Qarabağ müharibəsində şəhid olan Axısxa türklərinin siyahısı

Axısqa türkləri[1] (gürcücə მაჰმადიანი მესხები Mahmadiani meskhebi və ya თურქი მესხები T’urk’i meskhebi, türkcə:Mesheti Türkleri,[2] Ahıska Türkleri, ingiliscə: Meskhetian Turks) — Qazaxıstan da, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biri. Çox zaman onları Mesxeti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsindən) daha yaxındır.

Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olmuşdur. 1944-ci ildə Axısqa türkləri Stalin repressiyasının qurbanı olmuş, axısqalılar kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşdur.

31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsinin "№ 6279" qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi) 90 538 Axısqa türkü məcburi şəkildə Gürcüstandan Qazaxıstan (40 min nəfər), Özbəkistan (30 min nəfər) və Qırğızıstanın (20 min nəfərdən çox) çöllərinə köçürülmüşdür.[3][4]

1999 – cu idə aparılmış siyahıya almaya əsasən Azərbaycanda 43.454 nəfər[5][6] , eyni ildə aparılmış siyahıya almaya əsasən isə Qırğızıstanda 33.327 nəfər[7] , Qazaxıstanda 2.761 nəfər[8] Axısqa türkü yaşayır.

2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya Federasiyasında 3.257 nəfər[9][10] , Ukraynada 2001 -ci ildə aparılmış siyahıya almaya əsasən isə 336 nəfər[11] Axısqa türkü yaşayır .

Azərbaycanda yaşayan Axısqa türkləri Qarabağ müharibəsi zamanı döyüşlərdə də aktiv şəkildə iştirak etmişdir.

Şəhid olanlar

[redaktə | mənbəni redaktə et]
Sıra nömrəsi Ad Şəkil Məlumat
1 İsgəndər Aznaurov İsgəndər Söhrab oğlu Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistan Respublikasının Buxara vilayətinin Qala-Asiya kənd sovetliyinin 22 saylı sovxozunda dünyaya gəlmişdir. 1963-cü ildə Daşkənd vilayətinin Akkurqan rayonunda yerləşən Lomonosov adına 1 saylı orta məktəbin l-ci sinifinə qəbul olmuş və 1973-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Axısqalıların Mərkəzi Asiyadan ikinci dəfə sürgün olunmasından sonra Azərbaycana gələrək Şəmkir rayonunun Kür qəsəbəsində yerləşmişdi. 1992-ci ilin mart ayında Milli Orduya könüllü şəkildə qoşulmuş və 861 saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edilmişdir. 1993-cü ilin aprel ayının 18-də Gədəbəy rayonunda döyüşdə şəhid olmuşdur. Bir çox döyüşlərdə fərqlənən və müharibə zonasında xeyli məşhurluq qazanan baş leytenant Aznaurov İsgəndər Söhrab oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib. “Qızıl ulduz” medalı ilə təltif olunub.[12]
2 Hökmdar Abbasov Hökmdar Əspəndi oğlu Abbasov 1 may 1958-ci ildə Qazaxıstan Respublikası, Karman rayonunun, Qızıl Orda kəndində anadan olmuşdur. Ailəsi 1959-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonuna, 1962-ci ilin əvvəllərində isə Sabirabad rayonunun Qaratəpə kəndinə (əvvəlki Pakrovka) köçüb gəlmişdir. 1993-cü ilin iyun ayından etibarən cəbhə bölgəsinə silah-sursat daşımaqla məşğul olmuşdur. 1994-cü ilin yanvar ayının 18-də silah-sursatla dolu zavodun partlaması nəticəsində şəhid olmuşdur.
3 Bahadur Əliyev Əliyev Bahadur Əli oğlu 1966-cı il mart ayının 22-də Azərbaycan Respublikası, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində anadan olmuşdur. 1988-ci ilin 7 dekabrında baş vermiş Spitak zəlzələsi zamanı Azərbaycandan Ermənistana yardım üçün getmiş heyətin tərkibində olmuşdur. Həmin təyyarənin müəmmalı şəkildə qəzaya uğraması nəticəsində vəfat etmişdir.
4 Arif Arifov Arif Polad oğlu Arifov 1976-cı il sentyabrın 20-də Saatlı rayonu Fətəlikənd kəndində anadan olmuşdur. 1984-1994-cü illərdə Saatlı rayonu Fətəlikənd kənd orta məktəbində orta təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra Gürcüstan Ali Hərbi Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini yarımcıq qoyaraq Qarabağdakı döyüşlərə qoşulan Arif Arifov, Goranboy rayonu Gülüstan kəndi istiqamətindəki döyüşlərdə şəhid olmuş və 1997-ci ilin iyul ayının 18-də doğulduğu kənddə dəfn edilmişdir.
5 Xalid Asmanov Asmanov Xalid Xalis oğlu 1973-cü il noyabr ayının 29-da Özbəkistan Respublikası, Daşkənd vilayətinin, Yengiyul rayonunda anadan olmuşdur. Fərqanə hadisələrindən sonra 1989-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. 19 yaşlı Xalid 1992-ci il iyun ayının 4-də Neftçala rayonunda yerləşən “N” saylı hərbi hissəyə Azərbaycan ordusu sıralarında həqiqi hərbi xidmət keçmək üçün getmişdir. 1993-cü ilin yanvar ayında şəhid olmuşdur.
6 Əli Bədişov Bədişov Əli Rais oğlu 1968-ci ilin 9 aprelində Özbəkistan rayonunun Sırdərya vilayətinin Bayut rayonunda anadan olmuşdur. Fərqanə hadisələrindən sonra 1989-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüş və Xocalı şəhərində yerləşmişdir. Xocalının müdafiəsi üçün döyüşlərdə iştirak edən Əli Bədişov Xocalı soyqırımı zamanı itkin düşmüşdür. Bu günədək ondan heç bir xəbər alınmamışdır.
7 Qurban Bəkirov 1969-cu ildə Şəmkir rayonunun Təzəkənd (indiki Kür qəsəbəsi, Səməd Vurğun kəndi) kəndində anadan olmuşdur. Orta təhsilini 1975-1982-ci illərdə Əzizbəyov adına 8 illik orta məktəbdə almışdır. Qurban Bəkirov 1991-ci ilin dekabr ayının 29-da evlənmişdir. 1992-ci ildə isə yeni yaranan Azərbaycan Milli Ordusu sıralarına daxil olmuş, Qazax rayonunun sərhəd bölgəsində hərbi xidmət keçmişdir. 1992-ci il dekabr ayının 29-da erməni quldurlarının əsir götürdüyü qadınları xilas etmək məqsədilə döyüşə atılmış, əsirləri xilas etmiş, özü isə aldığı güllə yarasından igidliklə həlak olmuşdur. Şəhidin cənazəsi 69 gün düşmən tərəfdə qalmış, daha sonra isə geri götürülmüşdür.
8 Maqsud Bidzinov Fərqanə hadisələrindən sonra Azərbaycana köç edənlərdən biri də Bidzinov Maqsud Ali oğlu olmuşdur. O, 1958-ci il noyabr ayının 8-də Özbəkistan Respublikasının Kokand vilayətində anadan olmuşdur. Azərbaycana köçdükdən sonra əvvəlcə Şuşa şəhərinə, daha sonra isə Xocalı şəhərinə yerləşdirilmişdir. Xocalı soyqırımı zamanı Bidzinov Maqsud ermənilər tərəfindən qətlə yetirilmişdir.
9 Zeynalı Bidzinov Zeynalı Bidzinov 1989-cu ildə Azərbaycana köçmüşdür. Əvvəlcə Şuşa şəhərində yerləşdirilsə də, 1990-cı ildə Xocalı şəhərində yerləşdirilmişdir. Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.
10 Cabbar Binaliyev Cabbar Gülalı oğlu Binaliyev və ailəsi 1989-cu ildə Azərbaycana köçmüş və Xocalı şəhərində yerləşmişdir. Xocalı soyqırımı zamanı qətlə yetirilmişdir.
11 Əlişir Binaliyev Əlişir Gülalı oğlu Binaliyev və ailəsi 1989-cu ildə Azərbaycana köçmüşdür. Xocalı şəhərində yerləşən ailənin iki üzvü Əlişir və Cabbar Binaliyevlər Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.
12 Rafiq Binaliyev Binəliyev Rafiq Kazım oğlu 26 oktyabr 1973-cü ildə Saatlı rayonu, Krasnoselski (indiki Qaranuru) kəndində anadan olmuşdur. Orta təhsilini Saracalar kənd orta məktəbində almışdır. 1992-ci ilin iyun ayının 11-də həqiqi hərbi xidmətə çağırılmışdır. Lənkəran şəhərində hərbi təlim gördükdən sonra Qubadlı rayonundakı döyüşlərdə iştirak etmək üçün göndərilmişdir. 1994-cü ilin yanvar ayının 31-də Xocavənd rayonunda itkin düşmüşdür. Axtarışlar nəticə verməmiş və ondan heç bir xəbər alınmamışdır. Saatlı rayon Məhkəməsinin 12 yanvar 1999-cu il qətnaməsinə

