Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان Yuhanna Al-Ma'madan,[6] arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes)[7][8][9][10][11] - səyyar vaiz[12], Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik[13] və Mandayizmdə əsas dini obrazlarından biridir.[14]
Müqəddəs Vəftizçi İohann (Yəhya peyğəmbər) | |
---|---|
ivr. יוחנן המטביל ivr. יוחנן בן זכריה | |
| |
Rütbə | Peyğəmbər, Şəhid, Müqəddəs |
Doğum tarixi | e.ə. I əsr (ehtimal ki, e.ə. 6-2-ci illər) |
Doğum yeri | |
Vəfat tarixi | b.e. 36 – cı il[1][2][3][4] (38 – 42 yaş) |
Vəfat yeri | Yerusəlim |
Qeyd edilir |
Assur Şərq Kilsəsi Roma-Katolik Kilsəsi Şərqi Provaslav Kilsəsi Şərqi Katolik Kilsəsi Anqlikan kilsəsi Lüteran Kilsəsi İslam Mandeizm |
Əsas məbədi | Müqəddəs Vəftizçi İohann kilsəsi |
Xatirə günü |
14 aprel doğum günü 29 avqust öldürülməsi günü, 7 yanvar pravoslavlıqda 2 Tout İskəndəriyyə Provaslav Kilsəsi |
Himayədar |
Fransız Kanadası Nyufaundlend və Labrador Puerto-Riko Hospitalier Cəngavərləri Florensiya Turin Portu Genuya İordaniya Xevkija və bir çox başqa ərazilər |
Rəmzləri | xaç, quzu, dəvə dərisindən mantiya |
Vikianbarda əlaqəli mediafayllar |
İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir.[15] Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər.[16][17] Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər[18][19][20], bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir.[21] Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur.
Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi[22] və İsa özü onun yanına gəlmişdi.[23] İsa haqqında müjdələr verdiyinə görə, xristianlar İohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər. İohann həm də İlyas peyğəmbərlə eyniləşdirilir.
Vəftizçi İohann haqqında məlumatlar qədim yəhudi tarixçisi İosif Flavinin (37-100) “Yəhudilərin qədim tarixi” əsərinin (XVIII kitab, fəsil 5, 2) bütün məlum əlyazmalarında vardır.[24]
“İndi yəhudilərin bəziləri qeyd edirlər ki, Herodun ordusunun məhv edilməsi Tanrıdan gəlmişdir və bu onun Vəftizçi adlandırılan İohanna qarşı etdiklərindən sonra çox ədalətlidir; Heroda görə, yəhudilərə yaxşı işlər görməyi, bir-birinə və Tanrıya qarşı ədalətli olmağı, vəftiz olunmağı məsləhət göstərən və yaxşı adam olan İohannı öldürdülər; o, sudan bədənin yox, ruhun yuyulması və günahlardan təmizlənməs üçün istifadə edirdi; insanlara günahlardan təmizlənmələri haqqında xoş xəbər verirdi. İnsanlar dəstə-dəstə onun sözlərini eşitmək üçün gəlirdilər. İohannın xalq üzərində təsirinin təhlükəli ola biləcəyi və ya xalqın onun sözü ilə üsyan qaldıracağından qorxan (çünki, insanlar İohannın dediyi hər şeyi etməyə hazır idilər) qorxan Herod, qərara gəldi ki, məsələni birdəfəlik həll etmək üçün İohann öldürülməlidir və o, özünü çox da əziyyətə salmayaraq, bu işi sonradan tövbə edə biləcək bir adama həvalə edir. Buna görə də, o, Herodun şübhəli xasiyyətinə görə, əvvəl qeyd etdiyim Maheron qalasına göndərilir və burda da edam edilir. İndi yəhudilər qeyd edirlər ki, Herodun ordusunun məhv edilməsi, onun törətdiyi bu günah əməllə bağlıdır və Tanrının ədalətinin zühurudur."[25] |
Bu məlumata ilk məlum istinad b.e. III əsrin əvvəllərində Origen tərəfindən yazılmış “Contra Celsum” adlı əsərdədir. Bu istinadda, Herodun b.e. 36-cı ilində baş vermiş məğlubiyyətinin səbəbi kimi, İohannın edam edilməsi göstərilir. Bu istinad və Bibliya mətnlərindən belə nəticə çıxarılır ki, İohann yalnız tövbə edərək “ruhları artıq günahlardan təmizlənmiş” şəxsləri vəftiz edərək onların cismlərinin də təmizlənməsinə imkan yaradırdı (Mark 1:4).[26] Bibliya tədqiqatçısı Con Dominik Krossan İosif Flavinin İohann və İsa haqqında verdiyi məlumatları müqayisə edərək qeyd edir ki, “İohannın inhisarı vardı, İsa isə françayz idi.” Krossan yazır: “Vəftiz olunmaq üçün müraciət ediləcək yeganə şəxs İohann idi, onun başladığı hərəkatın qarşısının alınması üçün qarşısı alınmalı olan yeganə şəxs də İohann idi (buna görə də İohannın ölümü ilə, onun tərəfindən başladılmış hərəkat da dayandı). İsa isə hamını dəvət edirdi ki, gəlsinlər və onun, eləcə də, artıq Tanrı tərəfindən qəbul edilmiş yoldaşlarının necə yaşadıqlarına baxsınlar. Bu cür ümumi təcrübə isə, İohanndan fərqli olaraq, İsanın özünün yoxluğunda da, onun başladığı hərəkatın davam etməsinə imkan verdi."[27]
Nazaretlilərin İncili kimi, dörd kanonik İncil də İohannın vəftizçilik işini qeyd edir. Sinoptik İncillərdə (Mark, Matfey, Luka) İsanın vəftiz olunması ətraflı təsvir olunsa da, İohannın İncilində örtülü şəkildə qeyd edilir.
Markın İncili Malaxayın ayələri və “səhrada qışqıraraq danışan” Yesayadan sitatlarla başlayır. Vətizçi İohann dəvə dərisindən paltar geyinən, çəyirtkə və çöl balı ilə qidalanan biri kimi təsvir edilir.
Mark, İohannın vəftiz mərasimini günahların bağışlanması kimi təsvir edir. Mark həm də İohannın gələcəkdə gələcək və insanları “Müqəddəs Ruhla vəftiz edəcək” lider haqqında məlumatlandırır.
İsa İordan çayında vəftiz olunmuşdu, bundan sonra sanki göy aralanmış və səmadan göyərçin enər kimi Müqəddəs Ruh İsanın vücuduna enmişdi, göydən isə səs gəlmişdi – “Mənim sevimli oğlum, sənə xeyir-dua verirəm.”
