Əhrar Partiyası (1918)

Əhrar (Azadlıqsevər) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya.[2]

Əhrar Partiyası
Sədri Aslan bəy Qardaşov
Quruluş tarixi 1918
Dağılma tarixi 27 aprel 1920
İdeologiya liberalizm
Parlamentdə
6 / 120
(27 aprel 1920)
Mətbuat orqanı El qəzeti[1]

1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi. Partiyanın yaradıcıları sırasında Abdulla bəy Əfəndizadə,[3] Mustafa Əfəndi Əfəndizadə,[4] Əşrəf bəy Tağıyev[5] olmuşdur.

İttihad Partiyasının II Qurultayında Əhmdə Bədiyyə Triniç adlı MK katibi İttihad və Tərəqqi Firqəsinin milliyətçilik fikirlərini mənimsənilməsi fikri ilə çıxış etmiş, fikri etirazla qarşılandıqdan sonra 2 türk və 1 alban nümayəndə ilə məclisi tərk etmişdir. Bu hadisədən sonra həmin şəxslər dəhlizdə qurultay iştirakçılarına Müsavat Partiyası məramnaməsi paylanılmışdır. Bu hadisə məlum olanda məramnamə paylayanlar döyülərək ərazidən uzaqlaşdırılmışdır. Yerli qəzetlər bu hadisəni və partiyanı sərt tənqid etmişdir.[6] Bir müddət Müsavat Partiyasına üzv olan, daha sonra Əhrar Partiyası Mərkəzi Komitəsi üzvü olan Triniç barəsində daha sonra "QPU-nun agenti" və "bolşevik casusu" yazıları yazılmışdır.[7]

Parlament və hökumətdə

[redaktə | mənbəni redaktə et]

Əhrarın fəaliyyəti, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan eyni adlı fraksiya çərçivəsində keçirdi. Fraksiyanın üzvləri Aslan bəy Qardaşov, Rəşid bəy Qaplanov, Abdulla bəy Əfəndizadə, Qərib Kərim oğlu, Bayram Niyazi Kiçikxanlı və başqaları idilər.[2]

Əhrarın bəyannaməsi Abdulla bəy Əfəndizadə tərəfindən dekabrın 26-da Parlamentin iclasında açıqlandı. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması alqışlanmaqla yanaşı, Hökumətin fəaliyyəti tənqid edilirdi. Əhrar aqrar islahatlarla bağlı mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, fəhlə məsələsində isə 8 saatlıq iş günü, əməyin mühafizəsi tələblərinin tərəfdarı idi. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi.

1919-cu il aprelin 14-də Əhrar fraksiyasından Rəşad bəy Qaplanov maarif və dini etiqad naziri, Aslan bəy Qardaşov isə əkinçilik naziri kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi I Yusifbəyli hökumətinə daxil oldular.

Aqrar islahatların keçirilməsinin ləngidilməsinə görə Hökuməti tənqid edən sosialistlərə Əhrar fraksiyası da qoşulmuşdu.[8]

Böhran və aprel işğalı

[redaktə | mənbəni redaktə et]

II Yusifbəyli hökumətində Rəşad Qaplanov ticarət, sənaye və ərzaq naziri təyin olundu. Aprel işğalı ərəfəsində İttihad, Sosialistlər və Əhrar birləşərək hökumətə etimadsızlıq göstərdilər və bununla da, 11-ci Qırmızı ordunun müdaxiləsi ərəfəsində hakimiyyət böhranını gücləndirdilər. Əhrarın bəyanatında deyilirdi ki, hökumətin əksəriyyəti radikal (yəni, sosialist yönümlü) addımlar atmaq istəmədiyindən, vəziyyəti daha da gərginləşdirirlər.

1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov Əhrar nümayəndələrinin koalisyon hökumətdən çıxması barədə bəyanat verdi. Bundan sonra Əhrar və İttihad fraksiyaları Məmmədhəsən Hacınskinin baş nazir vəzifəsinə təyin olunmasına və bolşeviklərlə birgə yeni hökumət formalaşdırılmasına razılıq versələr də, artıq gec idi. Bolşeviklər heç bir koalisiyaya razı olmadılar və hakimiyyətin təhvil verilməsi barədə parlamentə ultimatum göndərdilər. Gərgin mübahisələrlə qarşılanan bu sənədin müzakirəsində Müsavatdan başqa, bütün partiya liderləri ilə birgə Aslan bəy Qardaşov da ultimatumun qəbul edilməsinə və hakimiyyətin bolşeviklərə təhvil verilməsinə səs verdi. XI Qırmızı Ordu aprelin 28-də Bakıya daxil olduqdan sonra parlament və bütün siyasi partiyalar buraxıldı. Bununla Əhrar partiyasının da fəaliyyətinə son qoyuldu.[8]

Xaləddin İbrahimlinin yazdığına görə Əliheydər Qarayev yazılarında işğalın ilk günlərində menşeviklərin, əhrarçıların, bundçuların və ittihadçıların mərkəzi komitələrindən partiyalarının ləğv edildiyi və özlərinin kommunist partiyası sıralarına alınması ilə bağlı ərizə aldığını yazmışdır.[9] Buna baxmayaraq üzvlərinin bir hissəsi isə Müsavat Partiyası sıralarına qoşuldu.[9]

  • Xaləddin İbrahimli. Azərbaycan mühacirət tarixi. Bakı: Elm və Təhsil. 2012.
  • Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997.
  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001
  • Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), B., 1998
  • Süleymanova S., Azərbaycanda ictimai-siyasi hərəkat, B., 1999
  1. "Arxivlənmiş surət". 2013-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
  2. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 356. ISBN 9952-417-14-2.
  3. "Əfəndizadə Abdulla bəyin yaşayış evi". sheki.heritage.org.az. 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  4. "Dövlət-din münasibətləri Xalq Cümhuriyyəti dövründə də mükəmməl tənzimlənirdi".
  5. "Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?". Kulis.az (az.). 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  6. Göyüşov, 1997. səh. 77
  7. Göyüşov, 1997. səh. 78
  8. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 357. ISBN 9952-417-14-2.
  9. 1 2 İbrahimli, 2012. səh. 62