlanmış bürünc insan fiquru, e.ə. III-I əsrlər
Tovuzun İbrahimhacılı kəndindən aşkarlanmış bürünc insan fiquru, e.ə. III-I əsrlər
Qədim Gəncə yaşayış yerindən aşkarlanmış bürünc idol, e.ə. III-I əsrlər
Qədim Gəncə yaşayış yerindən aşkarlanmış bürünc idol, e.ə. III-I əsrlər
Lənkərandan aşkarlanmış e.ə. I minilliyə aid qızıl insan fiquru
Lənkərandan aşkarlanmış e.ə. I minilliyə aid qızıl insan fiquru

Erkən orta əsrlərdə Qafqaz Albaniyasında sənətin dekorativ tətbiqi növləri daha çox inkişaf etmiş, daş və metal üzərində oyma sənətinin, zərgərlik və şüşə emalının yüksək keyfiyyətli məhsullarını hazırlayan sənətkarlıq mərkəzləri və bütöv məktəblər meydana gəlmişdi. Bu sənət növlərinin Qafqaz Albaniyasında geniş intişarı yalnız yazılı qaynaqlardakı məlumatla deyil, arxeoloji komplekslərdə tapılan çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri ilə də təsdiq edilir. Məsələn, Şamaxıda, eramızın III əsrinə aid daş qutu qəbrində aşkar edilmiş zərli gümüş döyrə yüksək ustalıq və bədii zövq nümunəsidir. Döyrənin içərisi başdan-başa ov səhnəsi ilə örtülmüşdür: dördnala çapan atın üstündəki süvari geri çevrilərək oxunu dağ keçisinə doğru tuşlamışdır. Texniki baxımdan nadir sənət nümunəsi yaradan yerli usta forma və tənasübü pozmadan mürəkkəb ov səhnəsini qabın yarımkürəvi müstəvisinə həkk etmiş, bununla yanaşı, rəsmin realizmini qoruyub saxlaya bilmişdir. Daha böyük qabarıqlığa nail olmaq üçün o, üstdən lövhəcik vurma üsulundan istifadə etmişdir.[8] Məmulatın bu hazırlanma texnikası hətta Sasanilər imperiyasının paytaxt emalatxanaları üçün də nadir hadisə idi.[8] Ov səhnəli belə qablar adətən konkret tarixi şəxsiyyətlərə — hakimiyyət başında olan şahənşahlara, vəliəhd şahzadələrə, iri vilayətlərin hakimlərinə ithaf edilirdi. Bir sıra tədqiqatçıların fikrincə Şamaxıdan tapılmış qab üzərində I Şapurun oğlanlarından biri, o dövrdə (III əsrin 70–90-cı illərində) imperiyanın şimal vilayətlərinin, o cümlədən Adurbadaqanın hakimi, gələcək şahənşah Nərsə təsvir edilmişdir. Güman etmək olar ki, bu nadir qab məhz Azərbaycanın torevtika emalatxanalarından birində hazırlanmışdır.[14]

Bakıda tapılmış, VI–VII əsrlərə aid zərli gümüş kuzə də nadir sənət nümunəsidir. Kuzənin üstü başdan-başa mürəkkəb naxışlarla oyulmuşdur. Zərlənmiş fon dörd romba bölünmüş, onların ayrı-ayrılıqda hər birinin içində xoruzun, qırqovulun, otyeyən heyvanı didişdirən qartalın və əfsanəvi Simurq quşunun təsvirləri verilmişdir.[8] Rombların oyma naxışlı tərəflərinin kəsişdiyi yerdə, eləcə də aralarında altıguşəli ulduz və altıləçəkli gül təsvirli dolçalar yerləşdirilmişdir. Bu dolça mərasim qablarından hesab edilirdi.

Şamaxı yaxınlığında yerləşən Qafqaz Albaniyası dövrünə aid[15][16] Xınıslı yaşayış yerindən aşkarlanmış mis (solda) və gümüş (sağda) kasa.

Azərbaycan Tarix Muzeyi

Lənkəranda tapılmış, boynunda müqəddəs baftası olan vəhşi qoç təsvirli gümüş döyrə yerli torevtikanın ən maraqlı nümunələrindəndir. Elə bil nəyi isə gözləyən, sərt buynuzlu bu heyvan başını yüngülcə arxaya çevirmişdir. Onun bədəni başdan-başa yuna bənzər döymə naxışla nöqtələnmişdir.[17]

Zərdüştilik tanrılarının heyvan və quşlarda təcəssüm edilmiş surətləri Sasani imperiyasının və mədəni cəhətdən onunla bağlı ölkələrin incəsənətinin mühüm xüsusiyyəti olmuşdur. Bu surətlərin meydana gəlməsi və monumental abidələrdən tutmuş dekorativ tətbiqi incəsənətin miniatür məmulatınadək müxtəlif abidələrdə tez bir zamanda yayılması zərdüştiliyin Adurbadaqanda da dövlət dininə çevrilməsi və onun qaydalarının incəsənətdə qərarlaşması ilə bilavasitə bağlı olmuşdur.


Mingəçevir kilsə kompleksindən aşkarlanmış
mis qoç (və ya maral) fiquru
Azərbaycan Tarix Muzeyi


Qafqaz Albaniyası dövrünə aid[18][19] tunc
dolça, Ermitaj (solda) və
Xınıslı yaşayış yerindən aşkarlanmış
gümüş güldan (sağda), Azərbaycan Tarix Muzeyi

Heyvan və quşların boynundakı müqəddəs baftaların təsviri bu dövr incəsənətində tez-tez təsadüf olunan haldır. Usta bununla göstərmək istəyirdi ki, qarşımızdakı, məsələn, ov səhnələrini təsvir edən qablarda olduğu kimi, adi heyvan rəsmi deyil, ilahi varlıqların mücəssəməsidir. Arxeoloji qazıntılar bu dövrün torevtikasının digər qiymətli nümunələrini də aşkara çıxarmışdır.[17] Həmin əşyaları düzəldən ustalar illərin təcrübəsindən çıxaraq, naxışbasmanın, qəlibkarlığın, döymənin, qaynağın, həkkaklığın və s.-nin sirlərini mənimsəmişdilər. Onlar məmulatın bədii təsir gücünü və estetik ifadəliliyini artırmaq məqsədilə saya gümüşün zər suyuna salınmış gümüşlə həmahəngliyindən məharətlə istifadə edirdilər.[8]