Mark 1:14-də İohannın həbs edilməsindən bəhs edilir. İncil məlumatına görə, Herod İohannı eyni qanlıların nigahını pisləyən fikirlərinə görə həbs edir və daha sonra başını kəsdirərək öldürür. İohann Əhdi-Ətiq qaydalarını pozaraq Herodiadla (həmin şahzadə xanım Herodun qardaşının arvad və qardaşının qızı idi) evləndiyinə görə Herodu qınamışdı. Daha sonra Herodiadanın qızı (ənənəvi olaraq Herodun nəticəsi və ögey qızı Salome olduğu deyilir) Herodun qarşısında rəqs edir və kral bunun qarşılığında qıza hədiyyə edir. Herodiada qızını öyrədir ki, Vəftizçi İohannın başını kraldan istəsin və baş sininin içində qıza təqdim edilir (Mark 6:14-29).
Sonradan Herod öyrənir ki, bəzi insanlar İsa Məsihin ölümdən sonra dirilmiş Vəftizçi İohann olduğunu iddia edirlər.
Yeşaya peyğəmbərin kitabında belə yazılıb: «Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin yolunu hazırlayacaq. Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”».
Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi. Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».
O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü. Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir». Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!» Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi.
Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.
Mark kimi, Matfey də öz İncilində qeyd edir ki, İohan, Yəhyanın “səhrada qışqıraraq danış”masından bəhs etdiyi şəxs idi. İohann yenidən “vəhşi çöldə”, “dəvə dərisindən” paltar geyinmiş, “çəyirtkə və vəhşi balla” qidalanan biri kimi təsvir edilir. İohann günahların bağışlanması üçün vəftiz mərasimini həyata keçirir, həmçinin, “gələcəkdə təşrif buyuraraq insanları Müqəddəs Ruhla vəftiz edəcək” məsih haqqında məlumatlandırır.
Markdan fərqli olaraq Matfey qeyd edir ki, İohann Fariseylər və Saddukeyləri tənqid edir. Matfey qeyd edir ki, İohann “səmavi krallıq” və “gözlənilən məhkəmə” haqqında məlumatlar verir.
Markın İncilində olduğu kimi, Matfey də İohannın Herodu tənqid etdiyinə görə həbs edilməsindən və edamından danışır. Matfeydə Herod özü İsanın dirilmiş Vəftizçi İohann olduğuna inanır. Matfey də, həmçinin qeyd edir ki, İohannın dəfnindən sonra onun tələbələri İsanın yanına gedərək ona qoşulmuşdular.
O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».
İsa On İki şagirdinə nəsihət verib qurtarandan sonra öyrədərək vəz etmək üçün onların şəhərlərinə getdi. Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”. Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi.
Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. Qulağı olan eşitsin! Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir. Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».
O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi. Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır». Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı. Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi. O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək. Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver». Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər. Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu. Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı. Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.
Lukanın İncilində İohannın körpəliyi haqqında məlumatlar saxlanmışdır ki, burda da o, yaşlı kişi olan Zəkəriyyənin və yaşlı qısır qadın Yelezavetanın övladı kimi təqdim olunur.[28] Həmin məlumtda bildirilir ki, İohannın doğulacağı əvvəlcədən mələk Cəbrayıl tərəfindən Zəkəriyyəyə bildirilmişdi, həmin dövrdə Zəkəriyyə Yerusəlim məbədində kahin kimi fəaliyyət göstərirdi. Zəkəriyyənin Aviya məbədinin kahinlərindən, Yelizavetanın isə Harunun qızlarından[29] biri kimi təqdim olunması İohannın həm ata, həm də ana tərəfdən Harunun nəsil xəttindən gəlməsini göstərir.[30]
İncillərdə İsa və İohann arasında ailə bağı haqqında heç bir məlumat yoxdur və tarixçi Reymond E. Brounhas bunu “şübhəli tarixilik” kimi qəbul edir.[31] Geza Vermes isə bu faktı “süni və şübhəsiz ki, Luka tərəfindən yaradılmış” adlandırır.[32] Lukanın İncili əsasında katolik təqvimində İohannın doğulması İsanın doğulmasından yeddi ay əvvələ, 24 iyuna təyin edilmişdir.[33]
Lukanın İncilində İohannın doğulması və Əhdi-Ətiqdə Samuelin doğulması arasında çoxlu oxşarlıqların olmasına əsaslanan bəzi alimlər, Lukanın, İohannın doğulması hadisəsinin təsvirini, Samuelin doğulması hadisəsi əsasında qurduğunu bildirmişlər.[34]
Lukanın İncilinin unikal xüsusiyyətlərindən biri də odur ki, burda İohann xeyriyyəçiliyi təbliğ edir, vergi yığanları vəftiz edir və əsgərlərə məsləhətlər verir. Mətndə qısa şəkildə İohannın həbsi və başının kəsilməsi haqqında məlumat verilsə də, Lukanın İncilində Salomenin Herod üçün rəqs etməsi və İohannın başını ona verməyi xahiş etməsi səhnələri yoxdur.
Həvarilərin işləri kitabında İohannın bəzi tələbələrinin İsanın ardıcılları olmaları haqqında məlumat verilsə də (İşlər 18:24-19:6)[35] Simon Pyotrun qardaşı Həvari Andrey (İohann 1:35-42) istisna olmaqla İncillərdə bu haqqda ətraflı məlumat verilmir.[36]
Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər. Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.
Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi. Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi. Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüvvəti ilə Rəbbin önündə gedəcək».
Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb».
Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».
Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi. O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı. Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı». Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı.
Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq».
Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur». Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi. O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!».
Məryəm isə dedi: «Qəlbim Rəbbi ucaldır, Ruhum Xilaskarım Allaha görə şadlanır, Çünki O Öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq, Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir! Onun mərhəməti də nəsildən-nəslə Ondan qorxanlara göstərilər. O, qolu ilə qüdrətli işlər gördü, Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Hökmdarları taxtlarından endirdi, Məzlumları yüksəltdi. Acları nemətlərlə doydurdu, Varlıları isə əliboş yola saldı. Rəbb gulu İsrailin imdadına çatdı, Ata-babalarımıza vəd etdiyi kimi İbrahimə və onun nəslinə əbədilik Mərhəmət göstərməyi yada saldı».
Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.
Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi: «Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı. O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi. Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı. Atamız İbrahimə and içdiyi kimi Bizə elə güc verdi ki, düşmənlərimizin əlindən qurtulub Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək. Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, Çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan. Onun xalqına günahlarının bağışlanması ilə Xilas olunmaları barədə bildirəcəksən. Axı Allahımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə Ucalarda bizim üçün Günəş doğacaq ki, Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, Ayaqlarımızı sülh yoluna yönəltsin». Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.
Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hirod Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu. O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi.
Necə ki Yeşaya peyğəmbərin kitabında yazılıb: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin. Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək. Bütün bəşər Allahın xilasını görəcək”». Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeriref name="Lives">{{cite book|last=Englebert|first=Omer|title=The Lives of the Saints|place=New York|publisher=Barnes dib? İndi isə tövbəyə layiq bəhrələr verin. Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır». Camaat ondan soruşurdu: «Bəs biz nə edək?» Yəhya onlara belə cavab verdi: «İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün». Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?» Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın». Bəzi əsgərlər də gəlib ondan soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin». Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu, Məsihdirmi?» Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq». Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi. Amma Yəhya hökmdar Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə Hirod etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.
Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı, Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam». İohannın tələbələri və oruc (Luka 5)
Onlarsa İsaya dedilər: «Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir, fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər».
Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”» Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı. İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar. Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin qabağında yolunu hazırlayacaq”.
Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür». Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər. Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.
İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir? Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız, Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız” deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”.
Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».
Dördüncü İncildə Vəftizçi İohann “insanlara işıq haqqında şahidlik etmək və insanların onun vasitəsi ilə inanması üçün [...] Tanrı tərəfindən göndərilmiş” kimi təqdim edilir. İohann birbaşa Məsih və ya “səhrada qışqıraraq danışan” İlyas olmadığını bildirir.
İsanın vəftiz olunmasına işarə edilsə də, bu hadisə təsvir olunmur. Digər İncillərdən fərqli olaraq, İohannın İncilində İohann “Müqəddəs Ruhun göydən onun üzərinə enməsinə şahidlik edir.” İohann aydın şəkildə bildirir ki, İsa o şəxsdir ki, İsa məhz “Müqəddəs Ruhla vəftiz edəcək şəxsdir” və o hətta bildirir ki, “İsa Tanrının oğlu”dur və “Tanrının quzusu”dur. İohannın İncilində İsanın tələbələrinin də vəftiz olunmasından, həmçinin tələbələrlə digər yəhudilər arasında təmizlənmə haqqında müzakirənin olmasından da bəhs edilir. Bu müzakirədə bildirilir ki, İsa “daha böyük olmalı”, “o (İohann) isə daha kiçik olmalıdı”[37] (Vulqata: illum oportet crescere me autem minui).[John 3:30]
Daha sonra İohannın İncilində bildirilir ki, İsa Vəftizçi İohanndan daha çox insanı vəftiz edə bilmişdi.[38] Daha sonra qeyd edilir ki, “İohann yanan çıraq idi və siz bir müddət onun işıq şüaları altında əylənmək istədiniz.” (İohann, 5:35).[39]
Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi.
Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi.
Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm».
Göndərilən bəzi fariseylər Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».
Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. Yəhya hələ zindana salınmamışdı. Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. “Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. İndi Ona böyümək, mənə kiçilmək gərəkdir».
Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.
İsanın vəftiz olunması hadisəsinin bəzi detalları İncillərdə fərqli təsvir olunmuşdur. Mark və Lukanın İncilində İsa Cənnətin açıq qapılarını görür və ona ünvanlanmış “Sən mənim əziz və sevimli oğlumsan; sən mənə böyük sevinc gətirdin” ifadəsini eşidir. Ətrafdakılar isə nə isə gördüklərini və ya səs eşitdiklərini dəqiqləşdirə bilmirlər.
Matfeyin İncilində Cənnətdən gələn səs bir başa İsaya yönlənmir və “Bu mənim sevimli oğlumdur, mən ona xeyir-dua verirəm” deyir. İohannın İncilində isə Vəftizçi İohann özü göydən göyərçin kimi enən Müqəddəs Ruhu görür və onun İsanın statusu haqqında xəbərini eşidir.
İohannın İsa haqqında verdiyi məlumatlar da İncillərdə müxtəlif cür təqdim olunur. Markın İncilində İohann gələcək lider haqqında xəbər versə də, İsanın həmin lider olması haqqında heç bir işarə etmir. Matfeyin İncilində isə İohann İsanı qəbul edir və özü İsanı vəftiz edir. Həm Matfeydə, həm də Lukada İohann tələbələrini İsanın hüzuruna göndərərək qeyd edir ki, “sizlər getməli və daha böyük bir şəxsin gəlişini gözləməlisiz.” Lukanın İncilində İohann, doğulması əvvəlcədən mələk Cəbrayıl tərəfindən xəbər verilmiş İsanın ailə qohumudur. İohannın İncilində Vəftizçi İohann özü göydən göyərçin kimi enən Müqəddəs Ruhu görür və İsanın Tanrının oğlu olmasına şahidlik edir.
İncillərdə İohannın İlyasla əlaqəsi məsələsinə münasibət də fərqlidir. Matfey və Mark İohannın geyimini elə təsvir edir ki, bu təsvir 2 Kral 1:8-də İlyasın təsvirini xatırladır, çünki, İlyas da dəri geyimdə və kəmərlə təsvir edilir. Matfeyin İncilində İsa təbliğ edir ki, İohann “gəlməli olan İlyasdır” (Matfey 11:14, həmçinin bax: Matfey 17:11-13). İohannın İncilində isə Vəftizçi İohann açıq şəkildə İlyas olmadığını bildirir.[40] Lukanın İncilində isə Zəkəriyyənin müjdələnməsi səhnəsində mələk Cəbrayıl ona deyir ki, İohann “bir çox İsrail övladını Tanrının övladı tərəfə yönəldəcək” və o şəxs olacaq ki, “İlyasın ruhu və gücü onda olacaq.”(Luke 1:16–17)
Quranda Allah tez-tez Zəkəriyyənin oğlunun doğulması üçün dua etdiyini xatırladır. Əhdi-Cədiddəki kimi Zəkəriyyənin arvadı Yelezavetanın qısır olması və onun uşaq dünyaya gətirməsinin mümkünsüzlüyü bildirilir.[41] Allahın hədiyyəsi kimi Zəkəriyyəyə “Yəhya” adlı uşaq bəxş edilir və bu ad sırf o uşaq üçün seçilir. Zəkəriyyənin dualarına cavab olaraq Allah Yəhya və İsanı göndərir[42], onların vasitəsiylə əvvəllər göndərilmiş və İsrail övladları tərəfindən pozulmuş qanunları təkrar göndərir. Quranda deyilir:
“(Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!”
