Əlişir Nəvai
Əlişir Nəvai (9 fevral 1441, Herat, Teymurilər dövləti – 3 yanvar 1501, Herat, Teymurilər dövləti) — özbək əsilli şair, filosof. Nizami Gəncəvinin davamçılarından biri.[mənbə göstərin]
Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Atası Siyasetddin Kiçkinə Bahadır Teymuroğullarına mənsub aristokrat ailənin başçısı idi və Xorasan əmiri Əbül Qasım Baburun xidmətində dayanırdı. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəylərbəyi idi. Əsl adı Nizaməddin Əlişir olan Nəvai Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyümüş və təhsil almışdır. Daha sonralar Hüseyn Bayqara Teymurilər dövlətinin hökmdarı olan zaman uşaqlıq dostu Nəvaini özünə köməkçi etdi. Ona möhürdarlıq, divanbəyliyi və sonra da "əmir" rütbəsini verdi. Dövrünün tanınmış alim və şairlərindən biri olan Hüseyn Bayqara və Əlişir Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdilər. Nəvai yaxşı bir dövlət xadimi olduğunu da göstərmişdir. Yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuşdur.