Sudağılan

Mingəçevir kilsə kompleksi1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir.[2][3]

Mingəçevir kilsə kompleksi
Kompleksin tərkibində ən qədim məbəd binası olan 4 nömrəli məbəd binasının görünüşü[1]
Ölkə  Azərbaycan
Şəhər Mingəçevir
Yerləşir Mingəçevir SESin altında qalıb
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IV – VII əsrlər
Vəziyyəti suyun altında qalıb
Mingəçevir kilsə kompleksi (Azərbaycan)
Mingəçevir kilsə kompleksi

Mingəçevir kilsə kompleksinə daxil olan məbədlər birnefli bazilikaların Qafqaz Albaniyasında keçdiyi inkişaf yolunun parlaq nümunəsidir.[4] Sadə və arxaik memarlıq quruluşuna malik olan məbədlərin inşa materialı, kostruksiyası və kompozisiya həllinə əsasən onların inşa tarixinin VI əsr sərhəddini keçmədiyi qeyd edilmişdir.[5]

Kompleksə daxil olan tikililər

[redaktə | mənbəni redaktə et]

1 №-li məbəd

[redaktə | mənbəni redaktə et]
Bir nömrəli məbədin planı

Kompleksə daxil olan daha qədim tikili Mingəçevirdəki 1 №-li məbəddir.[6] Bu məbəd 3 №-li qədim yaşayış yerinin birinci – aşağı təbəqəsində aşkara çıxarılmışdır.[7] Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr olan dördguşəli tikilidir. Şərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən salamat qalmışdır.[8] Bu məbədin xarakterik xüsusiyyəti şərq tərəfində altarın olmamasıdır. Bundan əlavə, 0.20 – 0.60 metr ölçülü cənub və qərb divarlarının saxlanmış hissələrində arxeoloqlar qapı yeri də aşkarlamamışlar ki, bu da girişin şərq tərəfdə yerləşdiyini göstərir.[9] G. Məmmədova isə qeyd edir ki, “burdan belə nəticəyə gəlmək olar ki, bu bina altarı qərb tərəfdə yerləşən politeist məbədinin binasıdır.” [10] Cənubi Qafqazda altarı qərb divarında yerləşən politeist bazilikalarının başqa nümunələrinə də rast gəlinmişdir.[11]

Yaşayış yerinin III əsrdə formalaşması, Qafqaz Albaniyasında xristianlığın IV əsrdə dövlət dini kimi qəbul edilməsini nəzərə alan R.M.Vahidov 1 №-li məbədi IV-V əsrlərə aid edir.[12] G. Məmmədova isə qeyd edir ki, “bu fikir o qədər də inandırıcı deyil, çünki, məbəd yaşayış yeri ilə eyni vaxtda da inşa edilə bilərdi, açıq politeist elementlərinə malik olduğuna görə isə, şübhəsiz ki, bu məbəd xristianlığın dövlət dini kimi qəbul edilməsindən əvvəl, ehtimal ki, III əsrin II yarısında inşa edilmişdi.” [13]

1 №-li məbədin şimal və cənub divarlarının içərisində 6 çıxıntı vardır. Həmin çıxıntılar ibadət edənlər üçün oturacaq rolunu oynamışdır. Ruhanilər üçün oturacaq yerləri yalnız bəzi pravoslav kafedral kilsələri və patriarx kilsələri üçün səciyyəvi idi. Bu cür yerləri, adətən, kilsə döşəməsindən bir və ya iki pillə yuxarıda, xorun yanında, səcdəgaha doğru səmtdə tikirdilər. Mingəçevir məbədindəki çıxıntılar məbədin ortasına doğru yönəlmişdir. Bunun səcdəgahın Şərq hissəsində deyil, məbədin ortasında yerləşməsi ilə bağlı olduğunu güman etmək olar. Arxeoloq R.M.Vahidovun fikrincə, səcdəgah məbədin qərb hissəsində yerləşirdi.[14]

Səcdəgah absidasının olmadığı məbədlərdə qapı oyuğu, adətən, Şərq divarında yerləşirdi. Bu cəhət başqa oxşar abidələrdə, habelə Amarasdakı (IV əsrə aid olan) Müqəddəs Qriqoris məbədində, Müqəddəs Yelisey monastırının ilkin kompleksinin planlaşmasında, habelə səcdəgah absidası olmayan bir sıra zəng qüllələrində müşahidə edilir.[15]