əsasən tapılmadığı üçün onun həlak olduğu təsdiqlənmişdir.

13 Mustafa Coşqunov Coşqunov Mustafa Əhmədcan oğlu 10 yanvar 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə N. İsayev adına Yeni Həyat qəsəbə orta məktəbinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi bitirmişdir. 14 yanvar 2014-cü ildə Xaçmaz rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində hərbi xidmətə başlamışdır. Əsgər Mustafa Coşqunov 2014-cü ilin 1 avqust tarixləri arasında erməni terrorçu qruplaşmalarının təxribatının qarşısını alarkən şəhid olmuşdur. Doğulduğu qəsəbədə dəfn edilmişdir.
14 Bayram Cumanov Cumanov Bayram Sahib oğlu 10 may 1962-ci il Özbəkistan Respublikası Daşkənd vilayət Boka rayonunda anadan olmuşdur. Fərqanə hadisələrindən sonra digər Axısxa Türkləri kimi Bayramın ailəsidə məcburi köçkün kimi Azərbaycana pənah gətirdi və Şabran (Dəvəçi) rayonunun Ağalıq kəndində məskunlaşdılar. 1989-cu ildən 1993-cü ilin noyabr ayına kimi Şabran rayon qaz istismar idarəsində qaynaqçı kimi işləmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmış və 1994-cü ilin yanvar ayında Ağdam rayonunun Xındırıstan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
15 Adil Çaxoyev Adil Paşali oğlu Çaxoyev 21 avqust 1971-ci ildə Saatlı rayonunun

Fətəlikənd kəndində anadan olmuşdur. 1992-ci ilin avqust ayında orduya qoşulmuş və Naxçıvanın müdafiəsində döyüşmüşdür. 1993-cü ildə Bakı gətirilmiş və buradan Qarabağa göndərilmişdir. Bir aya yaxın Ağdam rayonunun Birinci Əfətli kəndində erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına vuruşduqdan sonra əsgər yoldaşları ilə birlikdə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılmışdır. 1993-cü ilin avqust ayının 28-də şəhid olmuşdur.