Azərbaycanın şimal vilayətlərindən (eləcə də müasir Cənubi Dağıstandan) tapılan, adətən VI–VIII əsrlərə aid edilən tunc qablar, kuzələr və buxurdanlar da nadir sənət əsərləri kimi maraq doğururlar. Bu qablar zəngin həndəsi və nəbati naxışlarla, eləcə də heyvan təsvirləri ilə bəzədilmişdir. Belə sənət nümunələri arasında, hazırda Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanılan, XX əsrin əvvəllərində Naxçıvanda qədim əntiq əşyalar alverçisindən satın alınan tunc buxurdan xüsusi maraq doğurur. 35,6 sm hündürlükdə, tuncdan tökülmüş süvari heykəlciyi formasında olan bu buxurdan alimlərin (K. V. Trever, V. L. Lukonin, Q. Qoşqarlı və b.) ümumi rəyinə görə, yerli sənətkar tərəfindən düzəldilmişdir.

Qafqaz Albaniyası tarixinin ilk geniş tədqiqatçılarından olan K. V. Trever burada alban hokmdarı Cavanşirin təsvir olunduğunu güman edir. Onun bu gümana gəlməsinə səbəb bir tərəfdən heykəlcikdə Sasani şahlarına xas olmayan elementlərin varlığı, digər tərəfdən isə süvaridəki ikonoqrafik cizgilərin Moisey Kalankatlının Cavanşir haqqındakı məlumatına uyğun gəlməsidir. Azərbaycan alimləri Q. M. Əhmədov və N. İ. Rzayev də K. V. Treverin bu gümanının gerçək olduğunu təsdiq edirlər.[8]

Yazılı mənbələrdəki məlumatlar və arxeoloji araşdırmaların nəticələri göstərir ki, Azərbaycan feodal cəmiyyətinin yüksək təbəqəsinin bədii zövqü ilə məişətdə hədsiz dəbdəbə xoşlayan Sasani hakimlərinin zövq və məişəti arasında uyğun cəhətlər çox idi. Moisey Kalankatlı alban hökmdarı Cavanşirin sarayını belə təsvir edir: "O, günbəzdən tutmuş kandaradək hər yeri naxışlarla bəzətdirdi, divarlara başdan-başa ipək parçalar çəkdirdi, kainatın ziyasını qoruyub saxlayan yataq otağının qapısını gümüşə tutdurdu, üzərində oyma naxışlar açmağı əmr etdi". Sasanilər qiymətli əşyalardan öz diplomatik məqsədləri üçün geniş istifadə edirdilər.

Yeğişenin məlumatına görə, onlar Cənubi Qafqaza gümüş əşyalar gətizdirir və yerli hakimləri ələ almaq üçün onlara bağışlayırdılar. Görünür, bu və digər yollarla (məsələn, ticarət) Azərbaycana gətirilən Sasani metal məmulatı yerli sənətkarlar üçün nümunə olmuş, bu tipli məhəlli məhsulların daha keyfiyyətli istehsalına gətirib çıxarmışdır.[17]

Güman edilir ki, mərkəzdən gətirilən və iri şəhərlərdəki sənətkarlıq emalatxanalarında hazırlanan yerli məhsullardan başqa, iri feodalların ehtiyaclarını ödəmək üçün saxladıqları şəxsi emalatxanalarında da belə şeylər hazırlanırdı. Məhz həmin emalatxanaların zəminində yaranmış yerli məktəblər bu gün də Lahıcda, Köbəçidə öz fəaliyyətlərini davam etdirirlər. Erkən orta əsrlər dövründə bu məktəblər üçün səciyyəvi cəhət onların əsasən "müqəddəs" ağacın çoxyarpaqlı təsvirini verən ornamentlərdən istifadə etməsi idi. Bununla yanaşı, bu dövrdə zoomorf qablar da geniş yayılmışdı.[17]

Dağıstan ərazisindən aşkarlanmış V–VII əsrlərə aid bürünc boşqab. Ermitaj.[4] Dağıstan ərazisindən aşkarlanmış IV–V əsrlərə aid bürünc boşqab. Ermitaj.[4]
Mingəçevir kilsə kompleksindən aşkar olunmuş qoşa tovuz quşu təsvirli xaç altlığı və ya qurbangah, Azərbaycan Tarix Muzeyi
Bartım kəndindən aşkarlanmış Qafqaz Albaniyasına aid[20] qoşa tovuz quşu təsvirli gümüş qab, Ermitaj

Dekorativ tətbiqi incəsənət abidələri arasında mühüm mövqelərdən birini daş üzərində naxışaçma — qliptika tuturdu. Üzərində təsvirlər və yazılar olan müxtəlif qiymətli və yarıqiymətli daşlardan məmurlar, hakimlər, yüksək vəzifəli şəxslər, əyanlar və kahinlər möhür kimi istifadə edirdilər. Azərbaycanda tapılmış və qiymətli mineral daşlardan (əqiqdən, xalsedondan, ametistdən, lazuritdən, yəşəm daşından) düzəldilən gemmaların (üstündə yazı və şəkil qazılmış qiymətli daşların) üzərində daha çox heyvan və quş şəkilləri, əyanların və kahinlərin portretləri, mərasim səhnələri, bəzən isə yırtıcılar tərəfindən otyeyən heyvanların parçalanması səhnələri vardır.[21] Mingəçevirdə tapılan möhürlərin üzərində uzanmış qoyunlar[22], Şamaxıda tapılan möhürlərin üzərində kişi büstü təsvir edilmişdir. İstifadə edilmə məqsədlərinə görə hələ antik dövrdən üç cür gemma düzəldilirdi: möhürlər, bəzəklər və göz muncuqları. Bəzən bir gemma hər üç məqsədi güdürdü. Möhür kimi işlədilən gemmalar məktubların, rəsmi sənədlərin təsdiq edilməsində istifadə olunurdu. Möhürlərin şəkilləri mal taylarının, bu və ya digər ustanın hazırladığı məmulatın üzərinə vurulur, bununla da məhsulun keyfiyyəti təsdiq edilirdi. Arxeoloji qazıntılar ölkəmizin ərazisində xeyli möhür şəkli (bullalar) aşkar etmişdir. Bu möhürlərdə insan, müxtəlif heyvanlar (zebu, maral, qoyun, it, şir və s.) quşlar (xoruz, qartal, göyərçin), əqrəb, fantastik varlıqlar (qanadlı öküz, peqas-qanadlı at və başqa əfsanəvi məxluqlar), müxtəlif bitkilər, atəşpərəstlik mehrabları, göy cisimləri, müxtəlif işarələr və s. təsvir edilmişdir. Bu rəsmlərin əksəriyyəti rəmzi məna daşıyırdı və dini etiqadla bağlı idi. Buna görə də həmin təsvirləri zərdüştiliyin müqəddəs kitabı olan Avestaya illüstrasiyalar kimi qiymətləndirmək mümkündür. Albaniya ərazisində süjetli möhürlərin tez-tez tapılması, görünür, Sasani hökmdarlarının yerli əhali arasında atəşpərəstliyi yaymaq cəhdləri ilə əlaqələndirilir.[17]

