İsgəndər Aznaurov və ya Topçu İsgəndər (tam adı: İsgəndər Söhrab oğlu Aznaurov; 16 avqust 1956, Buxara – 18 aprel 1993, Gədəbəy rayonu) — Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
İsgəndər Aznaurov | |
---|---|
İsgəndər Söhrab oğlu Aznaurov | |
Şəxsi məlumatlar | |
Digər adı | Topçu İsgəndər |
Doğum tarixi | |
Doğum yeri | Qala-Asiya, Buxara vilayəti, Özbəkistan SSR, SSRİ |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Gədəbəy rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Uşağı | 3 |
Hərbi fəaliyyəti | |
Rütbəsi | Baş leytenant |
Təltifləri |
İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir.[1] 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir.[2] Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur.[1] Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır.[1]
1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş[2] və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür.[1] O, burada cihazqayırma zavodunda işləyib.[1]
Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur.[1][2] Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır.[1] 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.[3]
Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur.[2] Başkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.[1]
1993-cü il 18 apreldə Gədəbəydə "Örükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur.[4] Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə — döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur.[1][3] Bakının Şəhidlər Xiyabanında dəfn edilir.[1]
Ailəli idi, 3 qızı var.[1]
Azərbaycan xalqı arasında "Topçu İsgəndər" kimi tanınırdı.[1][5]
Onun şərəfinə Gədəbəy rayonunun Şınıx kəndinin Mormor yüksəkliyində "İsgəndər qalası" və "İsgəndər postu" adlandırılıb.[1][6] Aznaurovun istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır.[6] Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib.[6] Gədəbəydə "N" saylı hərbi hissənin önündə isə büstü ucaldılıb.[6] Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır.[6] Məktəbin qarşısında onun büstü ucaldılıb.[6][6] Bakıda Istiqlal Muzeyində Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.[6]
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman — Məzahir Rüstəmov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.[7][8] 2018-ci ildə Yaddaş film studiyasi "İsgəndərin sorağında" adlı film çəkmişdir.
Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.