Amerika erməniləri (erm. Ամերիկահայեր) - Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilərə verilən ümumi ad. Amerika erməni icması, Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Ermənilərin Şimali Amerikaya gəlişi XVIII və XIX əsrlərdə baş vermişdir. Həmidiyə qətliamı və Erməni soyqırımı kimi hadisələr etnik ermənilərinin Amerika Birləşmiş Ştatlarına köçünü sürətləndirmişdir. Bu dövrlərdə Amerikaya gəlmiş ermənilər əsasən Osmanlı imperiyası və İran ərazilərdən köç edirdilər. 1950-ci ildən etibarən Türkiyə, İran, Livan və Suriyada yaşayan etnik ermənilərin mühüm bir qrupu Amerikaya müharicət etmişdir. SSRİ-nin 1991-ci ildə dağılması mühacirət dalğasını genişləndirmiş, bir çox sovet ölkələrində yaşayan ermənilər ABŞ-yə köçmüşdür.
Yaşadığı ərazilər | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||
Dili | ||||||||||||||||||||||||
Dini | ||||||||||||||||||||||||
Erməni diasporunun mühüm bir həlqəsini təşkil edən Amerika erməniləri, ABŞ ərazilərində məskunlaşdıqları ilk illərdən başlayaraq bir çox ictimai və siyasi fəaliyyətlə məşğul olmuşdular. Amerika Erməniləri Milli Komitəsi və Amerika Erməni Assambleyası Erməni soyqırımı iddialarının tanınması yolunda uzun illərdir ki, fəaliyyət göstərirlər. Amerika ermənilərin əsas fəaliyyət istiqamətlərindən biridə ABŞ - Ermənistan münasibətlərini daha da dərinləşdirmək və hər il Ermənistana göstərilən humanitar yardımların həcmini genişləndirməkdən ibarətdir. ABŞ-də erməni dilində təhsil verən məktəblərin açılmasına diaspora tərəfindən xüsusi önəm verilir. Hal-hazırda ABŞ ərazisində 22 bu tip məktəb yerləşir. Amerika erməniləri əsasən Erməni Qriqorian Kilsəsinə mənsubdur. ABŞ-nin müxtəlif şəhərlərində erməni kilsələri vardır, Amerikada ilk erməni kilsəsi 1891-ci ildə Massaçusets ştatının Vorkestr şəhərində tikilmişdir.
2011-ci ildə ABŞ-də əhalinin etnik tərkibi üzrə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Amerikada yaşayan əhalinin 483.366[1] nəfəri etnik baxımdan ermənidir. Müxtəlif mənbələrdə bu rəqəm 800.000 ilə 1.500.000 arasında göstərilmişdir. Amerika ermənilərinin 160 mindən çoxu Kaliforniya ştatının ərazisində yaşayır. Rəsmi rəqəmlərdə ABŞ ərazisində yarım milyona yaxın ermənin yaşadığı göstərilsədə, rəyi soruşulan insanlardan 385,488 nəfəri etnik tərkibi kimi erməni olduğunu göstərmişdir. Kaliforniya ştatında yerləşən Qlendeyl şəhəri Amerika ermənilərinin qeyri-rəsmi mərkəzi hesab olunur.
İlk ermənilərin Şimali Amerikaya XVII əsrin əvvələrində gəldikləri ehtimal olunur. Rəsmi mənbələrdə ABŞ ərazisinə gəlmiş ilk erməninin, İran erməniləridən olan Martin adlı tütün taciri olduğu bildirilir. Tütün ticarəti ilə məşğul olan Martin 1618-ci ildə Virciniya ştatının ərazisində yerləşən Ceymstaun kaloniyasına gəlmişdir.[2][3] 1653 və 1654-cü illərdə İstanbul şəhərində yaşayan erməni tacirlər ipək ticarəti ilə məşğul olmaq üçün Virciniya ərazilərinə səyahət etmişdilər. XVII və XVIII əsrlərdə müxtəlif peşə sahibləri olan ermənilər Şimali Amerika ərazilərinə gəlmiş, burada fərdi şəkildə yaşamağı üstün tutmuş, hər hansısa bir icma formalaşdırmamışdılar. 1770-ci ildə 70 nəfər erməni yeni salınmış kaloniyalarda məskunlaşdırılmışdır. Türkiyənin şərq ərazilərində və Kilikiyada yaşayan ermənilər öz dini missionerlik fəaliyyətlərini yaymaq üçün tez-tez Avropa ölkələrinə səfərlər edirdlər. Dini təhsil almış və missionerlik fəaliyyəti ilə məşğul olan Khaçik Oskaniyan 1834-cü ildə Amerika Birləşmiş Ştatlarına gəlmişdir. Oskaniyan bir müddət New York Herald Tribune qəzetinə və Nyu-York jurnalistlər klubunda çalışmışdır.[4] XIX əsrin ikinci yarısında etibrən bir çox ermənilər təhsil almaq üçün Amerika Birləşmiş Ştatlarına üz tutması barədə müxtəlif faktlar vardır.
ABŞ Vətəndaş müharibəsi zamanı bir necə erməninin ABŞ ordusu tərəfindən müharibədə iştirak etdiyi məlumdur. Filadelfiya ştatı ərazisində yerləşən və ABŞ ordusunun əsgərləri üçün nəzərdə tutulmuş hərbi hospitalda, Simon Minasyan, Qaraberd Qalsitan və Baroniq Matevosiyan adlı üç erməni fəaliyyət göstərmişdir. ABŞ dövlət orqanlarının verdiyi rəsmi məlumata görə ABŞ ərazilərində 1854-cü ildə 20 nəfər, 1870-ci ildə isə 70 nəfər erməni yaşayırdı. Ermənilər əsasən Nyu-York, Massaçusets və Rod-Aylend kimi ştatların ərazilərində məskunlaşmışdılar. 1880-cı ilin sonlarına yaxın Amerikada yaşyan ermənilərin sayı. 1.500 nəfərə çatmışdır. Bu ermənilərin çoxunu Osmanlı imperiyasından gəlmiş dini missioner gənclər təşkil edirdi. XIX əsrin sonlarına yaxın Amerikaya gələn ermənilər əsasən Osmanlı imperiyasının Van, Ərzurum və Dərsim kimi vilayətlərindən gəlirdilər. 1820-1898-ci illərdə olan mühacirət axını nəticəsində Amerika Birləşmiş Ştatlarına 4.000 nəfərə yaxın erməni gəlmişdir.