Daş üzərində bədii oymanın gözəl nümunələri Mingəçevirdə, VI əsr məbədinin qazıntıları zamanı aşkar olunmuş sütun və kapitel qalıqlarında, pəncərənin oyuq və haşiyələrində, divarların dekorativ tərtibatı ünsürlərində qorunub saxlanmışdır. Sütunların başı, pəncərə yerlərinin haşiyələri və məbədin digər memarlıq detalları əsasən nalvari tağ şəklində oyulmuş, sütunların dairəvi əsasları qədim keramika və metal məmulatını bəzəyən qabırğavari naxışlarla örtülmüşdür. Məbədin tikintisində oyma sənətinin belə geniş tətbiqi, müxtəlif forma və çeşidli divar bəzəklərinin — buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını bir daha sübut edir.[23]

Qəbirüstü abidələrin dekorativ tərtibatında da daş üzərində bədii oyma üsulu tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə qədim alban bəzək motivlərindən — üzüm salxımı, altıguşəli xonça, günəş, xaç, dolama və buruq şəkilli xətlərdən istifadə edildiyini göstərir. Qəbirüstü daşlarda oyulmuş ov, ziyafət, süvarinin görüşü və b. səhnələr öz plastikliyi, təsviri motivləri, habelə kompozisiya xüsusiyyətlərinə görə Bakıda Azərbaycan Tarix Muzeyində saxlanılan tunc möhürlər və üzük qaşlarındakı təsvirlərlə uyuşur. Həmin təsvirlər Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanan alban yazılı daş lövhəsindəki relyefləri də xatırladır.[17]

Monumental heykəltəraşlıq

[redaktə | mənbəni redaktə et]
Xınıslıdan aşkarlanmış, başsız qadın heykəli. (Azərbaycan Tarix Muzeyi)

Monumental heykəltəraşlıq Qafqaz Albaniyası plastik sənətinin maraqlı növlərindən biri idi. Gil və tunc heykəlciklər, daş heykəllər və s. bu qrupa daxildir. Tədqiqatçıların rəyinə görə, başı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin uğurla başa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv edilir və qəbirlərdə basdırılırdı. Buna oxşar adət Orta Asiyada da vardı.[17] Orada dulusçuluq məhsullarını yandırdıqda, onları "bədnəzər"dən qoruyan kukla heykəlciklərlə də belə rəftar edirdilər. Görünür, ecazkar varlıqların surətlərinin rəmzi olan bu sındırılmış heykəlciklər şər qüvvələrin bədnəzərlərini özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi.[24]

Eramızdan əvvəl IV–III əsrlərdən başlayaraq Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət süjetlərinə və mifoloji süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Albaniya terrakotları hər şeydən əvvəl qadın heykəlcikləri, az-az hallarda kişi heykəlcikləri, zoomorf fiqurlar, o cümlədən yüyənli at təsvirləri ilə təmsil olunmuşdur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə İsmayıllı rayonunun ərazisində, Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, QəbələŞamaxı qazıntılarından da məlumdur.[25]

Albaniyanın kiçik gil heykəlyapma (koroplastika) sənəti arxaik formaları xeyli dərəcədə hifz edib saxlamış və o, Şərq incəsənəti üçün səciyyəvi olan üslubda yaradılmışdır. Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana İlahəsinin təsviri ilə bağlı olmuşdur.[26] Albaniya koroplastikasının müəyyən hissəsi Azərbaycanın qədim əhalisinin etiqadlarını və təsəvvürlərini əks etdirən, qonşu ölkələrin incəsənəti ilə ümumi cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən birini təmsil edir.[27]

İçərişəhərdəki qədim paqan məbədi yerində sərgilənən Qafqaz Albaniyası dövrünə aid daş bütlər.

Albaniyanın monumental heykəltəraşlığı arxeoloji tədqiqatların gedişində əsasən ŞirvandaQarabağda üzə çıxarılmış antropomorf daş heykəllərlə təmsil olunmuşdur. Onların böyük bir qismi əhəngdaşından hazırlanmışdır və adamı boyaboy və ya hətta daha iri ölçüdə təqdim edir. Heykəllərin başları bir qayda olaraq qopuqdur. Sağ əl sol döşə, sol əl qarın üstünə və ya sağ əldən aşağıya qoyulmuşdur. Şamaxı rayonunun Çıraqlı kəndində tapılmış daş heykəllər qrupunda üzün cizgiləri (gözlər, burun, qulaqlar) aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir. Daş heykəllər əsasən yerli bütpərəst əhalinin səcdə etdiyi kişi bütləri idi. Bu ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır. Daşdan yalnız monumental heykəllər deyil, həm də kiçik fiqurlar yonulur və onların üzərində müxtəlif təsvirlər həkk edilirdi. Şamaxıda alban tətbiqi sənətinin maraqlı abidəsi tapılmışdır. Bu abidə ağ əhəngdaşından hazırlanan, qədəhə oxşayan zəngşəkilli bir qabdır. Onun içi boş olan gövdəsi bayır tərəfdən çökək ornamentlə örtülmüşdür. Çəpəki və sınıq xətlərlə haşiyələnmiş kompozisiyanın mərkəzində bir- birinin dalınca sıra ilə gedən beş heyvan — təkə, donuz, bəbir və aydın nəzərə çarpan iki maral fiquru yerləşdirilmişdir. Qədəhin yuxarısı üç qabarıq başcıqla — kişi, qadın və it başcıqları ilə qurtarır. İsmayıllı rayonu ərazisində Uzunboylar məskənində də üzərində zoomorf təsvirlər olan daş piyalə tapılmışdır. Həm də buradakı maral təsvirləri, ornament motivləri qədim Şamaxıda tapılmış qədəhdə olan maral təsvirlərinə və ornament motivlərinə bənzəyir.[28] Haqqında danışılan qabların hər ikisi eyni məktəbin məhsulu olub mədəniyyət dairəsinə mənsubdur.[29] Demək lazımdır ki, plastik materialda, torevtika əsərlərində, qliptikada çoxsaylı maral təsvirlərinin motivi məhz alban dekorativ tətbiqi sənəti üçün səciyyəvidir.[30]