16 Qədim Fəzliyev Fəzliyev Qədim Fəzli oğlu 1953-cü ildə Özbəkistan Respublikası Əndican vilayətinin Paytok rayonunda anadan olmuşdur. 1959-cu ildə valideynləri ilə birlikdə Azərbaycan Respublikasına köç etmişdir. Əvvəlcə Yevlax rayonunda, sonra Qax rayonunda, daha sonra isə Saatlı rayonunda məskunlaşmışdır. 1984-cü ildə Qədim öz ailəsi ilə birlikdə köçüb Gürcüstan Respublikasının Zuqdidi rayonuna getmişdir. 1991-ci ildə Gürcüstanda hakimiyyətə gələn Qamsaxurdiyanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində orada yaşayan bütün etnik azlıqların nüayəndələri kimi Qədim də ordan öz ailəsi ilə birlikdə çıxarılmışdır. Odur ki, o, ailəsi ilə birlikdə yenidən Azərbaycana qayıtmalı olmuşdur. Bir çox qaçqın və köçkünlər kimi Qədim də Xocalı şəhərində məskunlaşdırılmışdır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçılarının Xocalı şəhərində həyata keçirdikləri dəhşətli soyqırım nəticəsində həlak olanlardan biri də Fəzliyev Qədimdir.
17 Rüstəm Dursunov Dursunov Rüstəm 3 oktyabr 1976-cı ildə Şəmkir rayonunun Kür qəsəbəsinin, Səməd Vurğun kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1994-cü ilin oktabr ayında həqiqi hərbi xidmətə getmişdir. İlk xidmət yeri Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissə olmuşdur. 1 il 3 ay hərbi xidmət etdikdən sonra hərbi hissədə baş verən partlayış nəticəsində ayağından yaralanmış və Lənkəranda hərbi hospitala yerləşdirilmişdir. Lakin 1996-cı ilin yanvar ayının 12-də dünyasını dəyişmişdir.
18 Əhməd Əhmədov Əhməd Nuru oğlu Əhmədov 1972-ci il fevral ayının 16- da Qazaxda anadan olub. 1992-ci il iyun ayında könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qoşulmuşdur. (Qardaşı Əbdurrahman da o vaxt kəşfiyyat tağımının komandiri idi). Əhmədin son döyüşü 1992-ci il dekabr ayının 29-da olmuşdur. Lələkənd döyüşlərində düşmənə təslim olmayaraq, qəhrəmanlıqla həlak olmuşdur.
19 Zahid Əliyev Əliyev Zahid Baba oğlu 1961-ci ildə Qırğızıstan Respublikasının vilayətinin Aravan rayonunda anadan olmuşdur. O, 1989-cu ildə köçüb Azərbaycanın Şəki rayonuna gələrək, “Şəki” kəndində məskunlaşmışdır. 1994-cü ilin mart ayında könüllü olaraq hərbi xidmətə yollanmışdır. 1994-cü ilin aprel ayında mühasirəyə düşən əsgər yoldaşlarını mühasirədən qurtararkən qəhrəmancasına şəhid olmuşdur.
20 Cabbar Faiqov Faiqov Cabbar Cavad oğlu 1963-cü il aprel ayının 20-də Saatlı rayonunun Varxankənd kəndində anadan olmuşdur. Azadlıq hərəkatında aktiv iştirak edən Cabbar Faiqov, 1989-cu ildə məlum Fərqanə hadisəsindən sonra Özbəkistandan Azərbaycana pənah gətirən Axısxalı Türklərin Bakı şəhərində qarşılanaraq regionlara bölüşdürülməsində və yerləşdirilməsində çox böyük əməyi olmuşdur. 1993-cü ilin 2 noyabrında könüllü olaraq cəbhəyə yollanmışdır. Əvvəlcə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi həkim kimi çalışan Cabbar Faiqov daha sonra könüllü ərizə yazaraq irəlidəki döyüş xəttlərinə getmişdir. AğdərəAğdam istiqamətində də xidmət edən Faiq Cabbarov, 1994-cü ilin 12 may tarixində atəşkəs haqqında müqavilə imzalanan zaman mühasirəyə düşərək şəhid olmuşdur. 2011-ci il iyunun 25-də Prezident İlham Əliyev tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif olunub və ölümündən sonra Tibb xidməti Baş Leytenantı rütbəsi verilib.
21 Ələddin Fəxriyev Fəxriyev Zeynul oğlu Ələddin 1974-cü il aprelin 3-də də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1992-ci il aprelin 27-də hərbi xidmətə yola düşmüşdür. Ələddin Fəxriyev 1993-cü ilin sonunadək Füzuli bölgəsində ən qaynar nöqtələrdə döyüşmüş, qorxmaz əsgər kimi cəbhə yoldaşlarının rəğbətini qazanmışdır. 20 yaşı tamam olmayan Ələddin 1994-cü il yanvar ayının 27-də Beyləqan rayonu yaxınlığında gedən döyüşlərin birində əbədiyyətə qovuşmuşdur.
22 Osman Həmdiyev 6 yanvar 1954-cü ildə Özbəkistan Respublikasında anadan olmuşdur. 1959-cu ildə Özbəkistanın Əndican vilayətindən Azərbaycanın olan Qax rayonuna ailəsi ilə birlikdə köç etmişdir. Osman Həmdiyev 6 il orada yaşadıqdan sonra Gürcüstan Respublikasının Kareli kəndinə köç etmişdir. Gürcüstan hökumətinin basqıları və təzyiqləri nəticəsində orada da yurd sala bilməyən Osman Həmdiyev 1990 ilin aprel ayında ailəsi ilə birlikdə Gürcüstan Respublikasından Xocalı şəhərinə köçüb. Osman Həmdiyev erməni təcavüzkarlarının Xocalı şəhərində həyata keçirdikləri vəhşiliklər və etnik təmizləmə siyasəti nəticəsində itkin düşmüşdür.
23 Abdulla Həmzəyev Həmzəyev Abdulla 1965-ci il may ayının 9-da Azərbaycanda anadan olmuşdur. Bir müddət sonra isə Abdulla valideynləri ilə birlikdə Şuşa şəhərinə köçmüşdür. Xocalıda Axısxa Türklərinə evlərin tikilməsindən sonra isə Xocalı şəhərinə köç etmiş və orada yaşamağa başlamışdır. Abdulla Xocalı hava limanında polis olaraq çalışırdı. Xocalı soyqırımı zamanı qətlə yetirilmişdir.
24 Ənvər Həsənov Həsənov Ənvər Alixan oğlunun valideynləri də 1944-cü ilin noyabr ayının 14-də tarixi vətənləri olan Gürcüstanın Axısxa bölgəsindən Orta Asiyaya sürgün edilmişdir. Ənvər Həsənov 23 aprel 1959-cu ildə Gürcüstan Respublikasında olmuşdur. Daha sonra isə Ənvərin ailəsi Ağstafa rayonu Poylu kəndinə köç edərək burada yerləşmişdir. 1993-cü ildə könüllü şəkildə orduya qoşulmuşdur. 1994-cü ilin yanvar ayının 7-də Beyləqan rayonunun Böyük Bəhmənli kəndində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
