Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı.
Loren Alfonso Dominges | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Loren Alfonso Dominges |
Vətəndaşlığı |
Kuba (2014—2017) → Azərbaycan (2017—) |
Doğum tarixi | |
Doğum yeri | Havana, Kuba |
Boyu | 190 sm. (6 ft 7 in) |
İdman növü | Boks |
Karyera illəri | 2014— |
Komandası | Qəbələ İdman Klubu |
Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub.
Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür.
Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur.[1]
Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi. Kuba yığmasının əsas üzvü Rio-de-Janeyro Olimpiadasının qalibi olan Arlen Lopez idi.
Loren Alfonso 2014-cü ilin 7-11 aprelində Komandalararası Kuba Çempionatında çıxış elədi və Yasmani Rodrigez üzərində 2:1 hesabı ilə qələbə qazandı.[2] Daha sonra Loren Alfonso ilin sonlarında Santa Klara şəhərində baş tutan Kuba Çempionatında mübarizə apardı. Loren Alfonso 1/8 final mərhələsində Hector Boloya 3:0 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Emilio Korreaya 0:3 hesabı ilə məğlub oldu və turniri medalsız başa vurdu.[3]
Loren Alfonso 2015-ci ildə baş tutan Kuba Çempionatında isə 1/8 final mərhələsində Janiel Serranoya məğlub oldu.[4] 2016-cı ildə baş tutan Kuba Çempionatında isə o, 1/8 final mərhələsində Jairo Ramireza qalib gəlsə də (5:0), 1/4 final mərhələsində Arlen Lopeza məğlub oldu (0:5).[5]
Kuba Çempionatında nailiyyət əldə edə bilməyən və buna görə də Kuba yığmasının əsas heyət üzvü ola bilməyən Loren Alfonso, 2017-ci ildə başqa yığmanın heyətində çıxış eləməyi qərara aldı. Həmin dönəmdə Azərbaycan yığmasının heyətində 81 Kq.-da çıxış edən Teymur Məmmədov idmanla vidalaşdığı üçün, məşqçilər onu əvəzinə istedadlı idmançı axtarmağa başladı. Loren Alfonso əvvəlcə "Qəbələ" İdman Klubunun heyətində məşqlərə qoşuldu, sonra isə Azərbaycan Çempinatında qüvvəsini sınadı.
Loren Alfonso 2019-cu ilin 20-30 iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı.[6] 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Stepan Hrehul oldu.[7] İyunun 22-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[8] Bu mərhələdə o, Belarus təmsilçisi Mixail Dauhaliavets ilə üz-üzə gəldi. İyunun 25-də baş tutan görüşdə Loren Alfonso 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[9] Bu mərhələdə onun rəqibi Belçika nümayəndəsi Ziad El Mohor oldu. İyunun 26-da baş tutan görüşdə də Loren Alfonso rəqibi üzərində inamlı qələbə qazandı — 5:0. Bununla da Loren Alfonso Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[10] Finala gedən yolda onun rəqibi İtaliya təmsilçisi Simon Fiori oldu. İyunun 28-də baş tutan görüşdə Loren Alfonso rəqibindən üstü oldu (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[11] Həlledici görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və II Avropa Oyunlarının qalibi oldu.[12][13][14]
2019-cu ilin əsas turniri 8-22 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu.[15][16][17] Təsnifat mərhələsindən azad olan Loren Alfonso, 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İspaniya nümayəndəsi Qaziməhəmməd Cəlidov ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[18] Bu mərhələdə onun rəqibi Avstriya təmsilçisi Umar Cambəyov oldu. Həmin görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı.[19] Bu mərhələdə o, Özbəkistan nümayəndəsi Dilşodbəy Ruzmetov ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.[20]
2020-ci ildə Yaponiyada baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Olimpiya Təsnifat Turniri 14-22 martda Birləşmiş Krallığın London şəhərində baş tutdu. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Loren Alfonso da cəlb edildi.[21] Həmin günlərdə COVID-19 (Koronavirus) pandemiyası bütün dünyanı cənginə alsa da, IBA tərəfindən həmin turnirin təxirə salınmayacağı bildirildi.[22] Təsnifat mərhələsindən azad olan Loren Alfonso, 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə martın 17-də Ukrayna nümayəndəsi Stepan Hrehul ilə üz-üzə gəlməli idi.[23] Amma turnirin 4-cü günündə IBA tərəfindən COVID-19 pandemiyası səbəbilə Avropa Olimpiya Təsnifat Turnirinin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul elədi.[24] Martın 24-də isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul elədi.[25] Ümumi olaraq 2020-ci il ərzində beynəlxalq turnirlər baş tutmadı.