Mingəçevir məbədinə oxşar xristian tikililəri Albaniyada hələ kilsə qurğularının planlaşmasının ciddi qanun-qaydalarının işlənib-hazırlanmadığı dövrdə ucaldılmışdı. Ona görə də qanunla müəyyən olunmuş normalardan müəyyən yayınmalar Albaniyada erkən kilsə tikililərinin səciyyəvi cəhəti idi.[16]

Katolikosluğun təsis olunmasından sonra kilsə binalarının tikintisi ciddi tələblərə tabe olunmağa başlandı. Mxitar Qoşun "Qanunnamə"sində deyilir ki, "kilsənin özülü pravoslavlığın qaydaları əsasında qoyulmalıdır, bu məsələdə yalnız yepiskop və yaxud onun əmri ilə xoryepiskop və yaxud peretut haqlıdır. Kim yepiskopun və yaxud xoryepiskopun icazəsi olmadan kilsənin özülünü qoymağa cəhd edərsə, biz əmr edirik ki, bu cür kilsə dağıdılsın və özül yenidən qoyulsun, beləliklə, kilsə qaydasına toxunulmaz şəkildə əməl edilsin. Bu qayda sarsılmazdır".[17]

İki nömrəli məbədin planı

2 №-li məbəd

[redaktə | mənbəni redaktə et]

Kompleks ərazisindəki ikinci məbəd binası xristian kilsəsinə məxsus bütün xüsusiyyətlərə malikdir. 12.40x5.40 metr ölçülü düzbucaqlı zal, məbədin inşasından sonra ona əlavə edilmiş yarımdairəvi altar apsidası ilə tamamlanır. Zalın daxilində dörd dairəvi təməl daşı aşkarlanmışdır. Arxeoloqlar bu daşların məbədin dam örtüyünü saxlayan dörd sütuna məxsus olduğunu güman edirlər.[18] Ehtimal ki, həm sütunlar, həm də məbədin örtüyü taxtadan işlənmişdi.[13] Bu halda məbədin plan həllində üç nef ayrılır. Lakin, məlum deyil ki, bazilikalarda olduğu kimi, bu məbəddə də, orta nef kənar neflərdən daha hündür inşa edilmişdi, yoxsa hər üç nef bərabər ölçüyə malik idi.[13] Məbədin şimal-şərq hissəsində ona bitişik kiçik bir tikilinin qalıqları da aşkarlanmışdır ki, bu tikilini sonradan xristian məbədlərinin ayrılmaz elementlərindən biri hesab edilən narteksin ilkin variantı hesab etmək olar.[13]

Məbədin altar hissəsindən dəyərli tarixi artefakt olan relyefli daş aşkarlanmışdır. Bəzi tədqiqatçılar daşın kapitel olması fikrini irəli sürmüşlər.[19] G. Məmmədova isə qeyd edir ki, Persepol xəzinəsi və Dedopolis Mindori məbədinin nümunələrinə əsasən taxta sütun üzərində daş kapitelin ucaldılması nümunəsini görsək də, zəngin bəzədilmiş bu daşın iri ölçüləri (yuxarıdan 78x69 sm, aşağıdan 67x92 sm) onun kapitel olması fikrini şübhə altına qoyur. Daşın xaç altlığı kimi şərh edilməsi, onun məbədin inşa edilməsi tarixi (alban kitabəsinə əsasən IV əsrdən əvvəl olmayan) və kult xarakteri [20] ilə daha çox uyğunluq təşkil edir.[13]

Bu məbəd həm də binanın yüksək memarlıq-bədii ifadəliyini sübut edən interyerin dekorativ daş qalıqları ilə diqqət cəlb edir. Bu, adətən sərt və demək olar ki, bəzəklərdən məhrum olan erkən xristian dövrü məbədləri üçün qeyri-adi haldır. Bu məbədin daş relyefləri politesit məbədlərinin bəzəklərinə çox yaxındır. K. Trever qeyd edir ki, “Mingəçevir kilsə kompleksinə baxarkən, politeist məbədinin harda başa çatıb, xristian məbədinin harda başlamasını müəyyən etmək çox çətindir.” [21]

Üç nömrəli məbədin planı

3 №-li məbəd

[redaktə | mənbəni redaktə et]

Üçüncü məbəd 1 №-li məbədin yerində inşa edilmişdir. Bu məbəd böyük (12.50x5.79 m) ibadət zalından ibarət birnefli bazilikadır. Məbədin şərq divarında yarımdairəvi apsida vardır. Üçüncü məbədin əsas xüsusiyyəti, onun divarlarının qeyri adi dərəcədə qalın olmasıdır. Belə ki, məbədin divarları 2.05 metr qalınlığa malikdir. Bir müddət əvvəl inşa edilmiş 2 №-li məbəddə isə divarların qalınlığı 1.30 metri keçmir. G. Məmmədova ehtimal edir ki, divarların belə qalın inşa edilməsinin səbəbi, məbədin üzərini örtən tağın saxlanmasına hesablanmışdır.[4]