25 Ərzuman Ləzgiyev Ləzgiyev Ərzuman Şahmurad oğlu 1967-ci ilin iyul ayının 20-də Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuşdur. 1975-ci ildə ailəsi Azərbaycana köçmüşdür. Qarabağ müharibəsində döyüşmək üçün orduya qoşulmuş və 1994-cü ilin may ayının 3-də şəhid olmuşdur.
26 Roman Hüseynov Hüseynov Roman Nəriman oğlu 9 fevral 1974-cü ildə Yeni Həyat qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə hərbi xidmətdən tərxis edilmişdir. Lakin Qarabağ müharibəsinin faktiki olaraq davam etməsinə görə yenidən orduya könüllü olaraq qoşulmuş və 1994-cü ilin oktyabr ayında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.
27 Əbubəkr-Sıddıq Xəlilov Novruz oğlu Əbubəkr 12 dekabr 1971-ci ildə Özbəkistan Respublikasının, Səmərqənd vilayətinin, İştixan rayonunda anadan olmuşdur. Xəlilovlar ailəsi 1990-cı ildə Azərbaycana köç etmiş və Oğuz rayonunun Böyük Söyüdlü kəndində məskunlaşmışdır. Xəlilov Əbubəkr Azərbaycanın yeni qurulan milli ordusu sıralarında “N” saylı hərbi hissəsinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş, 08 oktyabr 1992-ci ildə də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məzarı Oğuz rayonu Böyük Söyüdlü kənd qəbristanlığındadır.
28 Rəşid Lomidze Ailəsi 1958-ci ildə Azərbaycanın Quba rayonuna köçmüşdür. 8 dekbr 1993-cü ildə Ağdam rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən zaman itkin düşmüşdür.
29 Camal Xexelayev Xexelayevlər ailəsi də yüzlərlə Axısxalı ailəsi kimi 1989-cu ildə Fərqanə hadisələrindən sonra Azərbaycanı öz vətənləri hesab edərək Azərbaycana köç etmiş Axısxalı ailələrdən biridir. Camal Əhməd oğlu Xexelayev 11 dekabr 1974-cü ildə Özbəkistan Respublikasında anadan olmuşdur. 25 dekabr 1992-ci ildə isə Qazax RHK tərəfindən milli ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Onun xidmət etdiyi hərbi hissə Şəmkir rayonunda idi. İki ay təlim keçdikdən sonra 10 fevral 1993-cü il tarixdə hərbi komandanlıq tərəfindən Ağdərə bölgəsinin Dramban döyüş zonasına göndərilmişdir. 16 dekabr 1993-cü il tarixdə bu zonada döyüş zamanı yaralanmış və erməni quldurları tərəfindən girov götürülmüşdür. Atası Xexelayev Əhməd Əlixan oğlu tərəfindən aidiyyatı qurumlara müraciət edilməsinə baxmayaraq bu günə qədər ondan bir xəbər yoxdur.
30 Rövşən Xurşudov Xurşudov Rövşən Aslan oğlu 1978-ci il sentyabr ayının 10-da Özbəkistan Respublikasının Gülüstan rayonunun Ulduz kəndində anadan olmuşdur. 1989-cu il avqust ayının 22-də ailəsi ilə birlikdə Axısxalı türklər ilə Özbəklər arasında Fərqanə vadisində baş verən qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Saatlı rayonunun Məmmədabad kəndinə köç etmişdir. 1998-ci ilin yanvar ayının 25-26-27-də döyüş tapşırığını yerinə yetirərkən 14 nəfərlik döyüşçü yoldaşları ilə mühasirəyə düşmüş, düşmənlə son nəfəsinə qədər döyüşsə də, hərbi xəstəxanaya çatdırılmasına baxmayaraq şəhid olmuşdur. O qrupun içərisində yalnız bir nəfər sağ qalmışdır.
31 Elnur İbrahimov 1995-ci il 29 noyabr tarixində Quba rayonunun Vladimirovka kəndində dünyaya göz açmışdır. 2014-cü ildə könüllü olaraq hərbi xidmətə yollanmışdır. Elnur Məhyəddin oğlu İbrahimov 2014-cü il avqust ayının 1-də düşmən tərəfindən mühasirəyə alınmış əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.
32 Mikayıl İbrahimov İbrahimov Mikayıl Məlikşah oğlu 1975-ci ilin may ayının 7-də Azərbaycan Respublikasının Beyləqan rayonunun Şərq qəsəbəsində (indiki Türklər qəsəbəsi) anadan olmuşdur. 15 iyul 1993-cü il tarixdə Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq erməni işğalçılarına qarşı döyüşlərə göndərilmişdir. 181 saylı hərbi hissədə qulluq etmiş, Füzuli, Zəngilan bölgəsində döyüş yolu keçmişdir. Mikayıl 18 aprel 1994-cü ildə Füzuli rayonun Aşağı Veysəlli və “Qızılqaya” uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşdən qayıtmamışdır. İbrahimov Mikayıl Məlikşah oğlunun ölüm təhlükəsi qarşısında xəbərsiz itkin düşməsindən 12 il və hərbi əməliyyatların qurtarmasından 9 il keçməsinə baxmayaraq, onun barəsində heç bir məlumat yoxdur. İbrahimov Mikayıl Məlikşah oğlunun xəbərsiz itkin düşmüş hesab edilməsi Beyləqan rayon məhkəməsinin 29 aprel 1996-cı il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Keçən bu müddət ərzində onun barəsində heç bir məlumat olmadığından İbrahimov Məlikşah Şövkət oğlunun ərizəsi əsasında 1975-ci il tarixdə Beyləqan rayon Türklər kəndində anadan olmuş İbrahimov Mikayıl 22 yanvar 2005-ci il tarixdən ölmüş hesab edilmişdir.
33 Əhməd İlyasov İlyasovlar ailəsi Özəbistandan Xocalı şəhərinə köçmüş ailələrdən olmuşdur. Xocalı soyqırımı zamanı bu ailənin iki fərdi öldürülmüşdür. Əhməd Məhəmməd oğlu İlyasov da bu iki şəxsdən biridir.
34 Məhəmməd İlyasov İlyasovlar ailəsi Özbəkistandan Xocalı şəhərinə köçmüş ailələrdən olmuşdur. Xocalı soyqırımı zamanı erməni terroçu dəstələri tərəfindən öldürülmüşdür. Həmin gün şəhid edilən Əhməd İlyasovun atasıdır.
35 Kamil İlyazov İlyazov Məhəmməd oğlu Kamil 25 iyun 1972-ci ildə Özbəkistan Respublikasının, Səmərqənd vilayətinin, İştixan rayonunda anadan olmuşdur. İlyazovlar ailəsi 1990-cı ildə Azərbaycana köç etmiş və Oğuz rayonunun Böyük Söyüdlü kəndində məskunlaşmışdır. 08 oktyabr 1992-ci ildə də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Məzarı Oğuz rayonu Böyük Söyüdlü kənd qəbristanlığındadır.
36 Kamal İsayev İsayev Kamal Məmircan oğlu 20 iyun 1984-cü ildə Qırğızıstan Respublikasının, Aravan rayonunun, Gülbahar kəndində anadan olmuşdur. İsayevlər ailəsi 1989-cu ildə Azərbaycana köç etmiş, Şəki şəhərinin, Sarıca kəndində məskunlaşmışdır. İsayev Kamal xidmətdə olarkən 5 nəfər əsgər yoldaşı ilə birlikdə döyüş növbəsində olarkən minaya düşmüş, 2003-cü ilin avqust ayının 4-də şəhid olmuşdur.
37 Nizam İsmayılov İsmayılov Nizam Əmri oğlu 1974-cü il Senytabr ayının 2-də Sabirabad rayonu Əhmədabad kəndində anadan olmuşdur. 1994-cü ilin fevral ayının 10-daFüzuli rayonunun Şişqaya kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
38 Xalid Kibarov Kibarov Xalid Nüsrəddin oğlu 13 may 1974-cü ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətinin, Parayıx rayonunda anadan olmuşdur. 1989-cu ildə baş verən Fərqanə hadisələrindən sonra Kibarovlar ailəsi də digər Axısxalı türklər kimi Azərbaycana köç edərək Şamaxı rayonu, Mədrəsə kəndində məskunlaşmışdır. 1993-cü il mart ayının 23-də Murovdağda itkin düşmüşdür. Kibarov Xalid döyüş şəraitində itkin düşmüş və Şamaxı rayon Məhkəməsinin qətnaməsinə əsasən şəhid hesab edilmişdir.
39 Hafiz Koçaliyev Koçaliyev Hafiz Sabir oğlu 19 Sentyabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1993-cü ildə orta məktəbi bitirmiş, 22 oktyabr 1994-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Goranboy rayonu ərazisində yerləşən 127 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. Koçaliyev Hafiz Sabir oğlu 22 dekabr 1994-cü ildə düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuş və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
40 Rəsulzadə Qasımov Qasımov Rəsulzadə Ağamir oğlu, 1973-cü ilin 12 dekabrında Qazaxıstan Respublikasının Tülkübas şəhərinin Kemelbastau rayonunda anadan olmuşdur. 1983-cü ildə Gürcüstana buraxılmayan ailə Azərbaycana köçmüşdür. 1991-ci ilin dekabr ayında orduya çağırılmış və 1993-cü ilin mart ayında şəhid olmuşdur.
41 Rəhman Qazıyev Qazıyev Rəhman Əflatun oğlu 19 oktyabr 1987-ci ildə Saatlı rayonu Qaranuru kəndində anadan olub. O, 20 oktyabr 2005-ci ildə Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və 2006-cı ilin 29 may tarixində şəhid olmuşdur.
42 Fərman Qədimov 1980-ci il dekabr ayının 31-də Saatlı rayonu Qarayevkənd kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1999-cu ildə həri xidmətə çağırılmışdır. Ağdamda xidmət edən Fərman Qədimov 23 fevral 2000-ci ildə həqiqi hərbi xidmətini yerinə yetirərkən düşmənin “SNİPER” silahından açdığı güllə nəticəsində dünyasını dəyişmişdir.
43 Ali Məhəmmədov Məhəmmədov Ali Sədim oğlu 1964-cü il noyabr ayının 4-də Saatlı rayonunun Şirinbəy kəndində anadan olmuşdur. 13 avqust 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getmişdir. Xidmət yeri Cəbrayıl rayonu ərazisində yerləşirdi. Elə 1992-ci ilin 15 avqust tarixində də könüllü olaraq getdiyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur.
44 Bahadır Məmmədov Məmmədov Bahadır Məhəmməd oğlu 1967-ci ilin sentyabr ayının 8-də Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuşdur. Əfqanıstan müharibəsində iştirak etmiş, orada aldığı qəlpə yarasına görə II dərəcəli əlil olmuşdur. Əlil olmasına baxmayaraq 1994-cü ildə hərbi xidmətə çağırılmış və 1994-cü ilin fevral ayında Kəlbəcər rayonunda şəhid olmuşdur.
45 Habil Məmmədov Məmmədov Habil Bəhsət oğlu, 1974-cü il aprel ayının 4-də Saatlı rayonunun Fətəlikənd kəndində anadan olmuşdur. 1992-ci ilin iyun ayında hərbi xidmətə yollanmışdır. 1993-cü ilin aprel ayında Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən itkin düşmüşdür. Aparlına axtarışlar heç bir nəticə verməmişdir.
46 Zeynalabdin Məmmədov Məmmədov Zeynalabdin Şahan oğlu 1970-ci ilin dekabr ayının 29-da anadan olmuşdur. Ailəsi 1958-ci ildə Azərbaycana köçmüşdür. 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
47 Xalid Mərdəliyev Mərdəliyev Xalid Hafiz oğlu 3 noyabr 1963-cü ildə Özbəkistan Respublikası Əndican vilayəti Kurqan-Təpə rayonunun Savay kəndində anadan olmuşdur. 1993-cü ilin iyulunda Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ərizə ilə hərbi komissarlığa müraciət edir, yalnız 3 uşaq atası olduğuna görə ərizəsi qəbul edilməyib. Lakin Xalid qərarının qəti olduğunu söyləyib və döyüş bölgəsinə göndərilməsini xahiş edib. Onu Zəngilan bölgəsinə göndəriblər. 1994-cü ilin yanvar ayında səhhəti ilə əlaqədar evə buraxılıb. 1994-cü ilin noyabr ayında yenidən hərbi xidmətə qayıdıb. 1994-cü ilin dekabrından 1995-ci ilin aprelinə kimi Horadiz-Füzuli bölgələrində xidmət edib. 1995- ci ilin aprelin 3-də hərbi tapşırığı yerinə yetirərkən şəhid olub.