Azərbaycan ərazisində qədim tarixli ağacişləmə sənətinin bu nümunələri az tapılsa da, əldə olunan nümunələr ağac üzərində oyma ustalarının yüksək məharətinə sübut edir. VI–VII əsrlərə aid taxta qablar yan-yana düzülmüş romb və ya üçbucaqlarla naxışlanırdı. Təsvir etdiyi səhnəni zənginləşdirmək üçün usta düzəltdiyi məmulatın dairəvi forması və hamar səthindən bacarıqla istifadə edə bilirdi.[17]

Pirsaatçay vadisindəki IV–V əsrlərə aid edilən qədim qəbiristanlıqda aparılmış qazıntılar zamanı daş qutu qəbirlərdə aşkar edilmiş oyma naxışlı taxta qədəh dövrün ağacişləmə sənətinin nümunəsidir. Mingəçevirdə tapılmış taxta təknə üzərində oyma üsulu ilə naxışlanmış "maralların qaçışı" rəsmi də maraqlıdır. Burada erkək maral dişi maralı təqib edir. Bu səhnə təknənin üzərində iki dəfə təkrar olunur. Onların arasındakı boşluqda isə göylərin neməti olan axar sular və məhsuldarlığı təcəssüm etdirən quş təsviri verilmişdir. Bu simvolika sümük darağın üstündə həkk edilmiş Maral (Kassiopeya) bürcünün və məhsuldarlığın rəmzi hesab edilən maralın rəsminə uyğun gəlir. Bütün kompozisiya yuxarıdan və aşağıdan çoxsaylı maili kəsiklər vasitəsilə romba oxşar naxışlarla əhatələnmişdir. Buradakı heyvan təsvirləri olduqca real verilmişdir.[17]

III–VII əsrlər dövrünün plastik sənətində ustalığın artması nəzəri daha çox cəlb edir. Mingəçevirdə qədim albanların müqəddəs od məbədinin yerində aparılmış qazıntılar zamanı tapılmış iki relyefin kompozisiyası çox plastik və ifadəlidir. V–VI əsrlərə aid olunan bir relyef yazılı daş üzərində həkk edilmişdir. Burada üz-üzə dayanmış "müqəddəs" baftalı iki tovuzquşu təsvir olunmuşdur. Onları bir-birindən "müqəddəs" ağac rəsmi ayırır. Tədqiqatçıların fikrincə, yuxarı hissəsində geniş oyuğu olan bu daşın üstündə qurban kəsilirdi. Digər relyefdə sol əli ilə yüyəni tutmuş atlı təsvir edilmişdir. Atlının başını və atın ayaqlarını təsvir edən hissə dağılsa da, yəhərin və süvarinin paltarının əksi relyefin həyatiliyini təsdiq edir. Göründüyü kimi, o dövrün bəzi metal və keramik məmulatında olduğu kimi, burada da sasani motivli süjetdən istifadə edilmişdir. K. V. Treverin fikrincə, bu dövrdə artıq xristianlığı qəbul etmiş albanlar öz incəsənət əsərlərində hələ də əvvəlki etiqadlarını əks etdirən surətləri (o cümlədən "müqəddəs" ağacı, "müqəddəs" baftalarla bəzənmiş, xristian simvolikasına görə həyat, bütpərəstlikdə isə ölüm rəmzi olan tovuz quşlarını və s.) qoruyub saxlamışdılar.[8]

Sümükişləmə

[redaktə | mənbəni redaktə et]

Qafqaz Albaniyasında sümük üzərində oyma sənəti də geniş yayılmışdı. Mingəçevirdə aparılmış arxeoloji qazıntılar III–IV əsrlərə aid edilən sümük daraqları aşkar etmişdir. Daraqlardan birinin üzərində məhsuldarlıq ilahəsini təmsil edən maral təsviri vardır. Darağın o biri üzünü hərəsində üç konsentrik dairə, eləcə də şimşək və ildırımın rəmzi olan nöqtəli qoşa dolanbac xətti və nöqtələri olan üç sıradan ibarət naxış örtür. Yerli inama görə, darağın bu naxışları onun sahibini bədnəzərdən qoruyurdu.[8]

Həmin dövrə aid edilən digər sümük daraq günəşi əks etdirən iki üfüqi zolaqda yerləşdirilmiş konsentrik dairələrlə naxışlanmışdı. Darağın qoç buynuzu şəklində düzəldilmiş qulpu da iki konsentrik dairə ilə bəzədilmişdi. Darağın özü oyma xətlərlə haşiyələnmiş və səkkiz qrup konsentrik dairələrlə bəzənmiş iki üfüqi hissəyə ayrılmışdı. Darağın əks tərəfi hamardır. Təsərrüfat və məişətdə işlədilən taxta əşyalar da oyma naxışlarla bəzədilirdi.[17]

Bədii şüşə

[redaktə | mənbəni redaktə et]
Kabalakadan aşkarlanmış II–III əsrlərə aid Qədim Roma mənşəli şüşə balzam qabı.[31]

III–VII əsrlər incəsənətinin maraqlı növlərindən biri də bədii şüşə sənəti idi. Qədim Azərbaycanda şüşə istehsalı üçün zəruri olan zəngin xammal — kvarslı qum, soda, əhəng, meşə materialları, oda davamlı gil ehtiyatları və s. kifayət qədər idi. Metal emalının artması da şüşə istehsalının inkişafına təsir göstərirdi. Arxeoloji qazıntılar nəticəsində əldə edilən şüşə kürələrin varlığı, istehsal çıxarları, yarımfabrikatlar və s. Azərbaycan ərazisində istehsalın bu sahəsinin geniş yayıldığını sübut edir. Həmçinin məlum olur ki, erkən orta əsrlərdə burada şüşəni iki texnoloji üsulla — daha qədim tökmə və üfürmə üsulları ilə hazırlamışlar. Bədii şüşə məmulatı nümunələri (kuzə formalı şüşə qablar, vazalar, piyalələr, dərman və ətir qabları, qədəhlər, kuboklar, müxtəlif bəzək şeyləri) Mingəçevirdə, İsmayıllıda, Şamaxıda, Gəncədə, Qəbələdə, Yuxarı Qarabağda və başqa yerlərdə aşkar edilmişdir.[32]