(Zəkəriyya) dedi: “Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş (sümüyü sustalmış bir kişi) ikən mənim necə oğlum ola bilər?” (Allah Cəbrailin dili ilə buyurdu: ) ”Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən (yoxdan) yaratmışdım!” (Zəkəriyya) dedi “Ey Rəbbim! Mənim üçün (ürəyim arxayın olsun deyə, bu barədə) bir əlamət müəyyən et!” (Allah) buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gün-üç gecə adamlarla danışa bilməyəcəksən!”” |
Yəhya müqəddəs mətnlərə maraq göstərirdi və uşaq vaxtından ona hikmət verilmişdi. O, təmiz və mömin idi, Allahın buyuruqları əsasında yaşayırdı. O, anasına qarşı qayğıkeş idi, təkəbbür və üsyankarlıq xasiyyəti yoxdu. Hələ azyaşlı olduğu dövrdə Yəhya, müqəddəs mətnləri oxumaq və anlamaq qabiliyytəti ilə dövrün tanınmış alimlərini də heyrətləndirirdi.[41] Müsəlman təfsirinə görə, İsa özünə ardıcıllar toplayana kimi İohann öz ardıcıllarından on iki nəfəri İsanın fikirlərini yaymağa kömək etmək üçün göndərmişdi.[42][43] Quranda deyilir:
“(Yəhya dünyaya gəldikdən sonra ona dedik: ) “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” |
Yəhya Allah tərəfindən göndərilən və insanları bütün pis əməllərdən çəkindirməyə çalışan klassik peyğəmbər idi.[44] Bundan başqa Quranda İohannın incə mərhəmətindən və sevgi dolu olmasından, həyata, onun insana bəxş edilmə səbəbinə ciddi yanaşmasından bəhs edilir:
“Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi. (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi. Ona doğulduğu gün də, öləcəyi gün də, (qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də, salam olsun! (Yəhya anadan olduğu gün Şeytan şərindən, vəfat etdikdə qəbir əzabından, axirətdə isə qiyamət dəhşətindən salamat olsun!)” |
Quranda ismətli və xeyirxah biri kimi təsvir edildiyinə görə, Yəhya həm də İslam mistisizmi olan sufizmdə yüksək dəyərləndirilir.[45] Sufilər tez-tez Yəhya haqqında Quranda verilmiş məlumatlara istinad edirlər, daha çox isə Yəhyaya hələ körpə yaşında bəxş edilmiş “müdriklik”, həmçinin onun İsa ilə oxşar xüsusiyyətlərinə diqqət çəkirlər. Baxmayaraq ki, Quranda Yəhya və İsanın təsvir olunması üçün istifadə edilmiş ifadələr eyniyyət təşkil edir, bu iki şəxsin mahiyyəti fərqli şəkildə təqdim olunur.[46]
Ənənəvi inanca görə, Vəftizçi İohann Fələstinin dağlıq Samariya ərazisində, Sebaste adlı kənddə dəfn edilmiş, onun relikviyası IV əsrdən həmin ərazini şərəfləndirmişdir. Tarixçilər Rufin Tiranni və Feodorit Vəftizçi İohannın türbəsinin Mürtəd Yulianın hakimiyyəti dövrandə, təxminən 362-ci ildə inşa olunduğunu, onun sümüklərinin həmin ərazidə qismən dəfn edildiyini qeyd edirlər. Müqəddəs əmanətlərin bir hissəsi sonradan Yerusəlimə aparılmış, burdan İskəndəriyyəyə gətirilmiş və Serapis məbədinin yerində inşa olunmuş bazilikada yerləşdirilmişdir. Bununla belə, Sebaste kəndindəki türbə hələ də insanlar tərəfindən ziyarət edilir, Müqəddəs Cerom isə orada çalışdığı zaman möcüzələrin şahidi olduğunu qeyd edir.
Vəftizçi İohannın başı ilə nə olduğu isə mübahisəlidir. Nikifor Kallist Ksanfopul[47] və Simeon Metafrast başın Herodias tərəfindən Maxeron qalasında dəfn olunduğunu qeyd edirlər (İosif Flaviyə istinadən). Digər müəlliflər isə qeyd edirlər ki, baş Herodun Yerusəlimdəki sarayında dəfn olunmuşdur; orada I Konstantinin hakimiyyəti dövründə tapılmış və gizli şəkildə Homs şəhərinə gətirilərək gizlədilmiş, 453-cü ildə aşkara çıxarılana kimi uzun müddət gizli saxlanmışdır. Vəftizçi İohannın başının büküldüyü parça isə Axen kafedralında saxlanılır. Kopt Ortodoks Kilsəsi də Vəftizçi İohannın relikviyasına sahib olduğunu bildirir. Həmin relikviya İskəndəriyyə və Qahirə arasında, Aşağı Misir ərazisində yerləşən monastırda aşkarlanmışdır. Ola bilsin ki, bu hadisə monaxların icazəsi ilə relikviyanın dəfn edildiyi məzarın görülməsindən sonra baş vermişdir. Əsas təəccüblü və qeyri-müəyyən hadisə isə Vəftizçi İohannın başının Vest Yorkşirin Hallifaks şəhərində, rəsmilərin mühafizəsi altında peyda olması idi Bununla bağlı əfsanə ilk dəfə XVI əsrdə Uilyam Kamdenin “Britannia” əsərində qeyd edilir və göstərilir ki, şəhərin dı “halig” (holy-müqəddəs) və “fax” (face-üz) sözlərindən gəlməkdədir və şəhərin ilk sakinləri özləri ilə Müqəddəs İohannın üzünü gətirmişdilər.[48]
Bunlardan başqa bir neçə fərqli ərazidə də İohannın başının saxlandığı iddia edilir. Onların arasında Dəməşqdəki Üməyyəd məscidi[49], Romadakı San Silvestro in Kapite[50] və 1385-ci ildən 1918-ci ilə kimi Bavariyanın Vittelsbax nəslindən olan idarəçilərinin rəsmi iqamətgahı olan Almaniyanın Münhen şəhərindəki Münhen sarayı da var[50] . Digər başlardan biri Məbəd cəngavərləri tərəfindən Fransanın Amiyen kafedralına gətirilmiş (Dördüncü səlib yürüşü zamanı Vallon de Sarton tərəfindən Konstantinopolda əldə edilmişdi), digəri müasir Türkiyə ərazisindəki Antioxiyada (taleyi naməlumdur) və reformasiyaya qədər saxlanmış Kentdəki Tenterden kilsəsində idi.
Vəftizçi İohannın İsanı vəftiz etmiş sağ əlinin Monteneqrodakı Çetin serb ortodoks monastırında, Türkiyədəki Topqapı sarayında[50] və Afos dağında yerləşən Prodromos rumın sketesində saxlanması iddia edilir. Vəftizçi İohannın sol əlinin Qərbi Benqaliyadakı Çinşura ərazisindəki Müqəddəs İohann Erməni Qriqoryan Kilsəsində saxlanılır və hər il yanvar ayında “Çinşura günü”ndə həmin əllə Kəlküttədə yaşayan ermənilərə xeyir-dua verilir.[51] Bundan başqa 1969-cu ildə, Misirin Vadi-əl-Natrun ərazisindəki XI-XVI əsrlərdə inşa edilmiş Müqəddəs Böyük Makariya monastırında restavrasiya işləri zamanı Vəftizçi İohanna aid olduğu güman edilən əlyazmaları və digər relikviyalar əldə edilmişdir.[52] Digər bir neçə relikviya isə Azərbaycanın Kəlbəcər rayonundakı Gəncəsər monastırında saxlanılır.
2010-cu ildə Müq. İvan adasındakı IV-XVII əsrlərə aid Müqəddəs İohann monasıtırı tərkibindəki kilsənin xarabalıqlarından sümüklər aşkarlanmışdır. DNT və radiokarbon analizinin nəticələri sümüklərin Yaxın Şərqdən olan və birinci əsrdə yaşamış bir kişiyə aid olduğunu göstərmişdir ki, alimlər də sümüklərin məhz Vəftizçi İohanna aid ola biləcəyi ehtimalını səsləndirmişlər.[53] Sozopoldakı Müqəddəs Kirill və Mefodi kafedralındakı relikvariumda aşkarlanmış qalıqlara altı sümük parçası daxildir: sağ əlin bilək sümüyü, diş, baş sümüyünün hissəsi, qabırğa və qol sümüyü.[53][54]
Xristian inancına görə İsadan əvvəl göndərilmiş Vəftiçi İohannın insanları İsanın gəlişinə hazırlamaq və Məsihin gəlişi haqqında müjdələmək kimi xüsusi rolu olmuşdur. Əhdi-Cədid kitablarında Vəftizçi İohannın fəaliyyətindən bəhs edilir. Luka 1:17-də Vəftizçi İohannın vəzifəsinin “ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək” kimi qeyd edilir. Luka 1:76-da “...sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, Çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan”, Luka 1:77-də isə “...xalqına günahlarının bağışlanması ilə xilas olunmaları barədə bildirəcəksən” deyə xəbər verilir.
Əhdi-Cədiddə olan bəzi məlumatlar xristianlar tərəfindən Vəftizçi İohannın gəlişi haqqında əvvəlcədən verilmiş xəbər kimi dəyərləndirilir. Malaxay 3:1-də qeyd edilən “Rəbb üçün yol hazırlayacaq” ifadəsinin Vəftizçi İohanna aid olduğu gümün edilir:
“Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz əhd elçisi gələcək” deyir Ordular Rəbbi.” Malaxay 3:1[55]
|
Həmin kitabda, növbəti fəsilin sonunda Malaxay 4:5-6-da isə deyilir:
“Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim”. |
İsa dövründə yaşamış yəhudilər Məsihdən əvvəl gələrək onun müjdəsini verəcək peyğəmbəri gözləyirdilər; həqiqətən də, hazırda da bir çox yəhudilər İlyas peyğəmbərin gəlişini gözləyirlər və Seder Pesax zamanı istifadə olunan İlyas peyğəmbər qabı da bunun simvoludur. Buna görə də Matfey 17:10-da tələbələri İsadan soruşurlar: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
“İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.” Matfey 17:11-13
|
Bu istinadlar Sinoptik İncillərdə demək olar ki, eynidir[56][57][58], lakin, Matfeyin İncilində Vəftizçi İohannın İlyas peyğəmbər olduğunun təsdiqləndiyi yerə (11.14, 17.13) uğun olan Mark və Lukanın incillərində dəqiqlik yoxdur, İohannın İncilində isə Vəftizçi İohann ümumiyyətlə İlyas olmadığını bildirir.
“Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi.” İohann 1:19-21
|
Ebionitlər kimi erkən yəhudi (Kiprli Epifaninin “Panarion” əsərinin 30-cu hissəsinə görə Qnostik) xristian qrupları İsa və Yakovla birlikdə İohannın da pəhrizkar olduğuna inanırdılar.[59][60][61][62][63][64] Kiprli Epifani qeyd edir ki, Ebionitlər özlərinin istifadə etdikləri (bu gün Ebionitlərin İncili kimi tanınır) Matfeyin İncilinə dəyişiklik edərək, İohannın səhrada çəyirtkə yediyi yerləri “bal kökəsi” və ya “manna” kimi oxumağa başlamışdılar.[65][66]
Şərq Ortodoks Kilsəsi inancına görə İohann Əhdi-Ətiq peyğəmbərləri arasında vəhy və Yeni Əhd arasında əlaqə quranlardan sonuncusudur. Onların inancına görə, ölümündən sonra Aidin yanına gedən İohann ona da İsanın Məsih olduğunu bildirmiş və beləcə də, sağlığında olduğu kimi, ölümündə də İsanın müjdəçisi olmuşdur. Müqəddəs Vəftizçi İohann ikonası ortodoks kilsələrinin ikonastasında çox vaxt hörmətli yerdə qərarlaşır və ibadət saatı zamanı əksər hallarda yad edilir. İl boyu hər həftənin şənbə günü onun xatirəsinə həsr edilir.
Şərq Ortodoks Kilsəsi Müjdəçi Müqəddəs iohannı kilsə ili (1 sentyabrda başlayır) ərzində yeddi fərqli bayram günündə qeyd edir:
Yuxarıda qeyd edilənlərdən əlavə 5 sentyabrda İohannın valideynləri Zəkəriyyə və Yelezavetanın günü qeyd edilir. Rus Pravoslav Kilsəsi isə 12 oktyabrda Vəftizçi İohannın sağ əlinin Maltadan Qatçinaya gətirilməsini (1799) qeyd edir.
Roma-Katolik kilsəsi Müqəddəs Vəftizçi İohannı iki bayramla yad edir:
Bəzi katoliklərin inancına görə Vəftizçi İohann heç vaxt günah iş görməmişdir, lakin, bu məsələyə Məryəmin günahsızlığı mövqeyindən yanaşma deyil və inancda da vacib şərtlərdən hesab olunmur. Özünün “Dua haqqında traktat” əsərində Sienalı Müqəddəs Katerina İblislə qısa deyişməsini verir, bu deyişmədə İblis ikiüzlülük və yaltaqlıqla onu cəlb etməyə çalışır. Birinci danışan Müqəddəs Katerina İblisə bu sözlərlə müraciət edir:
“...özünü alçaldmayaraq o, İblisə bu sözləri dedi: “Bəli, mən beləyəm! Vəftizçi İohann heç vaxt günah işləməmişdi, anasının bətnində olarkən isə Tanrı ona xeyir-dua vermişdi. Mənim isə çoxlu günahlarım var...” |
Müqəddəs Anna Katerina Emmerix özünün mistik baxışlarında qeyd edir ki, Müqəddəs Vəftizçi İohann Yelezavetanın bətnində saf, günahsız və qüsursuz yaradılmışdı və dünyəvi həyatı zamanı heç vaxt günah iş görməmişdi.[70][71] İsa Məsihdən qaynaqlanan alleqorik baxışında Emmerix Vəftizçi İohannı aşağıdakı kimi təsvir edir:
“O görür, bilir və danışır yalnız İsa üçün...O səhrada da, anasının bətnində olduğu kimi saf və təmiz, anasının döşündən süd əmən körpə kimi günahsızdır. Mən Rəbbin (İsa Məsih) həvarilərə onun “mələk kimi pak” olduğunu söylədiyini eşidirəm. “Heç vaxt onun ağzına haram bir şey daxil olmayıb, heç vaxt yalan danışmayıb və başqa günahlardan uzaq durub...” |
İsa və Axır zaman müqəddəsləri kilsəsi son tədqiqatların Vəftizçi İohann haqqında Bibliya məlumatlarını təsdiqlədiyini bildirir və onun xidmətinin başqa hadisələrini də qeyd edir. Bu kilsənin inancına görə İohann “Tanrı tərəfindən vəzifələndirilmiş mələk idi” və “səkkiz günlük olduğu zaman ona yəhudilərin çarlığını devirmək” və xalqı Rəbbin gəlişinə hazırlamaq həvalə olunmuşdu. Mormonlar həm də onun körpə olduğu vaxt vəftiz olunduğuna inanırlar.[72]