4 №-li məbəd

[redaktə | mənbəni redaktə et]
Dörd nömrəli məbədin planı

Dördüncü məbəd 3 №-li məbədin xarabalıqları üzərində inşa edilmişdir. Məbəd iki müxtəlif vaxtda inşa edilmiş hissədən ibarətdir: üç kiçik otaqdan ibarət daha qədim cənub hissə və kilsə və narteksdən ibarət şimal hissə. Kilsə dağıdılmış və ya dağılmış üçüncü məbədin planını təkrar edir. G. Məmmədova qeyd edir ki, Mingəçevir kilsə kompleksində, məbədlərin bir-birinin planını təkrar etməsi təsadüf olmayın, qanunauyğunluqdur. Belə ki, bu, Qafqaz Albaniyasında yeni məbəd inşa edilən zaman qədim məbədin planının saxlanması ənənəsinin olmasından xəbər verir.[4] Beşinci tikili məbədə şərq tərəfdən birləşir və tədqiqatçılar tərəfindən açıq qalereya – atrium kimi təfsir edilir.[22] Atriuma malik erkən Roma bazilikalarından fərqli olaraq, Cənubi Qafqaz memarlığı üçün daha çox qapalı qalereyalar xarakterikdir. Mingəçevir kilsə kompleksinə daxil olan dördüncü məbədin açıq qalereyası regionda bu cür atriumların nadir nümunəsidir.[4]

Məbədin daha qədim olan cənub hissəsi üç otaqlı olmaqla düz taxta tavanla və kərpiclə örtülmüşdü. Pəncərə və qapı kənarları nazik taxta haşiyəyə malik idi. Məbəd böyük ehtimal ki, yarımsilindrik tağla, altar hissə isə konxa ilə örtülmüşdü. Burada da xarici örtük kimi kərpicdən istifadə edilmişdi.[4]

Kompleksə daxil olan əsas məbəd binası günbəzsiz olmuşdur. Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları olmuşlar. Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha mürəkkəb tikililərlə eyni zamanda başlanmış, VIII əsrədək memarlıqda mövcudluğunu saxlamışdır.[23]

Məbədin dövrümüzə yalnız xarabalıqları qalmış və bu xarabalıqlar da arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır. Lakin həmin xarabalıqlar belə bu möhtəşəm kilsə haqqında təsəvvür yaratmağa imkan verir.[24]

Mingəçevirdə, VI əsr məbədinin qazıntıları zamanı daş üzərində oyma sənətinin çox gözəl nümunələri aşkar olunmuş sütun və kapitel qalıqlarında, pəncərənin oyuq və haşiyələrində, divarların dekorativ tərtibatı ünsürlərində qorunub saxlanmışdır.[25][26] Sütunların başı, pəncərə yerlərinin haşiyələri və məbədin digər memarlıq detalları əsasən nalvari tağ şəklində oyulmuş, sütunların dairəvi əsasları qədim keramika və metal məmulatını bəzəyən qabırğavari naxışlarla örtülmüşdür.[27] Məbədin tikintisində oyma sənətinin belə geniş tətbiqi, müxtəlif forma və çeĢidli divar bəzəklərinin – buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını bir daha sübut edir.

Qəbirüstü abidələrin dekorativ tərtibatında da daş üzərində bədii oyma üsulu tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə qədim alban bəzək motivlərindən – üzüm salxımı, altıguşəli xonça, günəş, xaç, dolama və buruq şəkilli xətlərdən istifadə edildiyini göstərir.[28] Qəbirüstü daşlarda oyulmuş ov, ziyafət, süvarinin görüşü və b. səhnələr öz plastikliyi, təsviri motivləri, habelə kompozisiya xüsusiyyətlərinə görə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılan tunc möhürlər və üzük qaşlarındakı təsvirlərlə uyuşur.[29] Həmin təsvirlər Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanan alban yazılı daş lövhəsindəki relyefləri də xatırladır.[29][30]