Azərbaycan ərazisində eramızın III əsrinə aid edilən ən qədim şüşə qab Mingəçevirdə tapılmışdır.[33] Şüşə, bədii baxımdan daha təsirli material kimi gemmaların hazırlanmasında, qadın bəzəklərinin dekorativ ünsürlərində, qaların istehsalında tətbiq edilirdi. Arxeoloqların Azərbaycanda aşkara çıxardığı şüşə tapıntıları zaman keçdikcə həm yerli bəzək şeylərinin, həm də qabların çeşidlərinin müxtəlifləşdiyini, onların bədii dəyərinin artdığını sübut edir. IV Əsrdən başlayaraq möhürlər, VII əsrdə halqalar, daha sonra bilərziklər meydana çıxır. Vazalarla yanaşı, IV əsrdən başlayaraq yerli piyalə və kuzələrin, V əsrdən isə qədəhlərin istehsalı artır. Qadınlar üçün yumru, yastı, tilli bilərziklərlə yanaşı, eşmə üsulu ilə hazırlanan bilərziklər göy, yaşıl, sarı, qəhvəyi, qara və s. rəngli şüşələrdən düzəldilirdi. Belə bilərziklər dairəvi və ya üçbucaqlı en kəsiyinə malik idi. Bəzi şüşə qolbağıların ucları ilan başı formasında da hazırlanırdı.

Bədii şüşə ustaları keramikanın mütərəqqi bədii xüsusiyyətlərinə yaradıcılıqla yanaşır, özlərinin orijinal formalarını yaradır, məmulatın naxışlanmasının yeni üsullarını kəşf edirdilər. Şüşə məmulatında dekorativ bəzək olan toxunma və qabırğavari naxışlar ərazimizdə səciyyəvi olduğu üçün, onun mövzusu, çox güman ki, ya yerli əhalinin hazırladığı keramika nümunələrindən, ya metal əşyalardan, yaxud da o dövr toxuculuğundan alınmışdı. Qabların müxtəlif ölçülərdə olması isə sübut edir ki, şüşəbişirən sənətkarın müxtəlif ölçüdə qəlibləri və bunlara münasib basmaları olmuşdur. Üzəri toxuma naxışlı şüşə qablar Azərbaycanın, xüsusilə onun şimal hissəsi olan Albaniyanın ilk orta əsrlər dövrü üçün səciyyəvi qab nümunələri olduğundan bunlara qazıntılar zamanı daha tez-tez təsadüf olunur. Bu qabların çoxu V–VII əsrlərin daş qutu və küp qəbirlərində aşkar edildikləri üçün tədqiqatçılar bu tip əşya nümunələrini məhz həmin dövrə aid edirdilər. Alimlərin müəyyənləşdirdiyinə görə, istehsal edilən yerli bədii şüşə məmulatının keyfiyyət baxımından təkmilləşməsi və kəmiyyətcə artması nəticəsində gətirilmə kuzə və vazalar IV əsrdən etibarən yerli qablarla əvəz olunmuşdur.[34]

Ən qədim alban dulusçuluq nümunələri çox rəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır. Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır.[8] Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir. Keramikanın ən səciyyəvi tiplərindən biri olan süddanlar xüsusilə maraqlıdır. Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır, novçanın başlandığı yerdə adətən çox vaxt "süzgəc" düzəldilirdi. Bunlar bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü.[35]

Qabların boğazı və qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir. Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir.[36] Eyni zamanda inkar etmək olmaz ki, Yaxın ŞərqAralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban mədəniyyətinə müəyyən təsir göstərmişdir.[28]

Eramızdan əvvəl IV–III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir.[37] Ümumiyyətlə, mücərrəd ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş qulpların, qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya antropomorf görkəm verilir. Bir çox saxsı qablarda heyvanların, quşların, insanın yapışdırma və basma ornamentlə, boya ilə yaradılmış sxematik təsvirləri vardır ki, bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır. Bununla əlaqədar olaraq İsmayıllı rayonunun Hacıhatəmli yaşayış yerindən tapılmış dabanlı oturacağı olan boz rəngli vazanı xüsusilə qeyd etmək lazımdır; Gövdəsi yapışdırma naxışla bəzədilmiş qabın kiçik şaquli qulpları vardır, ağzı dəyirmidir. Şaquli qulpların hər iki tərəfinə çiçək şəklində kiçik naxışlar yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar və üzün hər iki tərəfindən sallanan iki hörük, batıq cızıqların köməyilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Buna oxşar antropomorf saxsı qablar qədim Şamaxı qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır; qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya bənzəyən, maral, keçi, öküz, xoruz, göyərçin, tısbağa və i.a. formasında hazırlanan, realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində olan het abidələrindən də məlumdur.[38]