48 İlham Mərdiyev Mərdiyev İlham Xalid oğlu 1973-cü il aprelin 24-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Ailəsi 1969-cu ildə Azərbaycana köçmüşdür. Qardaşını İsmayıl Mərdiyevin bildirdiyinə görə qardaşına boks deyilən yerin qapısı dəymiş və o, yaralanmışdır. Lakin tibbi xidmət görmək üçün qospitala getməyi qəbul etməmişdir. Ölüm kağızında ermənilərlə döyüşdə ölməsi qeyd edilsə də, rəsmi olaraq şəhid statusu verilməmişdir.
49 Qədir Muhiddinov Muhiddinov Qədir Vaxto oğlu 31 yanvar 1974-cü ildə Sabirabad rayonunun Əhmədabad kəndində anadan olub. 1992-ci ilin may ayında Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Qədir Muhiddinov 1992-ci ilin oktyabr ayında torpaqlarımızın müdafiəsi üğründa gedən döyüşlərdə Füzuli bölgəsində itkin düşüb.
50 Şakir Muradov Muradov Şakir İsmayıl oğlu 15 aprel 1973-cü ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində Pastarqom rayonu, Bıçaqçı kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycana ailəsi ilə birlikdə köçmüşdür. Qarabağ müharibəsinə yollanmış və 1993-cü ilin fevral ayında Çıldıran kəndində itkin düşmüşdür. 6 oktyabr 2000-ci il tarixində qanuni qüvvəsini almış qətnaməsi ilə ölmüş elan edilmişdir. Öldüyü yer isə Ağdam rayonu hesab edilmişdir.
51 İsgəndər Nəzimov Nazimov İskəndər Əştər oğlu 22 avqust 1973-cü ildə Özbəkistan Respublikasının, Orta Çırçıx rayonunun, Lenin Yolu kolxozunda anadan olmuşdur. Laçın rayonu ətrafında gedən döyüşlərdə iştirak edən İskəndər 1992-ci ilin oktyabr ayının 3-də dünyasını dəyişmişdir.
52 Firuddin Nuriyev Şəhid Firuddin Nuriyev 13 fevral 1977-ci ildə Saatlı rayonunun Fətəlikənd kəndində anadan olmuşdur. 1995-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. 1997-ci ilin iyul ayının 24-də Tovuz rayonunun Ağdam kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək ağır yaralanmış, əsgər yoldaşları tərəfindən hərbi xəstəxanaya çatdırılsa da çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmamışdır.
53 Zabit Nuriyev Zabit Nuriyev O, 1974-cü il martın 24-də Quba rayonunun Vəlvələ kəndində anadan olmuşdu. 1992-ci ildə hərbi xidmətə çağırılmış və Ağstafa rayonunda hərbi xidmət etmişdir. 1994-cü ildə şəhid olmuşdur.
54 Məcid Ramizov Ramizov Məcid 1970 - ci ildə Ağstafa rayonunun Sadıqlı kəndində anadan olmuşdur. 1992-ci il tarixində Ağdam rayonunda - Fərrux yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
55 Bayram Rəsulov Rəsulov Bayram İslam oğlu 1974-cü il yanvar ayının 4-də Azərbaycan Respublikasının Saatlı rayonu Smadakənd kəndində anadan olmuşdur. Rəsulov Bayram İslam oğlu 1992-ci ilin iyun ayında Saatlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1993-cü ilin noyabr ayının 20-də ermənilər tərəfindən hərbçi yoldaşları ilə mühasirəyə düşmüş və əlindəki qumbaranı düşmənlər yaxınlaşdıqdan sonra partladaraq özünü və düşmənin çoxlu əsgər heyətini məhv etmişdir.
56 Nurəddin Rəsulov Rəsulov Nürəddin Höküm oğlu 16 dekabr 1965-ci ildə Saatlı rayonunun Qaranuru kəndində anadan olmuşdur. 1993-cü il dekabr ayının 5-də iş yerindən idarə etdiyi maşın ilə Füzuli rayonuna, cəbhə xəttinə ezam edildi. 1994-cü il yanvarın 4-də idarə etdiyi maşında partlayış baş verməsi nəticəsində həlak olmuşdur.
57 Dilmurad Rüstəmov Dilmurad Nürəddin oğlu Rüstəmov 1974-ci il dekabrın 5-da Özbəkistan Respublikasının Daşkənd vilayətinin Lenin kəndində anadan olmuşdur. 1989-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. 1993-cü ildə ordu hissələrinə qoşulmuş və 1994-cü il yanvarın 30-da Füzuli rayonunun Qaraxanlıbəy kəndi uğrunda gedən qanlı döyüşlərin birində şəhid olmuşdur.
58 İlham Saralidze Kiçik çavuş İ.Saralidze 1971-ci il dekabr ayının 24-də Özbəkistan Respublikasının Qoşqa Dərya vilayətinin Kitab rayonunda dünyaya göz açmışdır. Qarabağ döyüşlərində iştirak etmiş və 1994-cü ildə şəhid olmuşdur.
59 Mustafa Sayfulov Sayfulov Mustafa Siyafşa oğlu 1990-cı il may ayının 23-də Şamaxı rayonu, Mədrəsə kəndində anadan olmuşdur. 2009-cu ildə Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmışdır. Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edirdi. 23 may 2009-cu ildə qarın nahiyəsindən aldığı güllə nəticəsində dünyasını dəyişmişdir.
60 Məcid Seyfətov Seyfətov Məcid Sədri oğlu 1973-cü ilin yanvar ayının 2-də Saatlı rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. 1991-ci ildə orduya qoşulmuşdur. 1993-cü il yanvar ayının 13-dən 14-nə keçən gecə Füzuli rayonu istiqamətində gedən döyüşdə şəhid olmuşdur.
61 Abamüslüm Səlimov Səlimov Abamüslüm Xalid oğlu 1961-ci il aprel ayının 24-də Qazaxıstanın Almatı şəhəri yaxınlığındakı Kaskilen rayonunda anadan olmuşdur. 1992-ci ilin iyulunda orduya qoşulmuşdur. Xidməti boyunca dəfələrlə döyüşlərdə fərqlənən Abamüslüm Səlimov, 1993-cü ilin avqustun ayının 13-də Məngələnata yüksəkliyi uğrunda döyüşlərdə şəhid olmuşdur.
62 İlham Seyfətov Seyfətov İlham Nüsrəddin oğlu 18 aprel 1975-ci ildə anadan olmuşdur. 20 iyun 1993-cü ildə Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 181 saylı hərbi hissədə xidmət vəzifəsini yerinə yetirirkən itkin düşmüşdür. Ağstafa rayon Məhkəməsinin 2007-ci il tarixli №2-220 qətnaməsi ilə vəfat etmiş hesab edilmişdir.
