Horovlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Horovlu kənd inzibati ərazi dairəsində kənd[1].
Horovlu | |
---|---|
39°24′00″ şm. e. 47°05′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 450 m |
Saat qurşağı | |
Azərbaycanın Cəbrayıl rayonunda eyniadlı inzibati-ərazi vahidinə daxil olub,[2][3] düzənlikdə, Cəbrayıl şəhərindən 8 km şərqdə yerləşir.[4]
Kənd 1993-cü ildən 2020-ci ilin sonlarına qədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.[5]
"Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə görə, kəndin adı İran Azərbaycanın Horov kəndindən gəlir. XIX əsrdə həmin kənddən köç edən insanlar burada məskunlaşaraq kəndi qurmuşlar.[2][6]
Rusiya İmperiyası dövründə kənd Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.[7]
Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun Horovlu kənd sovetliyinin tərkibində idi.[4] Kənd Birinci Qarabağ müharibəsində Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və məhv edilmişdir.[6]
BBC xəbər verir ki, peyk görüntülərinə əsasən, Azərbaycanın cənubda azad etdiyini bildirdiyi bütün kəndlər xarabalıq vəziyyətindədir və 1990-cı illərin əvvəllərində ermənilərin hücumlarından qaçan Azərbaycan əhalisi onları tamamilə və ya demək olar ki, tamamilə tərk etmişdir.[8]
4 oktyabr 2020-ci il axşamı, dövlət televiziyası AzTV-də canlı yayımda, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun doqquz kəndini: Kərxulu, Şükürbəyli, Çarakan, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəcəl kəndlərini azad etdiyini bəyan etmişdir.[9][10]
4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kəndə səfər edərək, kəndin təməlqoyma mərasimində iştirak etmişdir.[11][5]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Horovlu kənd dairəsinin Horovlu kəndində 184 ev var idi və burada 894 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, onlar kəndlilər idi.[7]
Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Horovlu kənd sovetliyinin (Çapand, Papı kəndləri) mərkəzi olan Horovlu kəndində 187 təsərrüfat və 934 sakin var idi. Kənd sovetliyinin əhalisinin 99,8%-i türklərdən (azərbaycanlılardan) ibarət idi.[12]
1986-cı ildə kənddə 1 410 nəfər yaşayırdı.[7]