Mingəçevirdə qədim albanların müqəddəs od məbədinin yerində aparılmış qazıntılar zamanı tapılmış iki relyefin kompozisiyası çox plastik və ifadəlidir.[31] V – VI əsrlərə aid olunan bir relyef yazılı daş üzərində həkk edilmişdir. Burada üz-üzə dayanmış "müqəddəs" baftalı iki tovuzquşu təsvir olunmuşdur. Onları bir-birindən "müqəddəs" ağac rəsmi ayırır. Tədqiqatçıların fikrincə, yuxarı hissəsində geniş oyuğu olan bu daşın üstündə qurban kəsilirdi. Digər relyefdə sol əli ilə yüyəni tutmuş atlı təsvir edilmişdir. Atlının başını və atın ayaqlarını təsvir edən hissə dağılsa da, yəhərin və süvarinin paltarının əksi relyefin həyatiliyini təsdiq edir.[32]

Alimlərin fikrincə (K.V.Trever və b.), bu dövrdə artıq xristianlığı qəbul etmiş albanlar öz incəsənət əsərlərində hələ də əvvəlki etiqadlarını əks etdirən surətləri (o cümlədən "müqəddəs" ağacı, "müqəddəs" baftalarla bəzənmiş, xristian simvolikasına görə həyat, bütpərəstlikdə isə ölüm rəmzi olan tovuz quşlarını və s.) qoruyub saxlamışdılar.

  1. Vahidov R.M. Mingəçevir III-VII əsrlərdə. Bakı, 1965
  2. Q.M.Aslanov, R.M.Vahidov, Q.İ.İone – Qədim Mingəçevir, Bakı, 1959.
  3. Qazıyev S. M. İki küp və iki katakomba qəbri. MKA, III, Bakı, 1953
  4. 1 2 3 4 5 Məmmədova, 2004. səh. 37
  5. Г.Г.Мамедова – Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку, Элм, 1985, səh. 8
  6. Ионе Г.Н. Археологические раскопки в Мингечауре.//ДАН АзССР, II, 1946, № 9.
  7. Казиев С.М. Археологические памятники Мингечаура как исторический источник для изучения истории Азербайджана.//ИАН АзССР, 1950, 7
  8. Казиев С.М. Археологические работы в Мингечауре.//Вести АН СССР, 1947, № 12
  9. Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 96
  10. Məmmədova, 2004. səh. 35
  11. А. Саинян – Архитектура Касахской базилики, Ереван, АН Арм. ССР, səh. 95
  12. Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 125
  13. 1 2 3 4 5 Məmmədova, 2004. səh. 36
  14. Göyüşov R. – Azərbaycan arxeologiyası. Bakı, ADU, 1975
  15. Казиев С.М. Археологические раскопки в Мингечауре. МКА, I, Баку, 1949
  16. Казиев С.М. Новые археологические находки в Мингечауре в 1948 г.// ДАН АзССР, 1948, № 9.
  17. R.M.Vahidov – Mingəçevir III-VIII əsrlərdə, Bakı, Elm, 1983
  18. Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 98
  19. М.А.Усейнов, Л. Бретаницкий, А. Саламзаде – История архитектуры Азербайджана, Москва, Гос.изд-во литерат. по строит., архит. и строит. матер., 1963, səh.35
  20. Д.А.Ахундов – Архитектура древнего и раннесредневекового Азербайджана, Баку, Азерб.гос.изд-во, 1986, səh. 251
  21. К.В.Тревер – Очерки по истории и културе Кавказской Албании ( IV в.до н.э.- VIII в. н.э), Изв.АН СССР,М.-Л., 1959, səh.297
  22. Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh.104
  23. Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур. Баку 1959
  24. Ваидов Р.М. Археологические работы в Мингечауре в 1950 г. КСИИМК, ХLVI, 1952
  25. Голубкина Т.И. Четыре кувшинных погребения из Мингечаура. //ДАН АзССР, 1956, № 3.
  26. Qazıyev S.M. Mingəçevirdə arxeoloji yadigarlar. MKA, I, Bakı, 1949
  27. Даниелян О.А. Парное погребение в кувшине из Мингечаура. //ДАН АзССР, 1959, № 3
  28. Ионе Г.И. Керамическое производство древнего и средневекового Азербайджана (по данным раскопок Мингечаура).//Автореф. дис. ...канд. ист. наук, Л., 1958
  29. 1 2 Голубкина Т.И. О зооморфной керамике из Мингечаура. МКА, II, Баку, 1951
  30. Qazıyev S.M. Mingəçevirdə tapılmış bəzi silahlardan. MKA, II, Bakı, 1951
  31. Ионе Г.И. Керамическое производство древнего и средневекового Азербайджана (по данным раскопок Мингечаура).//Автореф. дис. ...канд. ист. наук, Л., 1958.
  32. Azərbaycan etnoqrafiyası.Üç cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007
  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
  • Ваидов, Р.М., Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961