63 Həbibulla Suliyev Suliyev Həbibulla Musa oğlu 26 yanvar 1968-ci il tarixində Özbəkistan Respublikasının Daşkənd vilayətinin Qəbələ rayonunun Kommunizm Sovxozunun 2-ci şöbəsində anadan olmuşdur. 1992-ci il iyul ayının 13-də Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən təşkil edilən Səfərbərlik Komissiyasına müraciət edərək könüllü şəkildə Qarabağ savaşına qatılmışdır. 1992-ci il avqust ayının 15-də Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə həlak olmuşdur.
64 Bahadur Süleymanov 15 yanvar 1974-cü ildə Saatlı rayonu Krasnoselski (indiki Qaranuru) kəndində anadan oldu. 1992-ci ilin may ayında Milli Orduya qoşulmuşdur. LaçınınKəlbəcərin müdafəsində döyüşən Bahadur Süleymanov 1993-cü ilin 27 mart tarixində itkin düşmüşdür.
65 Məhəmməd Svanidze Fərqanə hadisələrindən sonra 1989-cu ildə Özbəkistandan Azərbaycana köç edən Axısxalı ailələrdən biri də Svanidze Məhəmməd Fəzli oğlunun ailəsi olmuşdur. Məhəmməd Fəzli oğlu 18 aprel 1974-cü ildə anadan olmuşdur. 1992-ci ildə orduya qoşulmuşdur. 1993-cü il yanvar ayının 22-də Ağdam rayonunun Fərrux yüksəkliyində itkin düşmüşdür.
66 Bahadur Şabanov Şabanov Bahadur Əmirşah oğlu 25 may 1974-cü ildə Azərbaycan Respublikasının Sabirabad rayonu Əhmədabad kəndində anadan olmuşdur. 1992-ci ildə hərbi xidmətə yollanmışdır. 1993-cü ilin noyabr ayının 17-də FüzuliAğcabədi bölgəsində gedən döyüşlərdə şəhid olmuşdur.
67 Vahid Şadmanov Şadmanov Vahid Məhəmməd oğlu 1982-ci il mart ayının 29-da Özbəkistan Respublikası, Daşkənd vilayətinin, Yengiyul rayonunda anadan olmuşdur. 2000-ci il oktyabr ayının 23-də Goranboy rayonunun, Gülüstan kəndində şəhid olmuşdur.
68 Katib Şahmanov 1971-ci il aprel ayının 1-də Özbəkistanın Fərqana vilayətinin Kuasa rayonunda anadan olmuşdur. 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən törədilən Xocalı faciəsi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalmışdır. Ailəsi ilə birlikdə Şəki şəhərində məskunlaşmışdı. Daha sonra isə Qarabağ müharibəsində iştirak etmişdir. 1993-cü ildə Ağdam, Ağdərə istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
69 Yusif Üzeyirov Üzeyirovlar ailəsi 1959-cu ildə Azərbaycana köçmüşdür. Üzeyirov Yusif Mövlud oğlu 20 sentyabr 1973-cü ildə Yeni həyat qəsəbəsində anadan oldu. 1993-cü ildə Azərbaycan Ordusu sıralarına müddətli həqiqi hərbi xidmətə getmişdir. Bir müddət xidmət etdikdən sonra 15 günlük məzuniyyətə gəlmişdir. Məzuniyyətdən qayıtdıqdan bir müddət sonra 1994-cü il fevral ayının 5-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
70 Rəsul Yusupov Yusupov Rəsul İbrahim oğlu 24 noyabr 1986-cı ildə Özbəkistan Respublikasının Sırdərya vilayəti, Gülüstan rayonunun Kızılabad kəndində anadan olmuşdur. 989-cu ildə məlum Fərqanə hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə Azərbaycan Respublikası, Sabirabad rayonunun Əhmədabad kəndinə köç etmişdir. 6 aprel 2005-ci ildə isə hərbi xidmətdə olarkən dünyasını dəyişib.
71 Kamal Zahidov Kamal Zahidovun ailəsi Orta Asiyadan köçərək Gəncə şəhərinə köçmüşdür. 1992-ci ildə Ağdam istiqamətindəki döyüşlərdə ağır şəkildə yaralanmış və 15 gün müalicəsinə baxmayaraq, şəhid olmuşdur.
72 Mikayıl Züfərov 1964-cü ildə Saatlı rayonunun Varxankənd kəndində dünyaya göz açmış, ilk orta təhsilini də bu kənddə başa vurmuş, 1982-ci ildə Gəncə Kənd Təssərrüfatında aqranomiya üzrə əmək fəaliyyətinə başlamışdır. 1993-cü ilin 28 oktyabr tarixində Mikayıl Züfərov Goranboy uğrunda gedən döyüşlərdə iştirak etmək üçün milli ordu sıralarına qatılmış və 1994-cü ilin mart ayının 3-də şəhid olmuşdur.
73 Seyfulla Tahirov Tahirov Seyfulla Veytulla oğlu 1 fevral 1973-cü ildə Saatlı rayonu, Cəfərxan kəndində ziyalı ailəsində anadan olmuşdur. 1991- ci ilin may ayında Sovet ordusuna hərbi xidmətə getmişdir. Tahirov Seyfulla 1992-ci ilin aprel ayında Saatlı Rayon Hərbi Komissarlığına könüllü olaraq müraciət edir və hərbi xidməti Azərbaycanda davam edir. 31 avqust 1993-cü ildə Füzuli rayonunun, Kürd Mahmudlu kəndində bir neçə əsgərimizi xilas etdikdən sonra düşmən gülləsinə tuş gəlir və şəhid olur.
74 İsmayıl İbrahimov 1974-cü il dekabr ayının 23-də Özbəkistanda, Buxara rayonunun 23 nömrəli sovxozunda anadan olmuşdur.1989-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. 1992-ci ilin dekabr ayında Milli Orduya qoşulmuşdur. 993-cü ilin 24 dekabrında İsmayıl Qaraqoyunlu kəndində minaya düşərək şəhid olmuşdur.
75 İlimdar Axtamov Axtamov İlimdar 1989-cu il noyabr ayının 10-da Özbəkistan Respublikasının Buka rayonu Kök Aral kəndində anadan olmuşdur. Axtamovlar ailəsi 1989-cu ildə baş verən Fərqanə hadisələrindən sonra bir müddət Özbəkistanda yaşasalar da 1990-cı ilin mart ayında Azərbaycana köç etmişdir. Axtamov İlimdar Milli Orduya çağırılmış və 2009-cu ilin iyul ayının 17-də Naxçıvan rayonunda ermənilərin açdığı atəş nəticəsində ağır yaralanmışdır. Bütün müdaxilələrə baxmayaraq, avqust ayında şəhid olmuşdur.