Loren Alfonso 2021-ci ilin martında İstanbul şəhərində baş tutan "Bosphorus Cup" beynəlxalq turnirində mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Bağıt Toğtosuna qalib gəlsə də, 1/2 final mərhələsində Türkiyə təmsilçisi Mehmet Ünala məğlub oldu və turnirin bürünc medalına sahib oldu.[26]
Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının 2021-ci ilin avqustunda baş tutması, IBA tərəfindən isə 2020-ci ilin martında təxirə salınan Avropa Olimpiya Təsnifat Turnirinin 4-8 iyunda baş tutması qərara alındı.
Loren Alfonso turnirdən əvvəl Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışlarında oldu.[27] Avropa Olimpiya Təsnifat Turniri 4-8 iyunda Fransanın Paris şəhərində baş tutdu.[28] IBA tərəfindən qəbul edilən qərara əsasən 2020-ci ilin martında turnirin dörd günü ərzində qeydə alınan nəticələr qüvvədə qaldı. Bununla da Loren Alfonsonun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Ukrayna nümayəndəsi Stepan Hrehul oldu. Loren Alfonso, Stepan Hrehula 2019-cu ildə Avropa Oyunlarında qalib gəlmişdi. İyunun 4-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[29] Bu mərhələdə o, Rusiya Federasiyası təmsilçisi İmam Xatayev ilə üz-üzə gəldi. İyunun 5-də baş tutan görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[30] Bununla o, Olimpiadaya vəsiqəni təmin elədi.[31] Loren Alfonso yarım-final mərhələsində İspaniya nümayəndəsi Qaziməhəmməd Cəlidov ilə üz-üzə gəlməli idi. Amma Qaziməhəmməd Cəlidov görüşdə mübarizə aparmaqdan imtina elədi və Loren Alfonso turnirin final görüşünə vəsiqə qazandı.[32] Formal əhəmiyyətə sahib olan final görüşündə isə onun rəqibi Birləşmiş Krallıq təmsilçisi Bencamin Uitteher oldu. Bu görüşdə də rəqib mübarizə aparmaqdan imtina elədi və Loren Alfonso görüşün qalibi oldu. Bununla da o, həm Olimpiadaya vəsiqə qazandı, həm də Avropa Olimpita Təsnifat Turnirinin qalibi oldu.[33][34]
COVID-19 (Koronavirus) pandemiyası səbəbilə 2020-ci ildə təxirə salınan XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin 22 iyul-8 avqustunda Yaponiyada baş tutdu. Azərbaycan yığması Olimpiada da beş idmançı ilə təmsil olundu: 2015-ci il Avropa Oyunlarının bürünc medalçısı Tayfur Əliyev (57 Kq.), 2013-cü il Dünya Çempionatının qalibi Cavid Çələbiyev (63 Kq.), 2016-cı il Rio-de-Janeyro Olimpiadasının finalçısı Lorenso Sotomayor (69 Kq.), 2019-cu il Avropa Oyunlarının qalibi Loren Alfonso (81 Kq.) və Məhəmməd Abdullayev (+91 Kq.)[35][36]
22 idmançının mübarizə apardığı turnirdə Loren Alfonso təsnifat mərhələsindən azad idi.[37][38] Loren Alfonsonun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Özbəkistan nümayəndəsi Dilşodbəy Ruzmetov oldu. Loren Alfonso, Dilşodbəy Ruzmetova 2019-cu ildə baş tutan Dünya Çempionatında məğlub olmuşdu. İyulun 28-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və Olimpiadanın 1/4 final mərhələsinə adladı.[39][40] Bu mərhələdə onun rəqibi Türkiyə təmsilçisi Bayram Malhan oldu.[41] İyulun 30-da baş tutan görüşdə Loren Alfonso rəqibindən üstün oldu — 5:0. Bununla da o, yarım-final mərhələsinə adlamaqla ən azından bürünc medalı təmin elədi.[42][43] Görüşdən sonra Loren Alfonso müsahibəsində bunları bildirdi: "Ən azından bürünc medalı təmin elədiyim üçün çox şadam. Amma mənim hədəfim qızıl medaldır".[44] Finala gedən yolda onun rəqibi — 2016-cı il Rio-de-Janeyro Olimpiadasının qalibi olan Kuba nümayəndəsi Arlen Lopez oldu. Bir zamanlar eyni yığmada məşq edən Alfonso və Lopez arasında baş tutan görüş, Loren Alfonso üçün prinsipial əhəmiyyət daşıyırdı. Məhz Arlen Lopez Kuba yığmasının "bir nömrəsi" olduğu üçün Loren Alfonso başqa yığmada çıxış eləməyə məcbur olmuşdu. Olimpiadanın yarım-final mərhələsinin görüşləri avqustun 1-də baş tutdu. Görüşün birinci raundunda üstün tərəf Loren Alfonso olsa da, növbəti raundlarda Arlen Lopez tədricən üstünlüyü ələ aldı. Nəticədə Loren Alfonso rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bununla da Loren Alfonso XXXII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[45][46][47][48]
Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən XXXII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Loren Berto Alfonso Dominqez 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[49]
IBA tərəfindən Dünya Çempionatları Olimpiya Oyunlarının olmadığı illərdə baş tuturdu. IBA, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən Olimpiya Oyunlarının 2020-ci ildən 2021-ci ilə təyin edilməsi, Dünya Çempionatına təsir göstərməyəcəyini bildirdi və turnirin noyabrda Serbiyanın Belqrad şəhərində baş tutacağını bildirdi.[50]
Dünya Çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Loren Alfonso da cəlb edildi.[51][52] Loren Alfonso 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə qaçqınlardan ibarət yığmanın üzvü Tavfiqullah Sulaimani ilə üz-üzə gəldi.[53] Həmin görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[54] Bu mərhələdə onun rəqibi Rumıniya təmsilçisi Paul Aradoaie oldu. Bu görüşdə də üstün tərəf Loren Alfonso oldu — 5:0.[55] Bununla da o, turnirin 1/4 final mərhələsinə adladı.[56] Bu mərhələdə o, Rusiya Milli Olimpiya Komitəsini (MOK) təmsil edən Şarabutdin Atayev ilə üz-üzə gəldi. Həmin görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[57] Finala gedən yolda onun rəqibi Kuba nümayəndəsi Heriç Ruiz oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[58] Həlledici görüşdə onun rəqibi Braziliya təmsilçisi Keno Maçado oldu. Noyabrın 5-də baş tutan final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə isə Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının qalibi oldu.[59] Loren Alfonso bu idman növü üzrə Dünya Çempionatının qalibi olan beşinci Azərbaycan idmançısı oldu.[60]
Loren Alfonso final görüşündə qələbəsini Vətən müharibəsi şəhidlərinə həsr elədiyini bildirdi: "Dünya Çempionatı mənim üçün əla oldu. Gərgin mübarizə oldu. Turnirə bütün favoritlər qatıldı. Ən çətin və emosional görüşün yarım-final mərhələsində Kubalı Heriç Ruizə qarşı oldu. Mənim qalib gələcəyimə inanırdım. 2 gün sonra Zəfər Günüdür. Qələbəmi 44 gündə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edirəm. Uca Tanrıdan ruhlarına rəhmət arzu edirəm".[61]
Loren Alfonsonun olimpiadadan sonra birinci turniri 2023-cü ilin 30 aprel-14 mayında Özbəkistanda baş tutan Dünya Çempionatı oldu. Karyerası ərzində üçüncü dəfə Dünya Çempionatında mübarizə aparan Loren Alfonso turnirin favoritlərindən biri hesab olunurdu. Təsnifat mərhələsindən azad olan Loren Alfonso 1/8 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Billi McAllister ilə üz-üzə gəldi. Mayın 8-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqiqi Özbəkistan nümayəndəsi Şoxcaxon Abdullayev oldu. Mayın 10-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibinə 5:2 hesabı ilə qalib gəldi və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Georgi Kuşitaşvili oldu. Mayın 12-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə inamlı qələbə qazandı və 2 ildən sonra növbəti dəfə Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Şarabutdin Atayev olacaq. Mayın 14-də baş tutan final görüşündə Loren Alfonso rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.
Dünya Çempionatından sonra Loren Alfonso Polşada baş tutan III Avropa Oyunlarında mübarirə apardı. Turnirin 1/16 final mərhələsində Loren Alfonso İsrail nümayəndəsi Yan Zaya məğlub oldu (1:4) və turnirdə mübarizəsini başa vurdu.
Yan Za | 1/16 final mərhələsi |
Avropa Oyunları | Belarus | |||
Dünya Çempionatı | Rusiya | |||
Olimpiya Oyunları[a] | Yaponiya | |||
Dünya Çempionatı | Serbiya | |||
Dünya Çempionatı | Özbəkistan | |||
Avropa Oyunları | Polşa |