AZM kilsəsinin ilk lideri olan Cozef Smit deyir: "Gəlin Əhdi-Cədid zamanına dönək – bir çoxları Rəbb və onun həvarilərini öyür. Biz isə Vəftizçi İohannla başlayacıyıq. Herod yeni doğulmuş bütün oğlan uşaqlarının öldürülməsi əmrini verdiyi zaman İohann İsadan təxminən altı ay böyük idi və bu qəddar qərar ona da şamil edilməli idi, buna görə də, Zəkəriyyə anası ilə birlikdə İohannı dağlara göndərdi və burada körpə İohann çəyirtkə və vəhşi bal yeyərək böyüdü. Atası onları gizlətdiyi yeri deməkdən imtina etdikdə Məbədin ali kahini qarşısında mühakimə olunmuş və Herodun əmri ilə öldürülərək, İsanın dediyi kimi qurban verilmişdir.”[73][74]
AZM kilsəsinin inanc nəzəriyyəsinə görə 15 may 1829-cu ildə Harmoni, Susquehanna, Pensiyvaniyada, Susquehanna çayının sahilində peyda olan Vəftizçi İohann Cozef Smit və Oliver Kouderiyə xeyir-dua vermişdir.[75][76] AZM kilsəsinə görə İohannın fəaliyyəti üç hissədən ibarət olmuşdur: o, Əhdi-Ətiq peyğəmbərlərindən sonuncusu olmuşdur; o, Əhdi-Cədid peyğəmbərlərindən birincisi olmuşdur; Aaron kahinliyinin həyata keçirilməsi üçün müasir dövrdə yenidən göndərilmişdir. Mormon inancına görə İohannın gəlməsi əvvəlcədən iki peyğəmbər tərəfindən müjdələnmiş və bunlar Mormon kitabında təsvir olunmuşdur: Lehi[77] və onun oğlu Nefi.[78][79]
Vəhdət kilsəsinin təbliğ etdiyi inanca görə Tanrı İohannı İudeyadakı fəaliyyəti zamanı İsaya kömək etməsi üçün göndərmişdir. İohann əlindən gələn hər şeyi edir ki, yəhudiləri İsanın Məsih olduğuna inandırsın. O, İsanın əsas şagirdi olur və onun şagirdləri də İsanı izləyirlər. Lakin İohann İsanı izləməkdən imtina edərək öz yolu ilə gedir və insanları vəftiz etməyə davam edir. İohannın İsanı izləməkdən imtina etməsi İsanın fəaliyyəti zamanı qarşısına çıxan əsas maneə olur.[80]
Vəftizçi İohann | |
---|---|
ivr. יוחנן המטביל ivr. יוחנן בן זכריה | |
Rütbə | Peyğəmbər, Bilici, Elçi, İsanın gəlişinin müjdəçisi |
Doğum tarixi | e.ə. 6-2-ci illər |
Doğum yeri | Yerusəlim |
Vəfat tarixi | təq. 32 |
Xatirə günü | 24 iyun |
Vikianbarda əlaqəli mediafayllar |
Vəftizçi İohann həm də İslamda əsas fiqurlardan biri kimi qeyd edilir və peyğəmbər olduğu vurğulanır, adının isə Yəhya ibn Zəkəriyyə (ərəb. يحيى بن زكريا) və ya Zəkəriyya oğlu Yəhya olduğu qeyd edilir. Müsəlman inancına görə o, Allah sözünün şahidi və İsanın gələcəyi barədə müjdə vermiş peyğəmbər olmuşdur. İohannın atası Zəkəriyyə də İslamda peyğəmbərlərdən biri kimi qeyd edilir. İslam ənənəsinə görə Yəhya Məhəmmədin Merac gecəsi[81] görüşdüyü peyğəmbərlərdən biridir. Məhəmməd Cənnətin üçüncü mərtəbəsində mələk Cəbrayılla görüşməmişdən əvvəl, Cənnətin ikinci mərtəbəsində “qardaşları” Yəhya və İsa ilə görüşmüşdü. İohannın hekayəsi müsəlmanların Efiopiyaya hicrəti zamanı Aksum çarı tərəfindən də nəql edilmişdi.[82] Qurana görə İohann o şəxslərdən olmuşdur ki, onun doğum və ölüm günü Allah sülh bəxş etmişdir.[83]
Tədqiqatçı A. Ceycer qeyd edir ki, Quranda səhvən Yəhyanın bu adı daşıyan il şəxs olması göstərilib, çünki, Vəftizçi İohannın doğulmasından xeyli əvvəl Yohanan adı dəfələrlə müxtəlif mənbələrdə qeyd edilirdi.[84] Lakin bu fikir İslam tədqiqatçıları tərəfindən qəbul edilməmiş və “Yohanan” adının “Yəḥyā” adı ilə eyni olmadığı bildirilmişdir.[6]
Ekzegetiklər, İohannın anasının qısırlığına və müsəlmanların Yəhyanın təbliğinin yıhudilərin imanını yaşatması inancına istinadən onun adının “diri edən” və ya “cəld” mənası verdiyini bildirirlər.[85]
Yuhanna adının Ərəbistan yarımadasının qərbində yayılması həqiqətən də mənbələrdə təsdiq edilir. Yaxşı sənədləşdirilmiş Nairan anlaşmasında qırx rəhbərdən birinin adının Yuhannas olması qeyd edilir.
Bəhailiyin əsasını qoymuş Bəhaullahın yazılarında Vəftizçi İohannın xatırlandığı bir çox məqamlar vardır. O, Bəhailikdə kiçik peyğəmbər kimi qəbul edilir.[13] Bəhaullah elan edir ki, onun müjdəçisi olan Bab Vəftizçi İohannın ruhi dönüşüdür. Papa IX Piyə ünvanlanmış məktubunda o, yazır:
“Ey, Oğulun ardıcılları! Biz bir daha İohannı sizin yanınıza göndərdik və o, səhrada var-gücü ilə Fars Bayanı Bayanı qışqırmağa başladı: Ey insanlar! Gözlərinizi açın! Sizə vəd olunan və ona qovuşacağınız gün yaxındadır! Ey İncil ardıcılları! Yola hazırlaşın! Şanlı Rəbbin zühur günü yaxındadır! Cənnətə girməyə hazır olun! O Tanrı tərəfindən qaranlığı yarmaq üçün göndəriləcək.”[86] |
Lakin, Bəhailikdə ən böyük peyğəmbər (Tanrının təzahürü) Bab hesab edilir və beləliklə də Vəftizçi İohanndan daha nüfuzlu hesab edilir.
Qnostisizmə görə, Vəftizçi İohann Əhdi-Ətiq peyğəmbəri olan İlyasın “şəxsləşdirilməsi”dir. İlyas Əsl Tanrını (İbrahimi dinlərin Tanrısı) tanımamışdı və Qnostik teologiyaya görə onu reinkarnasiya gözləyirdi. Əhdi-Ətiq peyğəmbəri Malaxayın (Malaki) qeyd etdiyinə görə, İlyas “birinci gəlməli” və İsa Məsihin gələcəyi ilə bağlı xəbər verməli idi. Baxmayaraq ki, İohannın İncili bunu tamamilə rədd edir (İohann 1:21)[87][88], müasir antroposofiya da Vəftizçi İohannın yenidən dirilmiş İlyas olduğunu qəbul edir (bax: Mark 9:11-13[89], Matfey 11:13-14[90], Luka 7:27[91]).