Girovluqda olanlar

[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsi zamanı 50 nəfər Axısxa türkü erməni əsirliyindən qayıtsa da, 12 nəfər hələ də əsirlikdədir.

Sıra nömrəsi Ad Şəkil Məlumat
1 Sədri Rəhimov Sədri Rəhim oğlu Rəhimov 1933-cü ildə Gürcüstan SSR-nin Adıgün rayonu, Xeveşen kəndində anadan olub. Atasını II Dünya müharibəsində itirən RƏhimov Sədri, 1944-cu ildə Orta Asiyaya sürgün olunmuşdur. 1958-ci ildə ailə həyatı qurduqdan sonra, 1960-cı ildə Azərbaycana köçmüşdür. 1993-cü ildə oktyabr ayının 23-də həyat yoldaşı və oğlanları ilə Zəngilan rayonunda hərbi xidmətdə olan oğlu Rəhimov Fəhlülün yanından qayıdarkən ermənilər tərəfindən girov götürülüb.
2 Səfiyyə Rəhimova 1936-cı ildə Gürcüstan Respublikasının Adıgün rayonunun, Xeveşen kəndində anadan olub. Axısxalı olan Səfiyyə xanım 1944-cü il noyabr ayının 14-də ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilib. 1993-cü ildə oğlu Rəhimov Fəhlül Sədri oğlu Azərbaycan ordusu sıralarında ermənilərə qarşı döyüşmək üçün könüllü olaraq müharibəyə getdi və Zəngilan rayonunda xidmətə başlayıb. 1993-cü il oktyabr ayının 23-də oğlu Rəhimov Fəhlül Sədri oğlunun yanına görüşə gedib. Rəhimov Fəhlülün yanından qayıdarkən ermənilər tərəfindən girov götürülüb.
3 Vaqif Rəhimov 1980-ci ildə Saatlı rayonunun Qarayevkənd kəndində anadan olmuşdur. Qardaşının yanından qayıdarkən ailə üzvləri ilə birlikdə əsir düşmüşdür.
4 Fəhlül Rəhimov Rəhimovlar ailəsinin döyüş bölgəsində könüllü olaraq xidmət edən oğlu Rəhimov Fəhlül Sədri oğlu 1966-cı ildə Saatlı rayonunun Qarayevkənd kəndində anadan olub. 1993-cü ildə Qarabağ müharibəsi ilə əlaqədar olaraq Azərbaycan ordusu sıralarına qatılmışdır. Zəngilan rayonu ərazisində döyüşmüşdür. 1993-cü ildə ailə üzvləri onun görüşünə gəlmiş və ona 5 günlük icazə almışdır. Ailə üzvləri ilə birlikdə şəxsi avtomobilləri ilə evə qayıdarkən Füzuli rayonu ərazisində itkin düşmüşdür. Zəngilan rayonunda xidmət etdiyi hərbi hissədən məzuniyyətə gedərkən ailəsi ilə birlikdə ermənilər tərəfindən əsir götürülüb. Hərbi xidmətdə olduğuna görə Rəhimov Fəhlül Sədri oğluna şəhidlik statusu verilmişdir.
  1. Şurəddin Məmmədli (1991), Paralanmış Borçalı... və ya Ermənilər 1918-də Borçalının güney qismini işğal etmişlər Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
  2. "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  3. "Arxivlənmiş surət". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  4. "Arxivlənmiş surət". 2012-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  5. "27.01.1999 census of Azerbaijan Republic". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  6. "Azərbaycan Dövlət Statistika Komitəsi". 2011-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  7. "Arxivlənmiş surət". 2009-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  8. "26.06.1999 census of Kazakhstan Republic". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  9. "Rusiya Federativ Respublikası Statistika Komitəsi : 2002 – ci il siyahıya alması". 2006-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-03-03.
  10. "Arxivlənmiş surət". 2007-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  11. "Arxivlənmiş surət". 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  12. "Milli Qəhrəman "İsgəndər qalası"nda yad olunub". anspress.com. ANS TV. 20 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]