Arxeoloji qazıntılar zamanı aşkarlanmış Qafqaz Albaniyası keramika nümunələri
Qəbələ (solda) və Mingəçevirdən (sağda) aşkarlanmış e.ə. I minilliyə aid keramik qablar. Qəbələdən aşkarlanmış üç ayaqlı küpə tipli qara rəngli qabın üzəri cızma və basma üsulu ilə naxışlarla bəzədilmişdir. Mingəçevirdən aşkarlanmış qırmızı gildən hazırlanmış küpə tipli mərasim qabı isə daha sadə dekora malik olub bəsit cızma naxışlarla bəzədilmişdir. Hər iki artefakt Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına daxildir.
Sudağılan yaşayış yerindən aşkarlanmış e.ə. I minilliyə aid keramik qab. Azərbaycan Tarix Muzeyi.
Qara cilalı qablar kateqoriyasından olan bu qab mürəkkəb istehsal və dekor texnikasına malikdir. Küpə formalı qabın həm qapağı, də gövdəsi cızma üsullu naxışlarla bəzədilmiş və ağ pasta ilə inkrustasiya edilmişdir. Qabın səthinin aşağı hissəsində yerləşdirilmiş təkrarlanan naxışlar və onun ümumi həcminin nəcib və silqəli formaları sənətkarın yüksək bacarıq qabiliyyətini və Qafqaz Albaniyasında dulusçuluğun yüksək inkişaf dərəcəsini göstərir.
Mingəçevir (solda) və Qədim Gəncədən (sağda) aşkarlanmış e.ə. III–I əsrlərə aid keramika nümunələri. Hər iki qab regionun analoji dövrə aid abidələri arasında yalnız Qafqaz Albaniyası ərazisində tədqiq edilmiş abidələrdə rast gəlinən xarakterik formaya malikdir. Mingəçevirdən aşkarlanmış və Azərbaycan Tarix Muzeyində saxlanan üç ayaqlı qabın başqa nümunələrinə Qəbələ və Xınıslı qazıntılarında, Qədim Gəncədən aşkarlanmış və Gəncə Tarix-Diyarşünaslıq Muzeyində saxlanan lüləkli qabın digər nümunələrinə isə Qədim Şəmkir, Mingəçevir, Qurbantəpə qazıntılarında rast gəlinmişdir.
Çəkmə formalı keramik qablar, III–V əsrlər. Azərbaycan Tarix Muzeyi.
Qafqaz Albaniyası keramikası üçün xarakterik olan çəkmə formalı qabların ən yaxşı nümunələri Mingəçevir arxeoloji kompleksində qazıntılar zamanı əldə edilmişdir. Şərab badəsi kimi istifadə edilmiş bu cür qabların müxtəlif ölçülərdə olan qulplu və qulpsuz variantları Qafqaz Albaniyasının bütün ərazisində geniş yayılmışdı.
Keramik materialdan hazırlanmış və bişirilmiş alaçıq modelləri, II–III əsrlər. Mingəçevir arxeoloji kompleksi. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Mingəçevir aşkarlanmış I–III əsrlərə aid keramik küpələr. Azərbaycan Tarix Muzeyi.
Eyni yaşayış məntəqəsindən əldə edilmələrinə baxmayaraq tamamilə fərqli material tərkibi və incra xüsusiyyətlərinə malik olan bu keramika nümunələri Qafqaz Albaniyasında keramika nümunələrinin müxtəlif materiallardan və müxtəlif texnikalar istifadə edilməklə hazırlandığını isbat edir. Qulpları qoç fiqurları ilə bəzədilmiş ritual qabı (solda) yaxşı cilalanmış qara gildən, üzərində qırmızı boya ilə çəkilmiş quş təsviri olan küpə (sağda) isə qırmızı gildən hazırlanmışdır.

Alban incəsənətinin tədqiq tarixi

[redaktə | mənbəni redaktə et]
REA-nın müxbir üzvü Kamilla Trever Qafqaz Albaniyasının tarixi və incəsənətinin tədqiqinə monoqrafiya və məqalələr həsr etmişdir.

1926-cı ildə arxeoloq D. M. Şərifovun rəhbərliyi ilə Nuxa uyezdi ərazisindəki Yaloylutəpə ərazisində başlanılan arxeoloji tədqiqatlar o vaxta qədər Qafqaz üçün yad olan dəfn adətlərinin və naxışlı keramika məmulatlarının aşkarlanması ilə nəticələnmişdi.[39] Bu tədqiqatlardan sonra, Azərbaycanın müxtəlif ərazilərində və Şərqi Gürcüstanda aparılmış arxeoloji qazıntılar zamanı Yaloylutəpə tipli dəfn adətinin izləndiyi çoxlu abidələr tədqiqata cəlb edilmişdir. Həmin il D. M. Şərifovun rəhbərliyi, İ. M. Cəfərzadə, K. A. Klementyev və R. Əfəndiyevin iştirakı ilə Qəbələ rayonu ərazisindəki qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlanmış[40] və tədqiqatların nəticəsi olaraq D. Şərifov Albaniya dövlətinin paytaxtını aşkarladıqlarını elan etmişdi.[41]

Küp qablarda dəfn adətinin aşkarlandığı arxeoloji qazıntılar və tədqiqatlara T. İ. Qolubkina rəhbərlik etmişdir.[42] Mingəçevirdə aparılan bu tədqiqatlar zamanı zoomorf tipli keramika nümunələri[43] və keramika nümunələri üzərində möhürlər aşkar edilmişdi.[44][45] Y. A. Poxomov[46], N. V. Minkeviç-Mustafayeva[47], R. M. Vahidov[48], V. P. Fomenko[49], G. M. Aslanov[50][51] və K. M. Əhmədov[52] da müxtəlif dövrlərdə Mingəçevir abidələrində arxeoloji qazıntılar aparmış və artefaktları tədqiq etmişlər. Qafqaz Albaniyası dövrünə aid tarixi-memarlıq abidələrində Y. A. Paxomov nüfuzlu və Qafqazın numizmatikasına həsr edilmiş əsərləri ilə məşhur olan bir alim də məşğul olmuş və öz əsərlərindən altısını Azərbaycanın sikkə xəzinələrinə həsr etmişdir. Həmçinin Mingəçevirin küp qablarda dəfn mədəniyyəti, Albaniya ərazisində Sasani satraplığı dövründə inşa edilmiş divar qalıqları, Qobustanın Böyük Daş dağındakı Roma kitabəsi və Azərbaycanın müxtəlif ərazilərində olan olan alban məzar daşları da Y. A. Poxomov tərəfindən tədqiq edilmişdir.[53]

G. İ. İone küp qəbirlərdən tapılmış müxtəlif keramika məhsullarına[54], küp qəbirlərin tarixləndirilməsinə[55], erkən dövr küp qəbirlərindən birində aşkarlanmış çəkmə formalı saxsı qaba bir neçə məqalə həsr etmişdi.[56] Z. İ. Yampolski Qafqaz Albaniyasının bir neçə abidəsinə, o cümlədən 1848-ci ildə Qobustan dövlət tarixi-bədii qoruğunda aşkarlanmış latın kitabəsinə və Şamaxı və digər rayonlardan aşkralanmış daş alban bütlərinə bir neçə məqalə həsr etmişdi.[57]

