Matenadaran MS 7117 — Matenadaranda gürcü alimi İliya Abuladze tərəfindən aşkarlanmış ermənicə əlyazmadır.[1] Əlyazmanın ən əsas xüsusiyyəti alban əlifbasına yer verməsidir.
Matenadaran MS 7117 | |
---|---|
Tarix | 1442 |
Mənşəyinin yeri | Van, Türkiyə |
Dil(lər) | Erməni dili |
Aydınlaşdıran | İliya Abuladze |
Himayəçi | Matenadaran |
Əlifba | Erməni əlifbası, Alban əlifbası |
Əvvəl saxlanılıb | Metsopavank monastırı |
Kəşf tarixi | 1937 |
Əlyazma XV əsrə, 1442-ci ilə aid edilir. Vaspurakan regionunda (indiki Van, Türkiyə) Metsopavank monastırında abbat Tovma Metsopetsinin xahişi ilə Erməni katolikosu I Kirakos Virapetsinin (1441-1443) sifarişi ilə Krımdan gətirilmiş orijinalının köçürülmüş üzüdür.[2]
Əlyazmadakı mətnlər pamflet xarakterli olub əsasən teoloji debatlara həsr edilib. Əlyazmada alban əlifbası ilə yanaşı fərqli əlifbalara da yer verilmişdir. Bundan əlavə erməni hərfləri ilə yazılmış kürdcə mətn də vardır.[3] Əlyazmadakı alban əlifbası, əlyazmanın "142v" və "142r" nömrəli vərəqlərindədir. Bu əlyazma alban əlifbası ilə yazılmış və dövrümüzə çatmış ən yaxşı mətnlərdən biri hesab edilir. Əlifbanın giriş mətni erm. Աղուանից գիրն է: (Bu Albanların əlifbasıdır) kimi verilmişdir.
Alban əlifbasının 52 hərfini (42 samit, 10 sait səs olmaqla) tam şəkildə müəyyənləşdirmək mümkün olub. Akaki Şanidze isə əlifbanın fonetik sistemini tədqiq etmişdir. Belə ki, alban hərflərinin qarşılığı erməni əlifbasında olmadığından katib həmin əlifbanı ermənicə hərflərə diakritik işarələr əlavə edərək izah edib. Bu tədqiqatın nəticəsinə əsasən əlifbanın fonetik sistemi Udi dilinin fonetik sistemi ilə çox oxşar olduğu üzə çıxıb.[4] Bu əlifba siyahısının bir başqa, 1580-ci ildə köçürülmüş kopiyası Bitlisin Hizan kəndində hazırlanıb.[5] Əlyazmadakı alban əlifbası bəzi xüsusiyyətlərinə görə Sinay palimpsestlərindən fərqlənir - belə ki, bu siyahıda palimpsestlərdə istifadə edilməyən 3 əlavə işarəyə rast gəlinmişdir.
1998-ci ildə Gürcüstan prezidenti Eduard Şevardnadze Azərbaycana rəsmi səfəri zamanı əlyazmanın bir nüsxəsini təntənəli şəkildə o zaman Azərbaycan prezidenti olan Heydər Əliyevə təqdim etmişdir.