Vəftizçi İohann Mandayizmdə də əsas peyğəmbərlərdən biridir və Ginza Rabba və Draša D-Iahia (Mandayist İohann kitabı) kimi onların bəzi yazılarında böyük rol oynayır.[92] Onların baxışlarına görə İohann əsl Məsihdir və bu yanaşmada İohann İsanın yerinə qoyulur. Mandeyistlərin kitabında yazılır: “Əgər çoban [İsa] tanrı oldusa, çoban kim oldu?” [93]
Vəftizçi İohannın başı mərkəzi İordaniya ərazisində yerləşən Maxeron qalası ərazisində kəsildiyindən, o, İordaniyanın patron müqəddəsi hesab edilir. O, həm də Puerto-Riko və onun paytaxtı San Xuan şəhərinin patron müqəddəsidir. 1521-ci ildə Xristofor Kolumbun adaya verdiyi ad və adanın vəftiz edildiyi ada uyğun olaraq, ada rəsmən "San Juan Bautista de Puerto Rico" adlandırılmışdı. Sonradan geniş vüsət almış kartoqrafik səhvlərə görə, həm “San Xuan Bautista”, həm də “Puerto-Riko” adları, həm adaya, həm də onun mərkəzinə aid edilmişdir. 1746-cı ildən etibarən şəhərin adı (Puerto-Riko) ümumilikdə adaya, adanın adı (San Xuan Bautista) isə şəhərə aid edilməyə başlamışdı. Puerto-Rikonun rəsmi devizində də Vəftizçi İohanna istinad edilir: "Joannes Est Nomen Eius" (lat.: Onun adı İohanndır, Luka 1:63)
Vəftizçi İohann həm də Fransız Kanadası və Nyufaundlendin patron müqəddəsidir. Kanada şəhərləri Sent-Cons (Nyufaundlend və Labrador) (1497) və Sent-Cons (Nyu-Bransuik) (1604) da onun şərəfinə adlandırılmışdır. Birləşmiş Krallıqda Vəftizçi İohann Kornuoll qraflığında yerləşən Penzans şəhərinin patron müqəddəsidir. Vəftizçi İohannın doğum günü olan 24 iyun Kvebek əyalətində Müqəddəs San-Baptist günü Fête Nationale du Québec və Nyufaundlenddə Kəşf günü adıyla bayram kimi qeyd edilir.
23 iyun gecəsi və 24 iyun günü Portuqaliyanın ikinci böyük şəhəri olan Portu şəhərində Müqəddəs İohann günü kimi qeyd edilir. 2004-cü ildə “The Guardian” qəzetində nəşr edilmiş məqalədə göstərilir ki, “Festa de São João do Porto” ölkə sərhəddlərindən kənarda çox məşhur olmasa da, Avropanın ən canlı küçə festivalıdır.[94]
O, həm də Yerusəlim, Malta, İtaliyada Florensiya və Genuya Hospitalyerlərinin patronu hesab edilir. İohann, Maltanın Gozo adasında yerləşən Xevkija kəndinin patronudur və 24 iyun günü kənddə bayram olaraq qeyd edilir.
Kalamba, Kalumpit, Balayan, Lian və San Xuan (Metro Manila) San Xuan şəhərləri Filippində İohannın şərəfinə adlandırılmış və ya onun patron olduğu yerlərdir. Filippin mədəniyyətində Müqəddəs İohannın xatirəsinin qeyd edilməsi əsasən insanların çimməsi və üzərinə su tökməsi ilə qeyd edilir. Bəi xüsusiyyətlərinə görə bu ənənə Hinduist mədəniyyətinə məxsus Holi bayramı ilə müqayisə edilir. Manilada məşhur Qara Nazaretli heykəlinin saxlandığı Quiapo kilsəsi də Müqəddəs İohannın şərəfinə inşa edilmişdir.
ABŞ-nin Cənubi Karolina ştatındakı Çarlston yeparxiyasının da patronu Vəftizçi İohanndır. Onun şərəfinə adlandırılmış bir neçə dini orden Baptistinlər adlanır. Yevangelist İohannla yanaşı Vəftizçi İohann da qardaşlıq cəmiyyəti olan “Azad Massonlar”ın patron müqəddəslərindən biri hesab edilir.[95]
Bir çox Aralıq dənizi sahili ölkələrində yay gündönümü Müqəddəs İohanna həsr edilir. Bu bayramla əlaqəli ənənələr anqlo-sakson ənənsində yayortası ənənələri ilə oxşarlıq təşkil edir.
Vəftizçi İohannın başının kəsilməsi Xristian incəsənətinin əsas mövzularından biridir.[11] Bu mövzuya həsr edilmiş əsərlərdə İohannın başı adətən boşqabın içində təsvir olunur ki, bu da, Salomenin xahişinin simvoludur.[96] Vəftizçi İohann həm də dəvə dərisindən paltar geyinmiş “Ecce Agnus Dei” yazısının müşayəti ilə və ya əlində kitabla və quzu ilə təsvir olunur.[12] Mark 1:2-də müjdəçi kimi təqdim edildiyinə görə, ortodoks ikonalarında İohann tez-tez mələk qanadları ilə təsvir edilir.[97]
İsanın həyatı mövzusundan, İsanın vəftiz edilməsi səhnəsi erkən xristian incəsənəti dövründən başlayaraq ən aktual sənət mövzularından biri olmuşdur. Erkən xristian təsvirlərində, V əsrdən başlayaraq Vəftizçi İohann hündür, arıq, solğun dərili, uzun saç və saqqala təsvir edilirdi. Erkən xristian incəsənəti dövründən başlayaraq, yalnız İohann və İsa uzun saçlarla təsvir edilir, digər həvari obrazları isə klassik qısa saç kəsimi ilə göstərilir; faktiki olaraq bu üsulla İohann İsaya daha yaxın göstərilir.
Bizans incəsənətinə məxsus Deisus təsvirləri əksər Şərq Ortodoks kilsələrində dövrümüzə kimi qalmaqdadır. Bu təsvirlərdə İsa Pantokrator, Tanrı anası (Teotokos) və Vəftizçi İohannla birlikdə insanlıq üçün şəfaət diləyərkən təsvir edilir; Qərb mədəniyyətində bir çox xüsusiyyətlərinə görə Deisus təsvirinin yerini Çarmıxa çəkmə və Yevangelist İohannın Vəftizçi İohannın yerində göstərildiyi (özünəməxsus İzenheym altarı istisna olmaqla) təsvirlər tutur. Vəftizçi İohannın təsvirlərinə bir çox kilsə altarlarında, onun şərəfinə adlandırılmış kilsələr və patronu olduğu şəhərlərdə (o Florensiyanın patronudu), həmçinin əlaqəli olduğu məkanlarla bağlı əsərlərdə rast gəlmək mümkündür.