Yaloylutəpə mədəniyyətinin tarixi və arexeoloji materiallarının ilk dəfə uğurlu sistemləşdirildiyi əsər hesab edilən[7] O. S. İsmizadənin "Yaloylutəpə mədəniyyəti" əsəri 1956-cı ildə nəşr edilməklə Qafqaz Albaniyasının maddi mədəniyyətinin əsaslarının tədqiqinə həsr edilmişdi.[58] Bu tədqiqatdan sonra Qafqaz Albaniyasının mədəniyyəti və incəsənətinə həsr edilmiş müxtəlif tədqiqatlar və monoqrafiyalar nəşr edilməyə başlandı. G. M. Aslanov, R. M. Vahidov və G. İ. İonenin Mingəçevir arxeoloji qazıntıları zamanı əldə edilmiş külli miqdarda materialın tədqiqinə əsaslanan geniş əsəri EneolitTunc dövrlərinin də incələnməsinə əsaslanır.[59] Həmin dövrdə Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin tədqiqində ciddi addım hesab edilən Kamilla Treverin əsəri də nəşr edilmişdi.[60]

R. M. Vahidov[61] və Z. İ. Yampolskinin[62] Qafqaz Albaniyasının maddi mədəniyyəti və dininin tədqiqinə həsr edilmiş məqalələri də böyük maraqla qarşılanmışdı. Mingəçevirdəki alban abidələri ərazisindəki maddi mədəniyyət və dini həyatı, III – VIII əsrlərə aid müxtəlif məişət əşyaları, qəbir abidələri, epiqrafik abidələr R. M. Vahidovun əsərləri və məqalələrində tədqiq olunmuşdur. Həmin əsərlərdə aşkarlanmış şüşə və keramik məhsulların tədqiqinə də xüsusi diqqət yetirilmişdir. 1960-cı illərdən Azərbaycan SSR-də tarixçi və arxeoloqlar tərəfindən Qafqaz Albaniyası incəsənətinin müxtəlif mərhələlərinə həsr edilmiş dissertasiyalar nəşr edilməyə başlandı. G. M. Aslanov[63], İ. A. Babayev[63] and A. B. Nuriyev,[64] və A. B. Nuriyev öz tədqiqatlarında zinət əşyaları, qliptika və şüşə məmulatının tədqiqinə xüsusi diqqət yetirmişlər, lakin bu əsərlərdə arxeoloji materialların təsviri özəllikləri incələnməmiş, sənətkarlıq formaları, qədim dini ənənələrin incəsənətə təsiri və Qafqaz Albaniyası incəsənətinin mərhələlərinin formalaşmasında rolu tədqiq edilməmişdir. N. İ. Rzayev Qafqaz Albaniyasının keramika nümunələrinin tədqiqinə həsr edilmiş monoqrafiya nəşr etdirmişdi.[65]

