Gümüşü-boz şibyəyeyən
Gümüşü-boz şibyəyeyən (lat. Eilema lurideola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ.
== Xarici quruluşu ==
Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 26–28 mm-dir. Ön qanadları ensiz tünd-boz rəngdə olub, ön kənarı açıq-sarı, arxa qanadlar enli tünd sarımtıl rəngdədir. Baş və qarıncığın ucu sarı, bədənin qalan hissəsi boz rəngdədir.
Tırtılı qara-boz, kürək xətti qara, yan xətti isə qırmızı-sarıdır, üzərindəki tüklər və başı qaradır.
== Yayılması ==
Dağətəyi və orta dağlıq ərazilərdə geniş yayılmışdır. Bəzən düzənlik yerlərdə də ona rast gəlinir. Zoologiya institutunun kolleksiya fondunun işlənməsi zamanı A.Boqaçev tərəfindən Oğuzdan (4.VIII.35), R.Əfəndi tərəfindən Zaqataladan (19.VII.60), Bakıdan (16.IX.63), A.Piriyev tərəfindən Şamaxıdan (1.VII.88), Altıağacdan (15.VII.89), eləcə də Talşdan toplanmışdır.