Vəftizçi İohannın həyatının müxtəlif səhnələrini əks etdirən təsvirlər, adətən ona həsr edilmiş altarların predellalarını bəzəyir, həmçinin Florensiyada yerləşən, Andrea del Sartonun ən böyük əsəri olan “Chiostro dello Scalzo” qrizayl freskosu və Domeniko Girlandayonun Tornabuoni şapelində yerləşən “Həyat” freskosu kimi freska silsilələrində istifadə olunur. Digər mühüm bir fresko ssilsiləsi isə Filippo Lippi tərəfindən Prato kafedralında çəkilmişdir. Bu fresko tipik səhnələrdən ibarətdir: Zəkəriyyənin müjdələnməsi, İohannın doğulması və atası tərəfindən ad qoyulması, Məryəmin Yelezavetanı ziyarət etməsi, İohannın səhraya getməsi, onun səhradakı ibadəti, İsanın vəftiz edilməsi, İohann Herodun qarşısında, Salomenin rəqsi və İohannın başının kəsilməsi.
İsanın doğulması səhnəsindən fərqli olaraq zəngin ev interyeri fonunda verilən Vəftizçi İohannın doğulması səhnəsi orta əsrlərdən başlayaraq məşhurlaşmış və bu mövzuda ən məşhur əsərlər Yan van Eyk tərəfindən “Turin-Milan saatları” əlyazmasında və Girlandayo tərəfindən Tornabuoni şapelində yaradılmışdır. İohannın edam edilməsi səhnəsi XV əsrdən sonra geniş yayılmış, İsrahel van Mekenemin qravüründə olduğu kimi, bəzən Salomenin rəqsi səhnəsinə də müraciət olunmuşdur ki, bu səhnədə də Herodun sarayının zəngin interyeri və İohannın şəhid olduğu dövrdəkinə nisbətən daha üasir geyimlər göstərilir.[98] Vəftizçi İohannın başını boşqabda tutan Salomenin təsviri Şimal intibahının əsas mövzularından biri olmuş, təhlükəli və gözəl qadın obrazları (Deliya, Yudif və sair) ilə yanaşı işlənmiş[99], Böyük Lukas Karnax və Kiçik ustadlar bu mövzuya müraciət etmişlər. Bu obrazlar barokko dövründə də məşhurluğunu qoruyub və Karlo Dolçi hər üç mövzuda əsər yaradıb. İohannın təbiət ərazisində təbliğat aparması holland rəssamlığının məşhur mövzularından biri olmuş, Böyük Piter Breygel və onun davamçıları bu mövzuda əsərlər yaratmışlar.
Vəftizçi İohannın körpəliyi (müxtəlif yaş dövrlərində) XV əsrdən etibarən, bəzən “İsanın məbəddə təqdim edilməsi”, “Bakirənin evlənməsi” və “Müqəddəs qohumluq” mövzularında çəkilmiş rəsm əsərlərində göstərilmişdir. Leonardo da Vinçi tərəfindən işlənmiş “Qayalıqlar bakirəsi” əsəri intibah incəsənətində “Madonna və körpə” mövzusunun dəb olmasına imkan yaratmışdır və bu mövzuda çəkilmiş əsərlərdə Vəftizçi İohann da İsa və Məryəmlə birlikdə təsvir edilirdi, çünki İsanın Misirə gətirilməsindən sonra, onu qoruması üçün mələyin İohannı da Misirə gətirdiyinə inanılırdı. İntibah dövrünün digər məşhur rəssamı Rafaelin bu mövzuyla bağlı çəkdiyi Alba Madonna, Gözəl bağban qız, Aldobrandini Madonna, Madonna della seggiola və Madonna dell'Impannata əsərləri rəssamın ən məşhur əsərləri sırasına daxil olmuşdur. Leonardo da Vinçinin təsiri ilə, daha sonra isə Rafael, Tisian və Qvido Reninin mövzunu inkişaf etdirməsindən sonra Vəftizçi İohannın həm də yeniyetmə və gənclik dövrlərinin təsvir edilməsinə başlanmışdı, bu zaman o, dəvə dərisindən paltar geyinmiş və əlində ənənəvi uzun taxta xaç tutmuş vəziyyətdə göstərilirdi. Tez-tez, xüsusilə Erkən Niderland rəssamlığında bu cür təsvirlərdə İohannı quzu müşayət edir. Karavacco Vəftizçi İohanna həsr olunmuş bir neçə əsər işləmişdir; onlardan ilk beşində çılpaq fiqurlarda İohannın gənclik dövrü, sonrakı üç əsərdə isə ölümü – Vallettanın Müqəddəs İohann kafedralında saxlanan “Edam” əsərində İohannın başının kəsilməsi, biri Londonda, digəri isə Madriddə saxlanan iki əsərdə isə İohannın başını tutmuş Salome təsvir edilib.
İohannın ehtimal edilən başlarından birinin saxlandığı Amiyen kafedralında, XVI əsrə aid edilən polixrom bioqrafik silsilə vardır. Bu silsilə müqəddəsin qalıqlarını xüsusilə vurğulayır.
Məşhur Pre-Rafaelitlərdən olan Con Everet Mille “İsa valideynlərinin evində” tablosunu işləmişdir. Burada İohann heyvan dərisindən paltar geyinmiş və İsanın yaralı əlini sakitləşdirmək üçün su gətirmiş uşaq kimi təsvir olunmuşdur. Qustav Moro və Pyer Sesil Pevi de Şavann kimi XIX əsr simvolist rəssamlarının mövzuya yanaşması xüsusi bədii dəyərə malikdir. Obri Vinsent Byordsleyin Oskar Uayldın “Salome” pyesinə çəkdiyi illüstrasiyalardan bir neçəsi onun ən yaddaqalan əsərləri sırasına daxil olmuşdur.
İtalyan intibah şairəsi Lukretsiya Tornabuoninin yaradıcılığında ən çox istifadə etdiyi Bibliya obrazlarından biri də Vəftizçi İohann olmuşdur.[100]
İngilis Tüdor bəstəkarı Orlando Gibbons İohannın İncili əsasında, solo səs, xor, orqan və ya viola üçün “İohannın şahidliyi” adlı himn bəstələmişdir.
İsa Məsihin həyatının bir çox ekran adaptasiyalarında Vəftizçi İohann obrazını da görmək mümkündür. Vəftizçi İohann obrazını canlandıran aktyorlar sırasında Robert Rayan (Kralların kralı[101]), Mario Sokrat (Matfeyin İncili[102]), Çarlton Heston (Nə vaxtsa danışılmış hekayələrin ən böyüyü[103]), David Haskell (Qadspel[104]), Maykl York (Nazaretli İsa[105]), Anre Qriqori (İsanın son əziyyətləri[106]) və başqalarının adlarını çəkmək olar.
Herod beheaded John at Machaerus in 31 or 32 CE.
Herod beheaded John at Machaerus in 31 or 32 CE.