  1. К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. — Москва-Ленинград: Издательство Академии наук СССР, 1959. — С. 339. — 389 с
  2. Бретаницкий Леонид Семенович, Веймарн Борис Владимирович. Искусство Азербайджана IV–XVIII веков — Москва: Издательство Искусство, 1976. — С. 31. — 272с.
  3. М. И. Артамонов. История хазар — Л.: Изд-во Гос. Эрмитажа, 1962. 523 с.
  4. 1 2 3 Kamilla Trever. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. Москва-Ленинград: Издательство Академии наук СССР. 1959. 389.
  5. Гаибов, В.А. О некоторых проблемах культа Геракла на эллинистическом Востоке (скальный комплекс Керефто в Иране) (Второй Всесоюзн. симпозиум по пробл. эллинистич. культуры на Востоке. Тез. докладов). Ереван. 1987.
  6. Акопян, А.М. Связи Армении и Кавказской Албании с Парфией (СА, № 4). 1979. ISBN . ..
  7. 1 2 Н. И. Рзаев. Искусство Кавказской Албании (IV в. до н. э. — VII в. н. э.). Баку: Элм. 1976. 138.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Оsmanov, F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı. 1984.
  9. Асланов, Г.М.; Голубкина, Т.И.; Садыхзаде, М.Г. Каталог золотых и серебряных предметов из археологических раскопок Азербайджана. Баку. 1966.
  10. 1 2 3 4 5 Исмизаде, О.Ш. О ювелирном ремесле в древней Кавказской Албании (МКА, VII). Баку. 1973.
  11. Леммлейн, Г.Г. Основные типы каменных бус Мингечаурского некрополя (ДАН АзССР, т. 5, № 2). 1949. ISBN [[Special:BookSources/.//.|.//.]].
  12. Бабаев, И.А.; Казиев, С.М. Кабалинский клад монет эллинистической эпохи (Нумизматика и эпиграфика, вып. IX). 1971. ISBN ., . ..
  13. Асланов, Г.М.; Голубкина, Т.И.; Садыхзаде, М.Г. Каталог золотых и серебряных предметов из археологических раскопок Азербайджана. Баку. 1966.
  14. Нариманов, И.Г.; Джафаров, Г.Ф. О древнейшей металлургии меди на территории Азербайджана (СА, № 1). 1990.
  15. Халилов Д. А. Раскопки на городище Хыныслы, памятнике древней Кавказской Албании. 1962.
  16. Халилов Д. А. Институт истории материальной культуры (Академия наук СССР), Институт археологии (Академия наук СССР). Издательство Академии наук СССР. 1967.
  17. 1 2 3 4 5 6 7 8 9 10 Халилов, Дж.А. Материальная культура Кавказской Албании. Баку. 1985.
  18. Бретаницкий Леонид Семенович, Веймарн Борис Владимирович. Искусство Азербайджана IV–XVIII веков — Москва: Издательство Искусство, 1976. — С. 30. — 272с.
  19. М. И. Артамонов. История хазар — Л.: Изд-во Гос. Эрмитажа, 1962. 523 с
  20. Бретаницкий Леонид Семенович, Веймарн Борис Владимирович. Искусство Азербайджана IV-XVIII веков — Москва: Издательство Искусство, 1976. — С. 29. — 272с
  21. Асланов, Г.; Бабаев, И. Общая характеристика памятников глиптики, найденных при раскопках в Мингечауре (ИАН АзССР, № 2). 1965.
  22. Асланов, Г.М. Материальная культура Мингечаура I-VII вв (Автореф. дис. ...канд. ист. наук). Баку. 1963.
  23. Халилов, Мубариз. Антропоморфные каменные изваяния Карабаха (Азербайджанская археология", № 1-4). 2004. 100–104.
  24. Халилов, Дж.А. Каменные статуи из Хыныслы (ДАН АзССР, № 11). 1980.
  25. Ямпольский, З.И. О статуе, найденной на территории Кавказской Албании (КСИИМК, вып. 60). 1955.
  26. Пахомов, Е.A. Статуэтка из Молла-Исаклинского сельбища и ее датировка (Изв. АзФАН СССР, 2). 1937.
  27. Османов, Ф.Л. Об антропоморфных фигурках античной эпохи, найденных на территории Исмаиллинского района (ИАН АзССР, серия истории, философии, права, № 1). 1971.
  28. 1 2 Бабаев И.А. К вопросу о производстве предметов глиптики в Кавказской Албании. МКА, т. 7, Баку, 1973.
  29. Бабаев, И.А. Памятники глиптики Азербайджана античной эпохи и раннего средневековья (Автореф. дис. ...канд. ист. наук). Баку. 1965.
  30. Бабаев, И.А. Некоторые вопросы изучения памятников глиптики в Азербайджане (ДАН АзССР, XX, № 6). 1964.
  31. Наджафова, И. "О римском стекле II-III вв. н.э. из Габалы" (rus). 30 dekabr 2020. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 avqust 2022.
  32. Нуриев, А.Б. О некоторых античных сосудах, найденных на территории Кавказской Албании (МКА, VIII). Баку. 1976.
  33. Нуриев, А.Б. Стеклянные изделия и их производство в Кавказской Албании (Автореф. дис. ...канд. ист. наук). Баку. 1966.
  34. Нуриев, А.Б. О производстве стекла в древней Шемахе (Сeссия, поcв, итогам археол. работ 1962 г.). Баку. 1964.
  35. Ионе, Г.И. Керамическое производство древнего и средневекового Азербайджана (по данным раскопок Мингечаура) (Автореф. дис. ...канд. ист. наук). Ленинград. 1958.
  36. Ионе, Г.И. Об обжигательных печах Мингечаура (ВДИ, № 3). 1948.
  37. Голубкина, Т.И. О зооморфной керамике из Мингечаура (МКА, II). Баку. 1951.
  38. Исмизаде, О.Ш. О зооморфной керамике из Кара-тепе (ДАН АзССР, 1). 1959.
  39. Д. Шарифов. Некоторые памятники искусства и древности Нухинского уезда. Изв. Общества обследов. и изуч. Азербайджана, вып. 2. 1926.
  40. Д. Шарифов. Обследование развалин Кабалы. Изв. Общества обследов. и изуч. Азербайджана, вып. 4. 1959. 389.
  41. Kamilla Trever. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. Москва-Ленинград: Издательство Академии наук СССР. 1927.
  42. Т. И. Голубкина. Четыре кувшинных погребения из Мннгечаура (раскопки 1950 г.). ИАН Азерб. ССР. 1955.
  43. Т. И. Голубкина. О зооморфной керамике из Мингечаура. 1951.
  44. Т. И. Голубкина. Марки на Мингечаурской керамике. АН Азерб. ССР. 1949.
  45. Т. И. Голубкина. Об одной случайной находке. АН Азерб. ССР. 1947.
  46. Yevgeni Paxomov. Кувшинные погребения из Мингечаура. Изв. Азерб. АН СССР. 1944.
  47. Н. В. Минкевич-Мустафаева. О раскопках в Мингечауре в 1941 г. 1949.
  48. Р. М. Ваидов. Археологические работы в Мингечауре в 1950 г. вып. 46. 1952.
  49. Р. М. Ваидов, В. П. Фоменко. Средневековый храм в Мингечауре. 1951.
  50. Г. М. Асланов. К изучению раннесредневековых памятников Мингечаура. 1955.
  51. Г. М. Асланов. Мингечаурское погребение с костяком, закованным в кандалы. АН Азерб. ССР. 1953.
  52. К. М. Ахмедов. Об археологических раскопках на одном участке в Мингечауре. АН Азерб. ССР. 1954.
  53. Yevgeni Paxomov. Доисламские печати и резные камни Музея истории Азербайджана. 1949.
  54. Г. П. Ионе. Об обжигательных печах Мингечаура. 1948.
  55. Г. П. Ионе. Мингечаурскне кувшинные погребения оружием. 1955.
  56. Г. П. Ионе. Глиняные сосуды-сапожки из Мингечаура. 1953.
  57. 3. И. Ямпольский. О статуе найденной на территории Кавказской Албании. 1955.
  58. Исмизаде О. Ш. Ялойлутепинская культура. Баку: Изд. Института истории АН Азерб. ССР. 1956. 22.
  59. Г. М. Асланов, Р. М. Ваидов, Г. И. Ионе. Древний Мингечаур. Баку. 1959.
  60. Kamilla Trever. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. Москва-Ленинград: Издательство Академии наук СССР. 1959. 389.
  61. Р. М. Ваидов. Мингечаур в III - VIII веках. 1961.
  62. З. И. Ямпольский. Древняя Албания III - I вв. до н. э. 1962.
  63. 1 2 И. А. Бабаев. Памятники глиптики Азербайджана античной эпохи и раннего средневековья. Автореф. Баку. 1963.
  64. А. Б. Нуриев. Стеклянные изделия и их производство в Кавказской Албании. Автореф. Баку. 1966.
  65. Н. И. Рзаев. Художественная керамика Кавказской Албании IV в. до н. э. - I в. н. э. Баку. 1964.
  • Н. И. Рзаев. Искусство Кавказской Албании (IV в. до н. э. — VII в. н. э.). / Академия наук Азербайджанской ССР, Институт архитектуры и искусства, под ред. А. В. Саламзаде — Баку: Элм, 1976. — 138 с.
  • К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании IV в. до н. э.-VII в. н. э. — Москва-Ленинград: Издательство Академии наук СССР, 1959. — 389 с.
  • Кемал Алиев. Античная Кавказская Албания. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1992. — 238 с.
  • З. И. Ямпольский. Вопросы истории Кавказской Албании. Сборник статей. — Баку: Азербайджанское издательско-полиграфическое объединение, 1962.
  • Халилов Д. А. Раскопки на городище Хыныслы, памятнике древней Кавказской Албании. — 1962.